| 
								 Landmark 
								Biznes Mərkəzində BMT İctimai İnformasiya 
								Departamentinin (UN DPI) ölkəmizdəki 
								nümayəndəliyi Azərbaycan Beynəlxalq Məktəbi 
								(TISA) və Bakı Oksford Məktəbi (BOS) ilə 
								birlikdə şagirdlər üçün növbəti Bakı BMT 
								Modelini təşkil etmişdir.  
								TISA-nın 
								direktoru Con Gillespay bildirmişdir ki, 
								Birləşmiş Millətlər Təşkilatı Modeli BMT-nin Baş 
								Assambleyasının və digər çoxtərəfli orqanlarının 
								canlı simulyasiyasıdır. Beynəlxalq təşkilatları 
								simulyasiya etmək ənənəsi hələ BMT-nin 
								yaranmasından əvvəl-1920-ci illərdə tələbələr 
								tərəfindən keçirilən Millətlər Liqası Modeli 
								vaxtından mövcuddur. BMT Modeli Proqramı 
								tələbələr tərəfindən aparılan həmin 
								simulyasiyanın davamıdır.  
								BMT Modelinin 
								ilk dəfə keçirilməsi haqqında dəqiq məlumatın 
								olmadığını qeyd edən C.Gillespay hüquq, hökumət, 
								biznes və incəsənət sahələrində fəaliyyət 
								göstərən müasir liderlərin bir çoxunun vaxtilə 
								BMT Modelinin iştirakçıları olduğunu vurğulamış, 
								tədbirin iştirakçılarına uğurlar arzulamışdır.
								 
								UN DPI-nın 
								ictimai informasiya üzrə mütəxəssisi Araz 
								Yusubov vurğulamışdır ki, bu il Bakı BMT 
								Modelində iştirak edən məktəblərin sayı üç dəfə 
								artmış, şagirdlərin sayı isə 100-ü keçmişdir. 
								Bugünkü tədbirdə Bakıdakı 16 məktəbin şagirdləri 
								müxtəlif ölkələri təmsil edəcək, digər 
								nümayəndələrlə danışıqlar apararaq "İfrat 
								yoxsulluğun aradan qaldırılması və həyat 
								standartlarının yüksəldilməsi üçün İnternetin 
								idarə və istifadə olunması" mövzusunda ümumi 
								qətnamə hazırlamağa çalışacaqlar. A.Yusubov 
								demişdir ki, ingilis dilində keçirilən tədbir 
								BMT-nin müxtəlif üzv dövlətlərini təmsil edərkən 
								şagirdlərin ünsiyyət qurmasına, müzakirələr 
								aparmasına, onların siyasi və sosial məsələlər 
								üzrə biliklərinin artırılmasına kömək məqsədi 
								daşıyır. Eyni zamanda məktəblilər problem üzrə 
								təmsil etdikləri 96 ölkənin mövqeyi və 
								danışıqlar aparma strategiyaları ilə tanış olur, 
								ingilis dili bacarıqlarını inkişaf etdirirlər.
								 
								Tədbirdə ABŞ 
								səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin 
								müdiri Terri Devidson "İfrat yoxsulluğun aradan 
								qaldırılması və həyat standartlarının 
								yüksəldilməsi üçün İnternetin idarə və istifadə 
								olunması" mövzusunda məruzə ilə çıxış etmişdir.
								 
								Mövzu 
								ətrafında müzakirələr aparılmış, suallar 
								cavablandırılmışdır.  
								Şagirdlər öz 
								ölkələrinin mövqeyindən çıxış edərək, mövzuya 
								dair ümumi qətnamə hazırlamağa çalışmışlar. 
								Qətnamə səsvermə yolu ilə qəbul olunmuşdur.
								 
								Sonda tədbirdə 
								iştirak edən bütün şagirdlərə və məktəblərə 
								YUNİSEF-in sertifikatı verilmişdir.   
								
								
								AzərTAc  |