| 
								 
								 Naxçıvan 
								Dövlət Universitetinin Beynəlxalq münasibətlər 
								və xarici dillər fakültəsində dünya şöhrətli  
								alim,  tətbiqi riyaziyyat və informatikanın 
								inkişafına güclü təkan vermiş, qeyri-səlis 
								çoxluqlar və qeyri-səlis məntiq, imkanlar və 
								təqribi mühakimələr kimi nəzəriyyələrin 
								yaradıcısı Lütfi Zadənin anadan olmasının 90 
								illiyinə həsr olunmuş elmi konfrans keçirildi. 
								
								Tədbirdə giriş nitqi ilə çıxış edən ali məktəbin 
								rektoru, akademik İsa Həbibbəyli alimin elmi 
								nəticələrinin, nəzəriyyələrinin, ixtiralarının 
								və yeniliklərinin dünya şöhrətindən, Azərbaycan 
								xalqının onunla fəxr etməsindən danışdı. 
								 
								
								Fizika-riyaziyyat fakültəsinin dekanı, 
								riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Tofiq 
								Nəcəfov "Lütfi Zadənin həyatı və elmi 
								fəaliyyəti" adlı məruzəsində alimi dünya 
								miqyasında tanıdan qeyri-səlis məntiq 
								nəzəriyyəsindən söz açdı. Vurğulandı ki, bu gün 
								dünyanın nüfuzlu şirkətləri foto və 
								videokameraların, paltaryuyan maşınların 
								istehsalında, avtomobillərin, qatarların, sənaye 
								proseslərinin idarə olunmasında azərbaycanlı 
								alimin adı ilə bağlı olan qeyri-səlis məntiq 
								texnologiyasından geniş istifadə edirlər. 
								 
								
								Riyazi analiz kafedrasının müdiri, riyaziyyat 
								elmləri üzrə fəlsəfə doktoru, dosent Elşad 
								Ağayev "Lütfi Zadə dünya elminin inkişafında 
								mühüm  rol  oynamış elmi kəşflərin müəllifidir" 
								adlı məruzəsində alimin elm sahəsindəki 
								xidmətlərindən və fövqəladə nailiyyətlərindən, 
								çoxlu sayda mötəbər cəmiyyətlər və fondlar 
								tərəfindən layiq görüldüyü mükafatlardan 
								danışdı.  
								
								 Ümumi riyaziyyat kafedrasının riyaziyyat 
								elmləri üzrə fəlsəfə doktoru, dosent  Rövşən 
								Həsənov "Lütfi Zadənin qeyri-səlis çoxluqlar 
								nəzəriyyəsi qeyri-səlis məntiqin əsasıdır" adlı 
								məruzəsində dahi alimin  qeyri-səlis məntiq 
								nəzəriyyəsinin ona  şöhrət qazandırmaqla yanaşı 
								yeni riyaziyyatın əsasını  qoyduğunu diqqətə 
								çatdırdı. 
								
								Sonda  "Uzaq və yaxın Lütfi  Zadə"  adlı  
								sənədli  filmə baxış oldu.   
								
								
								
								Nərmin CƏFƏROVA, 
								NDU-nun Mətbuat şöbəsinin əməkdaşı 
								  |