| 
								 Təhsil 
								Nazirliyinin "Qaynar xətt" xidmətinə 
								(telefonlar: 496-34-82;  496-37-61; e-mail 
								ünvanı: 
								qaynar-xett@edu.gov.az) 2011-ci ilin yanvar 
								ayında 910 müraciət daxil olub. 
								Müraciətlərin 
								789-u telefonla, 121-i elektron poçt vasitəsilə 
								qəbul edilib. Bütün müraciətlər dinlənilib, 
								qeydə alınıb, araşdırılıb və cavablandırılıb. 
								Daxil olan 
								müraciətlərin əksəriyyəti sorğu və məlumat 
								xarakterlidir. Sorğular müəllimlərin işə qəbulu, 
								ümumtəhsil məktəblərinin IX və XI siniflərində 
								buraxılış imtahanlarının keçirilməsi, sağlamlıq 
								imkanları məhdud olan uşaqların təhsilinin 
								təşkili, beynəlxalq olimpiada qaliblərinə 
								verilən güzəştlər, xaricdə təhsil, təhsil 
								sənədlərinin tanınması, xaricdə təhsil alan 
								tələbələrin ölkə təhsil müəssisələrinə 
								köçürülməsi, təhsil müəssisələrində adambaşına 
								maliyyələşməyə keçilməsi, özəl ali təhsil 
								məktəblərində dövlət vəsaiti hesabına təhsil 
								alan tələbələrin təqaüdlə təmin olunması 
								qaydaları, məktəbli geyimi, pedaqoji işçilərin 
								dərs yükü, müəllimlərin əməkhaqqının 
								hesablanması, təhsil sənədlərinin alınması və 
								digər məsələlərlə bağlı olub. 
								Şikayət 
								xarakterli müraciətlər ümumi müraciətlərin cəmi 
								9,6 faizini təşkil edib. Bu müraciətlərdə 
								məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta 
								ixtisas və ali təhsil müəssisələrindəki 
								problemlərdən bəhs olunur.  
								Ümumtəhsil 
								məktəbləri və məktəbəqədər təhsil müəssisələri 
								ilə bağlı şikayətlər Bakı (15), Naftalan (2) və 
								Gəncə (1) şəhərlərindən, Abşeron (16), Cəlilabad 
								(3), Zaqatala (2), Yevlax (2), Göygöl (2), Lerik 
								(2), Şəki (1), Masallı (1), Yardımlı (1), Ağdaş 
								(1), Balakən (1), Saatlı (1)  rayonlarından 
								daxil olub. Həmin şikayətlərin böyük bir qismi 
								tədris müəssisələrində istilik sisteminin 
								qaydasında işləməməsi, məktəblərdə texniki 
								avadanlıqlar üçün pul yığılması, müxtəlif 
								nəşrlərin satışının təşkili və digər bu kimi 
								məsələləri əhatə edib. Abşeron rayon ümumtəhsil 
								məktəblərindən daxil olan müraciətlər isə 
								şagirdlərə məcburi qaydada təkrar məktəbli 
								formasının satılması ilə bağlıdır. Texniki peşə 
								məktəblərindən 2 şikayət daxil olub ki, bu da 
								Bakı 2 nömrəli və İsmayıllı peşə liseyləri 
								haqqındadır. 
								Təhsil 
								nazirinin "Ali və orta ixtisas təhsili 
								müəssisələrində 2010-2011-ci tədris ilinin qış 
								imtahan sessiyasının təşkili və keçirilməsi 
								haqqında" əmrinin icrası ilə bağlı "Qaynar xətt" 
								xidmətinə daxil olan müvafiq müraciətlərin 
								operativ şəkildə araşdırılması təmin olunub. Bu 
								da, öz növbəsində, ali və orta ixtisas təhsili 
								müəssisələrində tələbələrin biliyinin 
								qiymətləndirilməsində şəffaflığı və obyektivliyi 
								təmin etməyə, yarana biləcək neqativ halları 
								aradan qaldırmağa və digər müvafiq tədbirlərin 
								həyata keçirilməsinə kömək edir. 
								2010-2011-ci 
								tədris ilinin qış imtahan sessiyası dövründə 
								"Qaynar xətt" xidmətinə ali və orta ixtisas 
								təhsili müəssisələrindən daxil olan 100-dən 
								artıq müraciətin çoxu sorğu xarakterlidir. 35 
								müraciətdə şikayət və nöqsanlardan bəhs edilir 
								ki, onlardan da 21-i dövlət, 10-u özəl ali, 4-ü 
								orta ixtisas təhsil müəssisələrindən qəbul 
								olunub. 
								Ali təhsil 
								müəssisələrindən daxil olan müraciətlər semestr 
								imtahanlarının test üsulu ilə təşkili, Boloniya 
								sisteminin tətbiqi, pedaqoji və istehsalat 
								təcrübəsinin təşkili, magistratura təhsili, 
								tələbələrin imtahanlara buraxılması, təhsil 
								haqqının ödənilməsi, özəl ali təhsil 
								müəssisələrində tələbələrə təqaüdlərin verilməsi 
								qaydaları və digər mövzuları əhatə edir. Bakı 
								Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad 
								Universiteti, Azərbaycan Tibb Universiteti, 
								Azərbaycan Memarlıq və İnşaat Universiteti, 
								Azərbaycan Texniki Universiteti, Azərbaycan 
								Dillər Universiteti, Sumqayıt Dövlət 
								Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası 
								və digər ali təhsil müəssisələrindən daxil olan 
								müraciətlərdə tələbələr daha çox aldıqları 
								qiymətlərdən narazılıqlarını bildirir, 
								apelyasiya qaydasında qiymətlərinin 
								yüksəldilməsinə köməklik göstərilməsini xahiş 
								edirlər. Bununla əlaqədar Təhsil Nazirliyinin 
								əməkdaşları müraciət daxil olmuş ali təhsil 
								müəssisələrinin nümayəndələri ilə birgə 
								araşdırmalar aparıb və tələbələrin biliyinin 
								imtahanda göstərdikləri nəticələrə əsasən 
								obyektiv qiymətləndirilməsi təmin olunub. 
								Azərbaycan Turizm İnstitutundan daxil olan 
								müraciətdə isə imtahanlarda tələbələrin 
								biliklərinin qiymətləndirilməsi meyarlarının 
								gözlənilməməsi əksini tapıb. 
								Özəl ali 
								təhsil müəssisələrindən daxil olan 10 müraciət 
								Bakı Biznes Universiteti, Qafqaz Universiteti və 
								fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq 
								Universiteti ilə bağlı olub. İmtahanın 
								keçirilməsi qaydalarının pozulması və məzunlara 
								diplomların verilməməsi, dövlət hesabına özəl 
								ali məktəblərdə təhsil alan tələbələrə 
								təqaüdlərin ödənilməsində yaranmış problemlərin 
								həlli ilə əlaqədar olan bütün bu müraciətlər 
								yerində araşdırılıb, müraciət müəlliflərinə 
								cavab verilib. 
								Orta ixtisas 
								təhsili müəssisələri ilə əlaqədar Bakı Dövlət 
								Sosial-İqtisad, Bakı Dövlət Rabitə və Nəqliyyat, 
								Ağcabədi Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat 
								və Humanitar kolleclərindən müraciətlər daxil 
								olub. Həmin müraciətlərdə imtahanda verilmiş 
								qiymətlərdən narazılıq, tələbələrin imtahanlara 
								buraxılmaması və digər məsələlər ifadə edilir. 
								Bu müraciətlər araşdırıldıqdan sonra müraciət 
								müəllifləri məlumatlandırılıb. 
								Müraciətlərə 
								əsasən aparılmış araşdırmalarla bağlı müvafiq 
								tədbirlərin həyata keçirilməsi üçün bütün 
								struktur bölmələrə məlumatlar verilib, gələcəkdə 
								belə nöqsanların qarşısının alınması tövsiyə 
								olunub.  | 
								  |