| 
								 Fevralın 12-də 
								Təhsil Nazirliyində "Məktəbəqədər və ibtidai 
								təhsil" jurnalının 40 illik yubileyinə həsr 
								olunmuş tədbir keçirilib. Mərasimdə təhsil 
								nazirinin müavinləri və nazirliyin müvafiq 
								struktur və bölmə rəhbərləri, Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin, Təhsil Problemləri 
								İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin, Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun 
								və təhsil müəssisələrinin nümayəndələri iştirak 
								ediblər. 
								
								 Tədbiri 
								giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov 
								iştirakçıları salamlayaraq bildirib ki, 
								Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev 
								tərəfindən əsası qoyulmuş və cənab İlham 
								Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən 
								təhsil islahatlarının mahiyyətinin ictimaiyyətə 
								düzgün çatdırılmasında kütləvi informasiya 
								vasitələrinin, müvafiq məcmuələrin, jurnalların 
								çox böyük rolu var. Təhsilin bünövrəsinin 
								məktəbəqədər və ibtidai təhsil pillələrində 
								qoyulduğunu nəzərə çatdıran nazir Azərbaycanın 
								təhsil işçiləri, Təhsil Nazirliyinin rəhbərliyi 
								adından jurnalın kollektivini təbrik edib, 
								onlara gələcək fəaliyyətlərində uğurlar 
								arzulayıb. 
								"Məktəbəqədər 
								və ibtidai təhsil"in 1970-ci ildən fəaliyyətə 
								başladığını, məcmuəyə bu günə qədər Yəhya 
								Kərimovun rəhbərlik etdiyini söyləyən Misir 
								Mərdanov ötən dövr ərzində jurnalın 180 
								nömrəsinin işıq üzü gördüyünü bildirib. Jurnalda 
								kurikulumla, təhsil islahatı ilə bağlı 
								məqalələrin dərc olunduğunu deyən nazir belə 
								məsuliyyətli bir işin daha səmərəli təşkili üçün 
								tövsiyələrini verib, "Məktəbəqədər və ibtidai 
								təhsil"in əməkdaşlarına Təhsil Nazirliyinin 
								Fəxri fərmanlarını təqdim edib, onlara pul 
								mükafatlarının veriləcəyini bildirib. 
								Yubiley 
								tədbirində çıxış edən baş redaktor, pedaqoji 
								elmlər doktoru, professor Yəhya Kərimov jurnalın 
								yaranma tarixindən söz açıb. Y.Kərimov jurnalın 
								formalaşmasında Nağı Günəşli, Əjdər Ağayev və 
								Məhəmməd Baharlının böyük əməyinin olduğunu qeyd 
								edib. O, təhsilimizin çiçəklənməsində, 
								müəllimlərin nəzəri və praktik biliklərinin 
								artırılmasında məcmuənin rolundan və qarşıda 
								duran məsələlərdən bəhs edib və jurnala 
								göstərdiyi qayğıya görə təhsil nazirinə 
								minnətdarlığını bildirib. 
								Sonra 
								Azərbaycan Təhsil Şurasının sədri, professor 
								Əjdər Ağayev, pedaqoji elmlər doktoru, professor 
								Hüseyn Əhmədov, Xudat şəhər 2 nömrəli məktəbin 
								müəllimi Nəzakət Kərimova, Azərbaycan Dillər 
								Universitetinin Pedaqogika kafedrasının dosenti 
								Vidadi Bəşirov, Təhsil Problemləri İnstitutunun 
								sosial tədqiqatlar şöbəsinin müdiri Limunət 
								Əmrahlı, "Azərbaycan məktəbi" jurnalının baş 
								redaktoru Nəcəf Nəcəfov, Azərbaycan Dövlət 
								Pedaqoji Universitetinin elmi işlər üzrə 
								prorektoru Vilayət Əliyev çıxış edərək jurnalın 
								Azərbaycan təsilinin inkişafı yolunda göstərdiyi 
								xidmətlərdən danışıb və redaksiya kollektivinə 
								gələcək işlərində uğurlar arzulayıblar.  
								
								
								Ədalət DAŞDƏMİRLİ  | 
								  |