| 
								 
								Fevralın 12-də Bakıdakı Ş.Əfəndizadə adına 13 
								nömrəli orta məktəbdə bu təhsil ocağının məzunu, 
								şəhid Məhəmməd Sabir oğlu Əhmədovun anım günü 
								münasibəti ilə tədbir keçirildi.  
								
								Tədbir iştirakçıları əvvəlcə şəhidlərin ruhunu 
								bir dəqiqəlik sükutla yad etdilər. Dövlət 
								himninin səslənməsi ilə başlayan tədbiri giriş 
								sözü ilə açan məktəbin direktoru  Rəfiqə 
								Məmmədova erməni millətçilərinin tarixən 
								xalqımızın başına gətirdiyi  müsibətlərdən 
								söhbət açaraq mənfur düşmənə qarşı mübarizədə 
								şəhid olmuş Məhəmməd kimi vətənpərvər qəhrəman 
								oğullarımızın heç vaxt unudulmayacağını, onların 
								xatirəsinin daim hörmətlə yad olunacağını 
								bildirdi.  
								
								Tədbirin aparıcıları 1970-ci il fevralın 12-də  
								Bakı şəhərində ziyalı ailəsində anadan olmuş 
								şəhid Məhəmməd Əhmədovun həyatı haqqında 
								qonaqlara məlumat verdilər. Bildirdilər ki, ilk 
								təhsilini Yasamal rayonunda yerləşən 13 nömrəli 
								orta məktəbdə almış M.Əhmədov  Moskva 
								Poliqrafiya İnstitutuna daxil olmuş, sonradan 
								təhsilini Azərbaycan Dövlət Neft  Akademiyasında 
								davam etdirmişdir. Ordu sıralarında xidmət edən 
								Məhəmməd  1994-cü ilin 12 fevral tarixində 
								Murovdağda torpaqlarımızın bütövlüyü uğrunda 
								gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
								 
								
								Tədbirdə iştirak edən qonaqlar da şəhidlərimiz 
								haqqında danışdılar. Təhsil ocaqlarında belə 
								tədbirlərin keçirilməsini müsbət 
								qiymətləndirdilər.  
								
								Tədbirin sonunda məktəb kollektivi və qonaqlar 
								şəhid Məhəmməd Əhmədovun II Fəxri xiyabandakı 
								məzarını ziyarət etdilər.   
								
								
								
								Rəşad ZİYADOV  |