| 
								 
								Bakı Dövlət Universitetində (BDU) Ekologiya və 
								torpaqşünaslıq fakültəsinin, "Ekoloji kimya və 
								ətraf mühitin mühafizəsi", həmçinin ekoloji 
								monitorinq üzrə laboratoriyaların açılışı 
								olmuşdur.  
								
								AzərTAc xəbər verir ki, tanınmış alimlərin, 
								təhsil işçilərinin iştirak etdikləri tədbirdə 
								BDU-nun rektoru, akademik Abel Məhərrəmov 
								Azərbaycan Prezidenti İlham Əliyevin elmin, 
								təhsilin inkişafına böyük önəm verdiyini 
								bildirmişdir.  
								
								2010-cu ilin "Ekologiya ili" elan edildiyini 
								xatırladan rektor dövlətimizin başçısının bu 
								sahəyə daim diqqət göstərdiyini vurğulamışdır.
								 
								
								Rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı 
								üçün səmərəli tədbirlərin həyata keçirildiyini 
								qeyd edən rektor yeni açılan fakültənin və 
								laboratoriyaların əhəmiyyətindən danışmışdır. 
								Vurğulanmışdır ki, Ekologiya və torpaqşünaslıq 
								fakültəsi müvafiq kafedraların bazasında 
								yaradılmışdır.  
								
								A.Məhərrəmov gələcəkdə digər ixtisasların da 
								açılmasının nəzərdə tutulduğunu bildirmişdir.
								 
								
								Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu 
								Bağırov, Dövlət Torpaq və Xəritəçəkmə 
								Komitəsinin sədri, akademik Qərib Məmmədov 
								Azərbaycanın dinamik inkişaf etdiyini 
								vurğulamışlar.  
								
								Ekologiya və ətraf mühitin qorunması 
								məsələlərinin aktuallığından bəhs edən natiqlər 
								BDU-da yeni açılan fakültə və laboratoriyaların 
								təhsilin inkişafında, elmi-tədqiqatların 
								aparılmasında səmərəli rol oynayacaqlarını qeyd 
								etmiş, müəllim və tələbələrə uğurlar 
								arzulamışlar.  
								
								Sonra tədbir iştirakçıları müasir avadanlıqla 
								təchiz edilmiş fakültə və laboratoriyalarla 
								tanış olmuşlar.  
								
								Tədbirdə Hüseynqulu Bağırova, akademik Qərib 
								Məmmədova BDU-nun "Universitetin dostu" mükafatı 
								təqdim edilmişdir.   |