| 
								 Bütün 
								ölkələrdə tədris olunan fənlər sırasında  ana 
								dilinin öyrədilməsi birinci sırada durur. Bu, 
								ilk növbədə, xalqın dilinə, mədəniyyətinə, 
								milliliyin qorunmasına  yönəldilmiş məqsəd kimi 
								görünsə də, həm də dilin mükəmməl bilinməsi 
								digər fənləri də yaxşı öyrənməyə, fikrin 
								ətrafdakılara daha rahat, səlis və dolğun  
								çatdırılmasına kömək edir. Öz dilini yaxşı bilən 
								şəxs digər dilləri də asan qavrayır. Nitqi və 
								yazısı gözəl olanları cəmiyyət həmişə hörmətlə 
								qarşılayır. 
								
								 Bu 
								mənada orta məktəblərdə ana dili və ona paralel 
								olaraq, ədəbiyyatın tədrisinin əsas bir neçə 
								məqsədini göstərmək olar: 
								1. Şagirdlərin 
								şifahi və yazılı nitqinin mükəmməlliyini təmin 
								etmək; 
								2. Dilin yaxşı 
								mənimsədildiyi şəraitdə başqa elmləri də daha 
								asan öyrənmək; 
								3. Müvafiq ali 
								məktəblərə qəbul zamanı tələb olunan bilik 
								meyarlarına lazımınca cavab vermək. 
								Fənnin 
								tədrisində qarşıya qoyulan məqsədə çatmaq üçün 
								dövlət və müvafiq strukturlar lazımi tədbirlər 
								görür. Belə ki, ana dilinin tədrisi birinci 
								sinifdən tutmuş on birinci sinif də daxil 
								olmaqla bütün siniflərdə aparılır. Sistemli 
								tədris isə  V-XI sinifləri əhatə edir. Buna görə 
								də istər buraxılış, istərsə də qəbul 
								imtahanlarının sualları həmin siniflərdə 
								öyrədilənlərin əsasında hazırlanır. Ədəbiyyat 
								fənnindən isə əsas kurs X-XI siniflərdə 
								keçildiyindən suallar da bu siniflərin proqram 
								və dərslikləri əsasında hazırlanır. 
								Buraxılış 
								imtahanlarında şagirdlərə Azərbaycan dilindən 
								17, ədəbiyyatdan 8 sual təqdim edilir. Suallar 
								dilçiliyin proqramda olan bütün bölmələrini, 
								nəzəri və praktik sahələrini əhatə edir. 
								Relevantlığa görə test tapşırıqları faktoloji, 
								terminoloji, məntiqi-izahedici, ümumiləşdirici, 
								bədii mətnin məzmunu üzrə hazırlanmışdır. 
								2009-2010-cu 
								dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən 
								buraxılış imtahanlarında Azərbaycan dili və 
								ədəbiyyatdan şagirdlərə təklif edilmiş test 
								tapşırıqlarının statistik təhlili 
								respublikamızda bu fənnin tədrisinin 
								vəziyyətini, şagirdlərin mənimsəmə səviyyəsini 
								izləməyə imkan verir.  
								Həmin test 
								tapşırıqlarından  bəzilərinə nəzər salaq: 
								1. 
								Cümlələrin birinin tərkibində konkret isim 
								işlənməmişdir: 
								A) Yaralı 
								zabit ağrının şiddətinə hələ də dözürdü. 
								B) Dağlıq 
								ərazilər xəritədə xüsusi rənglə göstərilir. 
								C) Gözəllik 
								ondur, doqquzu dondur. 
								D) Uşaqlıqdan 
								müəllimlik ixtisasına yiyələnmək mənim də arzum 
								olmuşdur. 
								E) Az keçmişdi 
								ki, ikinci avtobus gəldi.   
								Bu test 
								tapşırığı  VI sinifdə tədris olunan 
								"Morfologiya" bölməsinin isim bəhsinə aiddir. 
								Ümumən, şagirdlər bu mövzunu o qədər də pis 
								bilmirlər. Ancaq bir incə məqamda bəziləri 
								çətinlik çəkirlər. Çox vaxt gözəllik, təmizlik, 
								yaxşılıq və s. kimi sifətdən düzələn sözlərin 
								mücərrəd mənalı düzəltmə isim olduğunu 
								unudurlar.  Mövcud tapşırığın A bəndində zabit, 
								B bəndində xəritə, C bəndində don, E bəndində 
								avtobus  sözləri konkret isimdir. D bəndində isə 
								işlənən dörd isimdən (uşaqlıq, müəllimlik, 
								ixtisas, arzu) heç biri konkret deyil. Onları 
								gözlə görmək mümkün olmadığından  mücərrəd 
								isimlərdir.  Orta ağırlıq dərəcəsində olan 
								faktoloji bu test tapşırığına şagirdlərin  cəmi  
								39,05%-i doğru cavab vermişdir. 49,66%-i isə 
								düzgün cavabı müəyyən edə bilməmişdir. 
								Doğru 
								cavab: D  
								2. Say və 
								sifət aşağıdakılardan ancaq birinə aid ola 
								bilər: 
								A) 
								təmkinlə         
								B) 
								ingiliscə        
								C) xeyli      
								  
								D) 
								oxunan         
								E) məqsəd 
								VI sinfin 
								materialları əsasında hazırlanan bu test 
								tapşırığı relevantlığına görə ümumiləşdirici, 
								ağırlıq dərəcəsinə görə isə çətin testlər 
								sırasına aiddir. Şagirddən nitq hissələri, 
								onların xüsusiyyətləri, bir-biri ilə əlaqəsi, 
								oxşar və fərqli cəhətlərini bilməyi, nümunə 
								əsasında müəyyənləşdirməyi tələb edir. Şagird 
								bilməlidir ki, həm sifət, həm də say isimlə 
								bağlı olur, ondan əvvəl gəlir və onu müxtəlif 
								cəhətdən izah edir.  Bunlar nəzərə alınsa, 
								görünər ki, A, B, C, D bəndlərindəki sözlərin 
								heç biri isim deyil, onların əvvəlinə nə sifət, 
								nə də say artırmaq olmur. Yalnız E bəndindəki 
								məqsəd sözü isimdir, onun əvvəlinə sifət də 
								(böyük məqsəd), say da (bir neçə məqsəd) 
								artırmaq olur. Şagirdlər bu suala o qədər də 
								yaxşı cavab verməyiblər: 24,49% düz, 70,27% 
								yanlış. 
								Doğru 
								cavab: E  
								3. 
								Eyniköklü sözlər cərgəsini göstərin.       
								 
								A) yarışçı, 
								yarışdakı, yarışan 
								B) məktəbli, 
								məktəbimiz, məktəb 
								C) aşxana, 
								aşırım, aşdakı 
								D) görüş, 
								görüşdəki, görünmək 
								E) gül, güllü, 
								güləndə 
								Test tapşırığı 
								V sinfin "Söz yaradıcılığı" bölməsi əsasında 
								hazırlanmışdır. Çətin testlər sırasına aiddir. 
								Ümumiləşdirici testdir. Burada şagird sözun 
								tərkib hissələrini: kök, leksik və qrammatik 
								şəkilçiləri, eyniköklü sözlərlə eyni sözün 
								müxtəlif formalarını fərqləndirməyi, konkret 
								şəraitdə tətbiq etməyi bacarmalıdır. Əgər şagird 
								bilirsə ki, eyniköklü sözlər leksik şəkilçilərlə 
								düzəlir və quruluşca yalnız düzəltmə olur,  sadə 
								və mürəkkəb olmur, onda A bəndində yarışan, B 
								bəndində məktəbimiz, məktəb, E bəndində gül, 
								güləndə sözlərinin sadə olduğunu asanlıqla 
								görər. C bəndində aşırım sözünün kökü aş feli 
								digər iki sözün kökündəki aş ismi ilə omonim 
								olduğundan onlar da eyniköklü hesab oluna 
								bilməz. D bəndindəki sözlərin üçü də 
								düzəltmədir, hər üçünün kökü gör felidir, hər 
								birinin leksik mənası fərqlidir. 
								Çətin 
								tapşırıqlardan olduğu üçün bu suala şagirdlərin 
								36,64%-i doğru, 57,74%-i isə səhv cavab 
								vermişdir. 
								Doğru 
								cavab: D  
								4. Xitabla 
								bağlı hansı fikir doğrudur? 
								A) Hal 
								şəkilçisi qəbul edən xitablar da idarə 
								əlaqəsində olur. 
								B) 
								Qeyri-müəyyən təsirlik halda olan xitablar da 
								idarə əlaqəsində olur. 
								C) Xitabla 
								xəbər arasında uzlaşma əlaqəsi pozulmur. 
								D) Feli 
								sifətlə ifadə olunan  xitablar adlıq halda 
								olmalıdır. 
								E) Bütün nitq 
								hissələri xitab yerində çıxış edə bilir. 
								Test tapşırığı 
								VIII sinfin "Sintaksis" bölməsindəndir. Orta 
								ağırlıq dərəcəsindədir. Şagirdin xitab haqqında 
								bildiklərini yoxlamağa yönəldilmişdir. Şagird 
								bilməlidir ki, xitablar yalnız adlıq halda olur. 
								Onda A və B bəndlərindəki fikirlərin səhv olduğu 
								üzə çıxar. Xitabın heç bir üzvlə sintaktik 
								əlaqəyə girmədiyini bilən şagird C bəndinin də 
								doğru cavab olmadığını tapar. Xitabın bütün nitq 
								hissələri ilə ifadə oluna bilmədiyi də 
								əksəriyyətə məlumdur.  Xitabın adlıq halda 
								olduğunu, feli sifətin xitab kimi işləndiyini  
								bilən şagird doğru cavabı tapmaqda çətinlik 
								çəkməməlidir. Şagirdlərin 33,68%-inin düz,  
								45,84%-nin  səhv cavab verməsi o qədər də uğurlu 
								nəticə deyil. 
								Doğru 
								cavab: D  
								5. Məntiqi 
								cəhətdən uyğunsuzluq yaradan termini müəyyən 
								edin. nida, isim, qoşma 
								
								A) təyin  
								
								B) zərf        
								
								C) hallanma         
								D) 
								məsdər           
								E) sifət 
								
								Məntiqi-izahedi 
								ci, eyni 
								zamanda terminoloji test hesab oluna bilən bu 
								test tapşırığı "Qrammatika" bəhsi  əsasında  
								tərtib edilmişdir. Statistika göstərir ki, 
								şagirdlər üçün çətin görünmüşdür. Belə 
								olmasaydı, verilən cavabların cəmi 17,58%-i 
								doğru,  71,44%-i səhv çıxmazdı. Görünür, 
								şagirdlərin böyük əksəriyyəti morfoloji 
								vahidlərlə sintaktik vahidləri tam ayıra bilmir. 
								Sualda verilən nida, isim, qoşma terminləri 
								morfologiyaya məxsus terminlərdir. 
								Distraktorlarda verilən zərf, hallanma, məsdər, 
								sifət sözləri də bu qəbildəndir. A bəndindəki 
								təyin isə sintaktik vahiddir. Həmin söz 
								yuxarıdakı məntiqi sıranı pozur. 
								Deməli, 
								doğru cavab: A  
								6. Rus 
								mətbuatında Azərbaycan ədəbiyyatına dair 
								qiymətli məqalələrlə cıxış etmiş, İrəvan 
								gimnaziyasında çalışmışdır: 
								
								A) A.Sur 
								
								B) S.Hüseyn 
								
								C) F.Köçərli 
								
								D) N.Vəzirov 
								E) 
								C.Məmmədquluzadə 
								XI sinif 
								ədəbiyyat fənnindən "Yeni dövr Azərbaycan 
								ədəbiyyatı, III mərhələ" bölməsindəndir. Orta 
								səviyyəli faktoloji test tapşırığıdır. 
								Şagirddən  konkret faktı müəyyənləşdirməyi tələb 
								edir. N.Vəzirov və C.Məmmədquluzadənin  
								ədəbiyyatşünaslıqla məşğul olmadıqları məlumdur. 
								Digər üç nəfərdən yalnız F.Köçərli İrəvan 
								gimnaziyasında çalışmışdır. Peşəkar 
								ədəbiyyatşünaslıqla məşğul olmuş, çox sayda 
								məqalə və monoqrafiyalar yazmışdır. Suala cavab 
								verənlərin 33,13%-i etalonu qavramış,  46,27%-i 
								isə dəqiq cavabını müəyyənləşdirə bilməmişdir. 
								Doğru 
								cavab: C  
								7. Qətran 
								Təbrizi ilə bağlı doğru fikri müəyyən edin. 
								A) Bir neçə 
								vəzndə əsərlər yazmışdır. 
								B) Divan 
								müəllifi olmuşdur. 
								C) N.Gəncəvi 
								ilə görüşmüşdür. 
								D) Bir qəzəl 
								üçün şahlardan bir xəzinə almışdır. 
								E) 
								Şirvanşahlar sarayında yaşamışdır. 
								X sinfin 
								ədəbiyyat fənni əsasında tərtib olunmuş test 
								tapşırığıdır. Şagird bir neçə fikri 
								dəqiqləşdirməli, müqayisə aparmalı, doğru cavabı 
								tapmalıdır. Bunun üçün Q.Təbrizinin nə vaxt 
								yaşadığını bilmək vacibdir. Şagird onun 
								1012-1088-ci illərdə yaşadığını bilsə, 
								aydınlaşdıracaq ki, bu dövrdə yalnız əruz 
								vəznindən istifadə edilmişdir. Deməli, A bəndi 
								səhvdir. N.Gəncəvi onun vəfatından xeyli 
								sonralar doğulduğundan onların görüşü baş tuta 
								bilməzdi. Bir qəzəli üçün bir xəzinə alan 
								M.Gəncəvidir. Q.Təbrizi Şirvanşahlar sarayında 
								da yaşamamışdır.  B bəndində göstərildiyi kimi, 
								"Divan" müəllifidir, bizə "Divan"ı gəlib çatan 
								ilk şairdir. 
								Şagirdlər bu 
								sualın cavabını müəyyənləşdirməkdə çətinlik 
								çəkməmişlər. Doğru və yanlış cavabların nisbəti 
								müvafiq olaraq 62,74% və  26,9%-dir. 
								Doğru 
								cavab: B  
								8. Doğma 
								sözünü nə üçün sətirdən sətrə keçirmək 
								mümkündür? 
								A) Azərbaycan 
								mənşəli olduğu üçün 
								B) iki hecalı 
								olduğu üçün 
								C) kök və 
								şəkilçidən ibarət olduğu üçün 
								D) ahəng 
								qanununa tabe olduğu üçün 
								E) hecaları 
								ancaq saitdən ibarət olmadığı üçün 
								Bu, V sinif 
								həcmində olan və "Fonetika" bəhsinə aid 
								düşündürücü test tapşırığıdır. Tapşırıq 
								məzunların  sözün sətirdən sətrə  keçirilməsi 
								barədə biliyini yoxlamaq məqsədi daşıyır. 
								Şagirdlərin 64 %-i bu sualı yanlış, 31 %-i doğru 
								cavablandırmışdır. 
								Doğru 
								cavab: E  
								9. Qarabağ 
								düzləri birləşməsində hansı sintaktik əlaqə növü 
								vardır? 
								A)  idarə 
								B)  uzlaşma və 
								idarə 
								C)  yanaşma 
								D)  idarə və 
								yanaşma 
								E)  yanaşma və 
								uzlaşma  
								VIII sinif 
								həcmində "Sintaktik əlaqələr" bölməsinə aid 
								səviyyəcə orta sayıla bilən test tapşırığıdır. 
								Bu həm də "Söz birləşmələri" bəhsində öyrədilir. 
								Bu tapşırıq məzunların tabelik əlaqəsinin 
								 tiplərinin göstəricilərini, olduğu yerləri 
								tapmağı yoxlamaq məqsədi güdür. III növ təyini 
								söz birləşməsi olduğundan həm uzlaşma, həm də 
								idarə əlaqəsi mövcuddur. Şagirdlərin 53%-i bu 
								suala müsbət cavab vermişdir. 
								Doğru 
								cavab: B  
								10. Budaq 
								cümləsi sintaktik təhlil sxeminə uyğun gələn 
								cümləni müəyyən edin. 
								A) Əgər ünvanı 
								öyrənsək, vaxtında çatarıq. 
								B) Danışdılar, 
								eşitdik. 
								C) Biz getdik, 
								ancaq uşaqlar dayandılar. 
								
								D) Onlar evə çatsalar da, qapını açmadılar. 
								E) Ana dedi 
								ki, oğlu qayıdacaq. 
								IX sinif 
								həcmində olan və "Mürəkkəb cümlə" fəslinə aid 
								olan çətin test tapşırığıdır. Bu tapşırıq 
								şagirdlərin mürəkkəb  cümlə barədə 
								təsəvvürlərini, onun növlərini, tiplərini necə 
								mənimsədiklərini və necə tətbiq edə bilmək 
								bacarıqlarını yoxlamaq məqsədi daşıyır. Həm də 
								bu tapşırıqda baş cümləni budaq cümlədən 
								ayırmaq, sintaktik təhlil etmək  bacarığını 
								yoxlamaq da hədəfdir. Düşündürücü olduğundan 51% 
								şagird səhv, 35% şagird doğru cavab vermişdir. 
								Doğru 
								cavab: E  
								11. Dil 
								haqqında verilənlərdən biri düzgün deyil: 
								A) əşyalara ad 
								vermək 
								B) insanlar 
								arasında əlaqə yaratmaq 
								C) fikir ifadə 
								etmək 
								D) yeganə 
								ünsiyyət vasitəsi olmaq 
								E) ən mühüm 
								ünsiyyət vasitəsi olmaq 
								X sinif 
								həcmində olub, "Dil haqqında ümumi məlumat" 
								bəhsinə aid, səviyyəcə asan hesab oluna bilən 
								test tapşırığıdır. Bu tapşırıq məzunların dil 
								haqqında hansı məlumatları bilməsi, dilin 
								funksiyalarını necə mənimsəməsi, ünsiyyətə 
								xidmət edən hansı vasitələrin olduğunu yoxlamaq 
								məqsədi daşıyır. 60 % şagird bu suala doğru 
								cavab vermişdir. 
								Doğru 
								cavab: D  
								12. 
								Aşağıdakılardan birinin əmr vermək səlahiyyəti 
								yoxdur: 
								A) nazirin 
								B) sinif 
								rəhbərinin 
								C) ali məktəb 
								rektorunun 
								D) məktəb 
								direktorunun 
								E) zavod 
								rəhbərinin 
								XI sinif 
								həcmində "Üslubiyyat" bölməsinə aid səviyyəcə 
								çətin olmayan test tapşırığıdır. Bu test 
								tapşırığı məzunların əməli yazı növlərindən biri 
								olan əmrin necə hazırlanması, kimlər tərəfindən 
								verilə bilməsi barədə biliyini yoxlamaq məqsədi 
								daşıyır. Şagirdlərin 60%-i suala doğru, 32%-i 
								yanlış cavab vermişdir. 
								Doğru 
								cavab: B  
								13. 
								"Koroğlu" eposunda Eyvazla birlikdə Bağdada 
								durna teli gətirməyə gedən igidlər kimlərdir? 
								A) Dəli Həsən, 
								Dəmirçioğlu 
								B) Bəlli 
								Əhməd, Halaypozan 
								C) Aşıq Cünun, 
								Dəli Həsən 
								D) 
								Tanrıtanımaz, Tüpdağıdan 
								E) 
								Dəmirçioğlu, Bəlli Əhməd  
								X sinif 
								ədəbiyyat fənninə, "Koroğlu" eposuna aid olan 
								asan səviyyəli test tapşırığıdır. Məqsəd eposun 
								qolları, onlarda hansı hadisələrin olmasına aid 
								bilikləri şagirdlərin necə mənimsədiyini üzə 
								çıxarmaqdır. Ədəbiyyat müntəxəbatlarına aid 
								tapşırıqları şagirdlər yaxşı oxumadıqları üçün  
								nəticə yüksək deyildir. Şagirdlərin 46%-i doğru, 
								41%-i səhv cavab vermişdir.  
								Doğru 
								cavab: E  
								14. 
								Müəllifi İ.Əfəndiyevdir, avtobioqrafik səciyyə 
								daşıyır, povest janrındadır. 
								A) "Üçatılan" 
								B) "Mahnı 
								dağlarda qaldı" 
								C) "Məhv olmuş 
								gündəliklər" 
								D) "Geriyə 
								baxma, qoca" 
								
								E) "Dağlar arxasında üç dost" 
								XI sinfin 
								həcmində İ.Əfəndiyev yaradıcılığına aid olan 
								test tapşırığıdır. Orta səviyyəlidir. Belə ki,  
								İ.Əfəndiyev yaradıcılığına aid olsa da, epik 
								yaradıcılığın nə olduğunu  yaxşı mənimsəyən 
								şagird  çətinlik çəkməməlidir. Bu test 
								tapşırığında məqsəd şagirdlərin yazıçının 
								dramatik yaradıcılığı ilə  epik yaradıcılığını 
								fərqləndirmək bacarığını yoxlamaqdır. 53 % 
								şagird bu suala müsbət cavab vermişdir. 
								Doğru 
								cavab: A  
								2010-2011-ci 
								tədris ilinin buraxılış imtahanlarında 
								Azərbaycan dili və ədəbiyyat fənlərinə aid 
								inteqrativ test tapşırıqlarından da istifadə 
								etmək nəzərdə tutulur. Məqsəd bu fənlərə 
								şagirdlərin marağını, məsuliyyətini artırmaq, 
								onların digər qabiliyyət göstəriciləri ilə 
								bərabər, həm də fənlərarası əlaqə yaratmaq 
								qabiliyyətini yoxlamaqdır. Təqdim olunan bu test 
								modelləri mürəkkəblik səviyyəsinə görə çətin 
								tapşırıqlar hesab olunur.   
								1. Ədəbi 
								dilimizdə publisistik üslubun yaranması ilə 
								bağlı doğru fikri müəyyən edin.  
								Azərbaycan 
								ədəbiyyatının .......... 
								A) yeni 
								dövrünün ikinci mərhələsinin əhatə etdiyi dövrdə 
								yaranmışdır. 
								B) orta 
								dövrünün əhatə etdiyi dövrdə yaranmışdır. 
								 
								C) intibah 
								dövründə yaranmışdır. 
								D) ən yeni 
								dövründə yaranmışdır. 
								E) şifahi qolu 
								vasitəsi ilə yaranmışdır.  
								2. 
								Tərkibinə görə ..........təhlil sxeminə uyğun 
								gələn hansı əsərin müəllifi C.Məmmədquluzadədir?
								 
								A)  "Ölülər" 
								B)  "Kamança" 
								C)  "Çıxıbdır" 
								D)  "Üçatılan" 
								E)  "Uçurum"  
								3. 
								Azərbaycan ədəbi dilində bədii üslubun şeir 
								dilinə aid ilk nümunənin məxsus olduğu sənətkar 
								kimdir? 
								A) N.Gəncəvi 
								B)  
								Q.Bürhanəddin 
								C)  
								İ.Həsənoğlu 
								D)  M.Füzuli 
								E)  Ş.İ.Xətai  
								4. 
								Azərbaycan ədəbiyyatında ilk realist bədii nəsr 
								nümunəsi haqqında doğru fikri müəyyən edin.
								 
								A) Müəllifi 
								C.Məmmədquluzadədir. 
								B) Söz 
								birləşməsi ilə ifadə olunan adının asılı tərəfi 
								feli sifətlə ifadə olunmuşdur. 
								C) Adı 
								mürəkkəb sözlə ifadə olunmuşdur. 
								D) Komediya 
								janrından əvvəl yaranmışdır. 
								E) Adının 
								ifadə olunduğu söz ahəng qanununa tabedir.  
								5. 
								Azərbaycan ədəbiyyatının nümayəndəsi olan hansı 
								sənətkarın yaradıcılığında Azərbaycan ədəbi 
								dilinin funksional üslublarına aid nümunə 
								yoxdur? 
								A)  N.Gəncəvi 
								B)  Ə.Nəvai 
								C)  M.Ş.Vazeh 
								D)  
								Q.Bürhanəddin 
								E)  X.Natəvan  
								6. Söz 
								sırasının pozulduğu hansı nümunənin müəllifi 
								Aşıq Ələsgərdir? 
								A) "Gəl 
								tərpətmə yaralanmış könlümü" 
								B) 
								"Toy-bayramdır bu dünyanın əzabı" 
								C) "Bir şagird 
								ki, ustadına kəm baxa" 
								D) "On iki 
								şagirdim işlər hər yana" 
								E) "Əsər 
								yellər, qəhr eləyər yaz qara"  
								7. 
								N.Gəncəvinin neçənci poemalarının adında 
								bağlayıcıdan istifadə edilmişdir? 
								A)  birinci və 
								üçüncü 
								B)  üçüncü və 
								beşinci 
								C)  ikinci və 
								üçüncü 
								D)  birinci və 
								dördüncü 
								E)  dördüncü 
								və beşinci  
								Məktəblərdə 
								buraxılış imtahanlarına qədər məktəbdaxili 
								qiymətləndirmə zamanı bu modellərə uyğun test 
								tapşırıqlarından istifadə edilməsi 
								məqsədəuyğundur. Çünki bu tipli test 
								tapşırıqları ilə eyni zamanda iki fəndən 
								-Azərbaycan dili və ədəbiyyatdan şagird 
								nailiyyətlərini qiymətləndirmək mümkündür.   
								
								
								Təhsil Nazirliyinin Monitorinq  
								və qiymətləndirmə şöbəsi  |