| 
								 Bakıdakı  313 
								nömrəli  orta məktəbdə kurikulumların tətbiqinə 
								həsr olunmuş "açıq dərs"lər keçirildi. Tədbirdə 
								Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin nümayəndələri və gənc müəllimlər   
								iştirak edirdilər. 
								
								 Məktəbin 
								direktoru Zakir Bayramov qonaqları salamladı və 
								tədbirin əhəmiyyəti haqqında məlumat verdi. 
								Sonra qonaqlar məktəbin təlim-tərbiyə işləri 
								ilə  yaxından tanış olaraq müəllimlərin "açıq 
								dərs"lərində  iştirak etdilər.   
								Qonaqların bir 
								hissəsi  öncə III "A" sinfində  Səadət 
								Yusubovanın  riyaziyyatdan  "Kütlənin 
								ölçülməsi", digər hissəsi II "A" sinfində Sevda 
								Ağayevanın həyat bilgisi fənnindən "Fövqəladə 
								hallar zamanı nə etməli?" mövzularında 
								keçdikləri "açıq dərs"ləri  dinlədilər. 
								Müzakirələr zamanı Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin  Metodmərkəzinin direktor müavini 
								Sitarə Məmmədova   bildirdi ki, müəllimin "açıq 
								dərs"i  metodiki baxımdan milli kurikulumların 
								tələb etdiyi standartlar əsasında   yüksək 
								səviyyədə keçdi. Müəllim  dərs prosesində 
								şagirdlərin fəallığını təmin edə bildi və 
								keçdiyi mövzuya  dair əyani vəsaitlərdən 
								istifadə etməklə,  fənlərarası   inteqrasiya 
								yaratdı. 
								Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi Metodmərkəzinin 
								Nəsimi-Binəqədi  bölməsinin müdiri Həvva 
								Əsgərova  və həmin bölmənin riyaziyyat 
								metodisti  Ehram Nuriyev də   dərsdən razı 
								qaldıqlarını və bəzi iradlarını bildirdilər.  
								 
								Sonra qonaqlar 
								məktəbin VIII "A" sinfində Bikəxanım Səlimovanın 
								ədəbiyyat fənnindən A.Ələsgərin "Dağlar" 
								qoşması  mövzusunda keçdiyi    "açıq dərs"də  
								iştirak etdilər. Dərsin təhlili zamanı 
								metodistlərlə yanaşı,  "açıq dərs"də iştirak 
								edən Təhsil Nazirliyinin nümayəndələri Günel 
								Seyidova və Vüsalə Həsənova da çıxış edərək 
								bildirdilər ki, müəllim dərsdə şagirdlərin zehni 
								fəallığını  təmin etdi, qazandıqları bilikləri 
								sistemə  saldı və öyrənilən mövzunun şagirdlər 
								tərəfindən dərindən  mənimsənilməsində  pedaqoji 
								ustalığını göstərdi. 
								Sonda 
								qonaqlar   "açıq dərs"in məktəbdə  yaxşı təşkil 
								olunmasından söz açdılar və gələcəkdə bütün 
								fənlərdən belə dərslərin keçirilməsinin 
								vacibliyini qeyd etdilər.    
								
								
								Şakir CƏFƏROV  |