| 
								 
								Mütəxəssislər onu insanın təbabət və 
								biologiyadakı fəaliyyətinin mənəvi tərəfləri 
								haqqında elm adlandırırlar  
								
								 Vüqar 
								Qurban oğlu Məmmədov 1969-cu il oktyabrın 4-də 
								Bakı şəhərində anadan olub. 1986-cı ildə Bakı 
								şəhərindəki 42 nömrəli orta məktəbi qızıl 
								medalla, 1992-ci ildə Azərbaycan Tibb 
								Universitetini fərqlənmə diplomu ilə bitirib. 2 
								il həmin universitetin məhkəmə təbabəti 
								kafedrasında kliniki ordinaturada, 3 il isə 
								aspiranturada təhsil alaraq elmi tədqiqat işləri 
								aparıb. 1997-ci ildə məhkəmə təbabəti üzrə  
								namizədlik, 2004-cü ildə isə Rusiya 
								Federasiyasının paytaxtı Moskva şəhərindəki 
								Məhkəmə Tibbi Ekspertiza Mərkəzində doktorluq 
								dissertasiyaları müdafiə edib. Tibb elmləri 
								doktorudur. 2010-cu ildən Azərbaycan Tibb 
								Universiteti məhkəmə təbabəti kafedrasının 
								professoru vəzifəsində çalışır. V.Məmmədov eyni 
								zamanda 2004-cü ildə Bakı Dövlət Universitetinin 
								hüquq fakültəsini bitirərək ikinci ali təhsil 
								alıb.  1995-ci ildə Böyük Britaniyanın Dandi, 
								1998-ci ildə Şotlandiyanın Qlazqo 
								universitetlərində məhkəmə təbabəti üzrə, 
								2001-ci ildə isə ABŞ Dövlət Departamentinin 
								qrantı əsasında Vaşinqtonda Amerika 
								Universitetinin Transmilli Cinayətkarlıq və 
								Korrupsiya ilə Mübarizə Mərkəzində ixtisaslaşma 
								kursu keçib.  2010-cu ildə YUNESKO-nun Bioetika 
								kafedrasının Azərbaycan Bürosunun rəhbəri təyin 
								olunub. Ötən ilin mart ayından Azərbaycan Milli 
								Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunda 
								bioetika və tibbi hüquq şöbəsinin müdiridir.  
								Ümumdünya və Amerika Tibbi hüquq 
								assosiasiyalarının üzvüdür.  Ailəlidir, 2 övladı 
								var.  
								Dünyada baş 
								verən güclü inkişaf prosesi, bu inkişafın 
								əsasını təşkil edən elmi-texniki tərəqqinin 
								getdikcə daha böyük vüsət alması, onun tətbiq 
								sahələrinin genişlənməsi yeni-yeni elm 
								sahələrinin yaranmasına və sürətli inkişaf 
								yoluna çıxmasına səbəb olur. Belə elm 
								sahələrindən biri də ötən əsrin 70-ci illərində 
								meydana gəlmiş və elə yarandığı vaxtdan da dünya 
								elmləri sırasında özünə vətəndaşlıq hüququ 
								qazanmış bioetikadır. 
								
								Yeni elm sahəsi hansı zərurətdən meydana gəlib, 
								tətbiq sahələrinə nələr daxildir, onun dünyada 
								və ölkəmizdə inkişafı, tətbiqi, tədrisi 
								vəziyyəti necədir? 
								
								 Əməkdaşımızın 
								ölkəmizdə bu elm sahəsi üzrə tanınmış 
								mütəxəssis, AMEA-nın İnsan Hüquqları 
								İnstitutunun Bioetika və tibbi hüquq şöbəsinin 
								müdiri, YUNESKO-nun Bioetika kafedrasının 
								Azərbaycan Bürosunun rəhbəri, Ümumdünya və 
								Amerika Tibbi hüquq assosiasiyalarının üzvü, 
								Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti 
								kafedrasının professoru Vüqar Məmmədovdan aldığı 
								və aşağıda oxuculara təqdim etdiyimiz 
								müsahibəsində həmin məsələlərə aydınlıq 
								gətirilir.  
								
								- Vüqar müəllim, istərdik öncə bioetika elmi 
								haqqında məlumat verəsiniz. Bu elm nə vaxt, 
								harada, hansı zərurətdən yaranıb? 
								- Bu gün 
								"bioetika" sözü alimlər, siyasətçilər, 
								ilahiyyatçılar, hüquqşünaslar və digər fəaliyyət 
								sahələrinin təmsilçiləri tərəfindən tez-tez 
								işlədilir. Bioetika biotibbi elmlərin tərəqqisi 
								və ən yeni texnologiyaların insanın gündəlik 
								həyatına tətbiqi ilə əlaqədar yaranan, etik, 
								tibbi, bioloji və hüquqi problemlərlə məşğul 
								olan elmlərarası tədqiqat sahəsidir. Bioetika 
								ənənəvi etikanın, hüquq, fəlsəfə və təbabətin 
								elementlərini özündə birləşdirir. Əksər 
								mütəxəssislər onu insanın təbabət və 
								biologiyadakı fəaliyyətinin mənəvi tərəfləri 
								haqqında elm hesab edirlər. 
								
								 Planetimizdə 
								bioetika və tibbi hüququn bərqərar olması yüksək 
								biotibbi texnologiyalar sahəsindəki inqilabi 
								nailiyyətlərlə şərtlənmişdir. XX əsrin 70-ci 
								illərinin əvvəllərində təbabətdə elmi-texniki 
								tərəqqinin nailiyyətlərini, transplantalogiya, 
								gen mühəndisliyi, reanimotologiya, rerroduktiv 
								texnologiyalar və s. sahələrdə yeni imkanları 
								qiymətləndirmək zəruriliyindən ABŞ-da yaranan 
								bioetika tezliklə həm tibb elminin, həm də tibbi 
								etikanın hüdudlarından kənara çıxdı. Tibbi hüquq 
								isə hüququn müstəqil sahəsi kimi formalaşmağa 
								başladı. Belə bir vəziyyətin yaranması biologiya 
								və təbabət sahəsində ən yeni ixtiraların təkcə 
								həyat və ölüm, norma və patologiya, xeyir və  
								şər haqqında təsəvvürlərimizi deyil, eləcə də 
								bütün bəşəriyyətin həyatının inkişaf 
								perspektivlərini dəyişməyə qadir olması ilə 
								şərtləndi. Müasir təbabətin sürətlə dəyişilməsi, 
								demək olar ki, bütün tibb aləminin qarşısında 
								bioetik və hüquqi problemlərin nəzərdən 
								keçirilməsinin və həllinin zəruriliyi məsələsini 
								qaldırdı və indi də qaldırmaqda davam edir. 
								Bioetikaya yeni reproduktiv texnologiyaların 
								(suni mayalandırma, surroqat analıq), insanlar 
								və heyvanlar üzərində eksperimentlərin 
								keçirilməsinin, evtanaziyanın etik və hüquqi 
								problemlərini, ölməkdə olan xəstələrə münasibət, 
								vaksinləşdirmə və QİÇS, genetika, 
								transplantologiya, təbabətdə ədalət, insanın 
								klonlaşdırılması, kötük hüceyrələri ilə 
								manipulyasiya, həkimlər və biznesin qarşılıqlı 
								münasibəti problemlərini aid edirlər. 
								"Bioetika" 
								termini ilk dəfə 1969-cu ildə Amerika həkimi   
								Van Rensseler Potter tərəfindən "Bioetika: 
								gələcəyə körpü" kitabında müasir  dünyada 
								bəşəriyyətin yaşamasına potensial təhlükə ilə 
								bağlı etik problemləri ifadə etmək üçün 
								işlədilib. 
								Dar mənada 
								bioetika anlayışı həkim və pasiyentin qarşılıqlı 
								fəaliyyətinin bütün etik problemlərini ifadə 
								edir. Bu planda "bioetika" termini tibbi 
								etikanın bütün məzmununu, Ümumdünya Tibb 
								Assosiasiyası 3-cü Baş Assambleyasının 1949-cu 
								ildə Londonda qəbul etdiyi və 1968-ci ildə 
								Sidneydə, 1983-cü ildə Venesiyada əlavələr 
								etdiyi Beynəlxalq Kodeksi özündə birləşdirir. 
								
								- Bu elm sahəsinin inkişafı, yayılması, tədrisi 
								sahəsində son illər dünyada nə kimi işlər 
								görülüb, hansı addımlar atılıb? 
								- Bioetika və 
								tibbi hüquq sürətlə inkişaf etməkdə olan elm 
								sahələrinin bütün xüsusiyyətlərinə malikdir. 
								Nüfuzlu beynəlxalq konfransların fəaliyyəti bu 
								elmlərin problemlərinə həsr olunur, bir sıra 
								ixtisaslaşdırılmış jurnallar nəşr edilir, çoxlu 
								sayda kitab və dərsliklər işıq üzü görür, milli 
								və beynəlxalq bioetik təşkilatlar yaradılır. 
								Bioetika yeni sosial institutlar - etik 
								komitələr formalaşdıraraq öz elmi fəaliyyətini 
								də dəyişdirir. Biotibbi etika üzrə xüsusi komitə 
								və komissiyalar həm milli həkim 
								assosiasiyalarında, həm də Avropa Şurası, 
								YUNESKO, ÜST, ÜTA və s. kimi beynəlxalq 
								təşkilatların nəzdində təsis edilir.  
								1994-cü ilin 
								oktyabrında Cenevrədə Ümumdünya Səhiyyə 
								Təşkilatının bioetikanın təlim olunması 
								məsələləri üzrə IV Konfransı keçirilib. Tədbir 
								iştirakçıları yekdilliklə qeyd ediblər ki, 
								bioetikanın tədrisi tibbi təhsilin ayrılmaz 
								hissəsi olmalıdır, bu, bütün tədris prosesi və 
								diplomdan sonrakı təhsil boyu məcburi və 
								fasiləsiz şəkildə həyata keçirilməlidir. Bu 
								məqsədlə bütün tibb məktəblərində hökmən 
								bioetika və tibbi hüquq kafedrası və lazımi 
								sayda müəllimlər olmalıdır.  
								1996-cı ildə 
								Avropa Şurası tərəfindən "İnsan hüquqları və 
								biotəbabət haqqında" Konvensiya qəbul edilib. 
								Konvensiyanın qüvvəyə minməsi ilə bioetikanın 
								prinsip və müddəaları Azərbaycan da daxil 
								olmaqla, Avropa Şurasının üzvü olan ölkələrdə 
								qanun qüvvəsinə minib. Bioetik və tibbi hüquq 
								təkcə Şimali Amerika və Avropanın deyil, 
								həmçinin Asiya, Afrika və Latın Amerikasının 
								əksər ölkələrinin ali və tibbi təhsil 
								müəssisələrində məcburi fənn kimi tədris edilir. 
								YUNESKO-da 
								1993-cü ildə yaradılmış Bioetika proqramı 
								təşkilatın 2002-ci ildən etibarən əsas 
								prioritetlərdən birinə çevrilmişdir. Təşkilatın 
								2 məşvərət orqanı yaradılıb - Bioetika üzrə 
								Beynəlxalq Komitə və Bioetika üzrə 
								Hökumətlərarası Komitə. 2005-ci ilin oktyabr 
								ayında YUNESKO-nun 33-cü Baş Assambleyasında 191 
								ölkə "Bioetika və İnsan Hüquqları üzrə Ümumi 
								Bəyannaməni" qəbul edib. Bəyannamənin 23-cü 
								maddəsi: "Bioetika sahəsində təhsil, peşə 
								hazırlığı və informasiya" adlanır və bu cür 
								ifadə olunur: A."....dövlətlər bioetika 
								sahəsində təhsilin və peşə hazırlığının 
								dəstəyinə səylər göstərməli, bu sahədə 
								biliklərin və məlumatların yayılmasını təqdir 
								etməlidirlər...."B. "...bu səylərdə iştirak edən 
								beynəlxalq, regional və milli qeyri-hökumət 
								təşkilatlarının iştirakını dövlətlər 
								dəstəkləməlidir....". Bəyannamə haqda məlumatın 
								dünyada geniş yayılması üçün YUNESKO bioetika 
								sahəsində tədris proqramı işləyib hazırlayıb. 
								Proqram məzmunu bioetika sahəsində elə 
								prinsiplər əsasında qurulmuşdur ki, bu 
								prinsipləri YUNESKO universal kimi qəbul edib və 
								onlar heç bir milli, dini, irqi, siyasi, 
								iqtisadi, sosial, mədəni fərqliliklərdən asılı 
								deyil. 
								
								- Bioetika elmi və onun ali məktəblərdə tədrisi 
								ilə bağlı ölkəmizdə vəziyyət necədir? 
								- Bioetika və 
								tibbi hüquq dünyada çox yüksək sürətlə inkişaf 
								edən ən müasir elm sahələrindən biridirlər. Son 
								illər yeni texnologiyalar, biotexnologiyaların, 
								gen mühəndisliyinin və tibbin sürətli inkişafı 
								nəticəsində çoxsaylı etik və hüquqi boşluqlar 
								yaranmışdır. Bunu bu gün bütün dünya alimləri, 
								siyasətçilər, YUNESKO-nun və digər beynəlxalq 
								təşkilatların mütəxəssisləri etiraf edir. 
								2010-cu ilin avqust ayında Zaqreb şəhərində 
								Dünya Tibbi Hüquq Assosiasiyasının son 18-ci 
								Konqresinin açılışında Xorvatiyanın prezidenti, 
								cənab İvo Cosipoviç demişdir ki, "Tibbi hüquq və 
								bioetikanin sürətlə inkişaf etməsi demokratik 
								ölkələri səciyyələndirən cəhətdir". Bu fikirlə 
								razılaşmamaq mümkün deyil. Odur ki, demokratik 
								Azərbaycanın qurulması üçün bu elmlərin 
								inkişafına xüsusi diqqət verilməlidir. 
								Dövlətimizin 
								başçısı, Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, millət vəkili Mehriban xanım 
								Əliyevanın səhiyyəyə və təbabətə ciddi diqqət 
								ayırdıqları bir şəraitdə, Səhiyyə Nazirliyinin 
								rəhbərliyi altında əhaliyə göstərilən 
								müalicə-profilaktik xidmətlərin 
								təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli 
								işlərin görüldüyü bir vaxtda tibbi hüquq və 
								bioetika sahəsində olan boşluqların aradan 
								qaldırılması, görülən böyük işlərin nəticəsiz 
								qalmaması üçün hüquqi və etik normaların 
								inkişafına da lazımi diqqət yetirmək gərəkdir. 
								YUNESKO-nun və 
								MDB ölkələrinin Parlamentlərarası 
								Assambleyasının sənədlərindən aydın görünür ki, 
								ölkəmizdə hazırda bioetika arzuolunan səviyyədə 
								deyildir.  
								Tibbi hüquq 
								sahəsində isə ümumiyyətlə heç bir ciddi işin 
								aparılmamasını etiraf etməliyik. Bu elm 
								istiqamətlərinin nə Azərbaycan Milli Elmlər 
								Akademiyasında, nə Azərbaycan Respublikası 
								Prezidenti yanında Ali Attestasiya 
								Komissiyasında ixtisas şifrləri var, nə də bu 
								sahədə ixtisaslaşmış azərbaycanlı mütəxəssislər. 
								Hazırda bioetikanin və tibbi hüququn tədrisi 
								yalnız Azərbaycan Tibb Universitetində təşkil 
								olunub. Lakin o, dövlət tibbi təhsil 
								standartlarına daxil edilmədiyindən  əsasən 
								kafedralararası xarakter daşıyır. Bu sahədə 
								respublikamızda ixtisaslaşmış mütəxəssislər 
								olmadığından bu fənlərin tədrisini digər ixtisas 
								sahibləri aparır. Heç bir digər ali və orta 
								təhsil ocağında, o cümlədən Ə.Əliyev adına 
								Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə 
								İnstitutunda, tibb kolleclərində, Bakı Dövlət 
								Universitetinin hüquq, biologiya, sosiologiya, 
								jurnalistika, psixologiya fakültələrində 
								bioetika fənni tədris olunmur.  
								Azərbaycan 
								xalqının ümummilli lideri Heydər Əliyev demişdir 
								ki, "Həkim üçün....ən əsas keyfiyyət yüksək 
								mənəviyyatdır". Bunun üçün də həkimlər, tibb 
								işçiləri bioetika və tibbi hüququ yaxşı 
								mənimsəməlidirlər. Səhiyyə, tibb, 
								biotexnologiyalar bu gün hər bir vətəndaşın 
								gündəlik həyatında böyük əhəmiyyət kəsb edən 
								sahələrdir. Lakin sürətlə inkişaf edən 
								transplantologiya, ekstrakorporal mayalanma və 
								reproduktiv texnologiyalar, cəmiyyətdə aktiv 
								müzakirə olunan evtanaziya, embrion statusu, 
								insan genomu, klonlaşdırma, donorlar və s. 
								məsələləri yalnız sadə insanları, həkim və tibb 
								işçilərini deyil, digər mütəxəssisləri, 
								siyasətçiləri, alimləri də bəzən məəttəl bir 
								vəziyyətə salır.  
								Bu sahələrdə 
								bir çox etik və hüquqi normaların hazırlanması 
								istiqamətində elmi tədqiqatların və 
								araşdırmaların aparılmasında digər ölkələrə 
								nisbətən xeyli gecikmişik. Xəstə hüquqları, 
								məlumatlandırılmış razılıq, ölüm hallarının 
								araşdırılmasına yanaşmalar, həkimlərin əczaçılıq 
								biznesi ilə əlaqələrinin etik və hüquqi 
								tərəfləri sahələrində ölkəmizdə hələ heç bir 
								ciddi elmi araşdırma və yaxud tədqiqat 
								aparılmamışdır.   
								Bu gün hüquq 
								fakültəsinin tələbələri hansı hərəkətin hüquqi, 
								hansının hüquqa zidd olmasını öyrənir. Lakin 
								onların gələcəkdə hansı hərəkətin doğru 
								olub-olmamasını düzgün qiymətləndirməsi, 
								mürəkkəb etik dilemmalar zamanı doğru qərarlar 
								verməsi üçün bioetika sahəsində müasir 
								proqramlar əsasında tədris aparılmalıdır. 
								Hüquqşünaslar vətəndaşlarımızın həyat hüququ, 
								sağlamlıq hüququ kimi vacib konstitusional insan 
								hüquqlarının müdafiəsi üçün tibbi hüquq fənnini 
								yaxşı öyrənməlidirlər.  
								Cəmiyyətimizin 
								düzgün istiqamətdə inkişaf etməsi üçün belə 
								fənlərin tədrisi formal xarakterli yox, 
								interaktiv şəkildə, müasir tədris 
								vasitələrindən, real həyatdan gətirilmiş 
								misallardan istifadə edilməklə aparılmalıdır.
								 
								İnkişaf etmiş 
								demokratik dövlətlərdən fərqli olaraq, MDB-nin 
								heç bir ölkəsində, eləcə də Azərbaycanda bu gün 
								mütəxəssislərin, o cümlədən, bioetika və tibbi 
								hüquq üzrə elmlər namizədlərinin və 
								doktorlarının hazırlanması prosesi gerçəkləşmir. 
								"Elmi işçilərin ixtisaslarının siyahısı"nda bu 
								ixtisasın adı olmadığından bioetik problemlərə 
								toxunan dissertasiyalar MDB-nin müxtəlif 
								ölkələrində ayrı-ayrı ixtisasların şifri 
								əsasında müdafiə edilir.  
								MDB 
								Dövlətlərinin Parlamentlərarası Assambleyasının 
								"MDB ölkələrinin ali  tibbi təhsil sistemində 
								bioetika tədrisinin vəziyyəti" üzrə 2009-cu il 
								iclasının sənədlərində qeyd edilir ki, "biotibbi 
								etika sahəsində MDB həkimlərinin sistematik 
								təhsilinin olmaması onların imicinə beynəlxalq 
								tibbi ictimaiyyət gözündə neqativ təsir 
								göstərir, onları bu sahədə daha hazırlıqlı 
								xarici həmkarları yanında əlverişsiz vəziyyətə 
								salır (xüsusilə də birgə elmi əməkdaşlıq 
								proqramlarının tərtibi zamanı), diplomların 
								konvertasiyasında maneələr yaradır, milli 
								səhiyyə sistemlərində yeni münasibətlərin 
								formalaşmasına imkan vermir". MDB məkanında 
								bioetika yalnız 5 ölkədə dövlət təhsil 
								standartına daxil edilib. Bunlar Gürcüstan, 
								Moldova, Rusiya Federasiyası, Tacikistan və 
								Özbəkistandır. Odur ki, Parlamentlərarası 
								Assambleyanın 2009-cu ildəki son sənədində 
								Azərbaycan da daxil olmaqla bütün MDB ölkələri 
								bu qərara gəlmişlər ki, bioetika kursu həm 
								diplomaqədər, həm də diplomdansonrakı 
								mərhələlərdə tibbi təhsilin dövlət standartına 
								salınmalı, ali məktəblərdə bioetika və tibbi 
								hüquq kafedraları yaradılmalı, həmin fənlərin 
								ali məktəblərin yuxarı kurslarında vahid bir 
								blokda tədrisi təmin olunmalı, "Bioetika" elmi 
								ixtisası və müvafiq elmi şifri təsdiq edilməli, 
								bioetika və tibbi hüquq üzrə milli tədris 
								proqramları, tədris materialları və 
								vəsaitlərinin hazırlanması istiqamətində bütün 
								lazımi tədbirlər görülməlidir.  
								
								- Bəs yaxın gələcəkdə bu sahədə vəziyyət 
								dəyişilə bilərmi? Bunun üçün hansısa işlər 
								görülürmü? 
								- Bununla 
								əlaqədar olaraq, hazırda YUNESKO-nun Bioetika 
								kafedrasının Azərbaycan Bürosunun dəstəyi ilə 
								AMEA İnsan Hüquqları İnstitutunda biz 
								Azərbaycanda bioetika və tibbi hüququn inkişafı, 
								tibbi və hüquqi təhsil müəssisələrinin tədris 
								planlarına bioetika və tibbi hüquq fənlərinin 
								daxil edilməsi, bu fənlər üzrə yeni elmi 
								ixtisasların yaradılması və elmi şifrlərin 
								qeydiyyatdan keçirilməsi istiqamətində layihə 
								üzərində işə başlamışıq. Layihə  Azərbaycan 
								Respublikasının Prezidenti yanında Elmin 
								Dəstəklənməsi Fonduna təqdim olunmuşdur. 
								Büromuz 
								YUNESKO-nun Bioetika kafedrası, qurumun 
								Azərbaycandakı daimi nümayəndəliyi, Azərbaycanda 
								Milli Komitəsi, Moskva Bürosu, Dünya Tibbi Hüquq 
								Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Artıq 
								bioetika və tibbi hüquq fənlərinin müxtəlif 
								fakültələrdə tədrisi üçün nəzərdə tutulmuş 
								kurikulumlar əldə edilib və Azərbaycan dilinə 
								tərcüməsinə başlanıb. Təhsil və Səhiyyə 
								nazirlikləri, ali və orta ixtisas məktəblərin 
								rəhbərliyi ilə sıx əməkdaşlıq qurmaq istəyirik. 
								Ali məktəblərin birində "Bioetika və tibbi 
								hüquq" mərkəzinin və ya kafedrasının yaradılması 
								da məqsədlərdən biridir.  
								Bu fənlərin 
								respublikamızda tədrisinin bugünkü vəziyyəti 
								hərtərəfli təhlil olunub, onların ali 
								məktəblərin tədris proqramlarına daxil 
								edilməsinin prinsipləri işlənilib hazırlanacaq. 
								Bu cür yanaşma YUNESKO-nun  19 oktyabr 2005-ci 
								ildə Parisdə keçirilən 33-cü Sessiyasının Baş 
								Assambleyasında  bioetika və insan hüquqları 
								üzrə qəbul edilmiş Ümumi Bəyannamə siyasətinə və 
								MDB ölkələrinin Parlamentlərarası 
								Assambleyasının 2009-cu il qətnamələrinə 
								uyğundur.  Bioetika və tibbi hüquq fənlərinin 
								Azərbaycanın təhsil sisteminə tətbiq edilməsinin 
								yolları və prinsipləri Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyevin 4 may 
								2009-cu il tarixdə imzaladığı "Azərbaycan 
								Respublikasında 2009-2015-ci illərdə elmin 
								inkişafı üzrə Milli Strategiya"dan, "Təhsil 
								qanunu"ndan irəli gələn vəzifələrlə 
								uzlaşdırılmışdır. Gələcəkdə bu fənlər tibb, 
								hüquq, fəlsəfə, sosiologiya, psixologiya, 
								jurnalistika, biologiya, kənd təsərrüfatı və 
								texnologiyalar üzrə respublikamızın bütün ali və 
								orta ixtisas məktəblərində tədris olunmalıdır. 
								Ali və orta ixtisas məktəblərində dərs deyə 
								biləcək müəllimlər üçün  treyning və seminarlar 
								təşkil olunmalı, iştirakçılar lazım olan 
								materiallar və informasiyalarla təmin 
								edilməlidir. Qarşıya qoyulan məsələlərin həlli 
								üçün müasir təhsil metodlarından, bu sahədə 
								mövcud  beynəlxalq təcrübədən, dünyada tanınmış 
								aparıcı xarici ekspertlərin köməyindən istifadə 
								olunmalıdır. 
								
								- Reallaşdırmaq istədiyiniz layihədən nə kimi 
								praktik əhəmiyyət gözlənilir?  
								- Onun ən 
								böyük əhəmiyyəti bu olacaq ki, bioetika və tibbi 
								hüquq elm sahələrinin tədrisi respublikamızın 
								təhsilinin beynəlxalq təhsil sistemlərinə 
								inteqrasiyasına dəyərli töhfə olacaq.  Yaxın bir 
								zamanda "Bioetika və tibbi hüquq" elmi ixtisasın 
								və müvafiq elmi şifrin rəsmi qeydiyyatını 
								gözləyirik. Bu haqda təkliflərimizi artıq bir 
								neçə aydır müvafiq dövlət təşkilatlarına 
								göndərmişik. Onlar müsbət həll olunduğu halda 
								bioetika və tibbi hüquq sahəsində mütəxəssislər 
								hazırlanacaq. Layihənin gedişi və nəticələri 
								kütləvi informasiya vasitələrində 
								işıqlandırıldığı üçün ictimaiyyətin müasir 
								bioetik problemlər (həyat və ölüm, transgen 
								məhsullar, xəstələrin hüquqları, süni mayalanma, 
								məlumatlandırılmış razılıq və s.) haqda 
								maarifləndirilməsi aparılacaq.  
								
								- İllərlə etika ali məktəblərdə tədris olunur. 
								Həmin fənlə hazırda tədrisinə səy göstərilən 
								bioetika    arasında nə kimi fərq var? 
								- Bioetika 
								tibbi etika ilə qarışdırılmamalıdır. Bu gün 
								həqiqətən də Tibb Universitetində tibbi etika 
								tədris olunur. Lakin bioetika tibbi etikanı da 
								əhatə etməklə daha geniş anlayışdır. Bunlar 
								arasında bir sıra fərqlər vardır. Birincisi, bu 
								gün bəşəriyyətin qarşısında duran problemləri 
								təkcə həkimlər yox, artıq filosoflar, 
								hüquqşünaslar, ilahiyyatçılar, psixoloqlar, 
								politoloqlar, siyasətçilər və digər 
								mütəxəssislər də tədqiq edirlər. Məsələn, 
								modifikasiya olunmuş məhsullar tək bioloqların, 
								həkimlərin problemi deyil. O həm də 
								siyasətçilərin problemidir, yəni o problem artıq 
								ictimai-siyasi məna kəsb etmişdir. Ona görə  
								əgər əsrlər, minilliklər boyu həyat problemləri 
								ilə, xüsusən də insanların həyatı ilə məşğul 
								olan yeganə elm təbabət olubsa, hazırda bu 
								sahədə çoxlu sayda elm və peşələr vardır. 
								İkinci 
								prinsipial fərq budur ki, bioetika akademik və 
								maarifçi fəaliyyət sahəsidir. Artıq bir çox 
								ölkələrdə uşaq bağçalarından, məktəblər və 
								liseylərdən başlayaraq universitetlərə qədər 
								müxtəlif bioetik kurslar tədris edilir. 2000-ci 
								ildən etibarən, məsələn, qonşu Rusiyanın ali 
								tibb məktəblərində tibbi etika yox, bioetika 
								məcburi fənn kimi tədris edilməyə başlanıb.
								 
								Üçüncü fərq də 
								odur ki, bu, çox sürətlə inkişaf edən sosial bir 
								institutdur. Bununla BMT, YUNESKO, ÜST və s. 
								kimi beynəlxalq təşkilatlar, dövlət və müvafiq 
								peşə təşkilatları məşğuldur. 
								Bioetika 
								müəyyən baxımdan səhiyyə sahəsində insan 
								hüquqlarının qorunması hərəkatının bir 
								hissəsidir. Bunları nəzərə alaraq bioetikanı 
								tibbi etika ilə qarışdırmaq düzgün olmaz. Bir 
								daha vurğulamaq istəyirəm ki, bioetika tibbi 
								etikadan daha geniş bir sahədir. 
								
								- İrəlidə qeyd etdiniz ki, bu sahədə ölkəmizdə 
								kifayət qədər mütəxəssis yoxdur. Xüsusən də 
								bioetikanı tədris etmək üçün. Tutaq ki, sabahdan 
								bütün kolleclərdə, ali məktəblərdə bu fənn 
								keçildi, onu kim tədris edəcək? 
								- Hazırda 
								ölkəmizdə belə mütəxəssislər yoxdur. Ona görə də 
								təhsil naziri cənab Misir Mərdanovla bu 
								yaxınlardakı görüşümüzdə bu məsələni müzakirə 
								etdik. Qeyd olundu ki, ilk mərhələdə pilot 
								olaraq ali məktəblərin birində ya mərkəz, ya 
								kurs, ya da kafedra şəklində bir qurumun, 
								strukturun yaradılması və kurs keçildikdən sonra 
								gələn illərdən etibarən bu ixtisas üzrə 
								magistraturanın açılması, elmi şifrin, elmi 
								ixtisasın olduğu halda isə bu sahə üzrə ali 
								dərəcəli mütəxəssislərin, yəni elmlər namizədi 
								və s. hazırlanması həyata keçirilə bilər. 
								
								- Vüqar müəllim, siz ölkəmizdə bioetika 
								məsələləri ilə yaxından məşğul olan, bu sahədə 
								layihələr tərtib edib həyata keçirilməsinə səy 
								göstərən bir mütəxəssis, YUNESKO-nun Bioetika 
								kafedrasının Azərbaycan Bürosunun rəhbəri kimi, 
								yəqin bu elmin inkişafını izləyir, onunla bağlı 
								keçirilən beynəlxalq tədbirlərdə iştirak 
								edirsiniz? 
								- Təbii ki.  
								2010-cu ildə YUNESKO-nun Bioetika kafedrasının, 
								İnsan Hüquqları Forumunun, tibbi hüquq 
								təşkilatlarının keçirdiyi beynəlxalq 
								konfranslarda Azərbaycanı təmsil etmişik. O 
								cümlədən sonuncu dəfə   Ümumdünya Tibbi Hüquq 
								Assosiasiyasının (World Association of Medical 
								Law, WAML) üzvü olaraq 2010-cu il avqustun 8-dən 
								12-nə qədər Zaqreb şəhərində (Xorvatiya) 
								Assosiasiyanın XVIII Konqresində iştirak 
								etmişəm. Assosiasiyanın konqresləri iki ildən 
								bir təşkil edilir və dünyanın hüquq, tibb və 
								etika sahəsində aparıcı mütəxəssislərini 
								toplayır. Konqresin açılış mərasimində 
								Xorvatiyanın prezidenti, Zaqreb şəhərinin meri, 
								səhiyyə, ədliyyə nazirləri, təxminən 60 min 
								tələbənin təhsil aldığı Zaqreb Universitetinin 
								rektoru iştirak edirdilər. Xorvatiyanın 
								Prezidenti İvo Cosipoviç təbrik nitqində çox 
								haqlı olaraq qeyd etdi ki, "İnsan hüquqlarını 
								müdafiə etmək məqsədilə tibbi hüququn intensiv 
								inkişafı hazırda bütün demokratik dövlətlərin 
								səciyyəvi xüsusiyyətidir. Ölkədə tibbi hüququn 
								inkişaf dərəcəsi cəmiyyətin tərəqqisinin və 
								demokratikliyinin göstəricisinə çevrilmişdir". 
								Konqresə təqdim olunmuş 486 məruzənin 
								əksəriyyəti insan hüquqları, pasiyentin 
								hüquqlarının müdafiəsi, həkimlərin və tibbi 
								heyətin hüquqları, məlumatlandırılmış razılıq 
								məsələlərinə həsr olunmuşdu. Ayrı-ayrı 
								sessiyalar uşaq hüquqları, ruhi xəstələrin 
								hüquqları, QİÇS xəstələri, əlillərlə bağlı idi. 
								Bundan başqa, tibbi hüquq və ictimai səhiyyənin 
								digər aspektlərinə aid maraqlı iclaslar, 
								"dəyirmi masa"lar və sessiyalar da oldu. 
								Konqresin geniş iclasında Azərbaycan Milli 
								Elmlər Akademiyasının İnsan Hüquqları 
								İnstitutunda tədqiq etdiyimiz "MDB ölkələrinin 
								qida məhsulları üzrə milli qanunvericiliklərinin 
								genetik modifikasiya olunmuş məhsullara 
								münasibəti haqqında" elmi işimiz təqdim olundu. 
								Bu iş auditoriyanın böyük marağına səbəb oldu və 
								çoxlu sayda suallar doğurdu. Məruzədən sonra 
								Assosiasiyanın Baş Katibi, professor Roy Beran, 
								amerikalı professorlar Robert Uilbur və Con 
								Konomi, Çin Tibbi Hüquq Cəmiyyətinin sədri, 
								professor Vu Çenqfu və başqaları məsələ ilə 
								bağlı müsbət fikirlərini bildirdilər. Növbəti 
								gün institutumuz tibbi hüququn müxtəlif 
								məsələlərinə həsr olunmuş ingilis dilində daha 
								üç məruzə təqdim etdi. Bu məruzələr konqresin 
								rəhbərliyinin və iştirakçılarının diqqətini cəlb 
								etdi.  
								Konqresin 
								təşkilat komitəsi mənə "Tibbi hüquq və tibbi 
								araşdırmalar" və "Məlumatlandırılmış razılıq" 
								adlı iki mühüm elmi sessiyanın sədrliyini həvalə 
								etdi. Bu tədbirlərdə Böyük Britaniya, Fransa, 
								Belçika, Avstraliya, Çin, Yaponiya, Xorvatiyanın 
								və digər ölkələrin professorları çox maraqlı 
								məruzələrlə çıxış etdilər.   
								Bu cür 
								görüşlər, digər ölkələrdən olan həmkarlarımızla 
								olan söhbətlər, həmçinin müxtəlif sessiyalardakı 
								məruzələri dinləmək sayəsində hüquq və təbabətin 
								vəhdəti olan tibbi hüquq elminin nə qədər irəli 
								getdiyini, hazırda dünyada bu fənnin nə qədər 
								yeni istiqamətlərinin olduğunu xüsusi qeyd 
								etməyi lazım bilirik. 
								
								- Müsahibə üçün sağ olun. 
								
								
								Söhbətləşdi:  
								Yusif ƏLİYEV  | 
								  |