| 
								 
								 Martın 
								1-də  Azərbaycan Müəllimlər İnstitutunda  
								Azərbaycan Tibb Universitetinin 
								professor-müəllim heyəti üçün "Təhsilin 
								əsasları" fənni bazasında hazırlanan biraylıq 
								təlim kursunun  açılışı oldu. Məlumat üçün 
								bildirək ki, Azərbaycan Müəllimlər İnstitutunun 
								və Azərbaycan Tibb Universitetinin rektorları 
								arasında 2010-2011-ci və 2011-2012-ci tədris 
								illərində Tibb Universitetinin əməkdaşları üçün  
								"Təhsilin əsasları" və yeni təlim 
								texnologiyalarının tətbiqi" mövzusunda 
								ixtisasartırma  təhsilinin təşkilinə dair 
								müqavilə imzalanıb. Müqaviləyə əsasən, iki il 
								müddətində AMİ-nin əməkdaşları tərəfindən 
								aparılacaq təlim kursunda ATU-nun 
								professor-müəllim heyəti  pedaqoji, psixoloji və 
								metodik məsələlər haqqında məlumatlandırılmaqla 
								bərabər, "Təhsilin əsasları" fənnini də  
								öyrənəcək,  təhsil fəlsəfəsi və təlim prosesi, 
								cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi 
								təminatı, təhsil sahəsində dövlət siyasəti, 
								təhsilin məzmunu və təlimin təşkilinin 
								elmi-nəzəri əsasları, təhsilin elmi-nəzəri 
								əsasları mövzularında  dərslər keçəcəklər. Kursu 
								müvəffəqiyyətlə bitirən müdavimlərə 
								sertifikatlar təqdim olunacaq. 
								
								 Azərbaycan 
								Müəllimlər İnstitutunun əlavə təhsil üzrə 
								prorektoru, kursun rəhbəri  Rahim Əzizov 
								açılışda  çıxış edərək müdavimləri institutun 
								rəhbərliyi adından salamlayaraq onlara uğurlar 
								arzuladı. Son illər Azərbaycan Müəllimlər 
								İnstitutu və Azərbaycan Tibb Universiteti 
								arasında  işgüzar əməkdaşlığın yarandığını deyən 
								Rahim müəllim  görülən işlərin Azərbaycan 
								təhsilinin inkişafına, kadrların biliyinin 
								artırılmasına,  peşəkarlıq səviyyəsinin 
								yüksəldilməsinə  xidmət etdiyini söylədi. 
								Prorektor  ali təhsil ocağında təlim kursunun 
								aparılması üçün hər cür şəraitin yaradıldığını, 
								ixtisasartırma təhsilinin yüksək elmi-metodik 
								səviyyədə təşkilinin təmin edilməsi üçün müəyyən 
								işlərin görüldüyünü  deyərək məşğələlər zamanı  
								müasir təlim üsullarından, həmçinin  tədris 
								prosesində İKT-dən istifadə olunacağını 
								bildirdi. O, ilk dəfə olaraq belə bir təlim 
								kursunun qeyri-pedaqoji ali məktəbin-Azərbaycan 
								Tibb Universitetinin əməkdaşları üçün təşkil 
								olunmasını təqdirəlayiq hesab edərək adıçəkilən 
								ali təhsil ocağının rəhbərliyinin pedaqoji və 
								psixoloji məsələlərin öyrənilməsi ilə bağlı 
								onlarla birgə əməkdaşlıq etməsindən məmnunluq 
								duyduğunu dedi. Təlim kursunun məqsədindən 
								ətraflı söz açan Rahim Əzizov daha sonra onlara 
								dərs deyəcək institutun professor-müəllim heyəti 
								ilə müdavimləri  tanış etdi.  
								
								Çıxış edən müdavimlər təlim kursu və burada 
								öyrəniləcək mövzuların onlar üçün mühüm 
								əhəmiyyət kəsb etdiyini bildirərək yaradılan 
								şərait və imkana görə hər iki ali məktəbin 
								rəhbərliyinə minnətdarlıq etdilər.  
								
								
								
								Samirə KƏRİMOVA  | 
								  |