| 
								 
								Təhsil Nazirliyinin  müvafiq əmrinə uyğun olaraq 
								Şirvan şəhərində "Öyrədənləri öyrədən" təlim 
								kursu keçirilmişdir. Kursa 26 nəfərlik rəhbər 
								heyət cəlb olunmuşdur.  
								
								Təlim kursuna  Təhsil Problemləri İnstitutunun 
								şöbə müdiri, pedaqoji elmlər namizədi İlham 
								Cavadov və institutun böyük elmi işçisi Fəridə 
								Hüseynova rəhbərlik edirdilər. Kursun ilk günü 
								ənənəvi və fəal təlimlə aparılan iki "açıq dərs" 
								nümayiş etdirildi. Sonra həmin dərslərin üstün 
								və çatışmayan cəhətləri barədə müzakirələr 
								aparıldı. 
								
								Müdavimlərin dünyagörüşünün diaqnostikası 
								göstərdi ki, yeni pedaqoji yanaşmalara münasibət 
								hələ də fərqlidir. Müxtəlif təhsil fəlsəfəsi 
								baxımından müasir tələblərə cavab verən pedaqoji 
								yanaşmalar müəyyənləşdirildi. Habelə fənn 
								kurikulumlarının strukturu və məzmunu, müasir 
								kurikulumlar və yeni təlim strategiyaları (müəllimin 
								illik və cari planlaşması, təlimin forma və 
								üsulları) öyrənildi. 
								
								Kurs ərzində yeni pedaqoji texnologiyaların 
								mahiyyəti və məzmunu, fəal təlimin və 
								qiymətləndirmənin mexanizmləri ilə yaxından 
								tanışlıqdan sonra onun ənənəvi pedaqoji 
								texnologiyalarından, qiymətləndirmədən və 
								təlimdən üstünlüyü müdavimlər tərəfindən bir 
								daha  vurğulandı. Bundan sonra yeni dərsliklərlə 
								və əlavə resurslarla işin xüsusiyyəti də 
								öyrənildi. Həm şəhər ümumtəhsil məktəblərinin 
								fənn kurikulumları tətbiq olunan siniflərində, 
								həm də müdavimlərin hazırladığı nümunəvi dərslər 
								dinlənildi və müzakirə edildi. 
								
								Bu kursun əvvəlkilərdən fərqi həm də ondan 
								ibarət idi ki, burada islahatın uğurla həyata 
								keçirilməsi üçün "kimin hansı vəzifəsi ola bilər" 
								sualı ətrafında fikir mübadiləsi aparıldı. 
								Təhsil işçilərinin məsuliyyət və vəzifələri 
								onların özləri tərəfindən müəyyənləşdirildi. 
								Diqqətçəkən  məsələlərdən biri də dərsdinləmə 
								idi.  Hazırlıq kursu keçməyən məktəb rəhbərləri 
								dərsdinləmə mexanizmini bilmədikdə təbii ki, 
								onun səmərəliliyi də yetərincə olmur. Yeni təlim 
								texnologiyaları baxımından ənənəvi dərsdinləmə 
								mexanizmi müasir təlimin təşkili prosesini tam 
								üzə çıxarmadığından  onun hazırlanmasına ciddi 
								ehtiyac var idi. Hazırda təklif olunan mexanizm  
								rəhbər və müəllim heyətinə böyük kömək olacaqdır. 
								
								Təlim kursunun davamı olaraq  şəhərimizdə zona 
								məktəbləri  yaradılmışdır.  Həmin məktəblərin  
								hər birinin fəaliyyətinə 26 nəfərdən seçilmiş 
								bir məsul şəxs cavabdehdir. Artıq zona 
								məktəblərinin Fəaliyyət Planı hazırlanmış, şəhər 
								üzrə bütün müəllimlərin siyahısı bir daha 
								dəqiqləşdirilmiş, onlar məktəblər arasında 
								bölüşdürülmüş və hər bir məktəbdə yaradılımış  
								elektron mərkəzində qeydə alınmışlar. 
								Məktəblərin hər birində 8-9  təlimçinin 
								müdavimlərlə məşğələsi təşkil olunacaqdır. 
								 
								
								2011-ci il yanvarın 31-də kursda iştirak edən 
								təlimçilərə təhsil naziri  tərəfindən müvafiq 
								sertifikatlar təqdim olundu.   
								
								
								
								Elçin HƏSƏNOV, 
								Şirvan Şəhər Təhsil Şöbəsi metodkabinetinin 
								müdiri   |