| 
								 
								 Rəhimov 
								Koroğlu İsmayıl oğlu  
								1953-cü il 
								oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində 
								anadan olub. Birinci sinfə Yaqublu kənd orta 
								məktəbində gedən Koroğlu sonra ailələri ilə 
								birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının 
								Sarıcalılar kəndinə köçüb. Orta təhsilini Həbil 
								kənd orta məktəbində başa çatdıraraq, 1970-ci 
								ildə Azərbaycan Neft və Kimya İnstitutunda 
								avtomexanika fakültəsinə daxil olub. 1972-ci 
								ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə 
								xidmətini Almaniya Demokratik Respublikasında 
								başa çatdırdıqdan sonra yarımçıq qalan təhsilini 
								davam etdirib. O, 1992-ci ildə könüllü olaraq 
								Milli Ordu sıralarına yollanıb. Goranboy 
								rayonunun Buzluq, Çartaz və Erkəc kəndlərinin 
								azad olunması uğrunda erməni işğalçılarına qarşı 
								əzmlə döyüşüb. 
								K.Rəhimov 
								1992-ci il iyulun 3-də Ağdərə istiqamətində 
								gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 
								Ailəli idi. Üç 
								övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 16 sentyabr 1994-cü 
								il tarixli 203 nömrəli Fərmanı ilə Rəhimov 
								Koroğlu İsmayıl oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Bakı şəhərində 
								Şəhidlər xiyabanında dəfn olunub. Bakının 
								Nərimanov rayonunda adına küçə verilərək büstü 
								qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki uşaq 
								bağçası onun adını daşıyır.  
								
								 Rəhimov 
								Cavanşir İzzət oğlu  
								1973-cü il 
								iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində 
								anadan olub. Ailə üzvləri ilə birlikdə Bakıya 
								köçən Cavanşir Suraxanı rayonundakı 104 nömrəli 
								orta məktəbi bitirdikdən sonra təhsilini  
								texniki peşə məktəbində davam etdirib. O, idman 
								ustası idi. 1992-ci ildə hərbi xidmətə 
								çağırılaraq Azərbaycan Hərbi Hava Qüvvələrində 
								qulluq edib. Burada hərbi vertolyotun bort 
								atıcısı peşəsinin sirlərinə yiyələnib. 1992-ci 
								ildə səmaya qalxan Cavanşir bir neçə dəfə uğurlu 
								uçuş əməliyyatları həyata keçirərək işğalçı 
								erməni döyüşçülərinə ağır zərbələr endirib. 
								Kasapet yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə 
								isə onun idarə etdiyi vertolyot düşmən 
								tərəfindən vurulub və bu zaman  Cavanşir taxıl 
								zəmisinə düşüb. Bir aydan sonra mal-qara otaran 
								çoban Cavanşirin meyitinə rast gələrək, onu 
								yaxınlıqdakı hərbi hissəyə aparıb. C. Rəhimov 
								1992-ci il sentyabrın 9-da Müdafiə Nazirliyinin 
								əməkdaşları və qohumlarının iştirakı ilə Bakıda 
								Şəhidlər xiyabanında dəfn olunub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 14 sentyabr 1992-ci 
								il tarixli 204 nömrəli Fərmanı ilə Rəhimov 
								Cavanşir İzzət oğlu ölümündən sonra Azərbaycanın 
								Milli Qəhrəmanı adına layiq görülüb. 
								Bakının 
								Suraxanı rayonundakı 146 nömrəli orta məktəb 
								onun adını daşıyır.  
								Qaraçuxur 
								qəsəbə parkında büstü qoyulub.  
								
								 Rəfiyev 
								Faiq Qəzənfər oğlu  
								1955-ci il 
								fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində 
								anadan olub. 1972-ci ildə rayonun Qarakollu kənd 
								orta məktəbini bitirib. Faiq 1973-1975-ci 
								illərdə Arxangelsk vilayətində hərbi xidmətdə 
								olub. Ordudan tərxis olunduqdan sonra həmin 
								vilayətin Plisetsk rayonunda milis işçisi  
								vəzifəsində çalışıb. Sankt-Peterburq şəhərində 
								Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsinə daxil 
								olan Faiq 1984-cü ildə təhsilini başa çatdıraraq 
								leytenant rütbəsi alıb və sahə müvəkkili kimi 
								fəaliyyətə başlayıb. 1990-cı ilin  20 Yanvarında 
								sovet ordusunun Azərbaycanda əliyalın xalqı 
								qətlə yetirərək görünməmiş faciə törətdiyini 
								eşidib Vətənə qayıdaraq, Xocavənd rayonunda sahə 
								müvəkkili işləyib. Axullu, Tuğ, Qaradağlı 
								kəndlərinin  quduz erməni işğalçılarından 
								qorunmasında qəhrəmanlıq göstərib.  
								F.Rəfiyev 
								1992-ci il yanvarın 10-da düşmən gülləsinə tuş 
								gələrək dünyasını dəyişib. 
								Ailəli idi. 
								İki övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il 
								tarixli 264 nömrəli Fərmanı ilə Rəfiyev Faiq 
								Qəzənfər oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Doğulduğu 
								Sarıcıq kəndində dəfn olunub. Bakının Lökbatan 
								qəsəbəsindəki 166 nömrəli orta məktəb onun adını 
								daşıyır.  
								
								 Rzayev 
								Qasım Qara oğlu  
								1970-ci il 
								mayın 5-də Tovuz  rayonunun Əlibəyli kəndində 
								anadan olub.1987-ci ildə orta məktəbi bitirib, 
								sonra sürücülük ixtisasına yiyələnib. 1988-ci 
								ildə sovet ordusu sıralarında hərbi xidmətə 
								çağırılıb. Ukraynanın Nikopol şəhərində hərbi 
								hissədə artilleriya bölməsində xidmət edib. 
								Qasım 1990-cı ildə hərbi xidmətini başa 
								çatdıraraq Vətənə qayıdıb və könüllü 
								özünümüdafiə dəstəsinə yazılıb. Muncuqlu, 
								Koxa-Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin, 
								eləcə də Tovuz  rayonunun sərhədlərinin 
								qorunmasında xüsusi qəhrəmanlıq nümayiş etdirib. 
								1992-ci il 
								mayın 14-də erməni qoşunları Tovuzun sərhəd 
								kəndlərinə hücuma keçərkən Q.Rzayev özünü döyüş 
								nöqtəsinə yetirərək bu qeyri-bərabər vuruşda 
								mərdlik göstərib, son dərəcə gərgin gedən həmin 
								döyüşdə qəhrəmancasına həlak olub. 
								Ailəli idi. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 5 fevral 1993-cü il 
								tarixli 457 nömrəli Fərmanı ilə Rzayev Qasım 
								Qara oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Əlibəyli kənd 
								qəbiristanlığında dəfn olunub. Hacallı kənd orta 
								məktəbi Milli Qəhrəmanın adını daşıyır.  
								
								 Rzayev 
								Rövşən Abdulla oğlu  
								1969-cu il 
								oktyabrın 15-də Bakı şəhərinin Sahil qəsəbəsində 
								anadan olub. 1986-cı ildə 253 nömrəli orta 
								məktəbi bitirərək, Vladiqafqaz Ali Hərbi 
								Komandirlər Məktəbinə daxil olub. 1991-ci ildə 
								təhsilini başa vuraraq Orta Asiya və Qazaxıstana 
								təyinat alıb və daxili qoşunların tərkibində 
								tağım komandiri kimi fəaliyyətə başlayıb. 
								1992-ci ildə Bakıya qayıdaraq 6500 nömrəli 
								mühafizə alayına komandir təyin edilib. Rövşən 
								Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, 
								Şelli, Naxçıvanik kəndləri uğrunda döyüşlərdə 
								qəhrəmanlıq nümayiş etdirib. Göstərdiyi 
								fədakarlıga görə 1993-cü ildə Ədliyyə 
								Nazirliyinin hərbi hissəsinin qərargah rəisi 
								vəzifəsinə təyin edilib.  1996-cı ildə Ədliyyə 
								Nazirliyi Məhkəmə Qərarlarının Baş İdarəsinin 
								mühafizə alayında qərargah rəisi  olub. Sonralar 
								isə Qobustan  həbsxanasında mühafizə bölüyünün 
								komandiri vəzifəsini daşıyıb. 
								R.Rzayev 
								1999-cu il yanvarın 8-də məhbus qiyamının 
								yatırılması zamanı qəhrəmancasına həlak olub. 
								Ailəli idi. 
								İki övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 12 yanvar 1999-cu il 
								tarixli 73 nömrəli Fərmanı ilə kapitan Rzayev 
								Rövşən Abdulla oğlu ölümündən sonra Azərbaycanın 
								Milli Qəhrəmanı adına layiq görülüb. 
								Sahil 
								qəsəbəsində dəfn olunub. Sahil qəsəbəsində onun 
								adını daşıyan parkda büstü qoyulub.  
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |