| 
								 
								
								
								Almaniya Federativ Respublikası          
								                                       
								
									
										
										  | 
										
										
										Ərazisi: | 
										
										
										357 min kv. km.  | 
										  | 
									 
									
										| 
										
										Əhalisi:  | 
										
										
										82 milyon nəfər   | 
										  | 
									 
									
										| 
										
										Dövlət dili: | 
										
										
										Alman dili | 
										  | 
									 
									
										| 
										
										Paytaxtı: | 
										
										
										Berlin şəhəri | 
										  | 
									 
									
										| 
										
										Pul vahidi:   | 
										
										
										Avro | 
										  | 
									 
								 
								Almaniya 
								ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi 
								tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. 
								Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən 
								artıq gimnaziya mövcuddur.  Bu tədris 
								müəssisələrində 12 milyondan çox şagird təhsil 
								alır. 370 ali təhsil müəssisəsi, o cümlədən 
								elmlər namizədi hazırlayan 140 universitet və 
								təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı 
								fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl 
								universitet və 40-dan artıq dini təmayüllü ali 
								məktəb var. Ölkənin demək olar ki, hər bir iri 
								şəhərində ali təhsil müəssisəsi mövcuddur. 
								Təhsil sistemi mərkəzləşmiş qaydada idarə 
								olunmur. Federal torpaqların hər birinin müvafiq 
								idarəetmə strukturları fəaliyyət göstərir. Bu 
								səbəbdən ölkənin, müxtəlif əyalətlərində 
								təhsilalma şərtləri və təhsil proqramları 
								arasında fərqlər mövcuddur.    
								
								Məktəbəqədər təhsil  
								 Almaniyada 
								uşaqların məktəbəqədər təhsili icbari təhsil 
								sisteminə daxil olmadığından məcburi deyil. 
								Yalnız zəif inkişaf etmiş azyaşlı uşaqların 
								təhsili istisnadır. Belə ki, məktəbə yeni gedən 
								uşaq hər hansı səbəbə görə öz yaşıdlarından geri 
								qalırsa, o zaman xüsusi məktəbəqədər siniflərdə 
								(vorklassen) və ya məktəbdaxili uşaq 
								bağçalarında (schulkindergarten) birinci sinfə 
								hazırlıq kursu keçir. Uşaq bağçalarının 
								(kindergarten) təqribən 20 faizi dövlətin, qalan 
								80 faizi isə kilsənin, xeyriyyə cəmiyyətlərinin 
								və yerli hakimiyyət orqanlarının 
								(bələdiyyələrin) himayəsindədir. Bundan əlavə, 
								uşaq bağçaları müəssisə və təşkilatlar 
								tərəfindən də yaradıla bilər. 
								Bağçalara 3 
								yaşından 6 yaşadək uşaqlar qəbul edilir. 
								Uşaqların bağçalarda saxlanılması xərcləri yerli 
								hakimiyyət orqanları, məktəbəqədər təhsil 
								müəssisəsi və valideynlər tərəfindən ödənilir. 
								Valideynlərin xərcləri ailənin gəlirindən, ailə 
								üzvlərinin və ya ailədəki uşaqların sayından 
								asılıdır.   
								
								Orta təhsil   
								 Almaniyada 
								bütün uşaqlar altı yaşından etibarən 9 il 
								ərzində icbari qaydada məktəbə getməlidirlər. 
								Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən, 
								uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra 
								onlar müxtəlif növ məktəblərə - əsas məktəb, 
								real məktəb və gimnaziyaya daxil olurlar. 
								Məktəblər şagirdlərin bacarıqlarına olan 
								tələblərə, həmçinin nəzəri və praktik təlim 
								nisbətinə görə bir-birindən fərqlənirlər. Bundan 
								əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. 
								Burada bütün növ məktəblərin şagirdləri paralel 
								şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə 
								bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər 
								təhsil icbari, X sinifdə isə könüllüdür. Real 
								məktəbdə şagirdlər V sinifdən X sinfə qədər 
								oxuyur və sonda kamillik attestatı alırlar. 
								Gimnaziyada federal torpaqdan asılı olaraq 
								tədris XII-XIII siniflərə qədər aparılır və 
								kamillik attestatının alınması ilə başa çatır. 
								Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq 
								hüququ verir. 
								Məktəblərin 
								əksəriyyətində dərslər günün birinci yarısında 
								aparılır. Məktəb təhsili torpaqların 
								səlahiyyətinə daxildir. Məktəb siyasəti isə 
								təhsil və mədəniyyət nazirliklərinin Daimi 
								Şurası tərəfindən əlaqələndirilir.   
								
								Peşə təhsili   
								 Almaniyada 
								peşə təhsili sahəsində dual sistem geniş 
								yayılıb. Bu sistemin təməlində nəzəriyyə ilə 
								təcrübənin qarşılıqlı əlaqəsi prinsipi dayanır. 
								Burada tərəflərdən biri peşə məktəbi, digəri isə 
								təlim müəssisəsidir. 
								Gənclərin 
								təxminən yarısı məktəbdən sonra dual sistem 
								çərçivəsində dövlət tərəfindən tanınmış 350 
								rəsmi peşədən birinə yiyələnir. Peşə təhsili 
								orta məktəblərdə tədris olunan təhsildən 
								fərqlənir. Peşə təhsilinə yiyələnənlərə həftədə 
								3-4 gün müəssisələrdə təcrübə keçilir və bir-iki 
								gün isə peşə məktəbində nəzəri biliklər verilir. 
								Təhsil müddəti 2 ildən 3,5 ilə qədərdir. 
								Texniki peşə 
								təhsili bu məktəblərdə təhsil xərclərini öz 
								üzərinə götürən dövlət və müvafiq müəssisələr 
								tərəfindən şagirdlərə ayrılan pul mükafatları 
								hesabına maliyyələşdirilir. Hazırda 500 mindən 
								çox müəssisə və dövlət xidməti sistemi gənclərin 
								peşə təhsilinə yiyələnmələri ilə məşğuldur. 
								Şagird yerlərinin 80 faizdən çoxunu kiçik və 
								orta şirkətlər təqdim edirlər. Dual sistemin 
								sayəsində Almaniyada peşəsi və ya müəssisələrdə 
								şagirdlik yeri olmayan gənclərin sayı o qədər də 
								çox deyil. Bu ölkədə 15-19 yaşındakı gənclər 
								arasında bu göstərici cəmi 4,2 faiz təşkil edir. 
								Nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi 
								peşəkarların və fəhlələrin yüksək ixtisasa 
								yiyələnmələrini təmin edir. Peşə təhsili usta 
								olmaq imkanı verən karyeranın başlanğıcı hesab 
								edilir. Peşə təhsilinin səviyyəsinin artırılması 
								üzrə həyata keçirilən müxtəlif tədbirlər 
								universitetlərdə magistr dərəcəsi almaq imkanı 
								da yaradır.    
								 Ali təhsil   
								Qloballaşma 
								Almaniyanın elmi və ali təhsili qarşısında yeni 
								tələblər qoyur. Müvafiq islahatlar nəticəsində 
								universitetlər ali təhsil sistemini yeni 
								beynəlxalq tələblərə uyğunlaşdırmağa 
								başlayıblar. Buraya çoxpilləli təhsil sistemi 
								(bakalavr və magistratura), ali təhsilin 
								ödənişli olması, qəbul testləri, universitetlər 
								və qeyri-universitet müəssisələri ilə strateji 
								tərəfdaşlığın gücləndirilməsi aid edilə bilər. 
								Bütün bunların sayəsində ali təhsil böyük 
								dəyişikliklərə məruz qalıb.  
								Almaniyada 
								verilən elmi dərəcələr digər Avropa ölkələrindən 
								bir qədər fərqlidir. Ali məktəblərin riyaziyyat, 
								təbiət elmləri, iqtisadiyyat və sosiologiya 
								fakültələrinin məzunları ali təhsil haqqında 
								dövlət diplomu alırlar. Humanitar fakültənin 
								tələbələrinə təhsillərini bitirdikdən sonra, 
								adətən, magistr (magister artium) dərəcəsi 
								verilir. Bundan sonra aspiranturaya (promotion) 
								daxil olaraq doktorluq dərəcəsi (doktor) almaq 
								mümkündür. 2010-cu ildən Almaniya 
								universitetlərinin fakültələri əsasən bakalavr 
								və magistr dərəcələri (beynəlxalq nümunəli) 
								almaq imkanı verən təhsil sisteminə keçməyə 
								başlayıblar. Bu, Avropa dövlətlərinin 
								qoşulduqları Boloniya prosesinə uyğundur. 
								Almaniyada ali 
								təhsil müəssisələrinə qəbulun ümumi standartları 
								müəyyən edilib. Belə ki, universitetə daxil 
								olarkən gimnaziyada və ya gimnaziya proqramı 
								üzrə əsas və ya real məktəbdə təhsilin 
								nəticələrinə uyğun verilən sənəd (abitur 
								diplomu) əsas götürülür. Abitur diplomu ilə 
								təsdiqlənmiş təhsil standartlarına uyğunluq, 
								adətən, universitetə imtahansız qəbul olmaq 
								imkanı verir. 
								Almaniya 
								ali təhsilinin əsas prinsipi "akademik 
								sərbəstlik" sistemidir. Bu sistem hər bir  
								tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını 
								müəyyənləşdirmək imkanı yaradır. Almaniyanın ali 
								təhsili təlim prosesi ilə elmi tədqiqatların 
								birləşdirilməsini də nəzərdə tutur. Belə ki, 
								universitetlərdə hər semestr mühazirə (14-20 
								həftə) və qeyri-mühazirə dövrlərindən ibarətdir. 
								Qeyri-mühazirə dövründə tələbələr müstəqil elmi 
								işlə məşğul olurlar. 
								Ali təhsilin 
								ilk pilləsi baza dövrüdür (grundstudium). Bu 
								pillədə təhsil adətən dörd semestrdir (iki 
								tədris ili) və aralıq imtahanlarının (diplom - 
								vorprüfung, zwischenprüfung) verilməsi ilə başa 
								çatır. Bu imtahanları uğurla verən tələbələr 
								ikinci pillədə (hauptstudium) təhsilini davam 
								etdirmək hüququ qazanırlar. Bu pillədə təhsil 
								daha beş semestr davam edir və ixtisasın daha 
								dərindən öyrənilməsini nəzərdə tutur. O, adətən, 
								buraxılış imtahanı ilə başa çatır. Bir sıra 
								ixtisasların (pedaqogika, tibb, hüquq) məzunları 
								buraxılış imtahanı qismində dövlət imtahanı 
								(staatsexamen) verirlər. 
								Yuxarıda qeyd 
								etdiyimiz kimi, ikinci pillənin yekunlarına 
								əsasən universitetlər daha çox bakalavr 
								(bachelor) dərəcəsi verirlər. Bunun üçün 
								universitetdə 3-4 il ərzində təhsil almaq 
								zəruridir. Bundan sonra məzunlar, adətən, 
								peşəkar fəaliyyətə başlayırlar. Magistr (Master) 
								dərəcəsi namizədin verdiyi magistr imtahanları 
								əsasında təqdim olunur. Təlim kursu iki əsas 
								ixtisası və ya bir əsas və iki əlavə ixtisası 
								əhatə edir. Universitetlərin əksəriyyətində 
								magistr dərəcəsi yeni tətbiq olunmağa başlayıb. 
								Yaxın gələcəkdə magistraturanı bitirənlərə 
								verilən sənədin, diplomu tamamilə əvəz edəcəyi 
								nəzərdə tutulub. 
								Ali təhsilin 
								üçüncü pilləsi aspiranturadır (promotion). 
								Doktorluq dərəcəsinin alınması məqsədilə 
								dissertasiya hazırlığı yalnız universitetlər 
								tərəfindən həyata keçirilir. Elmi tədqiqatın 
								aparılması ilə əlaqədar dissertasiyanın 
								hazırlanması magistr dərəcəsi alandan sonra 2-4 
								il ərzində davam edir. Dissertasiyanın 
								yazılmasının və şifahi imtahanın uğurla 
								verilməsinin nəticələrinə əsasən doktorluq 
								dərəcəsi verilir. 
								Almaniyada 
								təhsilin ödənişli olması haqqında uzun müddət 
								davam edən müzakirələr (Studiengebühren) 
								nəticəsində təhsil qismən ödənişli olub. 2005-ci 
								ildə Federal Konstitusiya Məhkəməsinin qərarı 
								ilə təhsilə görə ödənişə qoyulan qadağa aradan 
								götürülüb. 
								Son illərə 
								qədər Almaniyada ali təhsil yalnız dövlət 
								tərəfindən maliyyələşdirilirdi. 2007-ci ildən 
								etibarən Baden-Vürtemberq, Bavariya, Hamburq, 
								Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya 
								torpaqları birinci semestrdən etibarən 
								universitetlərdə ödənişli təhsil tətbiq etməyə 
								başlayıblar. Məbləğ əsasən bir semestr üçün 500 
								avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi 
								məqsədilə bu torpaqlar dövlət zəmanəti ilə 
								kredit də təklif edirlər. Berlin, Branderburq, 
								Meklenburq - Ön Pomeraniya və Şlezviq - 
								Qolşteyndə isə bütün ödənişlər inzibati (50-60 
								avro) və ya sosial semestr ödənişləri (40 
								avrodan 180 avroyadək) ilə məhdudlaşdırılır. 
								Burada əlavə təhsil (Regelstudienzeit), yəni 5 
								ildən artıq alınan təhsil, eləcə də könüllü 
								dinləyicilər (məsələn, təhsil almaq istəyən 
								təqaüdçülər) və ikinci təhsil alanlar (əsasən 
								iqtisadiyyat ixtisasları) üçün ödənişlər geniş 
								yayılıb. Bütün bu təhsil məbləğləri isə semestr 
								üçün 800 avro təşkil edir.  
								Bundan əlavə, 
								dərsliklərə çəkilən xərclər bir semestr ərzində 
								təqribən 200 avro və tibbi sığorta haqqı isə bir 
								semestr üçün 280 avro məğləğində (qiymətlər 
								tədris ilinə görə dəyişə bilər) müəyyən edilib.
								 
								Ölkənin özəl 
								təhsil müəssisələri uzun müddətdir təhsili 
								ödənişli əsaslarla həyata keçirirlər. Məsələn, 
								ingilis dilində magistr proqramları il ərzində 
								4-15 min avroya və daha artıq məbləğə başa 
								gəlir.   
								 Universitetlər  
								Qeyd 
								etdiyimiz kimi, hazırda Almaniyada təqribən 370 
								ali təhsil müəssisəsi, o cümlədən elmlər 
								namizədi hazırlayan 140 universitet və təxminən 
								200 ixtisaslaşdırılmış ali təhsil ocağı 
								fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl 
								universitet və 40-dan artıq dini təmayüllü ali 
								məktəb var. Universitetlərin böyük əksəriyyəti 
								dövlətə məxsusdur və vətəndaşlığından, eləcə də 
								milli mənsubiyyətindən asılı olmayaraq bütün 
								tələbələr üçün açıqdır.  
								Almaniya 
								universitetləri 12500-dən artıq müxtəlif ixtisas 
								üzrə təhsil təklif edirlər. Təkliflərin 
								əksəriyyəti əcnəbi tələbələr üçün nəzərdə 
								tutulub. Bundan başqa, ötən illər ərzində çoxlu 
								sayda strukturlaşdırılmış və əcnəbi tələbələr 
								üçün ideal şərtlərə malik aspirant proqramları 
								yaradılıb. 
								 Onu da qeyd 
								edək ki, Almaniyanın ən qədim universiteti 
								1386-cı ildə yaradılmış Karl Ruprext adına 
								Heydelberq Universitetidir. Tələbələrinin sayına 
								görə ölkənin ən böyük  universiteti Lüdviq - 
								Maksimilian adına Münhen Universitetidir ki, 
								burada  44400 tələbə təhsil alır. Ən güclü 
								elmi-tədqiqat potensialına malik universitet isə 
								Axen şəhərində yerləşən Reyn-Vestfal Ali Texniki 
								Məktəbidir.  
								Almaniya 
								universitetləri ("vahid elmi tədqiqatlar və 
								tədris" prinsipinə əsasən) yalnız ali təhsil 
								müəssisəsi deyil, həmçinin qabaqcıl elmi 
								tədqiqatlar mərkəzidir. Ölkə daxilində və 
								xaricində alimlərlə elmi tədqiqat müəssisələri 
								arasındakı sıx əməkdaşlıq bunun üçün geniş 
								imkanlar yaradır. Ali təhsil məktəbləri 
								dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi 
								tədqiqatların sifarişçilərindən) maliyyə 
								vəsaitləri alırlar. Universitetlərin fakültə və 
								kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə 
								ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər, 
								incəsənət və humanitar elmlər, hüquqşünaslıq, 
								ilahiyyat, iqtisadiyyat, sosial elmlər, kənd 
								təsərrüfatı və meşəçilik.  
								
								Klassik 
								universitetlər sırf elmə üstünlük verərək qədim 
								dünya tarixindən iqtisadiyyata qədər bütün növ 
								ixtisaslar təklif etdiyi halda, texniki 
								universitetlər daha çox mühəndislik və təbiət 
								elmlərinin öyrənilməsinə diqqət ayırırlar. 
								Texniki universitetlər alman mühəndislik 
								sənətinin əsas mərkəzi kimi böyük nüfuza 
								malikdirlər.  Bu universitetlərə daha çox əcnəbi 
								tələbələr maraq göstərirlər.  
								
								 Ötən əsrin 
								60-cı illərinin sonundan ölkədə 
								ixtisaslaşdırılmış universitetlər (İU) inkişaf 
								etməyə başlayıb. Almaniyadakı bütün tələbələrin 
								demək olar ki, üçdə biri peşəkar akademiya 
								adlanan və müəssisələrlə sıx əməkdaşlıq edən bu 
								cür universitetlərdə təhsil alırlar. Sənətə qısa 
								zamanda yiyələnmək imkanı yaradan 
								ixtisaslaşdırılmış universitetlərdə təhsil 
								müddəti 3 ildir. Ciddi şəkildə təşkil edilmiş 
								təlim kursları və aralıq imtahanlar təhsilin 
								orta müddətini qısaltmaq imkanı yaradır. Lakin 
								bu, elmi fəaliyyətdən imtina edilməsi kimi başa 
								düşülməməlidir. Belə ki, ölkənin təqribən 200 
								ixtisaslaşdırılmış universitetində elmi 
								tədqiqatlar aparılır. Onlar əsasən sənayenin 
								ehtiyaclarını ödəmək üçün nəzərdə tutulduğundan 
								tətbiqi xarakter daşıyırlar.  
								Almaniyanın 
								167 tətbiqi elmlər universiteti 
								(Fachhochschulen) tələbələrə peşə təhsili təklif 
								edir. Bu universitetlərdə tədris kursunun 
								müddəti qısadır və elmi-tədqiqat 
								universitetlərindən fərqli olaraq daha çox 
								praktik yönümlüdür. Həmin universitetlərdə 
								aspirantura yoxdur. 
								
								  
								Almaniyanın 57 
								ali incəsənət və musiqi təhsili müəssisəsi 
								yaradıcılıq peşələri (rəssamlıq, qrafika, 
								dizayn, heykəltəraşlıq, bədii tərtibat, 
								fotoqrafiya, kino, musiqi) üzrə akademik təhsil 
								təkilf edir. Bu universitetlərdəki təhsil 
								peşəkar rəssam və musiqiçilər, eləcə də 
								bədii-estetika fənləri üzrə müəllim yetişdirməyə 
								yönəlib.  
								Son vaxtlar 
								hər bir konkret universitetdə təhsilin 
								keyfiyyətinin obyektiv qiymətləndirilməsi 
								tendensiyası geniş yayılıb. "Die Zeit" qəzeti 
								ilə Ali məktəbin inkişaf mərkəzinin (CHE) birgə 
								hazırladıqları reytinq buna misal ola bilər. 
								Ənənəvi olaraq bu reytinqdə ən yaxşı mövqeləri 
								Baden-Vyurtemberq, Bavariya, Meklenburq-Şərqi 
								Pomeraniya, Turinqiya və Saksoniya torpaqlarının 
								universitetləri tuturlar.  
								Ötən əsrin 
								70-ci illərindən etibarən dövlət və dini 
								universitetlərlə yanaşı, dövlət tərəfindən 
								tanınmış bir sıra özəl universitetlər də 
								fəaliyyətə başlayır. Hazırda Almaniyada 130 özəl 
								ali təhsil müəssisəsi (əsasən kiçik), o cümlədən 
								10 özəl universitet fəaliyyət göstərir. Bunlara 
								Oestrix-Vinkeldə yerləşən Avropa Biznes 
								Məktəbini, Vitten-Herdekke Özəl Universitetini, 
								eləcə də 12 dini universiteti misal çəkmək olar. 
								Lakin bir çox digər ölkələrdən fərqli olaraq 
								Almaniyada özəl universitetlər böyük nüfuza 
								malik deyillər. Tələbələrin 90 faizdən çoxu 
								dövlət universitetlərində təhsil alır. Buna 
								səbəb dövlət universitetlərinin dövlətin 
								nəzarəti altında fəaliyyət göstərməsi və 
								fəaliyyətlərinin dövlət tərəfindən 
								əlaqələndirilməsidir. Bundan başqa, dövlət 
								universitetləri ali məktəbə daxil olmaq hüququ 
								verən kamillik attestatına (və ya orta təhsil 
								haqqında şəhadətnaməyə bərabər tutulan hər hansı 
								bir sənədə) malik hər bir şəxs üçün açıqdır.
								 
								Almaniyada 39 
								aspirant məktəbi fəaliyyət göstərir. Onlar "Əla 
								keyfiyyət təşəbbüsü" çərçivəsində dövlət 
								tərəfindən dəstəklənirlər. Bu məktəblər 3-illik 
								aspirant proqramları təklif edirlər. Aspirant 
								məktəbləri ilə yanaşı, ölkədə ali təhsilli 
								şəxslər üçün 226 təhsil müəssisəsi (GRK - 
								Almaniya elmi-tədqiqat cəmiyyətinin (DFG) 
								dəstəklədiyi nisbətən dar tematik yönümlü) 
								fəaliyyət göstərir. Bu universitetlərdən 59-u 
								digər ölkədə ali təhsil almış şəxslər (IGK) üçün 
								nəzərdə tutulub. IGK - müxtəlif ölkələrin bir və 
								bir neçə universitetinin alman 
								universitetlərindən biri ilə əməkdaşlıq etməsi 
								deməkdir.  
								Son zamanlar 
								ölkə üzrə universitetlərə daxil olmaq 
								istəyənlərin sayının çoxluğu bir neçə ixtisas 
								üzrə ali təhsil ocağına qəbula say məhdudiyyəti 
								(Numerus clausus) qoymaq zərurəti yaradıb. 
								2005-ci ildən etibarən bəzi ixtisaslar üçün 
								"20-20-60" qaydası qüvvəyə minib. Qaydaya əsasən 
								yerlərin 20 faizi ən yüksək bal toplayan və öz 
								istədikləri universiteti seçmək hüququ qazanan 
								abituriyentlərə verilir. Yerlərin qalan 20 faizi 
								gözləmə müddətinə müvafiq olaraq təqdim edilir. 
								Universitetlərdəki yerlərin 60 faizi isə ali 
								məktəblər tərəfindən abituriyentin attestatdakı 
								orta balına və universitetin meyarlarına əsasən 
								bölüşdürülə bilər. 
								Almaniya ali 
								təhsil almaq istəyən istənilən gənc üçün 
								cəlbedici ölkədir. O, ABŞ və Böyük Britaniyadan 
								sonra əcnəbi tələbələrin ən çox axın etdiyi 
								üçüncü dövlətdir. Bu gün alman 
								universitetlərində 240 min əcnəbi tələbə təhsil 
								alır. Bu, 1995-ci ilin göstəricisi ilə 
								müqayisədə 70 faiz çoxdur. Onların hər dörd 
								nəfərindən biri Almaniyada müvafiq kamillik 
								attestatı alıb. Əcnəbilər üçün universitetlərdə 
								əcnəbi tələbələrlə iş üzrə xüsusi şöbələr 
								(Akademisches Auslandsamt, AAA) yaradılıb. 
								Bundan əlavə, təxminən 25 min əcnəbi alim 
								Almaniya universitetlərinin əməkdaşıdır. 
								 
								Öz növbəsində, 
								85 min alman xarici ölkələrin universitetlərində 
								təhsil alır. Almanlar Niderland, Böyük 
								Britaniya, Avstriya və İsveçrə ali məktəblərinə 
								daha çox maraq göstərirlər. 
								Dünyada 
								təxminən 3 milyon tələbə xaricdə təhsil alır. 
								Onların 12,2 faizi Almaniyanın payına düşür. 
								Ümumiyyətlə, bu gün Almaniya universitetlərində 
								təxminən 2 milyon gənc təhsil alır.  
								Almaniyada ali 
								təhsilini yarımçıq qoyanların sayı isə 
								tələbələrin təxminən 23 faizini təşkil edir. Bu, 
								dünyada mövcud olan ən yaxşı göstəricilərdən 
								biridir.   
								
								Elmi tədqiqatlar   
								Almaniyada 
								qabaqcıl elmi tədqiqatlar, əsasən elmi tədqiqat 
								institutlarında aparılır. Onlara Helmholts adına 
								Alman Elmi-Tədqiqat Mərkəzləri Cəmiyyəti, 
								Fraunqofer adına Cəmiyyət və ya Qotfrid Vilhelm 
								Leybniç adına Elmi Cəmiyyət kimi təşkilatlar 
								daxildirlər. Məhz universitetdənkənar elmi 
								tədqiqat müəssisələrində aparıcı alimlər dünyada 
								çox az institutların təklif edə biləcəyi optimal 
								iş şəraiti tapa bilirlər. Burada ən məhsuldar 
								alman tədqiqatçıları çalışır, maraqlı elmi 
								nəşrlər işıq üzü görür. Bu xüsusilə Maks Plank 
								adına Cəmiyyətin 77 institutuna aiddir. Cəmiyyət 
								1948-ci il fevralın 26-da yaradılmışdır. Marsda 
								su axtarışı, insan genomu layihəsi, insan 
								davranışlarının öyrənilməsi kimi məsələlərin 
								araşdırılmasında Maks Plank adına Cəmiyyətin 
								institutları yaxından iştirak edirlər. Yarandığı 
								1948-ci ildən bu günə qədər cəmiyyətin 
								əməkdaşları 17 Nobel mükafatına və çoxlu sayda 
								digər nüfuzlu beynəlxalq mükafatlara layiq 
								görülüblər.  
								2007-ci ildə 
								kimya üzrə Nobel mükafatına Maks Plank adına 
								Cəmiyyətin institutlarından birinin direktoru 
								Gerhard Ertl layiq görülüb. 
								Maks Plank 
								adına Cəmiyyətin cəlbediciliyi onun elmi 
								tədqiqatlara yanaşması ilə əlaqədardır. Onun 
								tərkibinə daxil olan institutlar bütün mövzuları 
								özləri müəyyən edirlər. İş üçün optimal şərait 
								yaratmaqda və əməkdaş seçimində də bu 
								institutlar sərbəstdirlər. Cəmiyyətin 
								institutlarından birinə rəhbərlik etmək alimlər 
								üçün karyeranın ən uca zirvəsi hesab olunur.
								 
								Helmholts 
								adına Cəmiyyətin 16 elmi tədqiqat mərkəzi var. 
								Bunların arasında Ağır İonların Öyrənilməsi 
								Cəmiyyəti (GSII) Alman Onkologiya Mərkəzi 
								(DKFZ), Hamburqdakı Alman Elektron Sinxrotron 
								(DESY) və ya Bremerhafendəki Alfred Vegener 
								adına Qütb və Dəniz Tədqiqatı institutlarının 
								adlarını çəkmək olar. Bu cəmiyyət Almaniyanın ən 
								iri elmi təşkilatıdır. İllik büdcəsi təxminən 
								2,8 milyard avro olan cəmiyyətdə 28 min əməkdaş 
								çalışır. Cəmiyyətin institutları energetika, 
								torpaq haqqında elmlər, ekologiya, səhiyyə, əsas 
								texnologiyalar, maddənin strukturu, eləcə də 
								nəqliyyat və kosmos sahələri ilə məşğuldurlar. 
								Hər il minlərlə əcnəbi alim fiziki və tibbi 
								sınaqlar aparmaq, dünyada ən nadir qurğulardan 
								istifadə etmək məqsədilə Helmholts adına 
								Cəmiyyətin institutlarına gəlirlər.  
								Fraunqofer 
								adına Cəmiyyətin institutları isə sənaye ilə sıx 
								əməkdaşlığa üstünlük verirlər. Cəmiyyətin 80-dən 
								çox elmi tədqiqat müəssisəsi tətbiqi 
								tədqiqatlarla, əsasən də mühəndislik elmləri ilə 
								məşğuldur. Cəmiyyətin mütəxəssisləri sifarişləri 
								əsasən kiçik və orta müəssisələrdən aldıqları 
								üçün laboratoriyalarla yanaşı, zavod sexlərində 
								də çalışırlar. Cəmiyyətdəki elmi tədqiqat 
								işlərinin illik həcminin dəyəri 1,5 milyard avro 
								təşkil edir. Fraunqofer adına Cəmiyyətin Avropa 
								ölkələrində, ABŞ, Asiya və Yaxın Şərqdə 
								filialları var.  
								Leybniç adına 
								Elmi Cəmiyyətin 86 institutu yalnız həyat və 
								təbiət elmləri sahəsində deyil, həmçinin 
								humanitar, ictimai və iqtisadi elmlər sahəsində 
								də ixtisaslaşıb. Cəmiyyətin institutlarında 14 
								min nəfər çalışır. İllik büdcəsi bir milyard 
								avrodan çoxdur. 
								Elmi 
								tədqiqatlar innovasiyalar üçün mühüm açardır. 
								İnnovasiyalar isə iqtisadi artımın təkanverici 
								gücüdür. Bunu nəzərə alan federal hökumət 
								məqsədyönlü yardım ilə elmi və elmi tədqiqatları 
								daha irəli aparmaq istəyir. Bu məqsədlə 
								2010-2013-cü illər ərzində təhsil və elmi 
								tədqiqatlar sahəsinə xərclərin ümumilikdə, 12 
								milyard avro artırılması əsas məqsəd kimi 
								qarşıya qoyulub. Bu istiqamətdə əsas hədəf 
								2015-ci ildən gec olmayaraq ümumi daxili 
								məhsulun 10 faizinin bu sahəyə yönəldilməsinə 
								nail olmaqdır.  
								
								Beynəlxalq elmi əməkdaşlıq  
								Almaniyada 
								elmin beynəlmiləlləşdirilməsi sahəsində əldə 
								edilmiş uğur universitetlərin, elmi-tədqiqat 
								müəssisələrinin və siyasətçilərin birgə 
								səylərinin məhsuludur. Dəstək məqsədyönlü 
								layihələrin, təqaüdlərin və həvəsləndirici 
								mükafatların yardımı ilə beynəlxalq tələbə, 
								aspirant və alim mübadiləsinə göstərilir. Bu 
								tədbirlər təhsildə nailiyyətlərin artırılması və 
								əcnəbi tələbələrin sosial inteqrasiyası üzrə 
								proqramlarla daha da möhkəmləndirilir. Almaniya 
								universitetləri böyük uğurla dünyanın hər 
								yerindən tələbə və gənc alimləri cəlb edirlər. 
								Bu işdə xaricdəki alman məktəbi sistemi və alman 
								universitetlərinin xarici ölkələrin ali 
								məktəbləri ilə əməkdaşlığı mühüm rol oynayır. Bu 
								qəbildən olan təşəbbüslərin reallaşmasında dünya 
								üzrə tələbə və alim mübadiləsinə dəstək olan 
								Alman Akademik Mübadilə Xidmətinin (DAAD) 
								fəaliyyəti də danılmazdır. DAAD-ın 100-dən çox 
								ölkədə nümayəndəliyi və ya Keçmiş Təqaüdçülər 
								Cəmiyyəti fəaliyyət göstərir. Bu qurum həmçinin 
								alman universitetlərində yüzlərlə xarici dil 
								(əsasən ingilis) kurslarının açılmasında iştirak 
								edir. 
								Aleksandr 
								Humbolt adına Fond da beynəlxalq elmi 
								əməkdaşlığa yardım göstərən əsas təşkilatlardan 
								biridir. 2009-cu ildən başlanılan "xarici elmi 
								siyasət sahəsində təşəbbüs" sayəsində federal 
								xarici işlər nazirliyi elmi mübadilə üzrə mövcud 
								vasitələri möhkəmləndirir və yeni tədbirlər 
								hesabına onları genişləndirir. Xaricdə 
								yaradılmış Almaniya Elm və İnnovasiya Evləri isə 
								alman elminin inkişafına daha əlverişli şərait 
								yaradır. 
								Almaniya 
								universitetlərinin dəstəyi ilə xaricdə tərəfdaş 
								müəssisələrlə birgə nümunəvi elmi tədqiqatlar və 
								təlim mərkəzləri yaradılır. Bundan əlavə, əcnəbi 
								tələbələrə təqaüdlərin verilməsi üzrə təkliflər 
								artır və dünyada alman dilinin öyrənilməsi üçün 
								yaxşı şərait yaradılır.  
								
								Almaniyanın Nobel mükafatı laureatları   
								Almaniyanın 80 
								Nobel mükafatı laureatından 68-i bu mükafatı 
								təbiət elmləri və tibb sahəsindəki xidmətlərinə 
								görə alıb. Fizika sahəsində ilk Nobel mükafatına 
								Konrad Rentgen "şüalanmanın yeni növünə görə" 
								layiq görülüb. Növbəti laureatlar Robert Kox, 
								Maks Plank, Albert Eynşteyn və Verner Heyzenberq 
								olublar. Bu ən yüksək elmi mükafatı alan sonuncu 
								alman alimləri isə Kristiane Nüssleyn - Volhard, 
								Harald zur Hausen (tibb sahəsi üzrə),  Horst 
								Ştörmer, Herbert Kremer, Volfqanq Ketterle, 
								Teodor Henş, Peter Grünberq (fizika sahəsi üzrə) 
								və Gerhard Ertldir (kimya sahəsi üzrə).  
								
								Təqaüd proqramları   
								Almaniyada 
								təqaüd proqramları alman və ingilis dillərini 
								yaxşı bilən istedadlı tələbələrə, aspirantlara 
								və müəllimlərə təqdim olunur. Təqaüdlər əsasən 
								Alman Akademik Mübadilə Xidməti (DAAD), həmçinin 
								siyasi partiyalar, kilsə, iri şirkətlər və 
								ayrı-ayrı torpaqlar tərəfindən maliyyələşən 
								müxtəlif ictimai fondların xətti ilə verilir. 
								DAAD 
								Almaniyanın 230 universitetini və 126 tələbə 
								təşkilatını birləşdirir. Bu qurum Almaniyanın 
								xarici mədəniyyət, ali təhsil və elm üzrə 
								siyasətinin təşkilində bir vasitəçidir. Xidmətin 
								xarici dövlətlərdə 14 nümayəndəliyi və dünya 
								üzrə 48 məlumat mərkəzi fəaliyyət göstərir. DAAD 
								ildə 55 mindən çox təqaüd ayırır.  
								DAAD-la 
								Azərbaycan Republikası Təhsil Nazirliyi arasında 
								imzalanmış Azərbaycan tələbələrinin Almaniyada 
								təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə 
								əsasən son illər azərbaycanlı tələbə, magistr və 
								doktorantların (aspirantların) Almaniyada təhsil 
								alması üçün geniş imkanlar yaranıb. Bu proqram 
								çərçivəsində namizədin akademik səviyyəsindən 
								asılı olaraq onlar alman universitetlərindən 
								bakalavr, magistr və ya PhD dərəcəsi alırlar. 
								Proqramda muhəndislik, tibb və səhiyyə, təbiət 
								elmləri, sosial və humanitar elmlər, biznes və 
								iqtisadiyyat, kompüter və informasiya elmləri, 
								hüquq, incəsənət və musiqi, kənd təsərrüfatı, 
								ekologiya və turizm sahələrinin tələbələri 
								iştirak edə bilərlər. 
								ERP-nin 
								(Avropa Bərpa Proqramı) illik təqaüdləri isə 
								iqtisadiyyatçı tələbələr üçün nəzərdə tutulub. 
								Bu təqaüdlərin sayəsində iqtisadiyyat və 
								müəssisə idarəçiliyi sahələri üzrə üçüncü kurs 
								tələbələri iki semestr (10 ay) ərzində 
								Almaniyanın dövlət universitetlərində təhsil 
								almaq imkanı əldə edirlər. Almaniyada 
								müəssisələrin birində təcrübənin keçirilməsi 
								proqramın mühüm hissəsini təşkil edir. Daxilolma 
								şərtlərinə əsasən şəxsin yaş həddi 32-dən yuxarı 
								olmamalı və o, alman dilini yaxşı bilməlidir. 
								Almaniyanın 
								müxtəlif siyasi partiyalarına yaxın fondların 
								təqaüd proqramları da yetərincədir. Əsasən, 
								Adenauer adına Fond (Konrad-Adenauer-Stiftung) 
								magistratura təhsili və Almaniyada elmi 
								tədqiqatların aparılması istiqamətində təqaüdlər 
								ayırır.  
								1860-cı ildə 
								təsis olunmuş Aleksandr Humbolt adına fond 
								əcnəbi və yerli alimlər arasında elmi 
								əməkdaşlığın yaradılmasına yardım edir. O, hər 
								il 1900-dən çox əcnəbi alimin elmi məqsədlərlə 
								Almaniyaya gəlməsinə şərait yaradır və 23 minlik 
								keçmiş təqaüdçülərin dünya şəbəkəsini 
								dəstəkləyir. Onların arasında 130 ölkədən 43 
								Nobel mükafatı laureatı da var.  
								Daha bir 
								nüfuzlu yardım proqramını Beynəlxalq Maks Plank 
								Tədqiqat Məktəbləri (International Max Planck 
								Research Schools - IMPRS) təqdim edirlər. Onlar 
								savadlı alman və əcnəbi tələbələr üçün nəzərdə 
								tutulub. IMPRS strukturlaşdırılmış təhsil və 
								tədqiqatlar üçün gözəl şərait yaradır. IMPRS 
								çərçivəsində elmi tədqiqatlarla təxminən 2100 
								aspirant məşğul olur. Onların əksəriyyətini 
								xarici ölkələrdən gələnlər təşkil edir. Bu 
								proqramın təqaüdçüləri namizədlik 
								dissertasiyasını Almaniya universitetlərindən 
								birində və ya öz ölkəsindəki universitetdə 
								müdafiə edə bilərlər. 
								İstənilən 
								təqaüdün alınması üçün adətən standart sənədlər 
								paketi tələb olunur. Buraya müraciət anketi, 
								qısa tərcümeyi-hal, diplomun, orta təhsil 
								haqqında attestatın surəti, iki və daha artıq 
								xasiyyətnamə və dil kurslarından alman dilinin 
								öyrənilməsi barədə arayış daxildir. Bəzi 
								hallarda sağlamlıq haqqında arayış, aspirantlar 
								üçün elmi nəşrlərin siyahısı, alman professorun 
								elmi rəhbər olmasına namizədin razılığı, 
								Almaniyada təhsilin zəruriliyinin ətraflı əks 
								olunduğu əlavə məktub (Beratung) və konkret 
								təlim proqramının seçilməsi də tələb edilə 
								bilər.  
								
								Azərbaycanlı tələbələrin Almaniyada təhsili  
								Sevindirici 
								haldır ki, universitetlərinə dünyanın bütün 
								ölkələrdən böyük  axın olan Almaniya ali 
								məktəblərində təhsil alan azərbaycanlıların sayı 
								son illər durmadan artmaqdadır. Azərbaycanla 
								Almaniya arasında inkişaf edən təhsil 
								əlaqələrinin nəticəsidir ki, 1998-2010-cu 
								illərdə Alman Akademik Mübadilə Xidmətinin xətti 
								ilə 800-dən çox həmvətənimiz bu ölkənin ali 
								məktəblərinə göndərilib. Onu da qeyd edək ki, 
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində isə 120-yə yaxın azərbaycanlı 
								Almaniyanın ən nüfuzlu universitetlərində təhsil 
								almaq imkanı qazanıb. Artıq onların bir çoxu ali 
								təhsillərini başa vuraraq yüksək ixtisaslı 
								mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə 
								həyatının ayrı-ayrı sahələrinin inkişafına 
								layiqli töhfələr verməkdədir.  
								
								
								Hazırladı: 
								Leyla HEYDƏROVA  
								
								Yazı Almaniya Federativ Respublikasının ölkəmizdəki 
								səfirliyinin təqdim etdiyi rəsmi materiallar 
								əsasında hazırlanıb.  |