| 
								 Fevralın 5-də 
								Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan 
								məktəbyaşlı uşaqlar üçün "Elektron təlimləndirən 
								sistemlər" layihəsinə həsr olunmuş tədbir 
								keçirildi. Tədbirdə Təhsil Nazirliyinin və Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, 
								layihəni reallaşdıran "Nobel-T" MMC-nin 
								əməkdaşları, Səbail rayonundakı 219 nömrəli evdə 
								məktəbin layihənin həyata keçirilməsi üçün cəlb 
								olunmuş 30 nəfər xüsusi qayğıya ehtiyacı olan 
								şagirdi və müəllimləri iştirak edirdi. 
								 
								Tədbiri giriş 
								sözü ilə açan təhsil naziri Misir Mərdanov 
								bildirdi ki, "2008-2012-ci illərdə Azərbaycan 
								Respublikasında təhsil sisteminin 
								informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
								çərçivəsində ölkədə distant təhsilin inkişaf 
								etdirilməsi, eyni zamanda xüsusi qayğıya 
								ehtiyacı olan şagirdlərin bu prosesə daha 
								yaxından cəlb olunması ilə əlaqədar "Elektron 
								təlimləndirən sistemlər" adlı layihə işlənib 
								hazırlanıb. Layihə haqqında məlumat verən nazir 
								qeyd etdi ki, əsas məqsəd məsafədən təhsilin 
								inkişafı, layihəyə cəlb olunmuş xüsusi qayğıya 
								ehtiyacı olan şagirdlərin təhsilalma 
								imkanlarının yaxşılaşdırılması, kompüter və 
								elektron resurslardan istifadə bacarıqlarının 
								artırılması, Azərbaycan təhsil səbəkəsinə və 
								İnternetə çıxış imkanlarının 
								yaxşılaşdırılmasından ibarətdir. Təhsil naziri 
								daha sonra vurğuladı ki, layihə çərçivəsində 30 
								şagird və 7 müəllimə ən yeni texnologiya proqram 
								təyinatları ilə təchiz olunmuş APL- İN 
								şirkətinin istehsalı olan noutbuklar təqdim 
								ediləcək. 30 şagirdin təhsil aldığı müəssisənin 
								Azərbaycan təhsil şəbəkəsinə və İnternetə 
								çıxışla təmin olunmasına artıq başlanılıb. 
								Şagirdlərin dərs prosesinin idarə edilməsi 
								məqsədi ilə müəllimlər üçün ayrılan tədris 
								məkanının yüksək sürətli fibro-optik İnternet və 
								İntranet bağlantılarla təchiz olunması təmin 
								ediləcək. "Elektron təlimləndirən sistemlər" 
								təlim məsafəsi əsasında 16 təlimçi müəllimin 
								hazırlanması təmin olunacaq. Yeni hazırlanmış 
								təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün 
								məsafədən təhsilin köməyi ilə "Elektron 
								təlimləndirən sistemlər" təlim məsafəsi əsasında 
								təlimlərin təşkil olunması planlaşdırılıb. 
								Nəhayət, müəllim, şagird və valideynlərin təhsil 
								prosesinə cəlb olunması üçün yeni portalın 
								yaradılması da nəzərdə tutulur. Bu işi görərkən 
								şagirdlərin daha yaxşı təlim almasına, müasir 
								təlim texnologiyalarından istifadə olunmasına 
								diqqət daha da artırılacaq. Misir Mərdanov 
								layihənin həyata keçirilməsinə dəstək verən 
								Heydər Əliyev Fonduna və bu işdə əməyi olan 
								bütün təşkilatlara təşəkkürünü bildirdi. 
								Sonra  təhsil 
								naziri Bakı şəhərindəki 219 nömrəli evdə 
								məktəbin 30 şagirdinə və müəllimlərə noutbuk və 
								sertifikatlar təqdim edərək onlara uğurlar 
								arzuladı.       
								Tədbirin 
								sonunda çıxış edən 219 nömrəli evdə məktəbin 
								direktoru Sədaqət Məmmədova layihənin 
								əhəmiyyətindən danışaraq Heydər Əliyev Fonduna, 
								Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinə və "Nobel-T" MMC-nin rəhbərliyinə, 
								məktəbin müəllim və şagirdlərinə göstərdikləri 
								yüksək qayğıya görə təşəkkürünü bildirdi.  
								
								
								Ədalət DAŞDƏMİRLİ   | 
								  |