| 
								 Azərbaycan 
								Dillər Universitetinin (ADU) Elmi Şurasının 
								2011-ci ildə ilk iclası keçirildi. İclası giriş 
								sözü ilə açan Elmi Şuranın sədri, ADU-nun 
								rektoru, professor Səməd Seyidov rəhbərlik 
								etdiyi ali təhsil ocağının ötən ildə gördüyü 
								işlər, bu işlərin respublika təhsil 
								ictimaiyyətində yaratdığı təəssürat, eləcə də 
								dövlət rəhbərliyi tərəfindən verilən 
								tapşırıqların vaxtında yerinə yetirilməsindən 
								danışdı. O bildirdi ki, bunun məntiqi nəticəsi 
								olaraq ötən ilin sonunda keçirilən rəy sorğusu 
								əsasında ADU "İlin universiteti" seçilib. 
								 
								Bunun 
								səbəbinin universitetdə formalaşan 
								müəllim-tələbə münasibəti, müəllimə öz pedaqoji 
								biliyini çatdırmaq üçün yaradılan şərait, 
								tələbələrə öz fikir və bacarıqlarını ifadə etmək 
								üçün formalaşdırılan mühit olduğunu bildirən 
								rektor 2010-cu ili universitet üçün uğurlu və 
								mənalı il adlandırdı. O, əmin olduğunu bildirdi 
								ki, 2011-ci il də universitet üçün uğurlu 
								olacaqdır. Görüləcək işlərin, gerçəkləşdiriləcək 
								layihələrin çox olduğunu vurğulayan rektor 
								gələcəkdə yeni ixtisasların (Yaponşünaslıq, 
								Ərəbşünaslıq, Jurnalistika) açılacağını və bu 
								məsələyə Təhsil Nazirliyinin dəstək olacağına 
								inandığını dilə gətirdi. Rektor həmçinin qeyd 
								etdi ki, yeni kafedraların açılması, 
								kafedraların işlərinin səmərəli şəkildə təşkil 
								olunması, fakültələrdə islahatlar aparılması, 
								məqsədəuyğun olmayan və nəzərdə tutulan planları 
								doğrultmayan kafedraların bağlanması, təcrübəli 
								professor-müəllim heyətinin universitetdə 
								saxlanması prioritet istiqamətlərdəndir. 
								 
								Təhsil 
								sistemində yeni maliyyələşmə sistemi, 
								tələbələrlə işin yüksək səviyyədə qurulması, 
								universitetin beynəlxalq əlaqələrindən də 
								danışan rektor qış imtahan sessiyasının da 
								uğurlu keçdiyini Elmi Şura üzvlərinin diqqətinə 
								çatdırdı.  
								ADU-nun Tədris 
								işləri üzrə prorektoru, professor Natiq Yusifov 
								qış imtahan sessiyası barədə məlumat verdi. Onun 
								dediyinə görə, qış imtahan sessiyası obyektiv 
								nəticələrlə müşayiət edildi. Rektorun 
								imtahanların şəffaf və obyektiv keçirilməsi 
								haqqında əmr imzaladığını xatırladan prorektor 
								əmrdən irəli gələn məsələlərin həlli üçün zəruri 
								addımların atıldığını bildirdi.  
								Yeni yaranan 
								Əlavə təhsil fakültəsinin dekanı, dosent Yasəf 
								Mürşüdov fakültə haqqında məlumat verdi. Əlavə 
								təhsilin istiqamətləri haqqında danışan 
								Y.Mürşüdov ixtisasartırma təhsili sahəsində olan 
								problemlər və perspektivlərdən də söz açdı.
								 
								ADU-nun 
								İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin 
								rəhbəri Zeynab Kazımova  isə hesabat xarakterli 
								çıxışında Mətbuat xidmətinin fəaliyyət 
								istiqamətlərinə toxundu.  Elmi işlər üzrə 
								prorektor, professor Dünyamin Yunusov elmi hissə 
								tərəfindən daxil olan sənədlər haqqında danışdı.
								 
								
								
								ADU-nun Mətbuat xidməti  |