| 
								 Artıq 
								dördüncü  ildir ki,  respublikamızın ümumtəhsil 
								məktəblərində mərkəzləşdirilmiş qaydada yoxlama 
								və buraxılış imtahanları keçirilir. Təcrübə 
								göstərir ki, əvvəlki illərlə müqayisədə imtahan 
								prosesinin aparılma mexanizmi təkmilləşmiş, 
								şagirdlərin və valideynlərin yoxlama və 
								buraxılış imtahanlarının mərkəzləşdirilmiş 
								qaydada aparılmasına münasibətləri müsbət mənada 
								dəyişmişdir. 
								Fevralın 12-də 
								və 13-də Bakı şəhəri üzrə ümumi orta təhsil və 
								tam orta təhsil səviyyələri  üzrə 2010-2011-ci 
								dərs ilinin mərkəzləşdirilmiş qaydada  yoxlama 
								imtahanları keçirilmişdir.  
								Aparılan 
								yoxlama imtahanlarında imtahan rəhbəri kimi 
								yalnız Təhsil Nazirliyinin əməkdaşları deyil, 
								həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, 
								Təhsil Problemləri İnstitutunun, Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunun, müxtəlif ali və orta ixtisas 
								məktəblərinin əməkdaşları, Bakı şəhərinin 
								qabaqcıl məktəb direktorları, direktor 
								müavinləri və müəllimləri yaxından iştirak 
								etmişlər. İmtahan rəhbərləri və nəzarətçilər bu 
								dövlət əhəmiyyətli mühüm tədbirin həyata 
								keçirilməsində fəal iştirak edib, yoxlama 
								imtahanlarının obyektiv, şəffaf aparılması üçün 
								əllərindən gələni etmişlər. 
								Fevralın 12-də 
								keçirilmiş yoxlama imtahanlarında 
								Valideyn-Müəllim Assosiasiyasının nümayəndələri 
								72 mərkəzdən 67-sində müşahidəçi valideyn 
								qismində iştirak etmişlər. Onlar möhürlü 
								zərflərin açılmasını, sual və cavab kartlarının 
								şagirdlərə paylanmasını müşahidə etmiş, 
								imtahanların gedişi ilə tanış olmuşlar. 
								Müşahidəçi  valideynlər imtahanın sonunda öz rəy 
								və təkliflərini də yazmışlar. 
								245 nömrəli 
								tam orta məktəbdə təşkil edilmiş mərkəzdə 
								imtahanda  iştirak edən Valideyn-Müəllim 
								Assosiasiyasının nümayəndəsi, Bakı şəhəri 47 
								nömrəli tam orta məktəbin valideyni Esmira 
								Əhmədovanın rəyindən: "İmtahanlar vaxtında - 
								saat 10:00-da başladı. Şagirdlərə sual 
								kitabçaları və cavab kartları paylandıqdan sonra 
								dəhlizlərdə  bir nəfər də olsa şagirdə rast 
								gəlmədim. İmtahanlar çox şəffaf keçirilirdi və 
								imtahan nəzarətçiləri öz işlərinin öhdəsindən 
								məsuliyyətlə gəlirdilər".  
								Xətai rayonu 
								138 nömrəli tam orta məktəbdə təşkil edilmiş 
								mərkəzdə nəzarətçi valideyn olmuş Naira Həyatova 
								rəyində qeyd edir: "İmtahan saat 10:00-da 
								başladı. Həm nəzarətçi müəllimlər,  həm də 
								imtahan rəhbərləri məsuliyyətlə öz işlərini 
								yerinə yetirirdilər. Problem təkcə şagirdlərin 
								mobil telefonlarla içəri keçmələri idi. 
								İmtahandan əvvəl və imtahanın gedişi zamanı 
								telefonların ciddi nəzarətlə yığılmasına 
								baxmayaraq, yenə də şagirdlərdən mobil telefon 
								tapılırdı. Məncə, bu problemi həll etmək üçün 
								ciddi tədbirlər görmək lazımdır. 
								İmtahan saat 
								13:00-da başa çatdı. Şagirdlərdən cavab kartları 
								lazımi qaydada yığıldı". 
								Lalə 
								Adıgözəlova 152 nömrəli tam orta məktəbin 
								valideyni kimi 267 nömrəli tam orta məktəbdə 
								yerləşən mərkəzdə olmuşdur. O, imtahan 
								rəhbərinin hesabatında qeyd etmişdir ki, 
								qaydaları pozduğuna görə  bir nəzarətçi müəllim 
								imtahandan xaric edilmiş, bir nəzarətçi müəllim 
								isə qeyri-kafi qiymətləndirilmişdir. 
								
								Mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama  
								imtahanlarında Valideyn-Müəllim Assosiasiyasının 
								nümayəndələrinin iştirakı  valideyn  və  
								müəllimlər  tərəfindən müsbət  
								qiymətləndirilmişdir.   |