| 
								 
								 Fevralın 
								5-də Bakının 132-134  nömrəli   Təhsil  
								Kompleksində ənənəvi "Məzun  günü" keçirildi. 
								Tədbiri kompleksin müdiri, respublikanın əməkdar 
								müəllimi Sara  Xanlarova  giriş  sözü  ilə  
								açaraq bildirdi  ki, artıq neçə  illərdir  
								məktəbin kollektivi  tərəfindən  böyük həvəslə  
								qeyd  olunan məzun günü təhsil kompleksində 
								aparılmış  yenidənqurma işlərindən  sonra ilk 
								dəfədir  ki,  keçirilir. Müasir  şəkildə  
								yenidən qurulmuş kompleksi Azərbaycanda  
								təhsilə  göstərilən   qayğının  ən  bariz  
								nümunəsi kimi qiymətləndirən S.Xanlarova tədbirə 
								yığışanlara təhsil  kompleksinin  tarixi  
								haqqında  məlumat  verdi. Bildirdi  ki, binanın  
								özülü  qədim  Bakının  möhtəşəm  Qala  
								divarlarının  yaxınlığında 1866-cı ildə 
								qoyulmuşdur. Hərbi xəstəxana kimi  
								layihələşdirilən bina 1866-cı il iyunun 13-də 
								"Müqəddəs Nina" Qadın Xeyriyyə Cəmiyyətinin  
								nəzdində qızlar pansionunun ixtiyarına 
								verilmişdir. Azərbaycan Demokratik Respublikası 
								dövründə isə binada Hərbi Akademiya  fəaliyyət  
								göstərmişdir. 1933-1937-ci illərdə beynəlmiləl 
								təhsil ocağı kimi fəaliyyətini davam etdirərək 
								sonradan 132 nömrəli (Azərbaycan) və 134 nömrəli 
								(rus) məktəblərinə çevrilmişdir. 
								Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyevin 
								müvafiq sərəncamı ilə 150 illik tarixi olan bu 
								möhtəşəm tikilinin dövlətimiz 
								 tərəfindən 
								qorunub saxlanıldığını diqqətə çatdıran 
								kompleksin müdiri məzunları qazanılan uğurlarla, 
								keyfiyyətli tədrislə bu memarlıq  abidəsinin 
								tarixinə yeni şanlı səhifələr yazacaqlarına əmin 
								etdi. 
								Sara Xanlarova 
								bu qocaman məktəbin məzunları sırasında  XX  
								əsrin görkəmli şərqşünas alimi, filologiya 
								elmləri doktoru, professor Aida İmanquliyeva, 
								akademik Nailə Vəlixanlı, əməkdar memar Ofelya 
								Babayeva və Azərbaycan elminin  inkişafında 
								xidmətləri olan  yüzlərlə tanınmış şəxslərin 
								olduğunu bildirdi. 
								Sonra tədbirdə 
								1940-1960, 1990-2010-cu illərin məzunları çıxış 
								edərək təhsil ocağının müasir şəkildə  yenidən 
								qurulmasına görə dövlətimizin başçısı İlham 
								Əliyevə öz  minnətdarlıqlarını  bildirdilər, 
								məktəb illərindən xatirələr danışdılar. 
								 
								Tədbirdə 
								təhsil kompleksinin şagirdləri məzunlara bədii 
								proqram təqdim etdilər.  
								
								
								Gülşən  HÜSEYNOVA  |