| 
								   
								
								Kamil mətnşünas, ədəbi əlaqələri öyrənən alim, 
								folklorşünas  
								 Həmid 
								Məmmədtağı oğlu Araslı 1909-cu il fevral ayının 
								23-də Gəncə şəhərində ziyalı ailəsində anadan 
								olmuşdur. Atası Məmmədtağı Ərəszadə dövrünün 
								tanınmış din xadimi, tərcüməçi və publisist idi. 
								Həmid Araslı atasını çox tez itirmiş, atalığının 
								himayəsində böyümüşdür.    1921-ci ildə Gəncədə 
								(Yelizavetpolda) açılmış seminariyaya daxil 
								olmuş, 5 il sonra buranı bitirib pedaqoji 
								fəaliyyətə başlamışdır. O, iki il Gəncəbasardakı 
								Nəbiağalı kəndində müəllim və məktəb direktoru 
								vəzifələrində çalışmışdır. 1928-ci ildə Bakıya 
								gələn H.Araslı Azərbaycan Dövlət Pedaqoji 
								İnstitutuna daxil olmuşdur. Təhsil illərində 
								filoloji bilik və məlumatını artıran gənc milli 
								ədəbiyyatımızı tədqiq etmək arzusu ilə 
								yaşamışdır. Elə bu niyyətlə də aspiranturaya 
								daxil olmuş, həm də assistent kimi kafedrada işə 
								götürülmüşdür.  Gənc və istedadlı aspirantın 
								bilik və bacarığını, ərəb və fars dillərini 
								bilməsini nəzərə alaraq onu SSRİ Elmlər 
								Akademiyası Azərbaycan filialındakı elmi 
								kitabxananın şərqşünaslıq şöbəsinin müdiri 
								vəzifəsinə təyin etmişlər.  Çalışdığı elmi-ədəbi 
								mühitin təsiri ilə Həmid Araslı Şərq 
								ədəbiyyatının bir qolu olan fars-tacik 
								ədəbiyyatını dərindən öyrənib, ədəbi mənbələri 
								tədqiq etmişdir. İkinci bir tərəfdən, türkdilli 
								xalqların folkloru və ədəbiyyatını mənimsəyib, 
								araşdırmalar aparmışdır. Aspiranturanı bitirən 
								(1935) Həmid Məmmədtağı oğlu ali məktəbdə ilk 
								dəfə olaraq orta əsrlər Azərbaycan ədəbiyyatı 
								tarixi kursunun əsasını qoymuşdur. 
								1943-cü ildə 
								"XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" 
								mövzusunda namizədlik dissertasiyasını müdafiə 
								etmişdir. 
								Əslində 
								H.Araslının orta əsrlər Azərbaycan ədəbiyyatı 
								ilə bağlı araşdırmaları aspirantura dövründən 
								başlamışdır. 
								1954-cü ildə 
								ədəbiyyatşünas alim "XVII-XVIII əsr Azərbaycan 
								ədəbiyyatı" adlı doktorluq dissertasiyası 
								müdafiə etmişdir.  
								Professor 
								Əliyar Səfərli Həmid Araslının bu əsəri haqqında 
								sonralar yazmışdır: "Doktorluq işi kimi yazılmış 
								bu kitab gerçəkdən yeni bir ədəbiyyat tarixidir. 
								İki əsrin ədəbi irsinin peşəkar bir ədəbiyyat 
								tarixi mütəxəssisi kimi araşdırılması da yenə bu 
								böyük alimin tarixi xidmətlərindəndir". 
								 "XIII-XVI 
								əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda 
								namizədlik dissertasiyasında klassik irsimizin 
								Əvhədi, Əssar, Füzuli kimi görkəmli 
								nümayəndələrinin həyatına nəzər salınmış, 
								əsərlərinin tarixi-mədəni dəyəri, ideya-məzmun 
								məziyyətləri təhlil və təqdir olunmuşdur. 
								Tədqiqat əsərində bu və ya digər sənətkarın 
								yaradıcılığının orijinal cəhətləri araşdırıcı 
								fikir və mülahizələri əsasında 
								qiymətləndirilmişdir. 
								"XVII-XVIII 
								əsr Azərbaycan ədəbiyyatı tarixi" monoqrafiyası 
								(1956) Həmid Araslının ən mühüm işlərindən biri 
								sayılır. Söz sənəti tariximizin bu dövrü az 
								öyrənilmişdi, lakin bu mərhələ ilə bağlı mənbə 
								az deyildi. Vətəndaşlıq-vətənpərvərlik 
								hisslərinə arxalanan H.Araslı çoxlu sayda ədəbi 
								əsərləri diqqət və obyektivliklə təhlil 
								etmişdir. Saib Təbrizi, Tərzi Əfşar kimi 
								farsdilli şairlərimiz ədəbiyyat tariximizdə öz 
								yerlərini almış, Qövsi Təbrizi, Fədai, Əmani, 
								Arif Təbrizi kimi şairlərin irsini təhlil edən 
								dəyərli oçerklər yaradılmışdır. 
								Bu 
								monoqrafiyada Vidadi, Şəkili Nəbi, Şakir 
								Şirvani, Məhcur Şirvani, Baba Şirvani kimi 
								müxtəlif səviyyəli söz sənətkarlarının klassik 
								şeir janrlarında yaratdıqları əsərlər, o 
								cümlədən "Şəhriyar dastanı" kimi nəsr abidəsi 
								araşdırılmışdır. 
								
								
								*** 
								Akademik Həmid 
								Araslı, sözün həqiqi mənasında, çoxsahəli bir 
								alim olmuşdur. O, təkcə ədəbiyyat tariximizi 
								öyrənib sistemləşdirməklə, bu sahədə kadrlar 
								hazırlamaqla kifayətlənməmişdir. Alim ədəbiyyat 
								tarixindən ali məktəb kurslarının tədrisi 
								sistemini işləmiş, proqram tərtib edib dərslik 
								hazırlamışdır. Bu istiqamətdə fəaliyyətinin bir 
								qolu orta məktəblə bağlı olmuşdur. Tədris 
								proqramları və dərsliklər hazırlanması kimi 
								mühüm və başlıca məsələnin həllində H.Araslı öz 
								əməyini ləyaqətlə sərf etmişdir. 1936-cı ildə 
								VIII sinif üçün ilk dəfə "Qədim ədəbiyyat" 
								dərsliyini nəşr etdirən müəllif sonralar həmin 
								dərsliyi M.Rəfilinin, H.Eyvazovun həmmüəllifliyi 
								ilə dəfələrlə təkmilləşdirərək yenidən çapına 
								nail olmuşdur.  
								 Azərbaycan 
								ədəbiyyatının bir qolu olan şifahi xalq 
								ədəbiyyatı, qədim mənəvi dəyərimiz olan 
								"Avesta", N.Gəncəvi, İ.Nəsimi, , M.Füzuli, 
								Ş.İ.Xətai, M.P.Vaqif, "Koroğlu" dastanı kimi 
								oçerkləri əhatə edən VIII sinif "Ədəbiyyat" 
								dərsliyi çox haqlı olaraq ədəbiyyat metodikası 
								sahəsində araşdırmalarda yüksək 
								dəyərləndirilmişdir. 
								Akademik Həmid 
								Araslının yaradıcılıq sahələrindən biri xalq  
								ədəbiyyatı olmuşdur. 
								O, xalqın "Ana 
								kitabı" (Anar) kimi dəyərləndirilən, böyük 
								tarixi-mədəni dəyəri olan (Ə.Sultanlı) "Dədə 
								Qorqud" boylarını 30-cu illərin əvvəllərində 
								öyrənməyə başlamış, eposu 1939-cu ildə latın 
								qrafikalı əlifba ilə çap etdirmişdir. Almaniya, 
								Türkiyə, Rusiya kimi ölkələrdə tədqiq olunan 
								eposa bir "Azərbaycan ədəbi abidəsi" kimi 
								yanaşmış, "onun (eposun-Ş.M.) dilinin məhz 
								Azərbaycan dili qanun-qaydalarına daha çox uyğun 
								gəldiyini elmi əsaslarla göstərmişdir". 
								 
								Professor 
								Həmid Araslının "Dədə Qorqud" eposu ilə bağlı 
								fəaliyyəti bununla bitmir. Akademik V.Bartoldun 
								eposun rus dilinə tərcüməsini 1950-ci ildə geniş 
								qeyd və izahlarla, əlavələrlə folklorşünas 
								M.H.Təhmasiblə birlikdə Bakıda çap etdirmişdir. 
								Nəşrin əhəmiyyətli və dəyərli olmasını təsdiq 
								edən fakt budur ki, sonralar həmin tərcümə 
								variantı V.Jirmunski və A.Kononov tərəfindən 
								əsas götürülmüşdür. 
								H.Araslı 
								dastanlara, aşıq yaradıcılığına aid bir sıra 
								məqalələrlə çıxış etmişdir. Folklorşünaslıq 
								tariximizin araşdırıcısı professor P.Əfəndiyev 
								akademik H.Araslının bu sahədəki fəaliyyətini 
								belə ümumiləşdirmişdir: O, Azərbaycan 
								aşıqlarının III qurultayı ərəfəsində -1960-cı 
								ildə "Aşıq yaradıcılığı" adlı kitab çap 
								etdirmişdir.  
								Görkəmli alim 
								"Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", 
								"Şəhriyar" dastanlarını, "Koroğlu" eposunu 
								araşdırmışdır. Üstəlik beşcildlik "Azərbaycan 
								nağılları"nın çapında redaktor və redaksiya 
								kollektivinin üzvü kimi əmək sərf etmişdir. 
								Azərbaycan 
								MEA-nın müxbir üzvü, professor A.Nəbiyev sələfi 
								H.Araslının folklorşünaslıq sahəsində 
								araşdırmalarına yığcam, fəqət çox böyük dəyər 
								vermişdir: 
								1939-cu ildə 
								"Kitabi-Dədə Qorqud" latın əlifbası ilə 
								Azərbaycanda nəşr olunur. Bu nəşri çapa 
								hazırlayan Həmid Araslı idi.  
								Araşdırıcılar 
								qeyd edirlər ki, Həmid Araslı "Dədə Qorqud" 
								boyları ilə bağlı araşdırmalarını iki 
								istiqamətlə aparmışdır. Belə ki, bir tərəfdən 
								folklorşünas alim eposun əlyazmalarını diqqətlə 
								öyrənməyə çalışmış, nüsxə fərqlərini aşkara 
								çıxarmaq üçün alim fədakarlığı göstərmişdir. 
								Görkəmli folklorşünas eposun əlyazmalarındakı 
								oxunması çətinliklər törədən sözləri, ifadələri 
								düzgün oxumaq üçün gərgin günlər yaşamışdır. 
								Professor 
								Həmid Araslı ikinci bir tərəfdən "Dədə Qorqud" 
								boyları obrazlarının təhlili istiqamətində qələm 
								çalmışdır. Eposa yazdığı ön sözdə, eləcə də 
								başqa məqalələrində Həmid Araslı Qazan xan, 
								Qaracuq Çoban, Buğac, Basat və başqa obrazlar 
								barədə dəyərli fikirlər yazmışdır. Bu baxımdan 
								eposun qadın qəhrəmanları barədə dəyərli 
								ədəbi-estetik mülahizələr bu gün də öz 
								əhəmiyyətini saxlamaqdadır. 
								
								
								*** 
								Həmid 
								Araslının eposla bağlı ilk məqalələri 1938-ci 
								ildə dövri mətbuatda görünmüşdü. Sonrakı illərdə 
								də Araslı "Dədə Qorqud" eposuna qayıtmış və buna 
								görə o vaxtlar haqsız tənqid və təqiblərə məruz 
								qalmışdır. 
								Belə ki, o 
								vaxtlar "Dədə Qorqud"  boylarına millətçilik 
								damğası vurulmuşdu. Bolşevik ideologiyası "Dədə 
								Qorqud" dastanlarını milli folklorumuz, 
								mədəniyyətimiz üçün yad bir əsər kimi qələmə 
								verirdi. Yuxarıdan belə bir göstəriş verilmişdi 
								ki, epos orta və ali məktəb dərsliklərindən 
								çıxarılsın. 
								Professor 
								Həmid Araslı bu ədalətsiz və qərəzli 
								göstərişlərə qarşı etirazını bildirmişdir. 
								Üstəlik araşdırmalarını davam etdirmişdir. 
								1957-ci ildə mart ayının 26-da "Kommunist" 
								qəzetinin 71-ci nömrəsində Əbdüləzəl 
								Dəmirçizadə, Məmməd Arif, Məmmədhüseyn 
								Təhmasiblə birgə çap etdirdiyi məqalə Həmid 
								Araslının bir alim, bir vətəndaş kimi 
								uzaqgörənliyinin, qalib gəlmiş milli 
								hissiyyatının təntənəsi idi. 
								Bu məqalədə 
								"Dədə Qorqud" eposu türkdilli xalqların 
								qəhrəmanlıq tarixi və mədəniyyətini, 
								etnoqrafiyasını öyrənmək üçün qiymətli bir mənbə 
								kimi dəyərləndirilmişdi. 
								Xalqımızın ana 
								abidəsinə olan sonsuz maraq və məhəbbət akademik 
								Həmid Araslını ömrünün sonuna kimi tərk 
								etməmişdi. 1939, 1972, 1977-ci illərdə dastanı 
								Azərbaycanda nəşr etmiş, neçə-neçə alimin elmi 
								rəhbəri, məsləhətçisi kimi öz bilik, kömək və 
								əməyini əsirgəməmişdir. 
								Professor 
								Həmid Araslı "Koroğlu", "Şah İsmayıl", "Əsli və 
								Kərəm", "Aşıq Qərib", "Şəhriyar" kimi 
								dastanlarımızın araşdırılmasında da öz əməyini 
								əsirgəməmişdir. 
								Professor 
								Vaqif Vəliyev yazır ki, Araslının "Koroğlu" 
								eposu haqqında apardığı tədqiqat, dastanın 
								ideya-bədii səciyyəsini əks etdirən fikirləri 
								olduqca maraqlıdır. Müəllif dastanın müsbət və 
								mənfi surətlərini, Koroğlunun silah 
								yoldaşlarını, onunla çiyin-çiyinə mübarizə 
								aparan qəhrəman Çənlibel qızlarının xarakter 
								cəhətlərini təhlil edir.  
								"Koroğlu"nun 
								kompozisiyası, dil və təsvir vasitələrindən, 
								dastandakı şeirlərin bədii xüsusiyyətlərindən 
								danışılır.  
								Həmid 
								Araslının "Koroğlu" barədə araşdırmalarında 
								göstərilir ki, xalq qəhrəmanı, mərd və dönməz 
								bir sərkərdə kimi Koroğlu bədii obrazından 
								yazılı ədəbiyyatımızda istifadə olunmuşdur. 
								Akademik Həmid 
								Araslının folklorşünaslıq sahəsindəki 
								tədqiqatlarında XVII əsr xalq dastanları və 
								şifahi poeziya haqqında fikirləri xüsusi yer 
								tutur. Görkəmli alim "Şah İsmayıl" dastanının 
								Səfəvi dövlətinin banisi Şah İsmayılla bağlı 
								olduğuna aid maraqlı mülahizələr söyləmişdir. 
								1960-cı ildə 
								Həmid Araslının "Aşıq yaradıcılığı" adlı əsəri 
								çapdan buraxılmışdır. Azərbaycan aşıqlarının III 
								qurultayı ərəfəsində nəşr olunmuş bu kitabda 
								Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq 
								kimi görkəmli el sənətkarlarının həyatı və ədəbi 
								irsi haqqında dəyərli fikirlər əksini tapmışdır. 
								Bütün bunlarla 
								yanaşı, görkəmli alim aşıq sənəti, onun spesifik 
								bir sənət növü olması barədə fikir və 
								mülahizələrini qələmə almışdır. Həmin kitabda 
								sinkretik sənət növü kimi səciyyələndirilən 
								qədim el yaradıcılığı barədə öz tarixi-nəzəri, 
								ədəbi-estetik dəyərini saxlayan mülahizələr 
								geniş şərh olunmuşdur. 
								Azərbaycan 
								xalq yaradıcılığının güclü bir qolu olan, həm də 
								bu yaradıcılıq dəryasının dəyərlərini yaşadan, 
								təbliğ edib kütləviləşdirən, yazılı və şifahi 
								söz sənətləri arasında körpü olan aşıq 
								yaradıcılığı folklorumuzla maraqlanan hər kəs 
								üçün diqqət mərkəzində olub.  
								
								
								*** 
								Həmid 
								Araslının tədqiqatlarının miqyası çox genişdir. 
								Ulu həmyerlisi Nizami Gəncəvi onu daim 
								düşündürən mövzulardan olmuşdur. "Şairin 
								həyatı", "Nizami yaradıcılığında dostluq və 
								qəhrəmanlıq", "Nizami və vətən", "Nizami 
								Gəncəvi" adlı sanballı əsərlər məhz professor 
								Araslının qələmindən çıxmışdır. 
								Həmid 
								Araslının Nizami Gəncəvi ilə bağlı araşdırmaları 
								dahi şair və təfəkkür sahibinin bir Azərbaycan 
								şairi olması fikrinə kölgə salanlara tutarlı 
								cavablar idi. Professor Araslı bu əsərləri ilə, 
								professor Əliyar Səfərlinin qeyd etdiyi kimi, 
								"Nizaminin milli mənsubiyyətini, soykökünü, 
								Azərbaycan xalqının poetik irsi ilə əlaqələrini 
								təhrif və inkar edən alimlərin yanlış mülahizə 
								və fikirlərini alt-üst edərək, Nizamişünaslıqda 
								yeni bir elmi konsepsiyanın özülünü qoydu. Onun 
								"Şairin həyatı", "Yaxın Şərq ədəbiyyatında 
								"Leyli və Məcnun" mövzusu", "Nizami və vətən", 
								"Şairin dünya şöhrəti" və s. əsərlərində 
								Nizaminin "Xəmsə" yaradıcılığı, epik-romantik 
								məsnəvi-dastanlarının ideya-mövzu mənbələri, 
								onların bədii-fəlsəfi məzmunu, doğma milli 
								ənənələrlə əlaqələri və s. kimi problemlər yeni 
								bir baxımdan araşdırılırdı". 
								Nizami 
								əsərlərində Azərbaycan söz, ifadə və 
								məsəllərinin işlənməsi, ayrı-ayrı qeyd və 
								motivlərin öz əksini tapmasını müqayisəli və 
								tarixi aspektdə şərh və izahlar "Nizaminin 
								"türklüyü" probleminin gələcək həllinin 
								başlanğıcı kimi çox mənalıdır. Təbiidir ki, belə 
								bir yanaşma üsulu Nizami şeirinin qüdrət və 
								qüvvət mənbəyinin doğru, dürüst araşdırılması və 
								elmi-nəzəri həllinə zəmin yaradırdı, tarixi 
								həqiqətlərin üzə çıxarılmasına istiqamət 
								verirdi". 
								Həmid Araslı 
								Nizami və Füzuli kimi sənətkarlarımızla yanaşı, 
								Şah İsmayıl Xətai, Kişvəri, Həbibi, Saib 
								Təbrizi, Qövsi Təbrizi, Məhcur Şirvani kimi 
								şairlərimizin həyatı və yaradıcılığının 
								aşkarlanması sahəsində də qələm çalmışdır. 
								1940-cı ildə 
								"Şairin həyatı" adlı kitab nəşr etdirən alim 
								Nizami Gəncəvi və Azərbaycan folkloru 
								kontekstində araşdırmalar aparmışdır. Bu 
								tədqiqatlar "Nizamidə xalq sözləri, xalq ifadə 
								və zərbülməsəlləri" (1942), "Nizami və 
								Azərbaycan xalq ədəbiyyatı" (1947) adlı 
								əsərlərdə ümumiləşdirilərək geniş ədəbi 
								ictimaiyyətə çatdırılmışdır. 
								
								
								*** 
								Azərbaycan 
								ədəbiyyatşünaslığında, ümumiyyətlə, "Dədə 
								Qorqud" boylarının bədii mədəniyyətimizə təsiri 
								mövzusunda ilkin araşdırma da H.Araslının adı 
								ilə bağlıdır. Belə ki, 1960-cı ildə 
								şərqşünasların XXV beynəlxalq konqresində 
								(Moskva) Həmid Araslı "Nizami yaradıcılığında 
								Azərbaycan xalq eposu "Dədə Qorqud"un motivləri" 
								mövzusunda məruzə etmişdir. 
								Görkəmli alim 
								N.Gəncəvi poemalarındakı bir sıra motivlərin 
								birinci növbədə "Dədə Qorqud" dastanları ilə 
								bağlı olduğunu aşkara çıxarmışdır. 
								Nizami Gəncəvi 
								ilə bağlı bütün araşdırmalarda müəlliflərin 
								sıx-sıx müraciət etdikləri araşdırıcı 
								H.Araslıdır, istifadə etdikləri mənbə onun 
								mütəfəkkir şairə həsr olunmuş əsərləridir. 
								Ədəbiyyat 
								tariximizdə idealı uğrunda qəhrəmancasına ölümü 
								qəbul etmiş şair, milli tariximizdə əqidəsi 
								naminə hünərvər sənətkar kimi əbədiləşmiş 
								İmadəddin Nəsiminin həyatı və yaradıcılığı Həmid 
								Araslının tədqiqat predmeti olmuşdur. Şairin 600 
								illik yubileyi ilə bağlı ədəbiyyatşünas alim 
								"İmadəddin Nəsimi" adlı kitabça hazırlamış, bunu 
								səkkiz dildə çap etdirərək, böyük sənətkarın 
								şəxsiyyəti və ədəbi irsi barədə dünya 
								oxucularında təəssürat yaratmağa nail olmuşdur. 
								Həmid 
								Araslının "böyük vüsət və ardıcıllıqla tədqiq 
								etdiyi simalardan biri də Füzulidir". 
								Əslində 
								ədəbiyyatşünas alim hələ 30-cu illərdən 
								başlayaraq böyük mütəfəkkir sənətkarla bağlı 
								ədəbi-mədəni, tarixi-estetik məsələlərə məqalə, 
								ədəbi-nəzəri oçerk və əsərlərə yazdığı 
								müqəddimələrdə aydınlıq gətirir, münasibət 
								bildirirdi. Bunlar böyük Füzulinin vəfatının 400 
								illiyi münasibətilə 1958-ci ildə nəşr olunmuş 
								"Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyasında 
								ümumiləşdirilərək sistemləşdirilmişdir. 
								Kitabda XVI 
								əsrdə Bağdadda yaşayıb yaratmış soydaş şairlər 
								barədə bəhs edilməklə yanaşı, M.Füzulinin 
								həyatı, lirikası, üç dildə yaratdığı qəsidələr, 
								Azərbaycan və farsca yazdığı poemalar, 
								tarixi-ədəbi, mədəni-elmi-ictimai dəyərləri ilə 
								seçilən nəsri, alleqorik poemaları, tərcümələri 
								və fəlsəfi əsəri ("Mətləül-etiqad"), oğlu Fəzli, 
								Füzulinin irsinin Şərq və türk xalqları 
								ədəbiyyatlarına təsiri barədə zəngin elmi 
								qaynaqlar əsasında məlumat verilmişdir. 
								 
								"Akademik 
								Həmid Araslı Nizamini, Nəvaini, Füzulini, ümumən 
								Türk dünyasının böyük ədəbi simalarını, şifahi 
								yaradıcılıq sərvətini məsuliyyətlə öyrənmək 
								sahəsində ölkəmizin hüdudlarından uzaqlarda da 
								yüksək qiymətləndirilən nüfuzlu bir məktəb 
								yaratmışdır. Bu məktəbin yaradıcısının özünün 
								zəngin elmi irsi ətraflı tədqiqini gözləyir" 
								(A.Vəfalı). 
								
								
								*** 
								Həmid Araslı 
								həm də bir mətnşünas kimi tanınmışdır. Qəlbində 
								dərin xalq məhəbbəti olan alim ədəbiyyatımızla 
								bağlı qədim mətnlərin toplanması, elmi baxımdan 
								sistemə salınması, çapa hazırlanması və nəşri 
								məsələlərinə də böyük diqqət yetirmişdir. SSRİ 
								EA-nın Azərbaycan filialının nəzdində təşkil 
								olunmuş kitabxananın şərqşünaslıq şöbəsinə 
								rəhbərlik etdiyi illərdə, eləcə də Nizami adına 
								Ədəbiyyat və Dil İnstitutunun direktoru olarkən 
								H.Araslı mətnlərin toplanmasına və tədqiqi 
								məsələlərinə əhəmiyyət vermiş, 1957-ci ildə 
								institutda mətnşünaslıq şöbəsinin təşkilinə nail 
								olmuşdur. 
								N.Gəncəvi, 
								M.Füzuli, M.P.Vaqif irsinin, eləcə də Kişvəri, 
								Qövsi və Vidadinin bir sıra şeirlərinin ilk dəfə 
								aşkara çıxarılması bu böyük alimin adı ilə 
								bağlıdır.  
								O, həm də 
								ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı 
								tarixi", üçcildlik "Azərbaycan ədəbiyyatı 
								tarixi" kitablarının əsas müəlliflərindən biri 
								olmuşdur. 
								
								
								*** 
								Həmid Araslı 
								Azərbaycan SSR EA-nın akademiki seçilmiş, 
								Azərbaycan SSR-in, Özbəkistan SSR-in əməkdar elm 
								xadimi adlarına layiq görülmüşdür. 
								Akademik 
								H.Araslı Türk Dil Qurumunun (1966), İraq Elmlər 
								Akademiyasının fəxri üzvü (1971), İslam 
								sivilizasiyasını öyrənən İordaniya Kral 
								Cəmiyyətinin müxbir üzvü (1972) seçilmişdi. 
								Filologiya 
								elmi sahəsində araşdırmalarına, filoloq alimlər 
								hazırlanmasında əməyinə və anadan olmasının 70 
								illiyinə görə H.Araslı 1979-cu ildə "Qırmızı 
								Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdu. 
								
								"Ədəbiyyatşünaslıq elmimizin veteranı", 
								"çoxcəhətli alim" kimi səciyyələndirilən Həmid 
								Araslının, Araz Dadaşzadənin qeyd etdiyi kimi, 
								maraq dairəsi əlvan və geniş olmuşdur. Belə ki, 
								"Həmid müəllim həm orta əsrlər ədəbiyyatının 
								tədqiqçisi, həm kamil mətnşünas, həm folklor 
								mütəxəssisi, həm qarşılıqlı ədəbi əlaqələri 
								araşdıran alim, həm elm təşkilatçısı idi". 
								Həmid Araslı 
								"öz ömrünü Nizamidən, Xaqanidən, Nəsimidən, 
								Füzulidən yönü bəri bütün Azərbaycan 
								ədəbiyyatına sərf" etmiş, "həm yazılı, həm də 
								şifahi ədəbiyyatımızı paralel şəkildə 
								araşdır"mış (Anar) alim kimi 
								dəyərləndirilmişdir. 
								Müasirləri və 
								tanıyanlar Həmid Araslının mənəvi-psixoloji, 
								əqli-fizioloji, əxlaqi-insani xüsusiyyətlərini 
								belə səciyyələndirirlər: "...əsl millətsevər və 
								cəsur kişi, qeyrətli və ləyaqətli vətəndaş, 
								örnək alim. ...mülayim rəftarlı, həlim təbiətli, 
								mədəni, həmişə asta danışan, bir az ehtiyatlı 
								kimi təsir bağışlayan nurlu insan". 
								Azərbaycan 
								ədəbiyyatşünaslığında Həmid Araslı qədər 
								regionlar və ölkələr üzrə maraq dairəsi geniş 
								olan ikinci bir alim hələlik olmayıb. Özbək 
								ədəbiyyatının banisi Əlişir Nəvainin lirikası, 
								poemaları, böyük şairin Azərbaycan ədəbiyyatı 
								ilə qarşılıqlı əlaqəsi ilə bağlı tədqiqlər, 
								"Hüseyn Bayqara risaləsi" adlı əsər; "Nizami və 
								Rustaveli poeziyasında xalqlar dostluğu"; "Tofiq 
								Fikrət və Azərbaycan ədəbiyyatı"; 
								"Azərbaycan-ərəb ədəbi əlaqələri tarixindən"; 
								"Azərbaycan və Hindistan xalqları arasında 
								mədəni və ədəbi əlaqələr"-özbək, türk, gürcü, 
								ərəb, hind... xalqlarının ədəbiyyatı və 
								mədəniyyətinin tədqiqinə həsr olunmuş bu əsərlər 
								indi də araşdırmalar üçün əhəmiyyətli 
								qaynaqlardandır. 
								Ruhu şad 
								olsun.  
								
								
								Şamxəlil MƏMMƏDOV  |