| 
								 
								 O, 
								1994-cü il Xaçmaz şəhərində anadan olub. Hələ  
								kiçik yaşlarından  musiqiyə olan  istedadı ilə 
								yaşıdlarından fərqlənər, Ü.Hacıbəyovun romans və 
								ariyalarına qulaq asar, bu əsərləri pianoda 
								səsləndirməyə çalışardı. Musiqiyə olan marağı və 
								istəyi ilə valideynləri onu 7 yaşında ikən Bakı 
								şəhəri Leopold və Mstislav Rostropoviçlər adına 
								21 nömrəli musiqi məktəbinə gətirirlər. Müsabiqə 
								yolu ilə onu məktəbin skripka şöbəsinə, İlhamə 
								Ağayevanın sinfinə qəbul edirlər.  Haqqında 
								söhbət açacağımız, rubrikamızın budəfəki qonağı 
								gənc olmasına baxmayaraq, beynəlxalq səviyyəli 
								səhnələrdə ölkəmizi uğurla təmsil edən, 
								Prezident təqaüdçüsü, skripka ifaçısı Kamran 
								Ömərlidir. 
								
								Musiqi məktəbinə daxil olandan 6 ay sonra Kamran 
								ilk dəfə dünya şöhrətli bəstəkar Sebastian Baxın 
								kiçik əsəri ilə məktəb səhnəsində uğurlu 
								çıxışını etdi. Müəllimi İlhamə Ağayeva fitri 
								istedadını üzə çıxararaq onun gələcəkdə əsl 
								musiqiçi olacağına inanırdı. Kamranın həm də 
								gözəl səsi var. O, II sinifdə oxuyarkən Dövlət 
								Uşaq Filarmoniyasında Mobil Əhmədovdan dərs 
								almışdır. Xalq artisti Kamrana həmişə dahi 
								sənətkarlarla olan gözəl xatirələrindən danışar, 
								onun gələcəkdə yaxşı vokalist olacağını 
								söyləyərdi. 
								
								Lakin çox sonralar Kamran skripka alətində ifa 
								etməyi daha üstün saydı. V sinifdə ikən Heydər 
								Əliyev Fondunun prezidenti Mehriban xanım 
								Əliyevanın təşəbbüsü ilə yenicə yaranmaqda olan 
								Azərbaycan Dövlət Gənclər Orkestrinə skripka 
								ifaçısı kimi daxil oldu. Orkestrin tərkibində 
								dəfələrlə müxtəlif dövlət tədbirlərində iştirak 
								etdi. 
								
								Solo skripka ifaçısı kimi ilk dəfə böyük səhnəyə 
								10 yaşında çıxaraq Q.Qarayev adına Azərbaycan 
								Dövlət Kamera Orkestri ilə, xalq artisti, 
								dirijor T.Göyçayevin rəhbərliyi altında S.Baxın 
								əsərlərini ifa etdi. Onun qeyri-adi ifaçılıq 
								qabiliyyəti  bir çox görkəmli musiqiçiləri 
								təəccübləndirirdi. 
								
								Artıq kiçik yaşlarından böyük nailiyyətlər 
								qazanan Kamran dəfələrlə Ü.Hacıbəyov adına 
								Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev 
								adına Azərbaycan Dövlət Kamera Orkestrinin 
								müşayiəti ilə solo ifaçı kimi Azərbaycan Dövlət 
								Filarmoniyasının səhnəsində uğurlu ifalar 
								etmişdir. Onun repertuarında S.Bax, 
								P.İ.Çaykovski, O.Sarasate, K.Sen-Şans, De Falya, 
								N.Paqanini, H.Venyavski, Q.Qarayev, F.Əmirov, 
								Brams, Şuman və s. kimi dünya klassiklərinin 
								əsərləri mühüm yer tuturdu. Kamranın səhnədəki 
								hər bir ifası yüksək peşəkarlığı ilə seçilir, 
								hər bir əsəri obrazlı çatdırmaq bacarığı 
								dinləyiciyə mənəvi qida verir. Kamranı dinləyən 
								görkəmli musiqiçilər - xalq artisti, dirijor 
								R.Abdullayev, professor, xalq artisti T. 
								Atakişiyev, T.Aslanov, professor N.Abbaszadə, 
								Z.Quliyeva, M.Adıgözəlzadə, F.Bədəlbəyli və 
								respublikamıza qonaq gələn görkəmli və 
								dünyaşöhrətli musiqiçilər - O.Rostropoviç, 
								italyan skripkaçı S.Krılov, M.Vengerov və dahi 
								M.Rostropoviç onun perspektivli bir ifaçı 
								olduğunu və beynəlxalq səviyyəli musiqiçi 
								olacağından əmin olduqlarını bildirirdilər.
								 
								
								 Kamran 
								Ömərli Azərbaycan Dövlət Kamera Orkestrinin 
								tərkibində Hollandiya, Moskva, Kazan və s. 
								şəhərlərdə keçirilən Azərbaycanın mədəniyyət 
								günlərində iştirak etmiş, və bu səfərlər zamanı 
								T.Atakişiyev, S.Krılov, M.Vengerov kimi dahi 
								musiqiçilərdən dərs alaraq böyük təcrübə 
								qazanmışdır. 
								
								O, 2007-ci il birinci Respublika müsabiqəsində 
								II, 2009-cu il M.Rostropoviç adına birinci Bakı 
								şəhər müsabiqəsində I,  2009-cu il "Azərbaycan - 
								dünyam mənim" müsabiqəsində I, 2010-cu il II 
								Respublika müsabiqəsində I yerləri tutmuş, 
								2010-cu il M.Əliverdibəyov adına gənc ifaçıların 
								V Bakı şəhər müsabiqəsində Qran-Pri qazanmış, 
								2010-cu ilin aprelində "Kaunas-2010" gənc 
								musiqiçilərin XIX Beynəlxalq festivalında xüsusi 
								diploma layiq görülmüşdür. Kamran bu beynəlxalq 
								festivalın təntənəli bağlanışında Litva Dövlət 
								Simfonik Orkestrinin müşayiəti və dirijor 
								Modestas Riternasın rəhbərliyi ilə Çaykovskinin 
								əsərlərini çox böyük uğurla ifa etmişdir. 
								Konsert zamanı əfsanəvi skripkaçı və musiqiçi, 
								dirijor Sandetski Kamranın ifasını çox bəyəndi 
								və ona master skripka alınmasını tövsiyə etdi. 
								Qeyd edək ki, bu istedadlı gənc  üçün Heydər 
								Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi 
								tərəfindən İtaliyanın Kremons şəhərindən skripka 
								alınıb. Kamran həm festivalda, həm də seçim 
								turunda mədəniyyət və turizm nazirinin müavini  
								Sevda Məmmədəliyeva tərəfindən ona şəxsən 
								təntənəli təqdim olunan bu qiymətli alətdə ifa 
								edib. 
								
								2010-cu ilin iyununda məşhur musiqiçi Maksim 
								Vengerov ölkəmizdə olarkən Azərbaycan Dövlət 
								Filarmoniyasının səhnəsində Kamrana qulaq asıb 
								və ifasını yüksək qiymətləndirərək onun 2011-ci 
								ilin oktyabrında Polşa Respublikasında 
								keçiriləcək H.Venyatsi adına Gənc skripkaçıların 
								Beynəlxalq müsabiqəsinin seçim turunda iştirak 
								etməsi üçün təqdimat yazıb. 
								
								 2010-cu 
								ilin dekabrı da Kamran üçün çox uğurlu oldu. 
								Bakıda keçirilən IV Beynəlxalq festivalda o, 
								Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik 
								Orkestrinin müşayiəti ilə beynəlxalq müsabiqənin 
								seçim turunda 4 klassik əsərlə çıxış edib. 
								Çıxışı münsiflər heyəti tərəfindən  heyranlıqla  
								qarşılanıb. 
								
								Kamranın dediklərindən: "Mən hələ uşaqlıqdan 
								texniki baxımdan ifa edilməsi çətin olan 
								irihəcmli və virtuoz əsərləri ifa etməyi çox 
								sevmişəm. Səhnəyə həmişə yaşıma görə çətin olan 
								əsərlərlə çıxmışam. Mürəkkəb texnikalı klassik 
								əsərlər həmişə məni özünə cəlb edib. Paqanini, 
								Çaykovski və s. kimi dahilərin mürəkkəb 
								texnikalı əsərlərini ifa etmişəm. İfa etdiyim 
								hər bir əsərdə özümün xüsusi dəst-xəttimin 
								olmasına çalışmışam. Çox sevinirəm ki, artıq 
								mənim adımı afişalarda oxuyanda tamaşaçı ifamı 
								dinləmək üçün konsertlərə gəlir. Bu məni çox 
								sevindirir.  Hazırda Polşa Respublikasında 
								keçiriləcək beynəlxalq müsabiqəyə hazırlaşıram. 
								Azərbaycanımızı  uğurla təmsil etməyi qarşıma 
								məqsəd qoymuşam. Mənə elə gəlir ki, öz üzərində 
								işləyən hər bir istedadlı gənc istəyinə çata 
								bilər. Mənim missiyam dünya klassiklərinin 
								musiqilərini ifa etməklə onları daim yaşatmaq və 
								insanlara çatdırmaqdır. Məncə, gənc nəslin 
								yüksək zövqünün formalaşması üçün bundan gözəl 
								vasitə ola bilməz. Mən sənətimi çox sevirəm və 
								həmişə çalışıram. Sevinirəm ki, yanımda mənə 
								həmişə dəstək olan İlhamə Ağayeva kimi müəllimim 
								var. Mənim bu səviyyəyə çatmağımda onun rolu 
								əvəzsizdir. Səfərlər zamanı və konsertlərdə məni 
								pianoda müşayiət edən Arzu Səfərovanı da 
								xüsusilə qeyd edərdim. Onun kimi təcrübəli və 
								istedadlı pianoçu ilə işləmək mənə əlavə stimul 
								verir. Ümumiyyətlə, mənə və mənim kimi bütün 
								gənclərə dəstək olan hər bir kəsə, xüsusilə ölkə 
								Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev 
								Fondunun prezidenti Mehriban xanım Əliyevaya 
								minnətdarlığımı bildirirəm. 
								
								Ən böyük  arzum ifaçılıq vərdişlərimi daha da 
								mükəmməlləşdirmək üçün xaricdə təhsil almaq, 
								solist skripka ifaçısı kimi respublikamızı 
								dünyanın ən nüfuzlu səhnələrində uğurla təmsil 
								etməkdir.  
								
								Bəli, bir gənc ilə söhbətimiz və onun musiqiyə 
								olan məhəbbəti bir daha sübut edir ki, 
								Azərbaycan dahilər vətənidir və bu vətən 
								dahiləri daim yetişdirəcəkdir.  
								
								
								
								Niyazi RƏHİMOV  | 
								  |