| 
								 
								
								
								Azərbaycan xalqının həqiqi tarixi hələ 
								yazılmayıbdır. Gərək bizim xalqın əsl tarixi 
								yazılsın.  
								
								
								Heydər ƏLİYEV  
								Təhsili 
								Azərbaycanın davamlı inkişaf strategiyasının ən 
								öncül istiqamətlərindən biri hesab edən 
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyev bu sahədə aparılan islahatları yüksək 
								qiymətləndirərək demişdir: "Təhsil Nazirliyində 
								düşünülmüş proqram, konsepsiya vardır". Dövlətin 
								müəyyənləşdirdiyi bu strategiya və konsepsiya 10 
								ildən artıqdır ki, təhsil naziri, əməkdar elm 
								xadimi, professor Misir Mərdanovun bilavasitə 
								rəhbərliyi və şəxsi iştirakı ilə uğurla həyata 
								keçirilir.  
								
								 Bu 
								illər ərzində Misir müəllim bütün səylərini 
								təhsil sahəsindəki çatışmazlıqların aradan 
								qaldırılmasına, təhsilin bütün pillələrində 
								effektiv yeniliklərin tətbiqinə, Azərbaycan 
								təhsilində köklü məzmun islahatlarının 
								aparılmasına, təhsil sisteminin yeniləşməsinə, 
								milli və bəşəri dəyərlər zəminində Avropa və 
								dünya təhsil sisteminə uğurla inteqrasiya 
								edilməsinə yönəltmişdir. Məhz onun Azərbaycan 
								təhsilinə rəhbərlik etdiyi illərdə təhsil 
								sistemi elmi cəhətdən əsaslandırılmış 
								proqramlara uyğun idarə olunmağa başlamışdır.
								 
								Təhsil 
								tariximizdə ilk dəfə olaraq on altı 
								inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və 
								uğurla həyata keçirilməkdədir. Təhsilin 
								ayrı-ayrı sahələrinin inkişafı üzrə real 
								vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq 
								edilmiş bu proqramların  reallaşdırılması 
								nəticəsində təhsil infrastrukturu müasir 
								tələblərə uyğun qurulmuş, təhsilin məzmunu 
								yeniləşdirilmiş, "Azərbaycan Respublikasında 
								ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" 
								təsdiq olunmuş,  yeni dərslik siyasəti 
								reallaşdırılmış, təhsilalanların 
								nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni 
								model və mexanizmlər tətbiq edilmiş, əmək 
								bazarının tələbatına uyğun kadr hazırlığı və 
								təminatı yaxşılaşdırılmış, təhsil müəssisələri 
								informasiya-kommunikasiya texnologiyaları ilə 
								təmin edilmiş, təhsil sisteminin 
								informasiyalaşdırılması, məktəbəqədər, texniki 
								peşə, ali təhsil, xaricdə təhsil, istedadlı 
								uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan 
								uşaqların təhsilinin təşkili, 
								de-institutlaşdırma və digər bu kimi sahələrdə 
								əhəmiyyətli nailiyyətlər əldə olunmuş, maddi 
								dəyərlərdən əldə edilən kapital ölkədə insan 
								kapitalının inkişafına yönəldilmişdir. 
								 
								Büdcə vəsaiti 
								hesabına Təhsil Nazirliyi tərəfindən yeni 
								təhsil-tərbiyə müəssisələrinin tikilməsi  və ya 
								əsaslı təmir edilməsi  böyük bir vüsətlə həyata 
								keçirilmişdir. Təbii ki, gələcək tədqiqatçılar 
								bu illərdə Azərbaycanda təhsilin inkişaf 
								tarixindən yazarkən çoxşaxəli fəaliyyəti ilə 
								çağdaş təhsil tariximizin parlaq səhifələrini 
								yazmış hörmətli təhsil nazirimiz Misir 
								Mərdanovun sistemli və ardıcıl həyata keçirdiyi 
								əsaslı tədbirləri, təhsilin infrastrukturunun və 
								məzmununun yeniləşdirilməsi, mütərəqqi dünya 
								təcrübəsinə uyğunlaşdırılması sahəsindəki 
								xidmətlərini tarixi nailiyyət kimi 
								qiymətləndirməklə yanaşı, həm də onu böyük elmi 
								səriştəyə və təcrübəyə malik təhsilşünas alim və 
								təhsil tarixçisi kimi dəyərləndirəcəklər. O, 
								müasir, qlobal elmi təfəkkürə malik, müsbət 
								radikal addımlar atmağa meyilli, yeniləşməyə 
								nail olmağa israrlı, informasiya cəmiyyətindəki 
								ideyaların daşıyıcısı olan bir alim, islahatçı 
								nazirdir. Misir müəllim öz yaradıcılığında 
								müasir təhsilşünaslığın elə problemlərinə 
								toxunmuş, elə ciddi elmi məsələləri şərh 
								etmişdir ki, gələcəkdə bu mövzuda tədqiqat 
								aparanlar mütləq onun yaradıcılığına müraciət 
								etməli olacaqlar. O, təhsil sahəsindəki 
								problemləri vaxtında görür, aktual məsələləri 
								önə çıxarır, dövlətin və cəmiyyətin diqqətini 
								qarşıdakı hədəfə yönəltməklə yanaşı, 
								təhsilşünaslığın bir elm sahəsi kimi inkişafına 
								öz töhfəsini verir.   Məhz o, təhsil-tərbiyə ilə 
								bağlı xalqımızın min illər boyu yaratdığı, 
								zamanın, tarixin yaddaşına həkk etdiyi, milli 
								mənəvi dəyərlərə çevrilən ideyaları ilk dəfə 
								sistemli təhlil və tədqiq etməklə ciddi elmi 
								ümumiləşdirmələrin predmetinə çevirməyə nail 
								olmuşdur. "Azərbaycan təhsili Xalq Cümhuriyyəti 
								illərində (1918-1920)" (2003), "Azərbaycanın 
								təhsil siyasəti" (2 cilddə, 2005), "Azərbaycan 
								Müəllimlərinin qurultayları. I-IX" (2008), 
								"Azərbaycan Müəllimlərinin XIII qurultayı" 
								(2009) kitabları bu qəbildəndir. O, ixtisasca 
								riyaziyyatçı olsa da, son illərdə daha çox 
								təhsilşünas alim kimi tanınır, intensiv elmi 
								axtarışları, monoqrafiya, kitab və kitabçaları, 
								silsilə məqalələri ilə pedaqoq-alimlərin də 
								qibtə edə biləcəyi mənəvi xəzinə yaradıb. 
								"Azərbaycan təhsili islahat illərində" (2001), 
								"Təhsil millətin gələcəyidir" (2002), 
								"Azərbaycan Respublikasının dövlət rəmzləri" 
								(2002), "Təhsil sistemində monitorinq və 
								qiymətləndirmə" (2003), "Azərbaycan təhsili 
								müstəqillik illərində" (2003), "Azərbaycan 
								təhsili dünən, bu gün, sabah" (2006), "Davamlı 
								inkişaf və təhsil" (2007), "Prezident İlham 
								Əliyev və Azərbaycanda təhsilin inkişafı, 
								2003-2008" (2008), "Azərbaycan təhsili yeni 
								inkişaf mərhələsində" (2009), "50 ən yaxşı 
								məktəb, 100 ən yaxşı müəllim" (2009), 
								"Azərbaycan təhsili: islahatların uğurlu 
								nəticələri (2009-2010-cu illər)" (2010) 
								kitabları elmi-nəzəri dəyərinə, tarixi 
								əhəmiyyətinə, dərin məzmununa görə 
								təhsilşünaslığa dəyərli töhfədir.  Bu kitablar 
								Misir müəllimin təhsil sahəsindəki xidmətlərini 
								əyaniləşdirməklə, tarixiləşdirməklə yanaşı, həm 
								də onu təhsil tarixi və təhsilşünaslıq sahəsində 
								səlahiyyətli  söz sahibi kimi təqdim edir. 
								 
								Bu günlərdə 
								işıq üzü görən "Azərbaycanın təhsil nazirləri" 
								("Bakınəşr", 2010, 240 s.) adlı kitabı Misir 
								müəllimin yeni bir elmi hesabatıdır. Ulu öndər 
								Heydər Əliyevin və Azərbaycan Respublikasının 
								Prezidenti İlham Əliyevin işıqlı, aydın çöhrəli 
								portretləri ilə açılan bu kitab müqəddəs sözün 
								işığından doğan, nazir  təfəkküründən  süzülərək 
								yeni məzmun və mahiyyət kəsb edən nurlu bir 
								işıq, vətənimiz qarşısında xidmətləri olan 
								insanlara (nazirlərə) ucaldılan mənəvi bir 
								abidədir ki, onun da müəllifi professor Misir 
								Mərdanovdur.  
								Kitaba yazılan 
								"Ön söz" Azərbaycan təhsilinin ən qədim 
								zamanlarından bu günə kimi olan dövrünə işıq 
								tutur, həcmcə böyük olmasa da məzmun, 
								problematika, işlənmə səviyyəsi, fakt və 
								hadisələrin  tarixilik və müasirlik baxımından 
								müqayisəli təhlili, şərh   üslubu ilə akademik 
								səciyyə daşıyır. Azərbaycanda təhsil sahəsində 
								aparılan uğurlu işlər, buraxılan nöqsanlar, 
								onların obyektiv və subyektiv səbəbləri 
								müəyyənləşdirilir, təhsil quruculuğu ayrıca, 
								əlahiddə şəkildə deyil, dövrün ictimai-siyasi 
								hadisələri fonunda təhlil və tədqiq olunur, 
								azərbaycanlı ziyalıların (nazirlərin) ömür 
								kitabının həm məşəqqətli, həm də fərəhli 
								səhifələri vərəqlənir. ADR, sovet hakimiyyəti və 
								müstəqillik illərində təhsilin məzmununda 
								aparılan islahatların xarakteri, səciyyəvi 
								xüsusiyyətləri önə çəkilir. Sərt və ciddi 
								qanunların tətbiqi ilə səciyyəvi olan keçən 
								əsrin 30-cu illərində məktəblə bağlı qəbul 
								edilmiş qərarların, sinfi mübarizənin 
								gücləndirilməsi haqqında Stalin ideyasının 
								təhsildə demokratik ənənələrin inkişafını 
								ləngitməsinin,  yeni arzuolunmaz istiqamətin 
								formalaşmasının əsasını qoyduğu bildirilir. 
								Əsaslandırılır ki, o dövrdə milli dəyərlər sərt 
								şəkildə arxa plana keçirildi, saxta bolşevik 
								beynəlmiləlçiliyi aparıcı amilə çevrildi, 
								təhsilin məzmunu tamamilə sovet ideologiyasının 
								prinsiplərinə tabe etdirildi. Müəllif haqlı 
								olaraq 30-cu illərdə məktəb haqqında qəbul 
								edilmiş qərarları təkcə siyasi sənəd deyil, həm 
								də pedaqoji prosesə Sov.İKP-nin rəhbərliyini 
								təmin edən metodoloji proqram kimi 
								qiymətləndirir.  
								Keçmişi 
								pisləmək düzəltməkdən asandır. Misir müəllim 
								inkarçılıq stixiyasından çıxış edərək o dövrü 
								pisləmir, əksinə, ulu öndərimiz Heydər Əliyevin 
								"1920-ci ildən 1991-ci ilə qədər Azərbaycanın 
								həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan 
								müstəqil olmamışdır, ancaq Azərbaycan xalqı 
								böyük inkişaf yolu keçmişdir" - müddəalarını o 
								dövr tariximizin obyektiv öyrənilməsinin 
								metodoloji əsası kimi qəbul edir, sovet 
								hakimiyyəti illərində təhsil quruculuğu ilə 
								bağlı konseptual problemləri məhz həmin 
								prizmadan işıqlandırır. Yaxın tarixi keçmişə 
								obyektiv qiymət vermənin yeganə elmi yolu 
								belədir.  Professor Misir Mərdanov bu 
								konsepsiyaya əsaslanaraq sübut edir ki, xalq 
								maarifinin, məktəbin nailiyyətlərini itirmək, 
								əldə edilənlərin ən yaxşılarını, məktəbin 
								prinsipial özülünü inkar etmək olmaz. Tarixən 
								rasional toxumlardan, rüşeymlərdən cücərib boy 
								atmış, sistem halını almış ideyaları möhkəm özül 
								üçün qəbul etməsək, bunun üzərində gələcəyin 
								binasını ucalda bilmərik. Dəhşətli Stalin 
								terroru vaxtı da, sonralar da pedaqoji fikirdə, 
								təhsil quruculuğunda işıqlı cəhətlər çox olmuş,  
								pedaqogikamız yüksək ideallar və məqsədlər 
								uğrunda mübarizəyə hazır nəslin tərbiyəçisi 
								olmuş, Azərbaycan pedaqoji elmində 
								təhsil-tərbiyənin strategiyası və taktikası 
								hazırlanmış, məktəbdə isə həyata keçirilmişdir. 
								Doğrudur, sovet hakimiyyəti illərində müstəqil 
								dövlət siyasətimiz, aydın milli ideologiyamız 
								olmayıb, xalqın milli təfəkkürünün daşıyıcıları 
								olan on minlərlə ziyalı günahsız ittiham edilib, 
								ölüm və cəza maşını fasiləsiz işləyib. Ancaq bu 
								heç də o demək deyil ki, məktəbimiz, təhsilimiz 
								inkişaf etməyib.   
								Son yüz ildə 
								təhsilin inkişaf tendensiyalarını təhlil edən 
								professor Misir Mərdanov  bu qənaətə gəlir ki, 
								qazandıqlarımız itirdiklərimizdən daha çoxdur. 
								O, yazır: "Mən təhsil naziri kimi müxtəlif 
								ölkələrdə, o cümlədən qonşu İran və Türkiyə 
								respublikalarında dəfələrlə xidməti səfərlərdə 
								olmuşam. Bu səfərlər zamanı bir fakt məni həmişə 
								qürurlandırıb: Azərbaycanda insanların təhsil 
								səviyyəsi hər iki ölkədəkindən qat-qat 
								yüksəkdir. Sovet dövründə ən ucqar kəndlərimizdə 
								belə məktəblər fəaliyyət göstərib və 
								Azərbaycanda savadsız adam yoxdur. Bütün bunlar 
								bizim bugünümüz üçün etibarlı zəmin olubdur. 
								Əgər belə olmasaydı, biz öz müstəqilliyimizi 
								bərpa edib Azərbaycanı uğurla irəli apara, daha 
								böyük nailiyyətlərə, cəsarətli islahatlara imza 
								ata, təhsilimizi, mədəniyyətimizi, 
								iqtisadiyyatımızı müasir tələblər səviyyəsində 
								inkişaf etdirə bilməzdik" (s.21).  
								Yetmişillik 
								keçmiş elə bir tarixi materialdır ki, onu 
								tənqidi mövqedən dərk edib qiymətləndirmədən, 
								nailiyyətlərimiz, səhvlərimiz barədə tam həqiqət 
								olmadan ictimai özünüdərk və millətin tərəqqisi 
								mümkün deyil.   
								Dəyərli 
								kitabları oxuyanlar dəyərli insanlarla görüşmüş 
								kimi olurlar. Bu kitabı oxuyanlar zamanın 
								yaddaşına yazılan dəyərli şəxsiyyətlərlə - 
								xalqının tarixində, taleyində, böyüyən nəslin 
								təhsil-tərbiyəsində böyük rol oynayan insanlarla 
								-Azərbaycanın xalq maarifi və dini etiqad 
								nazirləri (N.Yusifbəyli, R.Qaplanov, 
								H.Şaxtaxtinski, N.Şahsuvarov), xalq maarif 
								komissarları (D.Bünyadzadə, M.Quliyev, 
								R.Axundov, M.Məmmədov, A.Sultanova, M.Ağayev, 
								M.Cuvarlinski, M.Şahbazov, M.Əfəndiyev, 
								M.Məmmədov, M.İbrahimov, M.Ələkbərov), xalq 
								maarif nazirləri (M.Mehdizadə, R.Rəhimov, 
								E.Qafarova, K.Rəhimov, T.Hacıyev), texniki peşə 
								təhsili komitəsinin sədrləri (Ə.Ənnağıyev, 
								M.Ağayev, T.Allahverdiyev, H.İsayev), ali və 
								orta ixtisas təhsili komitəsinin sədrləri 
								(Ş.Məmmədov, A.Qarayev), ali və orta ixtisas 
								təhsili nazirləri (Z.Hüseynova, D.Quliyev, 
								Q.Əliyev, A.Abbasbəyli), xalq təhsili nazirləri 
								(M.Məmmədov, R.Feyzullayev, F.Cəlilov) və təhsil 
								nazirləri (L.Rəsulova, M.Mərdanov) ilə görüşür, 
								bu insanların qazandıqları təcrübə ilə, 
								dünyagörüşləri və həyat fəlsəfələri ilə yaxından 
								tanış olurlar. Kitabda onların yaradıcılığının 
								özünəməxsus çalarları, onların təhsil 
								tariximizdəki yeri və mövqeyi, pedaqoji 
								nəsillərin taleyində oynadıqları rol yeni 
								pedaqoji təfəkkür işığında geniş və hərtərəfli 
								şəkildə araşdırılır.  
								Millətin 
								mədəni gücü onun siyasi gücündən daha dərin 
								olur. Millətin əzəməti onun hər bir 
								nümayəndəsində öz əksini tapır. Millətin güclü 
								olması milli ideologiya ətrafında sıx birləşməsi 
								ilə bağlıdır. İdeya insanı və dünyanı hərəkətə 
								gətirən yeganə fikir axınıdır. Nəsib bəy 
								Yusifbəyli, Rəşid xan Qaplanov, Həmid bəy 
								Şaxtaxtinski,  Nurməmməd bəy Şahsuvarov 
								əqidələri uğrunda, Dadaş Bünyadzadə, Mustafa 
								Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov, Ayna 
								Sultanova, Məmməd Çuvarlinski, Müseyib 
								Şahbazov... ideologiya naminə öldürüldülər. Bu 
								şəxslər Azərbaycanın xalq maarifinə və təhsil 
								sisteminə rəhbərlik etmiş insanlardır. Onların 
								hamısı "xalq düşməni" kimi mühakimə edilib, 
								repressiyaya məruz qalıblar.  
								Onların 
								şəxsiyyətləri ilə tanışlıq insanın fikir 
								dünyasını genişləndirir, hiss və duyğu aləmini 
								zənginləşdirir. Belə insanlar heç vaxt ölmür, 
								dünyaya gələn hər yeni nəsillə yenidən dünyaya 
								gəlir, oxunduqca, xatırlandıqca yaşayırlar. 
								Ümumiyyətlə, insanlar ölərkən birdəfəlik 
								ölmürlər, tamam yox olmurlar, nə qədər ki, 
								onları xatırlayan, onların səslərini, 
								sifətlərini yaddaşında saxlayan adamlar durur, 
								bu ölənlər də hələ yaşayır - fikirlərdə, 
								xəyallarda, təsəvvürlərdə... F.Dostayevski haqlı 
								olaraq yazırdı ki, xalq ancaq sevdiyi insanları 
								yaddaşında saxlayır.  
								Təkrar-təkrar 
								nəzərdən keçirdikcə bir daha yəqin edirsən ki, 
								bu kitab 1918-2010-cu illərə kimi davam edən 
								böyük və çox mürəkkəb, kəşməkəşli təhsil 
								tariximizin bütöv bir mərhələsinin parlaq 
								salnaməsidir.  
								Bəşəriyyət 
								gələcəyə, baxışlarını keçmişə yönəldərək gedir. 
								İnsanlar gələcək haqqında yalnız keçmiş əsasında 
								mühakimə yürüdə bilirlər. Keçmiş nəsillər bizim 
								üçün sualların hazır həllini deyil, özünü qoyub 
								gediblər (Seneka). Keçmişinə xor baxan, 
								gələcəyinə kor baxar. Misir müəllimin 
								yaradıcılıq manerasına bələd olan adam kimi deyə 
								bilərəm ki, böyük elmi səriştə və ciddi 
								məsuliyyətlə, yüksək həvəs, enerji, şövq və zövq 
								ilə hazırladığı bu kitab o dövrün təcrübə və 
								müdrikliyini müasirlərimizə çatdırır, 
								tariximizin yaddaşından müasirliyimizə işıq 
								salır, tarixi-pedaqoji irsə müasir baxış həyata 
								keçirir.  
								Kitabda 
								Azərbaycan cəmiyyətinin mövcudluğunun, 
								fəaliyyətinin, bütövlükdə həyatının 
								ideya-konseptual prinsiplərində yeni milli 
								mənəvi dəyərlərin formalaşdığı 70-ci illər 
								mərhələsinə xüsusi diqqət yetirilir. Ulu öndərin 
								14 iyul 1969-cu ildə hakimiyyətə ilk gəlişi 
								Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin 
								keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli 
								özünəqayıdışa dönüşün başlanğıcı oldu.  Qısa 
								müddətdə cəmiyyət həyatının bütün sahələrinin 
								sürətli yüksəlişi, istehsalın, elmin, 
								mədəniyyətin, mənəviyyatın tərəqqisi əslində 
								daha böyük nailiyyətlərin - milli ruhun 
								inkişafına, milli özünüdərkin və milli qürurunun 
								yüksəlməsinə səbəb oldu. Bütün bunlar az sonra 
								müstəqil Azərbaycan dövlətinin yaranmasına 
								xidmət edən əzəmətli planın tərkib hissələrini 
								təşkil etdi. Misir müəllim 70-80-ci illəri 
								Azərbaycanın intibah dövrü kimi 
								səciyyələndirərək belə qənaətə gəlir ki, həmin 
								illərdə təhsilimiz sürətlə inkişaf etməsəydi, 
								keçən əsrin 90-cı illərində imperiya 
								hakimiyyətinin təzyiqi bir az zəifləyən kimi, 
								uzun illərdən bəri zamanın diqtə etdiyi təhsil 
								siyasəti əsasında tərbiyə almış millətimizin 
								indiki nəsli milli ruhla azadlıq mübarizəsinə, 
								istiqlal mücadiləsinə qalxa bilməzdi. 
								 
								80-ci illərin 
								sonu-90-cı illərin əvvəllərində müstəqillik 
								hərəkatının genişlənməsinə aparan çətin, 
								ziddiyyətlərlə dolu tarixi yolun mühüm, bəlkə də 
								başlıca mərhələlərindən biri, şübhəsiz, 70-ci 
								illərin ümumi milli yüksəlişi və onun sayəsində 
								xalqın daha da qabarıq mübarizlik ruhunun 
								formalaşması olmuşdur. Bu illərdə Heydər 
								Əliyevin uzaqgörənliklə istiqamətləndirdiyi ən 
								dəyərli təhsil ənənələri kitabda  genişliyi ilə 
								təhlil olunmuş, müstəqilliyimizin ilk illəri 
								gələcək islahatlara hazırlıq, 1993-1998-ci 
								illəri axtarışlar, yeniliklərin öyrənilməsi, 
								1998-ci ildən sonrakı dövr dünya təhsilinə 
								inteqrasiya, dövlət proqramları və beynəlxalq 
								layihələrin reallaşdırılması, əsaslı quruculuq, 
								tədrisin keyfiyyətinin yüksəlişi və islahatlar 
								dövrü kimi xarakterizə olunur.  
								Kitaba daxil 
								edilən 200-ə yaxın şəklin hər birinin məna 
								yükünü, pedaqoji-psixoloji siqlətini, 
								ictimai-siyasi əhəmiyyətini dərindən duymaq 
								yüksək zövq tələb edir. Bu mənada kitabda 
								verilmiş hər bir şəklin yerli-yerində 
								işlədilməsi və hər bir şəklin məzmun və 
								ideyasını tamamlayan şəkilaltı yazıların 
								verilməsi faktları bir daha göstərir ki, müəllif 
								təhsil tariximizin incəliklərini bilməklə 
								yanaşı, bədii tərtibat sahəsində də zəngin 
								təcrübəyə malikdir.  
								Kitabda 
								diqqəti cəlb edən məziyyətlərdən biri xalqımızın 
								o illərdəki düşüncə tərzinin, həyata 
								baxışlarının, təhsil sahəsindəki 
								nailiyyətlərinin elmi fakt və hadisələrin 
								fonunda təhlil edilməsidir. Ensiklopedik bir 
								mənbə olan bu yazılar oxucunu xəyalən çox da 
								uzaq olmayan yaxın keçmişə aparır və düşündürür. 
								Nazirləri yetirən və yaşadan ictimai-siyasi, 
								elmi-mədəni və pedaqoji mühitin ən xarakterik və 
								qabarıq cəhətlərini əks etdirən tərcümeyi-hal 
								xarakterli yazılar onların şəxsiyyəti, mühiti 
								haqqında dolğun məlumat verməklə bərabər həm də 
								professor Misir Mərdanovun yaradıcılıq 
								imkanlarının genişliyinə dəlalət edir, onun 
								yeni-yeni keyfiyyətlərini üzə çıxarır. Etiraf 
								edək ki,  sələfləri olan nazirlər haqqında Misir 
								müəllimin səmimi fikirləri həm də onun öz 
								şəxsiyyətinin böyüklüyünə dəlalət edir. İlk 
								mənbələr - arxiv sənədləri və nazirlərin ailə 
								üzvlərinin təqdim etdiyi materiallar əsasında 
								hazırlanan bu oçerklərdə fərqləndirici cəhət 
								müəllifin təqdim etdiyi nazirlərin şəxsiyyəti 
								ilə yaradıcılığını bütöv görmək bacarığıdır, 
								yəni hər yazıda bir nazirin portreti cızılır, 
								həyatı, ictimai-siyasi, pedaqoji fəaliyyəti, 
								elmi əsərləri vasitəsilə onun şəxsiyyətinə işıq 
								tutulur, təhsil tariximizdəki yeri və rolu 
								müəyyənləşdirilir.  Onların yaradıcılığı hər cür 
								senzura məhdudiyyətindən və ideoloji buxovlardan 
								azad bir şəraitdə tam şəkildə ortaya çıxarılır. 
								M.Mərdanov tərcümeyi-halları təqdim edərkən quru 
								sxematizmdən, cansız və duyğusuz nüanslardan 
								qaçaraq, duyğu və düşüncələri ilə özünün dərk 
								etdiyi, gördüyü və görmək istədiyi nazir obrazı 
								yaradır. Dolğun və məzmunlu tərcümeyi-hallar, 
								fərqləndirici şriftlə verilən əlamətdar 
								hadisələr, şəkillər nazirlər haqqında oxucuda 
								tam təsəvvür yaratmaq işinə xidmət edir. O, 
								özündən əvvəlki nazirlərin fərqləndirici 
								xüsusiyyətlərini, Azərbaycan dövlətinə və 
								dövlətçiliyinə xidmətlərini ön plana çəkməklə 
								sanki həm də öz portretini çəkmiş olur. 
								 
								Yüksək 
								poliqrafik nəşr nümunəsi olan kitabın ərsəyə 
								gəlməsində redaktor kimi siyasi elmlər üzrə 
								fəlsəfə doktoru Bayram Hüseynzadənin, 
								tərtibçilər Bəşarət Məmmədovun, Şamxəlil 
								Məmmədovun, Ədalət Daşdəmirovun, Elman 
								Əbdülovun  bu sahədəki peşəkarlıqlarını qeyd 
								etmək yerinə düşərdi.  
								
								...Müdriklərdən biri deyib ki, tarix yazmaq, 
								tarix yaratmaq qədər çətindir. Azərbaycan 
								Respublikasının təhsil naziri Misir Mərdanov 
								ölkəmizdə həyata keçirilən təhsil islahatlarında 
								rəhbərliyi və şəxsi iştirakı ilə tarixin 
								yaddaşında  qalan işlər görür, həm də gördüyü bu 
								işlərin tarixini yazır. Tarixdə isə tarixi 
								yaradanlarla yanaşı, həm də tarixi yazanlar 
								qalır.  
								
								
								Fərrux RÜSTƏMOV, 
								ADPU-nun pedaqoji fakültəsinin dekanı,  
								pedaqoji elmlər doktoru, professor  | 
								  |