| 
								 Fevralın 4-də 
								Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, 
								Gürcüstandakı Beynəlxalq Qara dəniz 
								Universitetinin prorektoru, professor Giuli 
								Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti 
								Azərbaycan Dillər Universitetində (ADU) bu ali 
								təhsil ocağının rektoru, Milli Məclisin 
								beynəlxalq münasibətlər və parlamentlərarası 
								əlaqələr komitəsinin sədri, professor Səməd 
								Seyidovla görüşmüşdür.  
								
								 AzərTAc 
								xəbər verir ki, görüşdə ölkələrimiz arasında 
								təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və 
								bu sahədə əməkdaşlığın inkişafı yolları müzakirə 
								olunmuşdur.  
								S.Seyidov 
								rəhbərlik etdiyi ali təhsil müəssisəsinin 
								qazandığı uğurlar, burada son dövrlərdə açılmış 
								fakültə və şöbələr, dil mərkəzləri haqqında 
								qonaqlara məlumat vermişdir. ADU-da bir çox 
								xarici dillərin tədris olunduğunu, tələbələrin 
								bu dilləri mənimsəməklə yanaşı, həmin dilin 
								daşıyıcısı olan xalqların tarixini, 
								mədəniyyətini öyrəndiklərini qeyd edən S.Seyidov 
								universitetdə Qafqaz dilləri şöbəsinin fəaliyyət 
								göstərdiyini və burada gürcü dilinin 
								öyrənildiyini vurğulamışdır.  
								Rektor 
								bildirmişdir ki, şöbənin açılmasında əsas məqsəd 
								yalnız dillərin öyrədilməsi deyil, həm də həmin 
								dillərin mənsub olduğu xalqların mədəniyyətini, 
								adət-ənənələrini, tarixini dərindən bilən 
								mütəxəssislər yetişdirməkdir. Hazırda Prezident 
								İlham Əliyevin apardığı məqsədyönlü siyasət 
								nəticəsində Azərbaycan ilə Gürcüstan arasında 
								uğurlu siyasi və iqtisadi əməkdaşlığın bərqərar 
								olduğunu diqqətə çatdıran S.Seyidov bu 
								münasibətlərin təhsil sahəsində də inkişaf 
								etdirilməsinin vacibliyini vurğulamış, ADU-da 
								keçirilən görüşün bu sahədə mühüm rol 
								oynayacağına əminliyini ifadə etmişdir. 
								 
								Professor 
								G.Alasaniya ölkəsinin Azərbaycanla bir çox 
								sahələrdə əməkdaşlıq etdiyini, təhsil sahəsində 
								də qarşılıqlı münasibətlərin 
								dərinləşdirilməsinin vacibliyini vurğulamışdır. 
								ADU-da gürcü dilinin tədrisinin təhsil və 
								əməkdaşlıq sahəsində böyük nailiyyət olduğunu 
								söyləyən G.Alasaniya universitetin təşəbbüsünü 
								müsbət qiymətləndirmiş, kollektivə uğurlar 
								arzulamışdır.  
								Sonra qonaqlar 
								ADU-nun informasiya resurs kompleksi, müxtəlif 
								dil mərkəzləri ilə tanış olmuşlar.  |