| 
								 Əbdüləzəl 
								Dəmirçizadənin başlıca idealı Azərbaycan dilinin 
								məna gözəlliklərini qorumaq və zənginləşdirmək 
								idi  
								"...Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy 
								Haqverdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi 
								görkəmli şəxslərin tələbəsi olmuşam, ədəbiyyat, 
								incəsənət və elm sahəsində bir sıra məşhur 
								şəxsiyyətlərlə - Səməd Vurğun, Süleyman Rüstəm, 
								Əbülhəsən, Sabit Rəhman, akademik Həmid Araslı, 
								professor Cəfər Xəndan, xalq rəssamı S.Salamzadə 
								və başqaları ilə sinif yoldaşı olaraq təhsil 
								almışam... Dilçilik sahəsində əsl tədqiqat 
								aparmaq zərgərlikdir".  
								
								
								
								Əbdüləzəl DƏMİRÇİZADƏ  
								
								 Azərbaycanın 
								görkəmli dilşünas alimi, EA-nın müxbir üzvü, 
								filologiya elmləri doktoru, professor Əbdüləzəl 
								Məmməd oğlu Dəmirçizadə (Rəsulov) 1909-cu ildə 
								Şəki şəhərində dəmirçi ailəsində anadan 
								olmuşdu.   İlk təhsilini 1917-1922-ci illərdə 
								Şəkidə "Hədiqətül-maarif" adlı məktəbdə almış 
								Əbdüləzəl Məmməd oğlu sonra Şəki nümunə zəhmət 
								məktəbində oxumuş, 1925-ci ildə Şəki Müəllimlər 
								Seminariyasına daxil olmuşdu.   Pedaqoji məktəbi 
								bitirən gənc 2 nömrəli tədris ocağına müəllim 
								təyin edilmiş, müəllimlik etməklə yanaşı, "Şəki 
								fəhləsi" qəzetinin fəal müxbiri, "Qızıl qələm" 
								cəmiyyətinin Şəki təşkilatının üzvlərindən biri 
								olmuşdur.  1929-cu ildə Ə.Dəmirçizadə ali təhsil 
								almaq niyyəti ilə Bakıya gəlmiş, Azərbaycan 
								Dövlət Darülfünununun dil-ədəbiyyat fakültəsinə 
								daxil olmuşdur.  Tələbəlik illərində o, sonralar 
								Azərbaycan elmi və mədəniyyəti tarixində 
								tanınmış şəxslərə çevrilmiş insanlarla 
								ünsiyyətdə olmuşdur.  Son kursda  oxuyarkən 
								Ə.Dəmirçizadə professor B.Çobanzadənin rəhbərlik 
								etdiyi dillər kafedrasında çalışmışdır. Ali 
								təhsili başa vuran gənc müəllim ailə vəziyyəti 
								ilə əlaqədar Şəkiyə qayıdıb pedaqoji 
								fəaliyyətini davam etdirmişdir.  Bir il sonra 
								professor B.Çobanzadə onu Bakıya 
								çağırtdırmışdır. Dilçilik üzrə aspiranturaya 
								daxil olan Əbdüləzəl Dəmirçizadə həm də 
								kafedranın müəllimi işləmişdir. 
								Əbdüləzəl 
								Dəmirçizadənin 1938-ci ildə nəşr etdirdiyi 
								"Azərbaycan ədəbi dili tarixi xülasələri" adlı 
								ali məktəb tələbələri üçün dərsliyi keçmiş SSRİ 
								məkanında tanınmış S.E.Malov, N.K.Dmitriyev, 
								Y.E.Bertels kimi alimlərin diqqətini cəlb etmiş, 
								əsəri namizədlik dissertasiyası kimi müdafiə 
								etmək tövsiyə olunmuşdur. 
								1940-cı ildə 
								həmin əsərə görə filologiya elmləri namizədi 
								alimlik dərəcəsi alan Ə.Dəmirçizadə 4 il sonra 
								artıq "Azərbaycan dilinin tarixi" (qədim dövr)" 
								mövzusunda doktorluq dissertasiyasını müdafiə 
								etmişdi. 
								Professor 
								Ə.Dəmirçizadə 40-cı illərin əvvəllərində ADU-nun 
								kafedra müdiri vəzifəsində çalışmışdır. 1943-cü 
								ildən o, həyatının sonuna qədər Azərbaycan 
								Dövlət Pedaqoji İnstitutunun Azərbaycan 
								dilçiliyi kafedrasına rəhbərlik etmişdir. 
								1951-1960-cı illərdə professor Dəmirçizadə həm 
								də Azərbaycan SSR EA-nın Nizami adına Dil və 
								Ədəbiyyat İnstitutunda Azərbaycan dili tarixi 
								şöbəsinin müdiri olmuş, elmi əsərlərin 
								hazırlanmasında, kadr yetişdirilməsində əmək 
								sərf etmişdir. 
								
								 Ə.Dəmirçizadə 
								1955-ci ildə EA-nın müxbir üzvü seçilmişdir. 
								Professor Ə.Dəmirçizadə türkologiya elminin 
								görkəmli nümayəndəsi olmuşdur. O, hələ 
								sağlığında, Azərbaycan dilçiliyinin 
								dialektologiya sahəsi müstəsna olmaqla, bütün 
								sahələrə aid ilk tədqiqatçı kimi 
								dəyərləndirilmişdi. 
								Maraqlı cəhət 
								burasıdır ki, Əbdüləzəl Dəmirçizadə Azərbaycan 
								dilçiliyinin müxtəlif sahələrinə aid kitablar, 
								məqalələr yazmaqla məhdudlaşmamışdır. 
								Professor 
								Dəmirçizadə Azərbaycan dili, onun tədrisi 
								metodikası üzrə, eləcə də Azərbaycan ədəbiyyatı 
								mütəxəssislərinin müəyyən qisminin yetişməsində 
								öz zəhmətini əsirgəməmişdir. 
								Əbdüləzəl 
								Dəmirçizadə böyük türkoloq alim olmaqla yanaşı, 
								həm də bir elm təşkilatçısı idi. Uzun illər 
								Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki 
								ADPU) Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik 
								etmişdi. Bu kafedra böyük alimin qayğısı və 
								yaxından köməyi ilə Azərbaycanın dilçi alimlər 
								ordusu sırasına bir çox bacarıqlı kadrlar 
								vermişdir. 
								Vaxtilə 
								professor Ə.Dəmirçizadə ilə birgə çalışmış 
								Azərbaycan dilçiliyi kafedrası üzvlərinin 
								təsdiqlədikləri kimi, səmimilik, təmkinlilik, 
								təvazökarlıq, qayğıkeşlik, əməksevərlik, gözəl 
								yaddaşa və məntiqi mühakiməyə malik olmaq onun 
								şəxsi keyfiyyətlərindən idi. 
								Dilçi 
								kadrların yetişməsi sahəsində Ə.Dəmirçizadənin 
								böyük xidmətləri olmuşdur. Belə ki, onun 
								rəhbərliyi altında 70-dən çox elmlər namizədi və 
								elmlər doktoru yetişmişdir. Neçə-neçə dilçi  
								alimin müdafiəsində opponentlik etmişdir.  
								Azərbaycan 
								dilinin tarixi, fonetika və qrammatikası, 
								üslubiyyatı sahəsində tədqiqləri  
								Elm sahəsində 
								istedadlı alim kimi tanınmış Ə.Dəmirçizadə 
								"Müasir Azərbaycan dilinin fonetikası", 
								"Azərbaycan dilinin üslubiyyatı", "Azərbaycan 
								ədəbi dili tarixi xülasələri", "M.F.Axundov dil 
								haqqında və Axundovun dili", "Kitabi-Dədə 
								Qorqud" dastanlarının dili" kitabları ilə 
								dilşünaslığımızı zənginləşdirmişdir. 
								Professor Əziz 
								Əfəndizadə müdrik həmyerlisi ilə bağlı qələm 
								məhsulunda ("Onun həyat yolu") yazırdı: 
								Professor Ə.Dəmirçizadə elmi fəaliyyətinin ən 
								böyük hissəsini dilimizin tarixinin tədqiqinə 
								sərf etmişdir. O, həmin sahədəki elmi 
								fəaliyyətinə Azərbaycan ədəbiyyatı 
								klassiklərinin dilinin tədqiqi ilə başlamışdır. 
								Həmin tədqiqlərin nəticələri olaraq yazılmış 
								"Qasım bəy Zakirin dili haqqında", 
								"C.Cabbarlının dramaturgiya dili", "M.Ə.Sabirin 
								satira texnikası", "Azərbaycan ədəbi dili 
								tarixində M.F.Axundovun yeri", "M.F.Axundovun 
								pyeslərinin dili" və s. məqalələr "Revolyusiya i 
								kultura" (indiki "Azərbaycan" jurnalı), 
								"Müəllimə  kömək"  jurnallarında, "Ədəbiyyat" və 
								"Azərbaycan müəllimi" qəzetlərində dərc 
								olunmuşdur. Bu yazılarla gənc dilşünas ədəbi 
								dillə bağlı elmi problemin həlli istiqamətində 
								ilk addımlarını atırdı. 
								1938-ci ilin 
								sonlarında çapdan çıxmış "Azərbaycan ədəbi dili 
								tarixi xülasələri" haqlı olaraq ədəbi dilimizin 
								"inkişaf tarixini öyrənməkdə ilk bünövrə daşı" 
								(Ə.Əfəndizadə) hesab olunur. "Kitabi-Dədə 
								Qorqud"un, Nəsimi, Xətai, Füzuli, Vaqif, 
								M.F.Axundov və başqa söz sənətkarının dil və 
								üslub xüsusiyyətləri, müxtəlif üslubların 
								formalaşıb inkişaf etməsi, qrammatik vahidlərin 
								təkmilləşməsi prosesləri haqqında məlumatların 
								təhlil edildiyi kitab o dövrdə məşhur türkoloq 
								N.K.Dmitriyev tərəfindən türkologiyada ilk 
								orijinal əsər kimi qiymətləndirilmişdir. 
								Professor 
								Ə.Dəmirçizadənin ən irihəcmli və çox dəyərli 
								əsərlərindən biri "Azərbaycan dilinin tarixi" 
								(1948) dörd böyük fəsildən ibarətdir. 
								Bu çox maraqlı 
								və ciddi tədqiqat əsəri barədə akademik 
								E.Struve, akademik İ.İ.Meşşaninov yüksək 
								fikirlər söyləmişlər. 
								Akademik 
								İ.İ.Meşşaninov əsərə verdiyi rəydə yazmışdır: 
								"Bu əsərin 
								müəllifi heç bir sələfə malik olmadan, birinci 
								dəfə ən qədim dövrlərdən Azərbaycan dilinin 
								tarixini verir, son dərəcə mürəkkəb bir məsələ 
								üzərində qurulmuş olan bu əsər birinci və ciddi 
								əsərdir. Madam ki, tarixçi ölkənin ümumi 
								tarixini yazmaqla məşğuldur, dilçi də dil 
								sahəsində belə bir vəzifəni öhdəsinə 
								götürməlidir. Ə.Dəmirçizadə bu mövzunu götürmüş 
								və onu müvəffəqiyyətlə yerinə yetirmişdir. 
								O, birinci 
								olaraq geniş dairədə sövti müqayisəli təhlildən 
								istifadə etmişdir. Bu isə ona bir sıra yeni və 
								çox qiymətli fikirlər söyləmək imkanı 
								vermişdir...". 
								Dilimizin 
								tarixini öyrənmək sahəsində professor 
								Ə.Dəmirçizadənin böyük xidmətlərindən biri də 
								"Kitabi-Dədə Qorqud" dastanlarının dili üzərində 
								apardığı tədqiqatdır. Qeyd etmək lazımdır ki, 
								həmin dastanlar indiyədək dünya alimlərindən bir 
								çoxunun diqqətini cəlb etmiş, onun haqqında 
								saysız-hesabsız tədqiqat əsərləri yaradılmışdır. 
								Lakin bəzi mübahisəli məsələləri, məsələn, bu 
								dastanların nə zaman yaradıldığını, hansı xalqa 
								mənsub olduğunu və s. dil materialları əsasında 
								sübuta yetirmək üçün təşəbbüs göstərən 
								olmamışdır. Belə bir təşəbbüsü ilk dəfə, demək 
								olar ki, professor Ə.Dəmirçizadə öz öhdəsinə 
								götürmüş və həmin dastanların dilini ətraflı 
								şəkildə öyrənməklə bir sıra maraqlı nəticələrə 
								gəlmişdir. O, "Kitabi-Dədə Qorqud" dilindəki 
								leksik, qrammatik və fonetik xüsusiyyətləri 
								müəyyənləşdirməklə bu dastanların Azərbaycan 
								dilinin ən qədim abidəsi olduğunu sübut etmək 
								üçün tutarlı əsaslar göstərmişdir. Bütün bu kimi 
								məziyyətlərinə görə, məşhur türkoloq, SSRİ 
								EA-nın müxbir üzvü olmuş professor A.N.Kononov 
								müəllifin həmin əsərini "Kitabi-Dədə Qorqud" 
								dastanlarının öyrənilməsində "yeni bir mərhələ" 
								adlandırmışdır. 
								Professor 
								Ə.Dəmirçizadə "Azərbaycan dilinin sövtiyyatı" 
								(1947), "Müasir Azərbaycan dilinin fonetikası" 
								(1960) kitablarını nəşr etdirmişdi. Dilimizin 
								orfoepiyası və orfoqrafiyasına aid məqalələri 
								çap olunmuşdu. 
								"Azərbaycan 
								dilinin üslubiyyatı" (1962) əsəri bu sahədə 
								əsaslı mənbələrdəndir. 
								Alimin 
								etimologiya sahəsində araşdırmalarının bəhrəsi 
								olan "50 söz" əsəri (Bakı, 1968) dilimizin 
								tarixini öyrənənlər, tarixçilər üçün, geniş 
								oxucu kütləsi üçün bu gün də öz dəyərini 
								saxlayan kitabdır.  
								Dilin 
								tədrisi metodikası ilə bağlı dəyərli məqalələr  
								Azərbaycan 
								dilçilik elminin üçlüyü kimi tanınan 
								M.Şirəliyev, Ə.Dəmirçizadə və M.Hüseynzadə həm 
								də orta məktəblər üçün dərslik hazırlayıblar. 
								Akademik M.Şirəliyevlə professor M.Hüseynzadənin 
								dərsliyi uzun illər orta məktəblərdə istifadə 
								olunmuşdur. 
								Professor 
								B.Çobanzadənin digər yetirməsi - Ə.Dəmirçizadə 
								1936-cı ildə ibtidai məktəbin III sinfi üçün 
								"Türk (Azərbaycan-Ş.M.) dili" adlı ilk kitabı 
								hazırlamışdır. 
								Sonralar 
								Ə.Dəmirçizadə orta məktəblər üçün "Qrammatika" 
								(1938), kar-lallar üçün "Azərbaycan dili" (1941) 
								və "Azərbaycan dili" (1941) dərsliklərini 
								hazırlamış, bunlar uzun illər tədris 
								müəssisələrində istifadə olunmuşdur. 
								Azərbaycan 
								dilçiliyinin bu görkəmli nümayəndəsi həm də ana 
								dili tədrisinin bu və ya digər məsələləri ilə 
								maraqlanmış, Azərbaycan dilinin tədrisi ilə 
								bağlı otuza yaxın jurnal və qəzet məqaləsi çap 
								etdirmişdir. Tanınmış metodist alim, mərhum Əhəd 
								Əhmədov yazırdı: "Bu məqalələrin  məzmunundan 
								aydın olur ki, professor Ə.Dəmirçizadə dil 
								tədrisinin nəzəri və praktik məsələləri ilə 
								təsadüfi deyil,  bir tədqiqatçı kimi həmişə 
								sistemli, mütəşəkkil və ardıcıl şəkildə məşğul 
								olmuşdur. Ə.Dəmirçizadə Azərbaycan dili 
								tədrisinin bugünkü problemləri ilə yanaşı, həm 
								də onun keçmiş olduğu inkişaf tarixinə nəzər 
								salmış, bu sahədə maraqlı tədqiqat işi 
								aparmışdır". 
								Ə.Dəmirçizadə 
								məqalələrində ana dili dərslik və proqramlarına 
								münasibətini bildirmiş, təlimdə dərsliyin rolunu 
								düzgün dəyərləndirmişdir. Bu baxımdan 1936-cı 
								ildə "Müəllimə kömək" (indiki "Azərbaycan 
								məktəbi") jurnalının 9-cu nömrəsində çap olunmuş 
								metodik məktub, "Azərbaycan məktəbi"nin 1946-cı 
								il 2-ci nömrəsində verilmiş "Məktəb sərfinin 
								elmi əsasları" məqalələri dərsliklərin 
								vəziyyətini ətraflı təhlil edən, nöqsanları 
								obyektiv göstərən, dərsliklərin keyfiyyətinin 
								yaxşılaşdırılması ilə bağlı dəyərli təklif və 
								mülahizələrlə zəngin olan qələm məhsullarıdır. 
								"Orta məktəbin 
								Azərbaycan dili proqramması haqqında", 
								"Sintaksisi elmi əsaslar üzərində qurmalı", "Ana 
								dili təlim fənlərinin əsasıdır", "Sinifdənxaric 
								oxu", "Savadlı şagirdlər yetişdirək", "Ana 
								dilini əla bilməli", "Mübtədanın sualları 
								haqqında" və s. məqalələr ötən əsrin 40-50-ci 
								illərində "Kommunist", "Azərbaycan müəllimi", 
								"Ədəbiyyat" qəzetlərində dərc olunmuş, böyük 
								əks-səda doğurmuş elmi-metodik yazılardır. 
								Ə.Dəmirçizadə 
								Azərbaycan dilinin keyfiyyətli tədrisi üçün 
								mühit, müəllim və dərslik amillərini başlıca 
								şərt hesab edirdi. Müəllif yazırdı: "AiləniE 
								dilin öyrənilməsində mühüm rol oynayan 
								amillərdən biri olan mühitə daxil etmək lazım 
								gəlir. Mühit adlandırdığımız amilə təşkilat, 
								teatr, radio, kino və  bir  sıra yığıncaqlar da  
								daxildir.  Dilin  öyrənilməsində, nitq 
								inkişafında bunların böyük rolu vardır".  
								Taleyimdə 
								izi qalan insan  
								   
								Paşa 
								Əfəndiyev, 
								əməkdar elm 
								xadimi, filologiya elmləri doktoru, professor  
								Böyük Vətən 
								müharibəsinin qızğın çağları idi. Səhv 
								etmirəmsə, 1944-cü ilin qışı idi. Orta məktəbin 
								VIII sinfində oxuyurdum. Atam oxuduğum məktəbdə 
								rus dili müəllimi idi. Bir qayda olaraq, mən 
								onun aldığı qəzet və jurnalları vərəqləyirdim. 
								Bir gün "Müəllimə kömək" ("Azərbaycan məktəbi" 
								jurnalı o vaxt belə adlanırdı) jurnalı 
								nömrələrinin birində Əbdüləzəl Dəmirçizadənin 
								şəklinə rast gəldim. Ayaq üstdə dayanmışdı, 
								əlində də kitab tutmuşdu. Nədənsə, onun çöhrəsi, 
								duruşu diqqətimi cəlb elədi. Yazılmışdı ki, 
								Dəmirçizadə  doktorluq dissertasiyası müdafiə 
								edib. Dəmirçizadə ilə ilk tanışlığım belə 
								olmuşdur. 
								Mən o zaman 
								haradan biləydim ki, orta məktəbi bitirdikdən 
								sonra pedaqoji instituta girəcəyəm və 
								Ə.Dəmirçizadə də mənim müəllimim olacaqdır. 
								İnstitutda 
								mənə Azərbaycan dilindən aşağıdakı müəllimlər 
								dərs demişlər: Ə.Dəmirçizadə, Zeynal Tağızadə, 
								İsmayıl Əfəndiyev və Böyükxanım Rəhimova. III-IV 
								kurslarda bizimlə dildən yalnız Ə.Dəmirçizadə 
								məşğul olurdu. Dil tarixini və tarixi 
								qrammatikadan mühazirələri Əbdüləzəl müəllim 
								oxuyurdu. Onun aramla, səbr və böyük həvəslə 
								oxuduğu mühazirələrin sədaları indi də 
								qulağımdadır. Mühazirələrin müəyyən hissəsini 
								yazdırır və sonra da izah edirdi. O zaman 
								Azərbaycan dilinin tarixinə dair, demək olar ki, 
								çap materialı yox idi. Biz xüsusilə Əbdüləzəl 
								müəllimin "Dədə Qorqud" dastanlarının dilinə aid 
								olan mühazirələrini, demək olar ki, 
								əzbərləmişdik. Dastandan gətirilən uğurlu 
								misallar bizə eyni zamanda dastanın özünü 
								öyrənməyə  kömək göstərirdi. Əbdüləzəl müəllim 
								kafedra müdiri kimi "Kitabi-Dədə Qorqud"dan 
								ixtisas kursu da qoymuşdu. 
								...1950-ci 
								ildə Əbdüləzəl müəllim dil və ədəbiyyat 
								fakültəsinin dekanı oldu. Ali məktəbi bitirəndə 
								Ə.Dəmirçizadə mənə tapşırdı ki, Azərbaycan 
								ədəbiyyatı tarixi kafedrasının müdiri professor 
								M.Rəfilinin yanına gedim, həm rəhbərliyini xahiş 
								edim, həm də referat üçün mövzu istəyim. O zaman 
								vəziyyət ağır idi. Yataqxanaya getdim, çox 
								fikirləşdim. Nəhayət, qərar çıxardım ki, mən 
								kəndə getməliyəm (Məni Şəki rayonunun Baş Göynük 
								kənd bir nömrəli orta məktəbinə dil-ədəbiyyat 
								müəllimi göndərmişdilər). Bir-iki gün sonra 
								institutda Əbdüləzəl müəllimlə rastlaşdıq: - 
								Paşa! (O, mənə həmişə belə müraciət edirdi). 
								Sənədlərini hazırladınmı? Mövzu götürdünmü?
								 
								Mən duruxdum, 
								dedim ki, professor, mən kəndə gedirəm. 
								Əbdüləzəl müəllim tutuldu, ciddi bir görkəm 
								aldı, incik bir vəziyyətdə dedi ki, hara 
								gedirsən? Dedim ki, rayona, sənədlərimi də 
								vermişəm qeydiyyatdan çıxarsınlar. Çarəm yox 
								idi, utana-utana vəziyyəti ona danışdım, 
								professor dedi ki, atana teleqram vur, ondan 
								icazə al, dörd il səni gözləyib, üç il də 
								gözləyər. O əlavə elədi ki, sən nə etdiyini 
								bilirsənmi, sənin taleyin həll olunur, gələcəyin 
								aspiranturadan asılıdır, belə imkan bir də ələ 
								düşməz. O dedi ki, indi get komsomoldan 
								xasiyyətnamə al, anket doldur, diplomun üzünü 
								çıxart və professor M.Rəfili ilə də görüş. 
								Beləliklə, mən qaldım, aspiranturaya daxil 
								oldum, elmi rəhbərim də professor M.Rəfili oldu. 
								Professor Dəmirçizadə taleyimi belə həll elədi.  
								Dilimizin 
								böyük tədqiqatçısı 
								   
								Qəzənfər 
								Kazımov, 
								filologiya 
								elmləri doktoru, professor, AMEA-nın Nəsimi 
								adına Dilçilik İnstitutunun şöbə müdiri  
								Professorun 
								şəxsiyyətinə və əsərlərinə nəzər saldıqda belə 
								bir təsəvvür yaranır ki, elə bil, Azərbaycan 
								dili onun şəxsində öz böyük tədqiqatçısını 
								gözləyirmiş və elə bil, professor Dəmirçizadə 
								bunu duymuş, bu duyğu ilə hər tərəfə qol-qanad 
								açmış, onun ilkin ehtiyaclarını öz zəhmət və 
								istedadı, yuxusuz gecələri hesabına ödəməyi 
								özünə borc bilmişdir. 
								İndi o yoxdur, 
								lakin qiymətli əsərləri əlimizdə, məhəbbəti 
								qəlbimizdədir. 
								Kafedrası ilə 
								əbədi vidalaşmazdan üç gün əvvəl yanaşı 
								oturmuşduq. Elmi işlərin müzakirəsi idi. 
								Stolunun siyirməsini azacıq geri çəkib onun 
								qələmini götürdüm. Lakin qələm yazmadı, yerinə 
								qoydum. Bir qədər sonra yana çevrildikdə 
								heyrətləndim: o, həmin qələmlə bütöv bir 
								səhifəni doldurmaq üzrə idi. İclasın gedişi, 
								məruzələrin keyfiyyəti barədə qeydlər edirdi. 
								Mən bir anlıq diqqətlə baxdım: onun qələmi ağ 
								vərəq üzərində yerin təkinə işləyən kotan kimi 
								dərin şırımlar açmışdı. Bu yazını heç cür pozmaq 
								olmazdı. Onun yazısı sənətkar - dəmirçi əməyinin 
								məhsulu olan əbədi abidələr kimi idi, 
								pozulmazdı. 
								- Professor, - 
								dedim, - mən nə qədər çalışdımsa bu qələmlə heç 
								nə yaza bilmədim. Siz necə yazdınız? 
								Bir an üzümə 
								baxıb gülümsədi və təbəssümlə dedi: 
								-  Baxır kimin 
								əlindədir.E 
								Düşündüm ki, 
								doğru deyir. Bu qələmlə hər kəs yaza bilməzdi. 
								Bu qələmin öz sahibi vardı. Onun sahibi bizim 
								əziz professor idi -  Dəmirçizadə!   
								Şeirlər, 
								dramlar müəllifi 
								   
								Zahid Xəlil, 
								filologiya 
								elmləri doktoru, professor, ADPU-nun kafedra 
								müdiri, şair  
								Görkəmli dilçi 
								alim, Azərbaycan Elmlər Akademiyasının müxbir 
								üzvü, filologiya elmləri doktoru, professor 
								Ə.Dəmirçizadə təxminən 19-20 yaşlarında bədii 
								yaradıcılığa başlamış və bu cəbhədə 20 ilə yaxın 
								çalışmışdır. O, hələ Şəkidə pedaqoji məktəbdə 
								təhsil alarkən Qızıl Qələmlər Cəmiyyətinin fəal 
								üzvlərindən olmuş, "Şəki fəhləsi" qəzetinin 
								səhifələrində tez-tez bədii yazılarla çıxış 
								etmişdir. O, ilk şeirlərindən tutmuş "Qaraca 
								Çoban", "Sonya", "Dədə Qorqud" adlı irihəcmli 
								əsərlərinə qədər Azərbaycan dilinin 
								zənginliyindən, bədii sözün imkanlarından 
								məharətlə istifadə etmişdir. 
								
								Ə.Dəmirçizadənin elm cəbhəsindəki sonrakı 
								inkişafı onun bədii yaradıcılığı ilə çox 
								əlaqədardır. O, Azərbaycan dilinin qanun və 
								üslublarını, daxili inkişaf dinamikasını 
								bilməzdən əvvəl - bədii yaradıcılıqla məşğul 
								olarkən - onu dərindən hiss etmişdir. Bu 
								təbiidir. Çünki "...hiss bilikdən müqəddəmdir; 
								həqiqəti hiss etməyənlər onu başa düşə bilməz, 
								dərk edə bilməzlər". 
								Dəmirçizadə 
								yaradıcılığa şeirlə başlamış, sonralar oçerk, 
								hekayə və dram janrında da əsərlər yaratmışdır. 
								Onun ilk şeiri 1927-ci ildə "Şəki fəhləsi" 
								qəzetində dərc olunmuş, bundan sonra respublika 
								və yerli qəzet-jurnalların səhifələrində 
								oxucular Ə.Dəmirçizadənin imzasına tez-tez rast 
								gəlməyə başlamışlar. 
								Dəmirçizadə  
								xalqımızın folklorunu daim maraqla öyrənmiş, 
								onun poetik xüsusiyyətlərindən bədii əsərlərində 
								istifadə etmişdir. Azərbaycan xalqının 
								qəhrəmanlıq dastanı olan "Dədə Qorqud"dan 
								yaradıcılıqla istifadə edərək 1943-cü ildə 
								eyniadlı librettosunu yazmışdır. Əsər Azərbaycan 
								Dövlət Filarmoniyasında oynanmış və böyük 
								müvəffəqiyyət qazanmışdır. 
								Dəmirçizadənin 
								yaradıcılığının müəyyən bir dövrü teatrla bağlı 
								olmuşdur. "Dədə Qorqud" librettosundan sonra 
								1945-ci ildə "Qaraca Çoban" pyesini yazmışdır. 
								Bu əsər Gənc Tamaşaçılar Teatrında oynanılmağa 
								başlamış, 1950-ci ilə qədər repertuardan 
								çıxmamışdır. 
								"Qaraca Çoban" 
								pyesinin də mövzusu xalqımızın sənət 
								abidələrindən olan "Dədə Qorqud" dastanından 
								götürülmüşdür. Əsərdə Azərbaycan xalqının öz 
								düşmənlərinə qarşı apardığı ölüm-dirim 
								mübarizəsi təsvir olunur. 
								Pyesdə 
								qəhrəmanlıq, sədaqət, vətənpərvərlik kimi yüksək 
								insani keyfiyyətlər təbliğ olunur. Təsadüfi 
								deyildir ki, müvəffəqiyyətlə oynanılan bu pyes 
								haqqında mətbuatda maraqlı fikirlər 
								söylənilmişdir. 
								Ömrünün xeyli 
								hissəsini bədii yaradıcılığa sərf edən 
								Dəmirçizadənin köhnə qəzet və jurnallarda 
								yaşayan bədii əsərləri bizə uzaq ulduzları 
								xatırladır. 
								
								
								*** 
								Azərbaycan 
								EA-nın müxbir üzvü Ə.Dəmirçizadə Azərbaycan 
								poeziyasının nümunələrini "böyük bir ehtiram və 
								səmimiyyətlə, coşqun bir ehtirasla təbliğ 
								etmişdir". 
								Müasirlərinin 
								də qeyd etdikləri kimi, bayatıları, babaların 
								qüruru kimi əsrlərin sınağından çıxmış atalar 
								sözlərini, xalq mahnılarını dərindən sevmiş 
								Əbdüləzəl Dəmirçizadənin "ən dərin fəlsəfi 
								anlayışları və ən zərif duyğuları eyni qüdrətlə 
								təcəssüm etdirən Azərbaycan dilinin bütün 
								estetik və məna gözəlliklərini qorumaq, 
								zənginləşdirmək başlıca idealı" olmuşdur.  
								
								
								Şamxəlil MƏMMƏDOV  |