| 
								 Fevralın 4-də 
								Bakı şəhərindəki 283 nömrəli orta məktəbdə 
								"Kurikulumların tətbiqi və şagirdlərin təlim 
								nailiyyətlərinin qiymətləndirməsi" mövzusunda 
								"dəyirmi masa" keçirildi. Tədbirdə Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi Metodmərkəzinin əməkdaşları, 
								ibtidai sinif müəllimləri iştirak edirdilər. 
								"Dəirmi masa"nın proqramına uyğun olaraq 
								müzakirələrdən əvvəl məktəbin yeni fənn 
								kurikulumları ilə işləyən 3 ibtidai sinif 
								müəlliminin "açıq dərs"i dinlənildi.  Tədbir 
								iştirakçıları öncə Rəfiqə Əliyevanın I "a" 
								sinfində apardığı oxu dərsində oldular. Mövzu "P 
								səsi, P hərfi" idi. Müəllim dərsi qruplarla iş 
								formasında təşkil etmiş, şagirdləri hər birində 
								5-6 şagird olmaqla 4 qrupa bölmüşdü.  
								
								 Fəal 
								təlim üsullarından, İKT-dən geniş istifadə edən 
								R.Əliyeva hazırladığı müxtəlif tapşırıqlara dair 
								slaydları dərs boyu proyektor vasitəsi ilə 
								lövhədə nümayiş etdirir, şagirdlərlə işi onlara 
								istinadən qururdu. Bu da sinifdə lazımi 
								interaktivliyi təmin edirdi. Müəllim dərsin 
								motivasiya, problemin qoyuluşu və həlli 
								mərhələlərini ustalıqla qurub yeni mövzunu 
								dərslikdəki mətn və tapşırıqlar əsasında 
								şagirdlərə izah etdi. Öyrədilən hərfə aid 
								dərslikdə verilmiş "Qırmızıpapaq" nağılı 
								üzərində iş apardı, şagirdlərə "p" hərfinin 
								sözün müxtəlif yerlərində işlənməsinə dair 
								müstəqil tapşırıqlar verdi, onları krossvordlar 
								üzərində işlətdi. Hər qrupun lideri tapşırılmış 
								müstəqil işlərlə bağlı təqdimatlar etdilər, 
								digər qrupların verdikləri sualları 
								cavablandırdılar, müvafiq cədvəl əsasında 
								qrupların cavabları bir neçə parametr üzrə 
								qiymətləndirildi. Sonra şagirdlərə tətbiqetməyə 
								dair müstəqil iş verildi. Onlar on dəqiqə 
								ərzində əvvəlində, ortasında və sonunda "p" 
								hərfi  işlənən sözlər tapıb yazdılar. 
								 
								Müəllim 
								Dilruba Cabbarovanın III "b" sinfində 
								riyaziyyatdan apardığı "Təxmini və dəqiq ölçü 
								vahidləri" mövzusunda "açıq dərs"dən də tədbir 
								iştirakçıları razı qaldılar. Bu dərsdə də 
								müəllim motivasiyanı maraqlı qurdu - 
								riyaziyyatdan nələrin öyrənildiyi sualı ilə 
								şagirdlərə müraciət edib onların verdikləri 
								cavablar içərisindən ölçmələri seçərək 
								öyrədiləcək mövzunun məhz onunla bağlı olduğunu 
								bildirdi. Sonra proyektor vasitəsi ilə uzunluğu 
								ölçmək üçün nəzərdə tutulan şərti ölçü 
								vahidlərinin adları (addım, qulac, qarış və s.) 
								və onların insanın müəyyən bədən üzvləri ilə 
								ifadəsini əks etdirən slayd nümayiş etdirildi. 
								Müəllim  bu ölçülərin nə üçün şərti ölçü vahidi 
								adlandırıldığını izah etdi. 
								Nümayiş olunan 
								digər bir slaydda şagirdlərə ölçülməsi mümkün 
								olan əşyalar, onları ölçmək üçün müxtəlif 
								uzunluq ölçülərinin adları təqdim olundu. Slayd 
								üzərində iş aparan müəllim şagirdlərə dəqiq ölçü 
								vahidləri barədə məlumat verdi, onları uzunluq 
								ölçü vahidlərindən metr, destimetr, santimetr, 
								millimetrlə tanış etdi, bu ölçülərin bir-birinə 
								nisbəti barədə izahat verdi. Şagirdlər müxtəlif 
								cismlərin ölçülməsi, bir uzunluq vahidinin 
								digəri ilə ifadə olunması ilə bağlı müstəqil iş 
								üzərində işlədilər. 
								
								Müşahidələrimizi II "a" sinfində davam etdirdik. 
								Burada da müəllim İradə Həmzəyeva həyat 
								bilgisindən "Ana təbiətin uşaqlara məktubu" 
								mövzusunda inteqrativ dərsini maraqlı qurmuşdu. 
								Sinif hər birində 6 şagird olan 5 qrupa 
								bölünmüşdü. Müəllim bütün qrupları və 
								qruplardakı şagirdləri fəal işə qoşmuşdu. 
								Müəllim mətn üzərində iş apardıqdan, 
								sual-cavabla mövzunun necə mənimsədildiyini 
								müəyyənləşdirdikdən sonra adları sözügedən 
								təbiət amillərinə uyğun olan qruplara müstəqil 
								yerinə yetirmək üçün tapşırıq verdi. Tədqiqat 
								sualı belə idi: "Təbiəti qorumaq üçün insanlar 
								nə etməlidirlər?". Şagirdlər 10 dəqiqə ərzində 
								müstəqil işləyib tədqiqat sualına ətraflı 
								cavablar hazırladıqdan sonra qrup liderləri 
								cavabları təqdim etdilər. Onların cavabları 
								qiymətləndirildi. 
								Sonra qruplara 
								testlər verildi. Dərsin sonunda şagirdlərə evdə 
								ana təbiətə cavab məktubu yazmaq tapşırıldı.
								 
								"Açıq dərs"lər 
								başa çatdıqdan sonra "dəyirmi masa" ətrafında 
								mövzu ilə bağlı müzakirələr, dinlənilən 
								dərslərin təhlili aparıldı. Məktəbin direktoru 
								Şükufə Axundova tədris ocağında kurikulumların 
								tətbiqi, şagirdlərin təlim nailiyyətlərinin 
								qiymətləndirilməsi sahəsində aparılan işlər 
								barədə məlumat verdi, bu sahədə  müəllimlərin 
								topladıqları təcrübələri paylaşmaq məqsədi ilə 
								tez-tez "açıq dərs"lərin keçirildiyini, 
								yenilikləri öyrənməyə böyük səy göstərdiklərini 
								qeyd etdi. 
								Məktəbin 
								ibtidai siniflər üzrə direktor müavini Əsmayə 
								Qərnayeva və əməkdar müəllim Naidə İsayeva 
								"Kurikulumların tətbiqi və şagirdlərin təlim 
								nailiyyətlərinin qiymətləndirilməsi" mövzusunda 
								təqdimat etdilər. Təqdimatda yeni fənn 
								kurikulumlarının tələbləri, qiymətləndirmə 
								formaları və onların tədris prosesində nəzərə 
								alınması məsələlərindən, bu sahədə məktəbdə 
								toplanmış təcrübədən bəhs olundu. Ötən ilin 
								sonunda aparılmış makrosummativ 
								qiymətləndirmənin nəticələri açıqlandı. 
								"Dəyirmi 
								masa"da çıxış edən Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsi Metodmərkəzinin direktor müavini Sitarə 
								Məmmədova, mərkəzin Nəsimi-Binəqədi bölməsinin 
								müdiri Həvva Əsgərova, 248 nömrəli məktəbin 
								müəllimi, əməkdar müəllim Mənzərə Cəfərova və 
								başqaları dinlədikləri dərslərin maraqlı təşkil 
								olunduğunu, müəllim və şagirdlərin yüksək 
								hazırlıq nümayiş etdirdiklərini, interaktiv 
								təlim üsullarından və resurslardan bacarıqla 
								istifadə olunduğunu, dərslərin yeni 
								kurikulumların tələblərinə uyğun qurulduğunu 
								qeyd etdilər, mövzu ilə bağlı fikirlərini 
								bildirdilər, müəllimlərin suallarını 
								cavablandırdılar.  
								
								
								Yusif ƏLİYEV  |