| 
								 Fevralın 8-də 
								"Hyatt" otelində Avropa İttifaqı tərəfindən 
								maliyyələşdirilən "Peşə təhsili və təlimi 
								sahəsində islahatlar strategiyası və 
								Azərbaycanın seçilmiş rayonunda pilot icrası" 
								(AzVET) layihəsinin yekun konfransı keçirildi. 
								
								 Qeyd 
								edək ki, AzVET layihəsinin reallaşdırılmasında 
								qarşıya qoyulan əsas vəzifə Azərbaycanın 
								qeyri-neft sektorunun rəqabət qabiliyyətinin 
								yüksəldilməsi və ilk peşə-ixtisas təhsili 
								(İPİT)  məzunları üçün iş imkanlarının 
								artırılmasıdır. Bu məqsədlə İPİT-in 
								müasirləşdirilməsi üzrə strategiyanın və 
								fəaliyyət proqramının hazırlanması, səriştəyə 
								əsaslanan müasir İPİT sisteminin 
								formalaşdırılması nəzərdə tutulur. 
								Tədbirdə 
								təhsil naziri Misir Mərdanov, nazir müavinləri, 
								Azərbaycanın dövlət qurumlarının, beynəlxalq və 
								qeyri-hökumət təşkilatlarının nümayəndələri, 
								sahibkarlar, Təhsil Nazirliyinin müvafiq şöbə və 
								struktur bölmələrinin, təhsil müəssisələrinin 
								rəhbərləri və KİV təmsilçiləri iştirak 
								edirdilər. 
								Konfransı 
								giriş sözü ilə açaraq iştirakçıları salamlayan 
								təhsil naziri Misir Mərdanov bu tədbirin 
								Azərbaycan təhsili üçün çox böyük əhəmiyyət kəsb 
								etdiyini bildirdi. Nazir bu layihənin həyata 
								keçirilməsi nəticəsində Azərbaycanda İPİT üçün 
								yeni milli strategiyanın formalaşdırılması, 
								işəgötürənlərin ehtiyacları üzərində qurulmuş 
								yeni İPİT proqramlarının hazırlanması və 
								sınaqdan keçirilməsi sahəsində əldə olunmuş 
								nailiyyətlərdən söz açdı.  
								Sonra təhsil 
								naziri "İlk peşə-ixtisas təhsilinin mövcud 
								vəziyyəti, problemlər və perspektivlər" 
								mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda 
								öncə ölkənin İPİT müəssisələri, şagird qəbulunun 
								vəziyyəti, bu sahənin 2005-2011-ci illərdə 
								maliyyələşdirilməsi, peşə təhsili 
								müəssisələrində mövcud olan problemlər haqqında 
								ətraflı məlumat verildi. 
								Ölkə 
								Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 
								"Azərbaycan Respublikasında texniki peşə 
								təhsilinin inkişafı üzrə Dövlət Proqramı 
								(2007-2012-ci illər)"nın təsdiq edilməsindən 
								sonra bu sahədə ciddi dəyişikliklərin baş 
								verdiyini vurğulayan Misir Mərdanov daha sonra 
								Proqram çərçivəsində  həyata keçirilmiş 
								tədbirləri konfrans iştirakçılarının diqqətinə 
								çatdırdı. 
								
								 Qeyd 
								olundu ki, ötən müddət ərzində 11 peşə təhsili 
								müəssisəsi əsaslı təmir edilmiş və müasir 
								avadanlıqlarla təchiz olunmuşdur. Nazirlər 
								Kabinetinin qərarı ilə Qəbələ Turizm və 
								Otelçilik üzrə Peşə Tədris Mərkəzi və İsmayıllı 
								Peşə Tədris Mərkəzi yaradılmışdır. 2008-2011-ci 
								illər ərzində 20-dən artıq İPİT müəssisəsinin 
								müasir informasiya-kommunikasiya 
								texnologiyaları, xidmət, inşaat, radiotexnika və 
								s. sahələr üzrə maddi-texniki bazası 
								gücləndirilmiş, 9 adda dərslik hazırlanaraq və 
								pulsuz bu müəssisələrə çatdırılmış, elektron 
								peşə təhsili portalı yaradılaraq istifadəyə 
								verilmişdir və s. 
								Sonra 
								təqdimatda ilk peşə-ixtisas təhsili sahəsində 
								işəgötürənlər və peşə təhsili müəssisələri ilə 
								əməkdaşlıq çərçivəsində həyata keçirilən 
								layihələr haqqında məlumat verildi. Nazir 
								təqdimatın sonunda ilk peşə-ixtisas təhsilinin 
								təkmilləşdirilməsi ilə əlaqədar təkliflər irəli 
								sürdü. 
								Avropa 
								İttifaqının Azərbaycandakı nümayəndəliyinin 
								rəhbəri Rolan Kobiya çıxışında təmsil etdiyi 
								təşkilatın Azərbaycanda İPİT sisteminin 
								inkişafında rolundan bəhs etdi. Layihənin 
								rəhbəri Ann Castis, beynəlxalq ekspertlər Devid 
								Hardi və Aleksandr Siboni öz təqdimatlarında 
								İPİT sisteminin gələcək inkişafını təmin etmək 
								üçün tətbiq edilən proses və prosedurlar barədə 
								ətraflı məlumat verdilər. 
								İsmayıllı 
								Rayon İcra Hakimiyyətinin başçısı Nizami 
								Ələkbərov yeni yaradılmış İsmayıllı Peşə Tədris 
								Mərkəzi haqqında təqdimat etdi. 
								Konfrans 
								iştirakçıları daha sonra İmproteks Şirkətlər 
								Qrupunun vitse-prezidenti Vüqar Ələkbərov, 
								Tacirlər və İstehsalçılar Birliyinin sədri 
								Sevgim Rəhmanov və Azərbaycan Respublikası 
								Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli 
								Konfederasiyasının prezidenti Məmməd Musayevin 
								biznesin inkişaf etməsi və uğur qazanılmasında 
								İPİT sisteminin vacibliyi barədə təqdimatlarını 
								dinlədilər. 
								Konfrans 
								təhsil nazirinin yekun sözü ilə başa çatdı.  
								
								
								Hicran ƏKBƏROVA  |