| 
								 Fevralın 11-də 
								Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində 
								"Təhsilin əsasları" fənni üzrə təlim kursu 
								keçmiş mütəxəssislərə sertifikatlar təqdim 
								edildi. Bu münasibətlə keçirilən mərasimdə 
								təhsil naziri Misir Mərdanov iştirak edirdi. 
								
								 Tədbirdə 
								öncə kursun rəhbəri, Təhsil Nazirliyinin aparıcı 
								məsləhətçisi Afət Süleymanova "Təhsilin 
								əsasları" fənnini tədris edən bir qrup müəllimin 
								cəlb olunduğu növbəti treninqin məqsədi, 3 
								həftəlik praktik təlim kursu dövründə 
								müdavimlərin apardıqları tədqiqat yönümlü işlər 
								barədə məlumat verdi. Qeyd olundu ki, uzun illər 
								ölkəmizdə pedaqoji kadr hazırlığında nəzəri 
								biliklərin öyrədilməsi ilə kifayətlənilmiş, 
								nəticədə gənc müəllim öyrətməyin sirlərinə bələd 
								olmadan pedaqoji fəaliyyətə başlamışdır. Lakin 
								bu gün, təhsilə yeni tələblər verildiyi bir 
								zamanda, "işləyə-işləyə öyrənər" yanaşması özünü 
								doğrultmur. İndi sinfə daxil olduğu ilk gündən 
								pedaqoji fəaliyyətini müvəffəqiyyətlə qura 
								bilməsi üçün müəllimin mühüm nəzəri biliklərlə 
								yanaşı, praktik bacarıqlara yiyələnməsi və 
								təcrübəyə malik olması vacibdir. Bu səbəbdən də 
								"Təhsilin əsasları" fənninin tədrisinə ehtiyac 
								yaranmış və Təhsil Nazirliyinin 19 avqust 
								2009-cu il tarixli əmri ilə 3 ali təhsil 
								müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji 
								Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, 
								Gəncə Dövlət Universiteti) bakalavr pilləsində 
								bu iş pilot layihə olaraq tətbiq edilməyə 
								başlanmışdır. Tətbiq ərəfəsində "Təhsilin 
								əsasları" fənnini tədris edəcək müəllimlər 
								treninqlərdən keçirilmişdir. 
								A.Süleymanova 
								bildirdi ki, artıq iki ildir hər semestr 
								başlamazdan əvvəl ADPU, AMİ, onun filiallarının 
								və GDU-nun pedaqogika kafedrasının müəllimləri 
								müvafiq kurslara cəlb olunurlar. Hazırkı kursda 
								isə əvvəlki 3 semestrdə auditoriya şəraitində 
								öyrənilmiş məsələlər məktəbdə təcrübədən 
								keçirilmişdir. Təlim kursu 132-134 nömrəli 
								Təhsil Kompleksində təşkil olunmuş, təcrübə 
								zamanı məktəbdəki mövcud şərait, məktəb 
								rəhbərliyinin aparılan islahatlarla bağlı 
								məlumatlılıq səviyyəsi və ona münasibət, 
								məktəbin idarə edilməsində rəhbərliyin əldə əsas 
								tutduğu prinsiplər, məktəbdə kollektiv 
								üzvlərinin qarşılıqlı münasibətləri və 
								əməkdaşlığın səviyyəsi tədqiq edilmişdir. 
								Təcrübə zamanı habelə, məktəb şurasının, 
								direktorun, onun müavinlərinin, metodbirləşmə 
								sədrinin və sinif müəllimlərinin iş planları, 
								onların icrası yolları, icra müddətləri 
								araşdırma obyekti olmuşdur. 
								Təcrübə 
								müddətində həm də siniflərdə mövcud vəziyyət 
								araşdırılmış, bununla əlaqədar şagirdlərin 
								fiziki və fizioloji sağlamlığı, idrak səviyyəsi, 
								mənəvi-psixoloji, sosial vəziyyəti, hazırlıq 
								səviyyəsi, maraq və ehtiyacları və s. 
								öyrənilməsi istiqamətində də iş aparılmış, 
								məktəb rəhbərliyinə, müəllimlərə müvafiq 
								tövsiyələr verilmişdir. 
								Diqqətə 
								çatdırıldı ki, təcrübə zamanı müdavimlər 48 saat 
								dərs demiş, aparılan dərslərin məktəbin 
								müəllimləri ilə birlikdə müzakirəsi 
								keçirilmişdir. 
								Sonra kursda 
								iştirak etmiş və təcrübə müddətində aparılmış 
								tədqiqatlarda fəallıq göstərmiş müdavimlərdən 
								AMİ-nin müəllimi Alimə Həşimova məktəbin 
								şəraitinin öyrənilməsi, həmin institutun dosenti 
								Rəşid Cabbarov məktəb sənədlərinin 
								araşdırılması, AMİ-nin doktorantı Vüsalə 
								Quliyeva siniflərdəki vəziyyət, AMİ-nin Quba 
								filialının müəllimi Pərvanə Dadaşova şagirdlərin 
								əqli və psixoloji inkişaflarının vəziyyəti, 
								AMİ-nin Mingəçevir filialının müəllimi Səbinə 
								Quliyeva uşaqların vəziyyəti, inkişaf 
								dinamikası, Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin dosenti Gülşən Novruzova 
								şagirdlərin maraqlarının müəyyənləşdirilməsi, 
								AMİ-nin Cəlilabad filialının müəllimi Eyvaz 
								Məmmədov müəllimlər tərəfindən fəaliyyətin 
								perspektiv və cari planlaşdırılması yönündə 
								görülmüş işlərin tədqiqatlarına həsr olunmuş 
								təqdimatlar etdilər. 
								AMİ-nin 
								Təhsilin idarəolunması və əlavə təhsil 
								kafedrasının müdiri, professor Ramiz Məmmədzadə 
								çıxışında Təhsil Nazirliyinin rəhbərliyi ilə 
								"Təhsilin əsasları" fənninin tədrisi 
								istiqamətində görülmüş işləri yüksək 
								qiymətləndirdi, bu kursun gələcək müəllimlərin 
								pedaqoji fəaliyyətə hazırlanmasında mühüm rol 
								oynadığını bildirdi. Təklif etdi ki, həmin 
								kursun təkcə ibtidai sinif müəllimlərinin deyil, 
								fənn müəllimlərinin hazırlığında da tətbiq 
								olunması, məktəb rəhbərlərinin bu fənn üzrə 
								kurslara cəlb edilməsi, kursun tədrisi ilə bağlı 
								fəaliyyətləri tənzimləmək və istiqamətləndirmək 
								məqsədi ilə Təhsil Nazirliyində müvafiq 
								bölmənin, bu mümkün deyilsə, AMİ-də 
								laboratoriyanın yaradılması məqsədəmüvafiq 
								olardı. R.Məmmədzadə çıxışının sonunda kursun 
								təşkilində və keçirilməsində zəhməti olanlara 
								minnətdarlıq etdi. 
								Təhsil naziri 
								Misir Mərdanov mərasimdə çıxış edərək "Təhsilin 
								əsasları" kursunun tətbiqi istiqamətində 
								görülmüş işlərdən söz açdı, irəli sürülən 
								təkliflərə münasibət bildirdi. Nazir qeyd etdi 
								ki, müəllimin praktik hazırlığına yönəlmiş 
								kursun tətbiqini müasir dövrün müəllimlərə 
								verdiyi yüksək tələblər şərtləndirmiş, bu işə 
								hazırlıq prosesində xarici ölkələrin təcrübəsi 
								öyrənilmiş, ölkənin tanınmış təhsil 
								mütəxəssisləri və ekspertləri cəlb olunmuşdur. 
								Kursun pilot 
								layihə olaraq 3 ali məktəbdə tətbiqinə 
								başlandığı vaxtdan keçən il yarım ərzində xeyli 
								iş görüldüyünü vurğulayan nazir həmin işlərin 
								bundan sonra da davam etdirilməsini və sistemli 
								şəkildə aparılmasını, ona məsuliyyətlə 
								yanaşılmasının vacibliyini diqqətə çatdırdı. 
								Nazir "Təhsilin əsasları" fənnindən dərs deyən 
								müəllimlər üçün təşkil olunmuş praktikyönümlü 
								kursu təqdir edərək gələcəkdə belə kursların ən 
								yaxşı təchiz olunmuş məktəblərlə yanaşı digər 
								tədris ocaqlarında da təşkil olunmasını, bu 
								istiqamətdə maarifləndirmə işlərini 
								genişləndirməyi, kursun mövcud proqramının bir 
								daha nəzərdən keçirilərək müvafiq təkmilləşdirmə 
								işləri aparılmasını, kursda deyilmiş dərslərin 
								yazılaraq metodik vəsait kimi çap olunması və 
								müəllimlərin istifadəsinə verilməsini tövsiyə 
								etdi, bəzi məsləhət və tapşırıqlar verdi. 
								Sonra nazir 
								"Təhsilin əsasları" fənni üzrə kursu başa vurmuş 
								müəllimlərə sertifikatlar təqdim etdi.  
								
								
								Yusif ƏLİYEV  | 
								  |