| 
								 
								
								
								Maqadana minlərlə azərbaycanlı sürgün olunub  
								
								
								
								(Əvvəli qəzetimizin 14, 28 yanvar və 4 fevral 
								tarixli nömrələrində)  
								Bu 
								düşərgələrdə 1932-ci ildən 1956-cı ilədək 120 
								min adam həlak olub  
								
								 Mənim  
								RF  DİN-in Maqadan vilayəti üzrə arxivinə 
								verdiyim Zaqafqaziyadan sürgün edilmiş 
								soydaşlarımızın taleyi barədə sorğulara aldığım 
								cavablarda "güllələnmişdir" sözünə çox az rast 
								gəldim. Ölüm səbəbləri isə hamısı bir-birinə 
								bənzəyir-ürək çatışmazlığı, sinqa, qara ciyərin 
								serrozu, sağ böyrək, sol boyrək, infarkt, 
								paralic və s. Bu insanların əksəriyyətini 
								Maqadandan 400, 500, 600 kilometr uzaq olan 
								Susuman, Şturmavoy, Xatınnax, Oratukan, 
								Omsukçan, Elgen, Pevek, Srednekan, Orto-Balaqa, 
								Butuqıçaq, Seymcan və s. düşərgələrinə 
								cəzalarını çəkmək üçün aparıblar. Bu yerlərdə 
								isə havanın temperaturu mənfi 45-dən 60 dərəcəyə 
								qədər olur. Buna baxmayaraq, insanlar bu 
								yerlərdə gözəl kəndlər, qəsəbələr salmışlar. 
								Belə düşünürəm ki, bu çətin işin öhdəsindən 
								gələn "xalq düşmənləri"nin hamısına bəraət 
								qazandırmağa dəyər və lazım idi. Yeri gəlmişkən, 
								iki faktı da diqqətinizə çatdırmaq istərdim: 
								"...1932-ci ildən 1956-cı ilədək  "Dalstroy"un 
								siyahısından bir milyona yaxın adam 
								keçmişdir..." və "...Bu düşərgələrdə 1932-ci 
								ildən 1956-cı ilədək 120 min adam həlak olub. 
								Onlardan 50 mini 58-ci maddə ilə həbs 
								olunanlardır..." ("Jertvı Kalımı, Maqadan" 
								V.İ.Meta, V.V.Didenko, str.166, str. 1). 
								Bu siyahıda 
								neçə nəfər soydaşımızın olduğunu öyrənmək mümkün 
								deyil, heç mümkün olmayacaq da. Yerli 
								tarixçilərin yazdıqları rəqəmlər isə 
								bir-birindən xeyli fərqlidir. Bəzi hallarda 
								hadisələr və rəqəmlərin şişirdilməsini hiss 
								etdim. 
								Təsəvvür edin 
								ki, şəxsi işində "savadsız" kimi göstərilən şəxs 
								guya xarici dövlətlərin birinə casusluq edirmiş. 
								Gülməli və qəribədir, eləmi? Amma təəssüflər 
								olsun ki, Hüseyn Cavid kimi neçə-neçə yazıçı və 
								alimlərimiz də sürgünə məruz qalıblar. Belə 
								alimlərimizdən biri haqqında maqadanlılar indiyə 
								qədər böyük fəxrlə 
								danışırlar.                          
								O, tibb 
								elmləri doktoru Əlirza Atayev idi  
								
								 1898-ci 
								ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə 
								rus-tatar gimnaziyasında təhsil aldıqdan sonra 
								1917-ci ildə Tiflis ali kurslarının tələbəsi 
								olmuşdur. Təhsilini davam etdirmək  üçün 1921-ci 
								ildə Azərbaycan Sovet Sosialist Respublikasının 
								təqaüdçüsü kimi 1-ci Moskva Dövlət 
								Universitetinin tibb fakültəsinə göndərilmişdir. 
								Universiteti  bitirdikdən sonra 3-cü Moskva 
								Universitetinin kafedrasında bir il ordinator 
								işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən 
								gənc mütəxəssislərdən  ibarət qrupun tərkibində 
								ixtisasını təkmilləşdirmək üçün Almaniyaya 
								göndərilmiş, 2 il Leypsiq Universitetinin 
								mamalıq-ginekologiya kafedrasında çalışmışdır. 
								1925-ci ildə 
								Bakıya qayıdan Atayev qadın, ana və uşaqların 
								sağlamlığının mühafizəsinə dair Azərbaycan 
								dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən 
								ibarət mamalıq-ginekologiya terminləri lüğətini 
								nəşr etdirmişdir. 1930-cu ildə tibb elmləri 
								doktoru olan Atayev 1936-cı ildə Azərbaycan Tibb 
								İnstitutunun mamalıq və ginekologiya 
								kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə 
								Komissarlığı Həkimləri Təkmilləşdirmə 
								İnstitutunun mamalıq və ginekologiya 
								kafedrasının müdiri təyin olunmuşdur. 
								Hələ 
								1919-1920-ci illərdə Azərbaycan Xalq 
								Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili 
								üzrə redaktoru olmuş Atayev, 1937-ci ildə 
								repressiyaya məruz qalır. O, 8 il müddətinə 
								(şəxsi işində 7 il göstərilir. B.Ə.) azadlıqdan 
								məhrum olunaraq Maqadana sürgün edilmişdir. 
								Cəzaçəkmə müddəti başa çatdıqdan sonra Maqadanda 
								və Penza şəhər xəstəxanasında və sanitar 
								idarəsində işləmişdir. 1948-ci ildə SSRİ Səhiyyə 
								Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına 
								məsləhətçi kimi göndərilən Atayev tezliklə Penza 
								vilayətinin baş mama-ginekoloqu seçilir və 
								burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq  
								və ginekoloqlar elmi cəmiyyətinin filialı 
								yaradılır. 1956-cı ildə Atayevə bəraət verilmiş, 
								lakin o, ağır xəstəliyə tutulduğundan elmi 
								fəaliyyətini dayandırmalı olur. Bu məlumatları 
								Azərbaycan Xalq Cümhuriyyətu Ensiklopediyasından 
								götürmüşəm. İndi isə Maqadanda olduğum müddətdə 
								onun barəsində əldə etdiyim və eşitdiklərim 
								haqda məlumat vermək istəyirəm. 
								
								 Qeyd 
								olunduğu kimi, o, 1937-ci ildə həbs edilib. Elə 
								1937-ci ildə də Vanino limanından (Vladivostok) 
								Naqayevo limanına (Maqadan) gətirilib. Həbsdən 
								əvvəl o, Bakı, Tolstoy küçəsi, 103 ünvanında 
								yaşamış, Azərbaycan Tibb İnstitutundan başqa həm 
								də  Caparidze adına xəstəxanada işləmişdir. 
								Şəxsi işində onun Oqtay adlı oğlu, Rəna adlı 
								qızı olduğu göstərilib. Bu şəxsi iş arxivdə 
								gördüyüm şəxsi işlərdən çox fərqli idi. Çünki 
								onun içərisində olan rəsmi sənədlər qədər də 
								təşəkkür məktubları var. Şahidlərdən  öyrəndim 
								ki, Ə.Atayev hələ həbsdə olan illərdə 
								(1937-1944) onu çətin doğuşlarda  iştirak etmək 
								üçün "konvoy" müşayiəti ilə xəstəxanaya 
								gətirirlərmiş. Belə hadisələrin hər birində 
								müvəffəqiyyətlər qazandığına görə "Dalstroy" 
								trestinin rəisi Nikişov onu vaxtından az əvvəl 
								həbsdən azad edərək 1944-cü il dekabrın 12-də 
								Maqadan Şəhər Mərkəzi Xəstəxanasının 
								ginekologiya şöbəsinin müdiri vəzifəsinə təyin 
								etmişdir. Bu vəzifədə işlədiyi müddətdə üç dəfə 
								şəxsi işinə yazılmaqla təşəkkür almış və SSRİ 
								Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdə 
								fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 
								Maqadanlılar onun adını bu gün də ehtiramla yad 
								edirlər. Günlərin birində burada anadan olmuş və 
								bu gün də Maqadanda yaşayan yazıçı David Rayzman 
								məni repressiyaya məruz qalmış və sonralar 
								bəraət qazanmış S.N.Korobovanın 85 illik 
								yubileyinə apardı. Yubilyar Azərbaycandan 
								gəldiyimi bilib, məni çox mehribanlıqla 
								qarşıladı. O, süfrə arxasında ayağa qalxıb mənə 
								baxa-baxa sanki bütün məclisə elan edirmiş kimi 
								dedi ki, 1944-cü ildə ilk hamiləliyimin doğuşu 
								zamanı Alik (Əlirza Atayev) "kessarevo" 
								əməliyyatı ilə məni də, oğlumu da ölümdən xilas 
								etdi. Ona görə də bax, bu oğlumun adını Alikin 
								şərəfinə Anatoli qoymuşam. Çox təəssüflər olsun 
								ki, o, 1948-ci ildə "materikə" getdi və onun 
								haqqında heç bir məlumatımız yoxdur. Sonra  o 
								üzünü mənə tutub "çox sağ olun, onu burada hamı 
								çox sevirdi"- dedi. 
								Onu da qeyd 
								edim ki, David Rayzman "Dalstroy"un xarici 
								könülsüzləri" kitabının müəllifidir. O, mənə 
								professor Atayev barəsində xeyli ürəkaçan 
								hadisələr danışdı. Mən isə uzaq bir diyarda 
								belə  ad qazanmış soydaşımla fəxr etdim... 
								
								
								*** 
								
								 2009-cu 
								ilin noyabrında mən Maqadan arxivində öz 
								xalqının nümayəndələrinin taleyini araşdıran 
								yunan tarixçisi İvan Çuxa ilə tanış oldum. Bir 
								gün söhbət zamanı o mənə dedi ki, sən də mənim 
								kimi bu arxivə hələ çox gedib-gələcəksən. Öz 
								araşdırmalarının sonunda əgər hansısa bir xalqın 
								nümayəndəsinə rast gəlməsən, deməli, Kalımda 
								olmamısan. Mən isə burada olduğum müddətdə, 
								hələlik soydaşlarımızdan 60 nəfər haqqında qısa 
								məlumat ala bildim.  
								Bu gün Maqadan 
								mənim nəzərimdə təkcə Rusiya Federasiyasının 
								yox, dünyanın ən sakit, sülhsevər, qonaqpərvər 
								şəhəri kimi qalacaq. Aleksandr Biryukov bir 
								cümlə ilə bu şəhərin tərifini belə verib: 
								"Maqadan-dünyanın ən yaxşı şəhəri deyil, amma 
								beləsi heç yerdə yoxdur...". 
								Bu, həqiqətən 
								də belədir. Vilayətdə mayın sonundan başlayaraq 
								sentyabra qədər hər yan yamyaşıl olur. Möcüzəli 
								diyar deyirlər bu diyara. Doqquz ay tamamilə 
								donmuş halda qalan bir torpağın iki-üç gün 
								ərzində birdən-birə yaşıllaşması, həqiqətən, 
								insana möcüzə kimi görünür.  
								
								
								Binnət ƏSGƏROV   | 
								  |