| 
								 
								 Rzayev 
								Canpolad Yaqub oğlu  
								
								1968-ci il fevralın 26-da Ağdam rayonunun 
								Çuxurməhlə kəndində anadan olub. Rayonun 
								Əhmədavar kəndindəki orta məktəbin səkkizinci 
								sinfini bitirib. O, bir müddət kolxozda işləyib. 
								1988-ci ildə ordu sıralarına çağırılıb, hərbi 
								xidmətini raket qoşunları hissəsində keçirib. 
								Xidmətini başa çatdırdıqdan sonra hərbi hissədə 
								qalıb təhsilini davam etdirib. 1992-ci il 
								fevralın 26-da xalqımız öz taleyinin ən ağır və 
								acılı anlarını yaşayırdı. XX əsrin sonunda təkcə 
								Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa 
								qarşı ən ağır cinayətlərdən biri - Xocalı 
								faciəsi baş verdi. Belə bir gərgin vəziyyətdə 
								Canpolad əhalinin təhlükəsizliyinin təmin 
								edilməsində fədakarlıq göstərib. 
								
								C.Rzayev Qaraqaya uğrunda erməni işğalçılarına 
								qarşı gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi 
								nümayiş etdirərək qəhrəmancasına həlak olub. 
								
								Ailəli idi. İki övladı var. 
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Rzayev Canpolad Yaqub oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
								
								Məzarı Ağdamın düşmən işğalı altında olan 
								Şəhidlər xiyabanındadır.  
								
								  
								
								 Salahov 
								Şakir Şamil oğlu  
								
								1966-cı il iyunun 15-də Xocalı rayonunun Cəmilli 
								kəndində anadan olub. 1981-ci ildə kəndlərindəki 
								səkkizillik məktəbi, sonra isə orta məktəbi 
								bitirib. Şakir 1984-cü ildə hərbi xidmətə 
								çağırılıb. 1986-cı ildə əsgəri xidmətini başa 
								çatdırdıqdan sonra Xankəndi Şəhər Daxili İşlər 
								İdarəsinin mühafizə şöbəsində işə qəbul olunub. 
								Ş. Salahov 1991-ci ildə Azərbaycan Dövlət 
								Pedaqoji Universitetinin Şuşa şəhər filialında 
								fizika-riyaziyyat fakültəsinə daxil olub. 
								1991-ci il avqustun 23-də Kosalar və Cəmilli 
								kəndləri uğrunda erməni işğalçılarına qarşı  
								gedən ağır döyüşlərdə xüsusi igidlik nümayiş 
								etdirərək yağı düşmənin xeyli canlı qüvvəsini 
								məhv edib. Amma erməni hərbi birləşmələri 
								irimiqyaslı hücum əməliyyatlarını davam 
								etdirirdi. Cəbhə xəttini yarıb hərbi hissələri 
								mühasirəyə almaq istəyirdilər. Şakir isə 
								düşmənin bu bəd niyyətinin  həyata keçməsinə 
								imkan vermirdi. 
								
								Ş.Salahov 1992-ci ildə Kosalar kəndi uğrunda 
								gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına 
								həlak olub. 
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								Salahov Şakir Şamil oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
								
								Bərdə şəhərindəki Şəhidlər  xiyabanında dəfn 
								olunub.   
								
								 Sarıyev 
								Zaur Rəşid oğlu  
								
								1974-cü il iyunun 28-də Şəmkir rayonunun Qaralar 
								kəndində anadan olub. 1989-cu ildə orta məktəbi 
								bitirdikdən sonra Gəncə şəhərindəki peşə 
								məktəbində elektrik qaynaqçısı peşəsinə 
								yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına 
								çağırılıb. Qusar rayonunda hərbi təlim keçdikdən 
								sonra döyüş bölgəsinə göndərilib. Döyüş yolu 
								Tərtərdən başlayan Zaur sonralar Füzuli, Ağdam, 
								Kəlbəcər və Murovdağa qədər gedib çıxıb. 1994-cü 
								ildə Murovdağ istiqamətində kəşfiyyata çıxarkən 
								mühasirəyə düşməsinə baxmayaraq, cəsurluğu 
								nəticəsində 13 gündən sonra geri qayıdıb. Bir 
								müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə 
								yollanıb. Daha sonra  776 nömrəli hərbi hissədə 
								xidmətə başlayıb. O, komandirlərinin 
								tapşırıqlarını ləyaqətlə yerinə yetirib. 
								Müstəqilliyimizin qorunub saxlanılmasında Milli 
								Ordunun əsgəri kimi həmişə özünü şərəflə 
								doğruldub. 
								
								Z.Sarıyev 1995-ci ilin martında dövlət 
								çevrilişinə cəhdin qarşısı alınan zaman silahlı 
								dəstə ilə üz-üzə gələrkən qəhrəmancasına həlak 
								olub. 
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Sarıyev Zaur Rəşid oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
								
								Şəmkir rayonundakı Şəhidlər xiyabanında dəfn 
								olunub.   
								
								 Sayadov 
								Mehman Qəzənfər oğlu  
								
								1972-ci il noyabrın 21-də Qərbi Azərbaycanın 
								Vardenis rayonunun Günəş kəndində anadan olub. 
								Yeddinci sinfə kimi doğma kəndlərində oxuyub. 
								Sonra məlum səbəblərdən ailələri ilə birlikdə 
								Samux rayonuna gəlib. Sovet ordusu sıralarına 
								hərbi xidmətə çağırılan Mehman 6 ay 
								Sverdlovskidə xidmət etdikdən sonra Vətənə 
								qayıdıb. 1992-ci ildə "Azərbaycan bayrağı" 
								könüllü müdafiə batalyonuna üzv  yazılaraq 
								Qarabağa - cəbhə bölgəsinə yollanıb. Bu o 
								vaxtlar idi ki, ölkədə baş verən hərc-mərclikdən, 
								siyasi qarışıqlıqlardan, vahid komandanlığın 
								olmamasından, vətən xainlərinin ucbatından 
								Azərbaycanın dilbər guşələri bir-bir erməni 
								işğalçılarının caynağına keçirdi. Mehman Şuşa 
								döyüş bölgəsində erməni yaraqlılarına qarşı 
								aparılan hərbi əməliyyatlarda mərdliklə döyüşüb. 
								Şuşa şəhərinin bir sıra kəndlərinin müdafiəsində 
								xüsusi qəhrəmanlıq nümayiş etdirib. 
								
								M.Sayadov 1992-ci il mayın 9-da Nəbilər kəndinin 
								erməni faşistlərindən müdafiəsi zamanı 
								qəhrəmancasına həlak olub. 
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Sayadov Mehman Qəzənfər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
								
								Meyitini döyüş bölgəsindən götürmək mümkün 
								olmayıb.  
								
								 Sədiyev 
								Vəzir İsa oğlu 
								
								  
								
								1961-ci il iyunun 6-da Gürcüstan Respublikasının 
								Marneuli rayonunun Aşağı Qullar kəndində anadan 
								olub. Orta təhsilini Qərbi Azərbaycanın Körpülü 
								kəndində başa çatdırdıqdan sonra Tbilisi Ali 
								Hərbi Artilleriya Məktəbinə daxil olub. Məktəbi 
								bitirdikdən sonra Rusiyanın Qorki şəhərindəki 
								hərbi məktəbə müəllim təyin edilib. Sonra 
								könüllü olaraq Əfqanıstana yola düşüb. 
								Əfqanıstan müharibəsində iştirak etdikdən sonra 
								mayor rütbəsi ilə qərargah rəisinin müavini 
								təyin edilib. Xocalı soyqırımı başlayanda 
								Azərbaycana gələrək Artilleriya və Hərbi Hava 
								Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin 
								rəis müavini vəzifəsində çalışıb. Vəzir Laçın, 
								Qubadlı, Füzuli və Ağdərə rayonlarında erməni 
								işğalçılarına qarşı gedən döyüşlərdə iştirak 
								edərək xüsusi qəhrəmanlıq nümayiş etdirib. 
								
								V.Sədiyev 1993-cü il fevralın 19-da Ağdərənin 
								Aterk kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına 
								həlak olub. 
								
								Ailəli idi. Bir övladı var. 
								
								Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 
								1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə 
								Sədiyev Vəzir İsa oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |