| 
								 
								Bu günlərdə A.Aslanov adına İsmayıllı şəhər 2 
								nömrəli tam orta məktəbdə Azərbaycanın Milli 
								Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 
								23-cü ili münasibəti ilə anım mərasimi keçirilib. 
								Azərbaycanın Dövlət himni səsləndi. Qəhrəmanın 
								həyat və döyüş yoluna həsr olunmuş 
								videogörüntülər izlənildi. 
								
								Mərasimdə qəhrəmanlığı tərənnüm edən musiqilər 
								və şeirlər səsləndirildi. Məktəbin 
								şagirdləri-Xəyalə, Münasib, Gülnar, Aysel və 
								Əfsanə Milli Qəhrəman Mübarizə həsr olunan 
								şeirlərlə onun ən yüksək zirvədə - qəhrəmanlıq 
								zirvəsində olduğunu söylədilər. IX sinif şagirdi 
								Seymur Səmədzadə isə hərbi geyimdə Mübariz 
								İbrahimovun atasına və anasına yazdığı son 
								məktubunu oxudu. 
								
								Məktəbin müəllimi Sədaqət İsazadənin Milli 
								Qəhrəmana həsr etdiyi "Mübarizi düşünərkən" 
								şeiri öz emosionallığı ilə hamını duyğulandırdı. 
								
								Tədbirdə iştirak edən İsmayıllı Rayon Qarabağ 
								Müharibəsi Əlilləri, Veteranları və Şəhid 
								Ailələri İctimai Birliyinin, İsmayıllı RTŞ-ın, 
								YAP Rayon Təşkilatının məsul şəxsləri və 
								məktəbin direktoru Ramil Dadaşov çıxış edərək 
								Azərbaycan gənclərinə örnək olan Mübarizin  
								misilsiz qəhrəmanlığından danışdılar. 
								
								Sonda şagirdlər Milli Qəhrəmanın həyat və döyüş 
								yolundan bəhs edən guşənin önünə tər çiçək 
								dəstələri qoyaraq öz ehtiramlarını bildirdilər. 
								Qonaqlar Mübariz İbrahimova həsr olunmuş "Xatirə 
								kitabı"na ürək sözlərini yazdılar.  
								
								
								
								Eminə ORUCOVA, 
								A.Aslanov adına İsmayıllı şəhər  
								2 nömrəli tam orta məktəbin müəllimi  |