| 
								 
								 Fevralın 
								10-da Respublika Olimpiya Mərkəzində, Təhsil 
								Nazirliyinin "Təhsil" Respublika İdman 
								Mərkəzinin, Uşaq-Gənclər Futbol Məktəbinin 
								Azərbaycan Respublikasının Milli Qəhrəmanı 
								Mübariz  İbrahimovun xatirəsinə həsr olunmuş  
								atletika yarışının açılış mərasimi oldu. 
								 
								Mərasimi giriş 
								sözü ilə açan təhsil naziri Misir Mərdanov 
								qonaqları, gəncləri və idmançıları salamlayaraq 
								bu gün ölkəmizin hər yerində Azərbaycan xalqının 
								Milli Qəhrəmanı  Mübariz İbrahimovun ad gününə 
								həsr olunmuş tədbirlər keçirildiyini bildirdi. 
								Qeyd etdi ki, xalqımız canını onun yolunda 
								qoymuş bütün qəhrəman övladlarının xatirəsini 
								həmişə  əziz tutur. Mübarizin əziz və unudulmaz 
								xatirəsinə həsr olunmuş Azərbaycan gənclərinin 
								atletika yarışının keçirilməsi buna bariz 
								nümunədir.  
								Tədbirdə 
								Azərbaycan Respublikasının Milli Olimpiya 
								Komitəsinin  birinci  vitse-prezidenti Çingiz 
								Hüseynzadə, Daxili Qoşunların Qərargah rəisi, 
								general- mayor Şirin Xəlilov, Könüllü  
								Hərbi-Vətənpərvərlər Texniki İdman Cəmiyyətinin  
								Respublika Şurasının sədri, general- mayor 
								Növruzəli Orucov çıxış edərək Mübariz 
								İbrahimovun qəhrəmanlığından  qürur  hissi 
								duyduqlarını, onun Azərbaycanın ən qüdrətli 
								oğullarından biri olduğunu vurğuladılar.
								  
								Mərasimin 
								sonunda çıxış edən Milli Qəhrəmanın atası 
								Ağakərim İbrahimov  atletika turnirinin 
								iştirakçılarına uğurlar arzuladı və  tədbirin 
								təşkilatçılarına minnətdarlığını bildirdi. 
								Çıxışlardan 
								sonra Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik  
								sükutla yad edildi. Sonra Azərbaycanın Dövlət 
								himni səsləndi. Tədbirin bədii hissəsində Milli 
								Qəhrəmana aid kompozisiya nümayiş etdirildi və 
								üç gün davam edəcək atletika yarışına start 
								verildi.   
								
								
								Ədalət DAŞDƏMİRLİ   |