| 
								 
								2010-2011-ci dərs  ilində Bakıdakı 17 nömrəli 
								orta məktəbdə şagirdlərə möhkəm və əsaslı bilik 
								vermək, proqram materiallarını şüurlu surətdə və  
								dərindən mənimsətməklə yanaşı, onların 
								vətənpərvərlik, estetik, fiziki, əxlaqi 
								tərbiyəsinə və  hərtərəfli inkişafına  da xüsusi 
								diqqət yetirilir.  Məktəbin direktoru Bədəl 
								Bədəlov bildirdi  ki,  pedaqoji kollektivin səyi 
								nəticəsində məktəbdə bununla əlaqədar sistemli 
								və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu 
								çoxsahəli işlər arasında vətənpərvərlik 
								tərbiyəsinə istiqamətlənmiş tədbirlər mühüm yer 
								tutur. Bu işlər əsasən 3 formada həyata 
								keçirilir. 
								
								Birincisi, bilavasitə təlim prosesində 
								mövzuların tədrisi həyatla, vətənimizin azadlığı 
								və bütövlüyü uğrunda  vuruşan, şəhid olan 
								Mübariz İbrahimov kimi  qəhrəmanların, görkəmli 
								şəxsiyyətlərin, əfsanəvi sərkərdələrin həyatı 
								ilə əlaqələndirilir. Onların keçdikləri şərəfli 
								ömür yolu, vətən qarşısında xidmətləri təhlil 
								olunub şagirdlərə çatdırılır. Həmçinin doğma 
								torpaq, el-oba haqqında ulularımızın 
								yaratdıqları atalar sözü və zərb-məsəllərdən, 
								bayatı və əfsanələrdən nümunulər söylənilir. 
								
								İkincisi, respublikamızı hər bir şagirdə ətraflı 
								şəkildə tanıtmaq  məqsədilə aparılan  işlər. Bu 
								mərhələdə müxtəlif tədbirlərdən istifadə 
								olunmaqla, bütün şəhər və rayonların timsalında 
								Azərbaycan ərazisinin, təbii sərvətlərinin, 
								təhsilinin, mədəniyyətinin  və s. öyrənilməsi 
								təmin edilir. 
								
								Nəhayət, üçüncü forma sinifdənxaric və 
								məktəbdənkənar işləri əhatə edir. Bura ayrı-ayrı 
								şəhər və rayonlara, bütövlükdə demokratik, azad, 
								müstəqil respublikamıza həsr olunan sərgilər, 
								ədəbi-bədii axşamlar, disputlar, viktorinalar, 
								ekskursiyalar və gəzintilər daxildir. Bütün 
								bunlar ölkəmiz haqqında şagirdlərin biliklərini 
								zənginləşdirir, onların doğma 
								yurdumuzun-Azərbaycanımızın hər qarış torpağına 
								ülvi məhəbbət, tükənməz sevgi ruhunda böyüməsinə 
								imkan verir. 
								
								
								
								Şakir CƏFƏROV   | 
								  |