| 
								 Təhsil 
								islahatının mühüm istiqamətlərindən biri də yeni 
								nəsil dərsliklərin tərtib olunması və nəşr 
								edilməsidir. Bu sahədə görülən işlər 
								təqdirəlayiqdir. Son illər çap olunan onlarca 
								dərslik və dərs vəsaitləri öz məzmunu, 
								tərtibatı, yeni texnologiyalarla səsləşməsi 
								baxımından pedaqoji ictimaiyyət tərəfindən 
								razılıqla qarşılanır. Məqalədə məhz yeni nəsil 
								dərsliklərindən biri olan, "Altun-kitab" 
								nəşriyyatının çap etdiyi V və VI siniflər  üçün 
								Azərbaycan dili dərslikləri haqqında 
								fikirlərimizi bölüşmək istəyirik.  
								
								 Əvvəlcə 
								V sinif dərsliyi barədə (müəllifləri: 
								R.İsmayılov, X.Qasımova, F.Şahbazlı, 
								Q.Əmircanova). Öncə onu qeyd etmək istərdik ki, 
								adıçəkilən dərslik müasir tələblərə uygun 
								hazırlanmışdır. Belə ki, dərslikdə interaktiv 
								təlim üsullarının tətbiqinə, audio və 
								videomateriallarla işləməyə şərait yaradan  
								tapşırıqlara, mövzulara geniş yer ayrılmışdır. 
								 
								Dərslikdəki 
								materiallar dörd bölmədə və qırx mövzuda əhatə 
								olunmuşdur. Hər mövzunun isə əsasən üç mərhələdə 
								öyrədilməsi nəzərdə tutulur:  
								1. Keçiləcək 
								mövzuya hazırlıq 
								2. Yeni 
								biliklərin möhkəmləndirilməsi 
								3. Tətbiqi, 
								yəni çalışma mövzuları 
								Keçiləcək 
								mövzuya motivasiya xarakteri daşıyan hazırlıq 
								mərhələsinin hər bir fənnin tədrisində müstəsna 
								rolu vardır. Burada qoyulan tapşırıqlar dolayı 
								yolla şagirdin keçiləcək mövzu haqqında 
								bildiklərini yada salır və onları yeni mövzunun 
								mahiyyəti barədə düşünməyə vadar edir. 
								Qazanılacaq bilik, bacarıq və vərdişlərin əsası 
								məhz bu mərhələdə qoyulur. Bu həm də tətbiqinə 
								başlayacağımız kurikulumla səsləşmə deməkdir. 
								Mübaliğəsiz demək olar ki, müəlliflər ilk 
								mərhələni uğurlu hazırlamışlar. Dərslikdən 
								verdiyimiz aşağıdakı nümunə dediyimizə əyani 
								sübutdur. 
								Müəlliflər 
								sözün quruluşca növləri (səh.14) mövzusunun 
								hazırlıq hissəsində öncə "Qarabağ" adının 
								mənasını açıqlamağı tövsiyə edirlər. Sonra "Bu 
								adda neçə söz var?", "Qara sözünün müxtəlif 
								mənalarına diqqət yetirin" kimi tələblər irəli 
								sürülür. Sonda isə belə bir yekunlaşdırıcı sual 
								qoyulur: "Qara rəngli bağ ola bilərmi?". 
								Əlbəttə, bu 
								suallar şagirdləri düşünməyə vadar edir. Onlar 
								sərbəst şəkildə öz fikirlərini ifadə edirlər və 
								müəllimin köməyi ilə yekun qərara gəlirlər. 
								Bu mərhələdən 
								sonra müəlliflər "Yadda saxla" rubrikasını 
								tərtib etmişlər. Həmin rubrikada nəzəri 
								məlumatlar öz əksini tapmışdır ki, onların da 
								dili öz sadəliyi ilə diqqəti cəlb edir. Bundan 
								başqa, ənənəvi nəzəri məlumatların bəzilərinə 
								yeni baxış da təqdirəlayiqdir. 
								Üçüncü 
								mərhələdə müəlliflər nəzəri məlumatın tətbiqini 
								düşünərək şagirdlər üçün müxtəlif  çalışmalar, 
								mətnlər, test tapşırıqları, sxemlər, cədvəllər, 
								diaqramlar tərtib etmişlər. Ən xoşagələn 
								yeniliklərdən biri, həm də ən mühümü budur ki, 
								interaktiv təlim üsulları (debat, qruplarla iş, 
								cütlüklərlə iş, mətnlə iş və s.) birbaşa 
								dərsliyə gətirilmişdir. 
								
								 Çalışmalar 
								tərtib olunarkən inteqrasiyaya, nitq inkişafına 
								xüsusi diqqət yetirilmişdir. 
								İnkaredilməz 
								həqiqətdir ki, nitq təfəkkürlə, onun fəaliyyəti 
								ilə sıx bağlıdır və o, təfəkkür fəaliyyətinin 
								nəticəsi olan fikrin məzmununu ifadə edir. 
								Nitqin məzmununu isə istifadə olunan sözlər 
								təşkil edir. Danışıq zamanı sözdən məqamına görə 
								düzgün, yerli-yerində istifadə etmək natiqlik 
								məharətinin vacib şərtidir. Bu məharət isə, 
								əsasən, məktəbdə, xüsusən dil və ədəbiyyat 
								dərslərində formalaşdırılır. 
								Məlumdur ki, 
								nitqə gözəllik gətirən cəhətlərdən biri 
								emosionallıqdır, ifadəlilikdir. Nitqin 
								emosionallığı sözün kəsb etdiyi məna ilə, 
								cümlədə onun sıralanması ilə bağlıdır. Bu da 
								nitqə bədii çalar, obrazlılıq gətirən məcaz 
								növlərinə bələd olmağı tələb edir.  
								Şagirdlərin 
								obrazlı nitqə yiyələnməsi üçün mümkün olan bütün 
								imkanlardan istifadə etmək lazımdır. Belə 
								imkanlardan biri də şifahi xalq yaradıcılığı 
								nümunələri üzərində işdir. Şifahi ədəbiyyat 
								xalqın söz xəzinəsidir, nitq inkişafına onun 
								qüvvətli təsiri inkaredilməzdir. Məktəbdə dilin 
								tədrisi prosesində şagirdlərin nitqini inkişaf 
								etdirmək məqsədilə bu nümunələrdən istifadənin 
								faydalılığını məktəb təcrübəsi sübut edir.
								 
								Müəllim 
								şagirdə başa salmalıdır ki, şifahi xalq 
								ədəbiyyatı nümunələri cilalanmış, obrazlaşmış 
								nitq nümunəsidir. Bu nümunələrdə məcazilik üzvi 
								şəkildə birləşir. Həm də bu nümunələr dil-nitq 
								vahidi kimi təqdim olunur. 
								Yəni şifahi 
								xalq yaradıcılığı nümunələrinin üslubu da nitqin 
								inkişafına təsir göstərən amildir. Belə 
								nümunələr üzərində iş prosesində, xüsusilə 
								onların oxusu, yaxud söylənilməsi zamanı hər 
								birinin üslubu diqqət mərkəzində 
								saxlanılmalıdır.     
								Məhz bu 
								xüsusiyyətləri nəzərə alan müəlliflər dərsliyi 
								hazırlayarkən yalnız xüsusi mətnlərlə 
								kifayətlənməmiş, xalq yaradıcılığının zəngin 
								xəzinəsindən də faydalanmışlar.  Təəssüf edirik 
								ki, dərsliklərlə bağlı bəzi fikirlərdə bu cür 
								təqdimatlara düzgün yanaşılmır və onları 
								savadsız mülahizələrlə yozurlar.  
								Belə ki, 
								səhifə 17-də çalışma 7, səhifə 25-də çalışma 3, 
								səhifə 53-də çalışma 6, səhifə 89-da çalışma 5  
								və sair tapşırıqları atalar sözü və məsəllər, 
								səhifə 18-də çalışma 9-da və səhifə 53-də 
								çalışma 7-də isə tapşırığı ağı, layla, tapmaca, 
								nazlama və bayatı üzərində icra etmək təklif 
								olunur.  
								Bu isə bəzi 
								ziyalıların qeyd etdiyi kimi şagirdlərdə hər 
								hansı mənfi xüsusiyyətlər yaratmır, əksinə 
								onlarda xalq yaradıcılığına, söz xəzinəmizə 
								dərin məhəbbət aşılayır.    
								"Mətnlə iş" 
								rubrikasında verilmiş materiallar tarixi 
								şəxsiyyətləri - Xətib Təbrizi, Nəsirəddin Tusi, 
								Mahmud Kaşğari, Herodot, Ş.İ Xətai və 
								başqalarını şagirdlərə tanıdır, onlarda elmə, 
								biliyə maraq oyadır. Təqdim olunan testlər fakt 
								tapıntısından daha çox düşündürücü xüsusiyyətə 
								malikdir. Verilmiş çaynvord və krossvordlar da 
								mövzuların daha dərindən mənimsənilməsinə, 
								şagirdlərin dərslik üzərində daha həvəslə 
								işləmələrinə kömək edir. 
								Dərslikdə 
								müəyyən mövzularla bağlı debatlar da 
								verilmişdir. Debatlar şagirdlərdə danışmaq, 
								dinləmək, fikri əsaslandırmaq, məntiqi və 
								tənqidi təfəkkür kimi qabiliyyətləri inkişaf 
								etdirir. Əslində, dilin tədrisinin məqsədi də 
								budur. Debatlar zamanı sinif 2 qrupa bölünür, 
								hər bir qrupun özünün lideri olur. Qrup üzvləri 
								liderləri faktlarla təmin edirlər. Hər bir 
								qrupun cavabları müvafiq ballarla 
								qiymətləndirilir. Bu da şagirdlərdə dərsə qarşı 
								daha böyük maraq oyadır, onlarda müstəqil 
								düşünmə, fikrini ifadəetmə bacarığı 
								formalaşdırır.   
								Hər bölmədə, 
								yeri gəldikcə "Sözlük" rubrikası altında 
								sözlərin lüğəvi mənası izah olunur. Məsələn: 
								bəşəriyyət-insanlıq, ünsiyyət-qarşılıqlı 
								münasibət, poliqlot-çox dil bilən adam və s. 
								Müəlliflər hər sözə diqqətlə yanaşmış, onları 
								çox məharətlə seçmiş, şagirdlərin dünyagörüşünə 
								və müasir dövrün texnoloji yeniliklərinə uyğun 
								olanları əhatə etmişlər. Bu isə şagirdlərin söz 
								ehtiyatının zənginləşməsinə öz töhfəsini verir. 
								 
								Dərslikdə 
								müəyyən yerlərdə "Bilirsinizmi?" başlığı altında 
								verilən məlumatlar şagirdlərin dünyagörüşünün 
								genişlənməsində mühüm rol oynayır. Bu mənada 
								səhifə 21-də "Bazar gününün tarixi", səhifə 
								44-də "Ən qədim türk əlifbası", səhifə 58-də 
								"Kenquru nə deməkdir?", səhifə 116-da "Dünyanın 
								ən iri quşu" və s. haqqında verilən məlumatları 
								nümunə göstərə bilərik. 
								"İsmailiyyə" 
								(s.31), "Opera teatrı" (s.108) kimi memarlıq 
								abidələri, elm, sənət məbədləri haqqındakı 
								məlumatlar da təqdirəlayiqdir. 
								Hər bölmənin 
								sonunda verilmiş "Ümumiləşdirici təkrar" da 
								şagirdlərin müstəqil şəkildə biliyini 
								qiymətləndirmək, onlarda özlərinə inam yaratmaq 
								üçün çox faydalıdır. 
								Struktur 
								baxımından VI sinif dərsliyi də (müəllifləri: 
								R.İsmayılov, F.Ellazov) müasir təlim metodlarına 
								uyğun olaraq hazırlanmışdır. V sinif dərsliyinin 
								varisliyi əsasında tərtib olunan bu dərslikdə 
								özünəməxsus cəhətlər diqqəti cəlb edir. Müəyyən 
								mövzuların hazırlıq mərhələsində şagirdlərə BİBÖ 
								(bilirəm, istəyirəm biləm, öyrəndim) cədvəli 
								təqdim olunur və şagirdlərə bildiklərini və 
								bilmək istədiklərini cədvəlin müvafiq 
								sütunlarına yazmaq tövsiyə olunur. Bunun üçün 
								istiqamətləndirilmiş suallar da verilmişdir. 
								Mövzu tədris olunduqdan sonra isə şagirdlərə 
								yeni öyrəndiklərini cədvəlin üçüncü sütununda 
								yazmaq tövsiyə olunur. Bu cədvəl şagirdlərlə 
								yanaşı, müəllimə də öz işinin nəticələrini 
								qiymətləndirməyə kömək edir.    
								VI sinif 
								dərsliyindəki mətnlər öz rəngarəngliyi ilə 
								seçilir. Maraqlısı odur ki, mətnlər seçilərkən 
								fənlərarası inteqrasiyaya xüsusi diqqət 
								yetirilmişdir. Dərslikdə ayrı-ayrı fənlərə: 
								ədəbiyyata, tarixə, coğrafiyaya, riyaziyyata, 
								musiqiyə və s. kimi fənlərə aid mövzular öz 
								əksini tapmışdır. "Azərbaycanın landşaftı", 
								"Dahi bəstəkar", "Ay adları", "Naftandazlar", 
								"Küləklər", "Naftalan", "Qopuz və saz", 
								"Şirvanşah I İbrahim", "Təqvimlər" və s. kimi 
								mətnlər dediyimizə əyani sübutdur.   
								Mətnlərdən 
								sonra verilən suallarda da bir orijinallıq, 
								inteqrativlik diqqəti cəlb edir. Səh. 116-da 
								"Tarixdə il hesabları" adlı kiçik mətn 
								verilmişdir. Mətnə aid suallardan biri belədir: 
								Makedoniyalı İsgəndər e.ə. 356-cı ildə anadan 
								olmuş və cəmi 33 il yaşamışdır. Deyə 
								bilərsinizmi onun ölümündən neçə il sonra 
								N.Gəncəvi "İsgəndərnamə" poemasını yazmışdır? 
								Şagirdlər 
								ədəbiyyat dərsliyindən bilirlər ki, 
								"İsgəndərnamə" poeması 1203-cü ildə yazılmışdır. 
								Tarix dərsliyindən də bilirlər ki, Makedoniyalı 
								İsgəndər e.ə. 323-cü ildə vəfat etmişdir. İlləri 
								hesablayaraq  belə bir qərara gəlirlər ki, 
								İsgəndərin ölümündən 1526 il sonra 
								"İsgəndərnamə" poeması yazılmışdır. Göründüyü 
								kimi, şagirdlər yuxarıdakı suala cavab vermək 
								üçün ədəbiyyat, tarix və riyaziyyat fənlərindən 
								öyrəndikləri bilikləri səfərbər etməlidirlər. 
								"Məntiq" 
								rubrikasında müəlliflər daha diqqətli olmuşlar. 
								Məntiqi qanunauyğunluğun ən barizini, ən 
								"dərinini" seçib şagirdlərin diqqətinə 
								çatdırmışlar. Məntiqi çalışmalar adi test 
								tapşırıqlarından fərqlənir. Fərq ondadır ki, 
								test tapşırıqlarında düzgün cavabı təyin etmək 
								üçün əlamət verilir. Məntiqi tapşırıqlarda isə 
								şagirdlərə düzgün cavabı tapmaq üçün əvvəlcə 
								məntiqi ardıcıllığı və əlaməti tapmaq, sonra isə 
								bu ardıcıllığı tamamlamaq və qanunauyğunluğu 
								pozan elementi aşkar etmək tövsiyə olunur. 
								Məsələn, dərsliyin 78-ci səhifəsindəki 6 nömrəli 
								çalışmada hər bir sırada morfoloji cəhətdən 
								fərqli olan sözü tapmaq tövsiyə olunur: 
								 
								1. ağıllı, 
								ədəbli, kəndli, buludlu, qarlı    
								2. şabalıdı, 
								badamı, qızılı, yazı, palıdı 
								Birinci 
								nümunədəki sözlərin hamısı  -lı4, ikinci 
								nümunədə isə -ı4 şəkilçisi ilə düzəlmişdir. 
								Şagirdlər ilk olaraq ümumi əlaməti və məntiqi 
								ardıcıllığı, sonra isə bu ardıcıllığı pozan 
								elementi tapır. Məlim olur ki, birinci nümunədə 
								kəndli, ikinci nümunədə isə yazı sözü əşya 
								bildirdiyi üçün sifətlərin cərgəsini pozur. 
								VI sinfin 
								dərsliyində özünə yer alan "Ümumi müzakirə" 
								rubrikası da diqqəti cəlb edir. Bu rubrikada 
								sinfin bütün şagirdləri iştirak edir, fikir 
								mübadiləsi aparılır,  mövqelər əsaslandırılır. 
								Ümumi müzakirə şagirdlərdə nitq qabiliyyətini, 
								kollektivlə işləmək bacarığını inkişaf etdirir. 
								Müzakirələr bəzən mübahisələrə də səbəb ola 
								bilir. Nəticədə şagirdlər daha düzgün fikri 
								qəbul edirlər.   
								Ümumiyyətlə, 
								biz dilimizi, ədəbiyyatımızı tədris edən bir 
								müəllim kimi belə dərslikləri təqdir edir və 
								onları hazırlayanlara razılığımızı bildiririk.  
								
								
								Xəyalə QƏMBƏROVA, 
								Elçin MANAFOV, 
								Bakıdakı R.Hüseynov  
								adına 49 nömrəli "İntellekt" məktəb-liseyin
								
								
								 
								Azərbaycan dili və ədəbiyyat müəllimləri  |