| 
								 
								 Artıq 
								bir neçə ildir ki, Azərbaycan Müəllimlər 
								İnstitutunda görkəmli elm adamları, incəsənət 
								xadimləri ilə görüşlərin keçirilməsi ənənə 
								halını alıb. Bu günlərdə respublikanın xalq 
								artisti Nurəddin Mehdixanlının öz sənət dostları 
								- respublikanın xalq artisti Ramiz Novruz və 
								əməkdar artist Münəvvər Əliyeva ilə birlikdə 
								AMİ-də qonaq olması bu ənənənin davamıdır. 
								 
								
								İnstitutun professor-müəllim heyəti və 
								tələbələrinin iştirakı ilə keçirilən tədbirdə 
								ilk öncə baş rolda Nurəddin Mehdixanlının 
								çəkildiyi "Cavad xan" filmindən fraqmentlər 
								nümayiş etdirildi. Sonra tədbiri giriş sözü ilə 
								institutun rektoru, millət vəkili, professor 
								Aqiyə Naxçıvanlı açaraq iştirakçıları və 
								qonaqları salamladı. Qeyd etdi ki, tarix boyu 
								Azərbaycanın incəsənət xadimləri mütərəqqi 
								fikirli ziyalılarla birlikdə milli azadlıq 
								hərəkatının ön cərgəsində getmiş, xalqın ağır 
								günlərində ona mənəvi dayaq olmuşlar. Teatr 
								xadimlərimiz oynadıqları rollarla xalqımıza 
								tarixi bilmək üçün yardım etmiş, onları tarixi 
								keçmişimizə hörmət bəsləməyə sövq etdirmiş və 
								yaşadığımız indiki zamanda da mənəviyyat, əxlaq, 
								insanlıq, Vətənə, millətə sədaqət ruhu 
								aşılamışlar. Onlar bu gün də qədim 
								mədəniyyətimizin dünyaya tanıdılmasında böyük 
								işlər görürlər.  
								
								Millət vəkili A.Naxçıvanlı Nurəddin 
								Mehdixanlının həyat və yaradıcılığından söz 
								açaraq onun romantik pafosa, coşqun daxili 
								temperamentə, gözəgəlimli səhnə görkəminə malik 
								bir aktyor olduğunu bildirdi. Qeyd etdi ki, elə 
								buna görə də o, mürəkkəb hadisələr burulğanında 
								mənəvi çarpışmalar keçirən, faciə tonlu, 
								dramatik xarakterli qəhrəman rollarını yüksək 
								məharətlə yarada bilir. 
								
								 Nurəddin 
								Mehdixanlının yaradıcılığı dövlətimiz tərəfindən 
								həmişə yüksək qiymətləndirilmişdir. O, 1986-cı 
								ildə Naxçıvan Muxtar Respublikasının əməkdar 
								artisti, 1998-ci ildə Azərbaycan Respublikasının 
								əməkdar artisti, 2002-ci ildə Azərbaycan 
								Respublikasının xalq artisti fəxri adlarına 
								layiq görülüb və həm də Prezident təqaüdçüsüdür. 
								
								Sonra qonaq alqışlarla səhnəyə dəvət edildi. 
								
								Tədbir boyu Nurəddin Mehdixanlının çəkildiyi 
								tamaşalardan və filmlərdən fraqmentlər 
								göstərildi. Görkəmli aktyor tələbələrin çoxsaylı 
								suallarını cavablandırdı və onların arzusunu 
								nəzərə alaraq şeir söylədi. 
								
								Aktyorun sənət dostları, eyni zamanda oynadığı 
								bir çox rollarda tərəf müqabilləri olmuş 
								respublikanın xalq artisti Ramiz Novruz və 
								əməkdar artist Münəvvər Əliyeva da, öz 
								növbələrində, aktyor haqqında ürək sözlərini 
								söylədilər. Onlar Nurəddin Mehdixanlının həm 
								sənət aləmində, həm də həyatda əsl dost, 
								məharətli aktyor və eyni zamanda gözəl ailə 
								başçısı, fədakar ata olduğundan ürəkdolusu 
								danışdılar. Qonaqlar çəkilişlər zamanı baş verən 
								asan və çətin məqamlardan da söhbət açdılar.
								 
								
								Sonda Nurəddin Mehdixanlı belə yüksək səviyyəli 
								görüşə görə AMİ-nin rektoru Aqiyə Naxçıvanlıya 
								öz dərin təşəkkürünü bildirdi.   |