| 
								 
								Fevralın 25-də Qafqaz Universitetində 
								tələbələrin dünyagörüşünün genişləndirilməsi, 
								dünyada və ölkədə baş verən ictimai, siyasi, 
								mədəni hadisələrlə onların dərindən tanışlığı 
								məqsədi ilə təşkil olunan aylıq seminarın 
								növbəti məşğələsi keçirilib. Tanınmış ictimai 
								xadimlərin, dövlət və hökumət rəsmilərinin, elm, 
								təhsil, incəsənət sahəsində çalışan 
								mütəxəssislərin və iş adamlarının məruzəçi 
								qismində dəvət olunduqları seminarın budəfəki 
								qonağı Azercell Telekom MMC-nin prezidenti Əli 
								Ağan olub.  
								
								Seminarın aparıcısı öncə mövzu barədə məlumat 
								verərək qonağın həyat yolu ilə iştirakçıları 
								tanış edib. Sonra  Qafqaz Universitetinin 
								rektoru, professor Ahmet Saniç giriş sözu 
								söyləyib. Azercell Telekom MMC prezidentini 
								salamlayan rektor tanınmış iş adamını rəhbərlik 
								etdiyi ali məktəbdə görməsindən məmnunluq 
								duyduğunu bildirib və dəvəti qəbul edərək 
								gəldiyi üçün ona minnətdarlıq edib. 
								
								A.Saniç universitet-sənaye əməkdaşlığı 
								çərçivəsində Qafqaz Universiteti ilə Azercell 
								Telekom şirkəti arasında sıx əməkdaşlıq 
								əlaqələrinin mövcud olduğunu bildirib. Qeyd edib 
								ki, hazırda bu əməkdaşlıq bir neçə istiqaməti 
								əhatə edir. Belə ki, Azercell Telekom şirkətinin 
								təşəbbüsü və birbaşa iştirakı ilə Qafqaz 
								Universitetində yeni nəsil şəbəkələr adlı fənn 
								tədris olunur. 4-cü kurs üçün nəzərdə tutulan 
								həmin fənn üzrə dərslərdə tələbələrə ən son 
								texnologiyalara aid zəruri biliklər verilir. 
								
								İkinci bir layihə yeni nəsil şəbəkələr üzrə 
								tələbələrin praktik təcrübə keçmələri məqsədi 
								ilə Azercell Telekom şirkəti tərəfindən Qafqaz 
								Universitetində yeni laboratoriyanın açılmasının 
								planlaşdırılmasıdır. O, yaxın zamanda 
								gerçəkləşdiriləcək. 
								
								Digər bir layihə çərçivəsində Qafqaz 
								Universitetinin 10 tələbəsi Azercell Telekomun 
								təşəbbüsü ilə yaradılmış "Barama" layihəsində 
								iştirak  edib, iqtisadi-analitik tədqiqat işi 
								aparıb. 
								
								Rektor bildirib ki, Azercell şirkəti habelə 
								Qafqaz Universitetinin təşəbbüsü, təşkilatçılığı 
								və iştirakları ilə keçirilən bir sıra beynəlxalq 
								konfransların təşkilinə sponsorluq köməyi 
								göstərib. Gələn il isə  Azercellin köməyi ilə 
								Qafqaz Universitetində "Xəbərləmə-elektronika" 
								bölməsinin açılması nəzərdə tutulub. Hazırda 
								şirkətlə bu barədə danışıqlar aparılır. 
								
								A.Saniç bütün bu layihələrin reallaşmasında 
								Azercell Telekom MMC-nin prezidenti Əli Ağanın 
								böyük rolu olduğunu bildirib və ona 
								universitetin professor-tələbə heyəti adından 
								təşəkkür edib. 
								
								Sonra universitetlə şirkətin əməkdaşlığı 
								çərçivəsində "Barama" layihəsində iştirak etmiş 
								10 tələbəyə Azercell Telekom şirkətinin 
								sertifikatları təqdim olunub. 
								
								Mükafat alanlardan kompüter mühəndisliyi 
								fakültəsinin 4-cü kurs tələbəsi Zaur Əliyev, 
								beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs 
								tələbəsi Anar Məhərrəmov çıxış edərək layihənin 
								əhəmiyyətindən danışıb, aldıqları nəzəri 
								biliklərin tətbiqində, ümumiyyətlə, tələbələrin 
								mütəxəssis kimi yetişməsində belə layihələrin  
								mühüm rol oynadığını bildiriblər. 
								
								Sonra Qafqaz Universiteti ilə Azercell Telekom 
								MMC arasında əməkdaşlıq sazişi imzalanıb. 
								
								Seminarda Əli Ağan liderlik  mövzusunda məruzə 
								edib. 
								
								Məruzəsində Azercell rəhbəri liderliyi necə başa 
								düşməsi, lider olmaq üçün nə etmək lazım gəlməsi 
								barədə fikirlərini söyləyib, karyera yüksəlişi 
								yollarında özünün çalışmalarından söz açıb. 
								Təhsildə, peşə fəaliyyətində lider mövqeyinə 
								qalxa bilmək üçün o, tələbələrə həmişə doğru 
								işlər görməyə səy etməyi, qəlblərinin arzusuna 
								qarşı çıxmamağı, ikinciliyi qəbul etməyib həmişə 
								birinci olmağa can atmağı, ən əsası isə daim 
								çalışmağı tövsiyə edib, onları maraqlandıran 
								sualları cavablandırıb. 
								
								Seminarın sonunda qonağa universitet adından 
								plaket və hədiyyə təqdim olunub. 
								
								
								Yusif ƏLİYEV  |