| 
								 
								 Bugünkü 
								təhsil təcrübəsi göstərir ki, təlim prosesində 
								müxtəlif inteqrasiya metodlarından istifadə 
								etmədən hər hansı  bir fənnin, o cümlədən 
								kimyanın tədrisində uğur əldə etmək çətindir. 
								Təlim prosesində motivasiyanın yaradılması, 
								sinifdə fəallığın artırılması, məzmunun 
								hərtərəfli aşılanması və şagirdlərdə müasir 
								dünyagörüşün formalaşdırılmasında inteqrasiyanın 
								rolu  danılmazdır. İnteqrasiya həm də 
								məktəbdaxili və məktəbdənkənar təlimlərin 
								tətbiqi arasındakı fərqlərin aradan 
								qaldırılmasında mühüm rol oynayır.  İnteqrasiya 
								- müəyyən təhsil sistemi çərçivəsində 
								şagirdlərin təfəkküründə dünyanın bütöv və 
								bölünməz obrazını formalaşdırmaq, onları 
								inkişafa və özünüinkişafa istiqamətləndirmək 
								məqsədi ilə təlimin bütün məzmun komponentləri 
								arasında struktur əlaqələri qurmaq və onları 
								sistemləşdirməkdir. Müasir dövrdə bu məsələyə 
								düzgün yanaşan təhsil işçiləri kurikulumların 
								inteqrasiyasını XXI əsrdə təhsilin keyfiyyətinin 
								yüksəldilməsi istiqamətində daha düzgün yol 
								hesab edirlər.  
								
								Müasir dünya təcrübəsində inteqrasiyanın 
								fəndaxili və fənlərarası modelləri mövcuddur. 
								Xüsusilə Qərb ölkələrində bu modellərdən 
								fənlərin məzmununun şagirdlərə çatdırılması, 
								öyrənmə prosesinə maraq yaradılması, şagird 
								dünyagörüşünün inkişaf etdirilməsi və onların 
								dərsdə daha fəal olması məqsədi ilə istifadə 
								olunur. 
								
								İnteqrativ dərslərin tədrisi metodikasına 
								aşağıdakı tələblər verilir: 
								
								1. İnteqrativ dərsin mövzusu tədris kurslarının 
								ümumiləşdiricisi roluna malik olmalıdır. 
								
								2. İnteqrasiyanın əsas prinsipi dərsin tədris 
								tərbiyəvi tapşırığına əsasən 
								formalaşdırılmasıdır. 
								
								3. İnteqrativ dərsin quruluşu fənlər arasında 
								əlaqələndirici tapşırığa malik olmasıdır və 
								aşağıdakı mərhələləri əks etdirməsidir. 
								
								Müəllim:  
								
								a) Dərs mövzusunda fənlərarası əlaqənin 
								mövcudluğunu dərk etməlidir. 
								
								b) Bilik və bacarıqların ümumi fənlərə aid 
								olduğunu bilməlidir. 
								
								c) Müəyyən bilik və bacarıqdan digərinə keçidi 
								qeyri-ənənəvi yollarla təmin etməlidir. 
								
								d) İnteqrasiya nəticəsində bilik və bacarıqları 
								ümumiləşdirməyi bacarmalıdır. 
								
								e) Yeni inteqrativ bilikləri möhkəmləndirməlidir 
								(yeni tapşırıqların həllinə əsasən). 
								
								4. İnteqrativ dərslərdə yeni fəal təlim 
								metodlarını tətbiq etmək, bilikləri 
								sistemləşdirmək və ümumiləşdirmək məqsədi ilə 
								şagirdlərdə yaradıcılıq fəaliyyətini inkişaf 
								etdirmək tələb olunur. 
								
								5. İnteqrativ dərslər bir neçə tədris fənni üzrə 
								didaktik vəsaitlərdən kompleks  istifadə etməyin 
								metodikasını təmin etməlidir. 
								
								6. İnteqrativ dərsləri qeyri-ənənəvi metodlarla 
								tədris etmək məqsədəuyğundur. Məsələn, kompleks 
								ekskursiya dərsi, konfrans, seminar, səyahət 
								dərsi və s. 
								
								7. İnteqrativ dərslərin aparılması üçün fənn 
								müəllimləri əməkdaşlıq etməlidir. 
								
								8. İnteqrativ dərslərin nəticələrini yoxlamaq 
								üçün xüsusi diaqnostik vasitələrin (mətn, 
								yoxlama yazı işi, çalışma və s.) köməyindən 
								istifadə olunmalıdır. 
								
								Fənlərarası əlaqə klassik pedaqoqların 
								yaradıcılığında geniş yer tutmuşdur. Təsadüfi 
								deyildir ki, bu problemin prinsipləri, növləri 
								və fənlərin tədrisindəki əhəmiyyətindən çox 
								danışılmış və çoxlu sayda tədqiqat əsərləri 
								yazılmışdır. Respublikamızın alimləri də 
								fənlərarası əlaqə haqqında elmi-metodik fikir və 
								mülahizələr söyləmiş, bu sahədə xeyli faydalı 
								işlər görmüşlər. 
								
								Kimya və fizika fənn kurikulumlarındakı məzmun 
								standartları və mövcud fənn proqramlarına 
								əsaslanaraq kimyanın fizika və biologiya  ilə 
								əlaqəli tədrisi haqqında elmi-metodik 
								mülahizələrimizi bir neçə dərs nümunəsində 
								veririk. 
								
								Mövzu: 
								Dövri sistemdə metalların mövqeyi. Atomlarının 
								quruluşu. Kristal qəfəslərin quruluşu. Metal 
								rabitəsi. 
								
								Məqsəd:  
								
								1. Dövri sistemdə metalların mövqeyini şərh edir. 
								
								2. Metalların atom quruluşlarını fərqləndirə 
								bilir. 
								
								3. Metalların kristal quruluşu ilə metal 
								rabitəsini əlaqələndirə bilir. 
								
								İş forması: 
								qruplarla iş. 
								
								İş üsulu: 
								müsahibəli şərh, fənlərarası və fəndaxili əlaqə, 
								müstəqil iş, fəal təlim üsulları. 
								
								Resurslar: 
								dövri sistem cədvəli, atomun quruluş sxemi, 
								metal kristal qəfəsi. 
								
								Dərsin gedişi: 
								əvvəlcədən verilmiş tapşırıqlara əsaslanaraq  
								şagirdlərə aşağıdakı suallarla müraciət olunur: 
								
								1. Dövri sistemdə element və bəsit maddələri 
								fiziki-kimyəvi xassələrinə  görə xarakterizə 
								edin. 
								
								2. Dövrlərdə və qruplarda elementlərin atomunun 
								quruluşu necə dəyişir? 
								
								3. Kimyəvi rabitələri adlandırın və xarakterizə 
								edin. 
								
								4. Kristal qəfəsin tiplərini xarakterizə edin. 
								
								Suallar şagirdlərə paylanır və hər cütün bir 
								suala cavab verməsi bildirilir. Sonra müəllim 
								sinfə müraciət etməklə ardıcıl olaraq sualların 
								cavablandırılmasına nail olur. 
								
								Motivasiya: 
								Şagirdlərin diqqətini yeni mövzuya yönəltmək 
								məqsədilə müəllim sinfə müraciət edir: "Elementlərin 
								dövri sistemi, dövri qanun. Atomun quruluşu"  
								haqqında məlumatlarınıza əsaslanaraq metalların 
								dövri sistemdəki mövqeyini, onların atom 
								quruluşunu, metallara xas olan kristal quruluşu 
								və metal rabitənin təbiətini öyrənmək hər 
								biriniz üçün maraqlı olar". 
								
								Müəllim  aşağıdakı suallardan ibarət olan iş 
								vərəqlərini şagirdlərə paylayır və qeyd edir ki, 
								hər bir cüt iki suala cavab verməlidir. 
								
								1. Dövri sistem cədvəlində metallar hansı qrup 
								və dövrlərdə yerləşmişdir? 
								
								2. Dövrlərdə və qruplarda metalların fəallığı 
								necə dəyişir? 
								
								3. Ancaq metallara xas olan xassələr hansıdır? 
								
								4. Metal rabitəsinin ion və kovalent rabitədən 
								fərqi nədir? 
								
								5. Metalın kristal qəfəsinin quruluşu necədir? 
								
								6. Dövrlərdə metalların fəallığının azalmasını 
								atomun quruluşuna əsasən izah edin. 
								
								Cavablar hazır olduqdan sonra müəllim 
								ardıcıllıqla sualların cavablarının müzakirəsinə 
								başlayır. Bəzi sualların cavabları ilə 
								razılaşmayan müəllim əlavə məlumat verir. 
								 
								
								Mövzu:  
								Elektroliz hadisəsi.  
								
								Məqsəd:  
								
								1. Şagird elektroliz prosesinin getməsini izah 
								edə bilir.  
								
								2. Elektrodlarda gedən oksidləşmə-reduksiya 
								reaksiyalarının tənliklərini tərtib edir. 
								
								3. Elektroliz hadisəsini elektroliz qanunu ilə 
								əlaqələndirir.  
								
								Resurslar: 
								U-şəkilli şüşə boru, kömür elektrodlar, batareya, 
								elektrik lampasından ibarət dövrə, mis (ıı) 
								xlorid duzu, distillə olunmuş su, natrium 
								qələvisi, dəmir mıx, metalların kimyəvi aktivlik 
								sırası, elektrolizə aid tablo. 
								
								İş forması:  
								qruplarda iş.     
								
								İş üsulu:  
								problemli şərh, fəndaxili və fənlərarası əlaqə, 
								müstəqil iş. 
								
								Dərsin gedişi: sinfin təşkilindən sonra 
								şagirdlər üç qrupa bölünürlər: 
								
								I qrup - S.Arrenius, II qrup - M.Faradey, III 
								qrup - N.Beketov.  
								
								Şagirdlərin bilik və bacarıqlarını araşdırmaq  
								üçün hər bir qrupa sorğu vərəqləri verilir. 
								Sualların bir çoxu şagirdlərin fizikadan 
								öyrəndiyi məlumatlara əsaslanmışdır. Nümunə 
								olaraq  II qrupun  tapşırığını nəzərdən keçirək. 
								
								II qrup - M.Faradey      
								
								1. Elektrod nədir? 
								
								2. NaCl və K2SO4  
								duzlarının  dissosiasiyasının  tənliklərini 
								yazın. 
								
								3. Dəmir(II)sulfatın elektrolizi zamanı 
								elektrodlarda gedən oksidləşmə-reduksiya 
								reaksiyalarının tənliklərini yazın. 
								
								4. Elektroliz hadisəsinin elektroliz qanunundan 
								asılı olduğunu izah edin. 
								
								5. Qələvi metalları elektrolizlə almaq olarmı? 
								Ərintidə və məhlulda gedən proseslərin fərqini 
								izah edin. 
								
								Suallar qruplara paylanır.  Qısa cavab 
								hazırlamaları üçün 15 dəqiqə  vaxt müəyyən 
								edilir. Bu müddətdə müəllim qruplar arasında 
								gəzişir, lazım gəldikdə şagirdlərə istiqamət 
								verir.  Elektroliz zamanı elektrodlarda gedən 
								oksidləşmə-reduksiya prosesi haqqında da məlumat 
								verir.  
								
								Mövzu: 
								Aminturşuları 
								
								Məqsəd: 
								Aminturşularının quruluşu, xassələri, tətbiqi 
								haqqında şagirdlərin bilik və bacarıqlara 
								yiyələnməsinə nail olmaq. 
								
								Strategiya: 
								Müsahibəli şərh, fənlərarası əlaqə, müstəqil 
								işlər, qruplarda iş. 
								
								Resurslar: 
								Aminturşularından nümunə, maqnezium tozu, 
								natrium hidroksid, natrium karbonat, etil spirti, 
								xlorid turşusu. 
								
								Dərsin gedişi: 
								Sinfin təşkilindən sonra keçən dərsin sorğusunu 
								aparmaq məqsədi ilə müəllim əvvəlcə şagirdlərlə 
								frontal sorğu aparır, sorğu vərəqlərində 
								göstərilən suallara cavab hazırlamaq üçün 
								şagirdlərə məsləhətlərini verir. Sonra 
								şagirdləri qruplara bölür və suallara yazılı 
								cavab hazırlamalarını bildirir.10-12 dəqiqədən 
								sonra cavablar toplanılır və yeni mövzu ilə 
								bağlı qruplara işçi vərəqləri paylanılır. Bir 
								qrupun suallarını nəzərdən keçirək. 
								
								Qrup-Zülallar: 
								
								1. RNT molekulunun tərkibi DNT-dən nə ilə 
								fərqlənir? 
								
								2. RNT-nin hansı növləri vardır? 
								
								3. Bioloji proses zamanı aminturşularının 
								alınmasını necə izah edə bilərsiniz? 
								
								4. Bir neçə aminturşunun quruluşunu göstərməklə 
								onları adlandırın. 
								
								5. Aminturşuların turşu xassəsini göstərən 
								reaksiya tənliklərini yazın. 
								
								Qruplarda şagirdlərin tapşırıqlar ətrafında 
								hazırlığı istənilən səviyyədə olmadığı özünü 
								göstərmişdir. Ona görə ki, aminturşuların yaxşı 
								başa düşülməsi üçün biologiya ilə əlaqəli 
								məsələləri başa düşməklə yanaşı fəndaxili 
								əlaqəni də düşünmək və bilmək lazımdır.  Müəllim 
								hər bir qrupda hansı suala cavab verməkdə 
								şagirdlərin çətinlik çəkə biləcəklərini 
								bildiyindən həmin suallar üzərində bir qədər 
								izahat aparmalı olur. 
								
								Müəllim dərsi yekunlaşdırır və şagirdlərin əldə 
								etdikləri bilik və bacarıqları möhkəmləndirmək 
								məqsədi ilə onlara test sualları olan vərəqləri 
								paylayır. Cavablar qiymətləndirilir.  
								 
								
								
								
								Mürşüd FƏRƏCOV,  
								pedoqoji elmləri üzrə fəlsəfə doktoru, TPİ 
								Kurikulum  
								Mərkəzinin böyük elmi işçisi  |