| 
								 
								Qiymətləndirmə təhsildə proqnozlaşdırmanın mühüm 
								tərkib hissəsi olub sistemli məlumat toplama və 
								məlumatların təhlili vasitəsi ilə təlim 
								prosesinin dəyərləndirilməsinə və bu sahədə 
								perspektivlərin müəyyənləşdirilməsinə imkan 
								verən, təhsilin keyfiyyətini idarə edən sistemli 
								prosesdir. Digər mühüm təhsil prosesi olan 
								dəyərləndirmə qiymətləndirmənin tərkib hissəsini 
								təşkil edir. Bu səbəbdən dəyərləndirmənin 
								nəticələri qiymətləndirmə üçün əlverişli xammal 
								hesab edilir.  
								
								Dəyərləndirmə fəaliyyətin keyfiyyət 
								göstəricilərinin dəyəri haqqında fikir yürütməyə 
								imkan verir. Belə ki, dəyərləndirmə fəaliyyətdə 
								olan və ya başa çatmış hər hansı bir proqramın 
								mümkün qədər sistemli və obyektiv təhlilini və 
								ekspertizasını keçirmək, onun effektivliyini, 
								məqsədəuyğunluğunu, həyatiliyini və qarşıya 
								qoyulmuş məqsədlərin düzgünlüyünü müəyyən etmək 
								üçün konsepsiyasını, icrasını və nəticələrini 
								öyrənmək məqsədi daşıyan bir prosesdir. 
								(M.Mərdanov, R.Ağamalıyev, 
								A.Mehrabov,T.Qardaşov. "Təhsil sistemində 
								monitorinq və qiymətləndirmə"). 
								
								Dəyərləndirmə məktəbin bütün aspektlərini və bu 
								aspektlərin şagird nailiyyətlərinə təsirini 
								əhatə edir və şagird, müəllim, məktəb və ya 
								bütünlükdə təhsil sistemi səviyyəsində aparıla 
								bilər. Təcrübə göstərir ki, dəyərləndirmənin 
								təhsil sistemi səviyyəsində aparılması 
								gözlənilən nəticələri verməmişdir. Təhsil üzrə 
								beynəlxalq ekspertlərin fikrinə görə, məktəb 
								rəhbərliyinin, şagirdlərin, müəllimlərin 
								fəaliyyətinin və ümumilikdə təhsil sisteminin 
								keyfiyyətinin müəyyənləşdirilməsinə məhz 
								məktəbdən başlamaq arzulanan səmərəni verə 
								bilər. Bütün bunlar onu deməyə əsas verir ki, 
								sistem səviyyəsində hansı işlərin görülməsindən 
								asılı olmayaraq, əsl keyfiyyət səviyyəsi 
								sinifdaxili prosesdən asılıdır. Məktəblər sistem 
								komponentlərinin birləşdiyi, qarşılıqlı əlaqədə 
								olduğu və öyrədən-öyrənən prosesinin 
								keyfiyyətinin müəyyənləşdirildiyi məkandır. 
								Yalnız məktəbdə keyfiyyətlə bağlı problemlərin 
								əksəriyyətinə (müəllim və şagird davamiyyətinin 
								aşağı olması, resurslardan tam istifadə 
								edilməməsi, qeyri-qənaətbəxş müəllim hazırlığı 
								və s.) nəzarət etmək mümkündür. Odur ki, müasir 
								dövrdə məktəblər təhsil keyfiyyətinin 
								müəyyənləşdirilməsində əsas komponent rolunu 
								oynayırlar.  
								
								Məktəb fəaliyyətinin dəyərləndirilməsi prosesi 
								üç məqsədə xidmət edir: 1) məlumatların 
								toplanması və təhlil edilməsi vasitəsi ilə 
								problemlərin müəyyənləşdirilməsi; 2) məktəb 
								fəaliyyətinin qiymətləndirilməsi; 3) yeniliklər 
								və dəyişikliklər üçün müvafiq təkliflərin 
								verilməsi. 
								
								Dəyərləndirmə özündə üç mexanizmi ehtiva edir: 
								xarici nəzarət, daxili nəzarət və ya 
								özünüdəyərləndirmə və şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi - imtahanlar. 
								
								Xarici nəzarət dünya ölkələrində müxtəlif 
								şəkildə icra edilir və adətən ənənəvi nəzarət 
								qurumları və ya Təhsil Nazirliyi tərəfindən 
								həyata keçirilir. Xarici nəzarət qurumlarının 
								bariz nümunəsi 1980-ci illərin sonlarında Böyük 
								Britaniya və Uelsdə yaradılan OFSTED - Təhsil 
								Standartları İdarəsidir. OFSTED yalnız məktəb 
								fəaliyyətinə nəzarəti deyil, həm də təhsilin 
								auditini həyata keçirir. Audit məktəb vəsaitinin 
								istifadəsinə nəzarəti, sinifdaxili müşahidələr 
								əsasında təlimin keyfiyyətinin öyrənilməsini, 
								müəllim-valideyn münasibətlərinin 
								araşdırılmasını həyata keçirmək məqsədi ilə 
								aparılır. Auditdən sonra məktəbə və ictimaiyyətə 
								məktəbin fəaliyyəti haqqında geniş məruzə və 
								tövsiyələr təqdim edilir. Qurumun əməkdaşlarına 
								müəllimlər üzərində distant nəzarət səlahiyyəti 
								verilir. 
								
								Dəyərləndirmənin ikinci vasitəsi məktəb 
								fəaliyyətinin keyfiyyətinə daxili nəzarət - 
								daxili dəyərləndirmədir. Daxili dəyərləndirmənin 
								geniş yayılmış formalarından biri məktəblərin 
								özünüdəyərləndirməsidir. Özünüdəyərləndirmə 
								məktəb direktoru, direktor müavini və bir neçə 
								müəllimin cəlb edilməsi ilə aparılır. 
								Dəyərləndirmənin bu forması xarici nəzarətdən 
								fərqli olaraq məktəb rəhbərliyinə və müəllimlərə 
								məktəb fəaliyyəti keyfiyyətinin inkişafında daha 
								real, aktiv və müstəqil rol oynamaq imkanı 
								verir. Çünki bu zaman dəyərləndirmə məktəb 
								fəaliyyətinin iştirakçıları-məktəb rəhbərliyi, 
								müəllimlər, valideynlər üçün güzgü rolunu 
								oynayır. Daxili dəyərləndirmə şagird, müəllim və 
								məktəb rəhbərliyinin fəaliyyəti, məktəbdə 
								kurikulumun tətbiqi, təlim-tərbiyə, şagird 
								nailiyyətləri, aidiyyəti qurumlar və ya şəxslər 
								tərəfindən şagirdlərə göstərilən dəstək kimi 
								sahələri əhatə edir.  
								
								Daxili dəyərləndirmə bir neçə formada, məktəb 
								rəhbərliyinin öz təklifi və ya nazirliyin tələbi 
								əsasında məktəb heyətinin hər bir üzvünün öz 
								fəaliyyətini müşahidə etməsi və ya məktəb 
								rəhbərliyi tərəfindən bir layihə kimi həyata 
								keçirilə bilər. Təcrübə göstərir ki, məktəblərin 
								fəaliyyət istiqamətinin və xarakterinin kökündən 
								dəyişilməsi üçün vacib məsələlərdən biri icbari 
								xarici nəzarətin məktəb rəhbərliyinin fəaliyyəti 
								dəyişmək niyyəti ilə üst-üstə düşməsidir. Bir 
								çox ölkələrdə məktəblərdən fəaliyyət planlarını 
								hazırlamaları da tələb olunur.  
								
								Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
								dəyərləndirmənin üçüncü mexanizmi hesab olunur.
								 
								
								Məlumdur ki, təhsildə qiymətləndirmənin başlıca 
								məqsədlərindən biri şagird nailiyyətləri 
								haqqında məlumatların toplanmasıdır. Bu 
								məlumatlar təhsil sisteminin keyfiyyətinin 
								yüksəldilməsi ilə, maddi resursların düzgün 
								bölüşdürülməsi ilə bağlı müvafiq qərarların 
								qəbul edilməsində böyük rol oynayır.  
								
								Əksər ölkələrdə dəyərləndirmənin əsas 
								komponentləri olan təhsil standartlarının və 
								təhsilin keyfiyyətinin yaxşılaşdırılması prosesi 
								məhz qiymətləndirmə vasitəsilə həyata keçirilir. 
								Həm milli, həm beynəlxalq, həm də məktəbdaxili 
								qiymətləndirmənin nəticələrindən məktəb 
								fəaliyyətinin dəyərləndirilməsi məqsədi ilə 
								istifadə edilməsi məqsədəuyğun hesab edilir. 
								Çünki hər üç qiymətləndirmənin nəticələri məktəb 
								fəaliyyəti haqqında mühakimə yürütməyə imkan 
								verir. Məhz şagird nailiyyətlərinin nəticələri 
								müəllimlərin, məktəb rəhbərlərinin, yerli 
								təhsili idarəetmə orqanlarının fəaliyyətinin 
								dəyərləndirilməsində indikator rolunu oynayır. 
								
								Dünya ölkələrinin əksəriyyətində qiymətləndirmə 
								nəticələri reytinq cədvəlləri şəklində çap 
								edilərək ictimaiyyətə çatdırılır. Beləliklə, hər 
								bir valideyn övladının nailiyyəti ilə birgə onun 
								təhsil aldığı məktəb haqqında da fikir yürütmək 
								imkanı qazanır. Lakin təhsil üzrə beynəlxalq 
								ekspertlərin fikrinə görə, qiymətləndirmə 
								nəticələrinin valideynlərdən daha çox 
								müəllimlərə çatdırılması vacibdir. İnkişaf etmiş 
								təhsil sisteminə malik bir çox ölkələrdə 
								imtahanları keçirən qurum və ya Təhsil 
								Nazirliyinin müvafiq şöbəsinin fəaliyyətinə 
								imtahanların keçirilməsi ilə bərabər 
								qiymətləndirmə nəticələrinin təhlili, onların 
								müəllimlərlə müzakirəsi və müəllimlərə lazımi 
								tövsiyələrin verilməsi kimi məsələlər də 
								daxildir. 
								
								Məktəb fəaliyyətini dəyərləndirmək məqsədi ilə 
								şagird nailiyyətlərinin qiymətləndirilməsindən 
								müxtəlif şəkildə istifadə etmək mümkündür. 
								Məsələn, Argentinada hər yeni tədris ilinin 
								əvvəlində hər bir məktəbə qiymətləndirmə 
								nəticələri ilə bağlı geniş hesabat göndərilir. 
								Hesabatda məktəb üzrə qiymətləndirmə 
								nəticələrinə əsasən məktəbin ərazi üzrə tutduğu 
								yer və fərdi qaydada hər bir şagirdin nəticələri 
								öz əksini tapır. Şagird nəticələri fənn və test 
								suallarına əsasən qruplaşdırılır. Bura 
								nəticələrin yaxşılaşdırılması və nöqsanların 
								aradan qaldırılması məqsədi ilə pedaqoji 
								tövsiyələr də əlavə olunur. Fransada isə 
								məktəblərə iki növ dəyərləndirmə nəticəsi 
								göndərilir: real nəticələr və proqnozlaşdırılan 
								nəticələr. Proqnozlaşdırılan nəticələrə məktəbin 
								yerləşdiyi əraziyə, müəllim, şagird 
								kontingentinə və məktəbin maddi-texniki bazasına 
								uyğun olaraq gözlənilən nəticələr aiddir. ABŞ, 
								Avstraliya, Çili təcrübələrinə nəzər saldıqda 
								məlum olur ki, bu ölkələrdə dəyərləndirmənin 
								nəticəsi olaraq nəticələrin yaxşılaşdırılmasına 
								ehtiyacı olan məktəblərə maddi-texniki yardımla 
								yanaşı, müəllimlər üçün pedaqoji seminar və 
								treninqlərin, şagirdlər üçün isə əlavə 
								məşğələlərin keçirilməsinin təşkili həyata 
								keçirilir. 
								
								ABŞ-ın Tennesi ştatında dəyərləndirmədən sonra 
								məktəblər üzrə məktəb rəhbərliklərinə və fənn 
								müəllimlərinə dəyərləndirmə materiallarından 
								necə istifadə edəcəkləri barədə təlimatlar 
								verilir. Sonrakı mərhələlərdə hər bir məktəb 
								rəhbərliyinə göndərilən hesabata əsasən hər 
								sinfin zəif göstəricilərə malik şagirdlər qrupu 
								müəyyənləşdirilir. Həmin şagirdlərin adlı 
								siyahısı sinif rəhbərlərinə təqdim edilir və 
								onlardan bu şagirdlər haqqında məlumat vermələri 
								xahiş olunur. Bu məlumatlarda əsasən 
								sosial-iqtisadi durumun aşağı olması, 
								davamiyyətin aşağı olması, davranışda 
								problemlər, məktəbə mənfi münasibət kimi 
								psixoloji faktorlar öz əksini tapır. Daha sonra 
								həmin çatışmazlıqlardan hansının daha çox məktəb 
								tərəfindən təmin edilə biləcəyi müzakirə edilir.
								 
								
								Dəyərləndirmə məktəb rəhbərliyinin dövlət 
								qarşısında daşıdığı maddi məsuliyyətə və məktəb 
								fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına 
								əsaslana bilər. Maddi məsuliyyət  dedikdə, 
								məktəb üçün ayrılmış vəsaitin məktəb rəhbərliyi 
								tərəfindən səmərəli istifadə edilməsinin 
								müəyyənləşdirilməsi nəzərdə tutulur. Lakin 
								tənqidçilər dəyərləndirmənin yalnız imtahanlara 
								və ya vəsaitin istifadəsinə əsaslanmasının 
								əleyhinə çıxış edirlər. Çünki bu cür 
								dəyərləndirmənin məktəb rəhbərliyi və müəllim 
								fəaliyyətinin daralmasına, həmçinin kurikulumun 
								tətbiqinə mənfi təsir göstərdiyi hesab edilir. 
								Bundan əlavə, belə dəyərləndirmə kifayət qədər 
								maddi vəsaitə malik olmayan məktəblərin, kənd 
								məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasına 
								az təsir edir və ya heç təsir etmir. Ona görə də 
								dəyərləndirmənin məktəb fəaliyyətinin 
								keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilməsi 
								məqsədəuyğundur. 
								
								Dövrümüzdə təhsil idarəçilərini maraqlandıran 
								əsas məsələlərdən biri budur: Şagirdlərin icbari 
								təhsilə cəlb edilməsi onların müvafiq bilik, 
								bacarıq, vərdiş və maraqları lazımi səviyyədə 
								əldə etmələrinə imkan verirmi? Məktəb 
								fəaliyyətinin keyfiyyəti bunu təmin edirmi? 
								
								Məktəb fəaliyyətinin keyfiyyəti dedikdə, nə 
								nəzərdə tutulur? Ədəbiyyatda bu anlayışın 
								müxtəlif təriflərinə rast gəlmək mümkündür. 
								Yaxşı məktəb: a) savadlı müəllimlərin cəlb 
								olunduğu və maddi-texniki baza ilə yaxşı təchiz 
								olunmuş məktəbdir; b) nizam-intizamın yüksək 
								səviyyədə olduğu və yaxşı müəllim-şagird 
								münasibətlərinin mövcud olduğu məktəbdir; c) 
								imtahan nəticələrinə görə ilkin sıraları tutan 
								məktəblərdir. Hətta valideynlər də çox zaman 
								"yaxşı məktəb" anlayışını məhz ən yaxşı imtahan 
								nəticələrinə görə fərqlənən məktəblərə aid 
								edirlər. 
								
								Əlbəttə, qiymətləndirmə nəticələri məktəb 
								fəaliyyətinin səmərəliliyini göstərən 
								vasitələrdən biridir. Lakin gəlin görək, öz 
								fəaliyyətini sırf qiymətləndirmə nəticələrinə 
								yönəldən məktəb həqiqətən yaxşı keyfiyyət 
								göstəricilərinə malikdirmi?  
								
								Artıq qeyd etdiyimiz kimi, məktəb fəaliyyətinin 
								keyfiyyətini dəyərləndirərkən yalnız imtahan 
								nəticələrinə güvənmək düzgün deyil. Təlim 
								prosesi müstəqil proses olmayıb, bir çox 
								amillərin təsirinə məruz qalır. Bu amillər 
								şagird nailiyyətlərinə təsir edir və məhz həmin 
								amillərin də nəzərə alınması dəyərləndirmənin 
								səmərəli olmasına şərait yaradır. Məktəb 
								fəaliyyətinin  keyfiyyətinin 
								dəyərləndirilməsində məktəbin insan və material 
								resurslarını nəzərə almaq mütləqdir. Belə 
								qənaətə gəlmək olar ki, keyfiyyətli məktəb o 
								məktəbdir ki, orada şagirdlərin nəticələri, 
								onların yaşayış şəraiti və sosial vəziyyətləri 
								nəzərə alınmaqla, proqnozlaşdırıldığından yüksək 
								olsun.  
								
								Beləliklə, məktəb fəaliyyətinin keyfiyyəti 
								özündə üç bir-biri ilə əlaqəli səviyyəni ehtiva 
								edir: maddi və insan resurslarının keyfiyyəti; 
								idarəçilik və öyrədən-öyrənən münasibətinin 
								keyfiyyəti; nəticələrin keyfiyyəti. Məsələ 
								bundadır ki, biz heç də həmişə bu üç səviyyənin 
								reallıqda bir-biri ilə necə əlaqədə olduğunu 
								bilə bilmərik. Ancaq biz bilirik ki, bu 
								faktorlardan birinin nəticələrə bilavasitə 
								təsiri mövcuddur. Məsələn, şagirdin dərs 
								vəsaitlərinin kəmiyyətcə çoxaldılması heç də 
								onun imtahan nəticələrinin də yüksəlməsinə 
								dəlalət etmir. Ona görə də təhsil keyfiyyətinin 
								yüksəldilməsi üçün biz məhz hansı keyfiyyət 
								faktorundan necə istifadə etməli olduğumuzu 
								bilməliyik. Dünya təcrübəsinə əsaslanaraq deyə 
								bilərik ki, əsasən infrastruktura, texniki 
								təchizata, müəllim hazırlığına vəsait 
								qoyulmasına yönələn islahatlar təhsil 
								keyfiyyətinə məhdud təsir göstərirlər. 
								 
								
								Əlbəttə, texniki təchizatın zəif olduğu məktəbdə 
								yaxşı nəticələrdən danışmaq real görünmür. Lakin 
								bəzən iki eyni texniki bazaya malik məktəbin 
								göstəricilərinin müxtəlif olduğunun şahidi 
								oluruq. Hətta bəzən acınacaqlı şəraitə malik 
								məktəbin şagirdləri daha yaxşı şəraitə malik 
								məktəbin şagirdlərindən daha yüksək nəticələr 
								göstərirlər. Odur ki, maddi vəsait göstəricilərə 
								təsir göstərsə də, bu təsir digər amillərin, 
								məsələn, insan amillərinin təsirlərinə nisbətən 
								zəif hesab olunur. Təhsilin keyfiyyətinə təsir 
								edən ən vacib amil məktəbdə müəllim-şagird, 
								müəllim-müəllim, müəllim-valideyn 
								münasibətlərinin səviyyəsidir. Təhsil keyfiyyəti 
								üzrə islahatlarda əsas diqqəti insan faktoruna 
								yönəltsələr daha real nəticələrə nail olmaq 
								mümkündür.  
								
								Məktəb fəaliyyətinin dəyərləndirilməsini həyata 
								keçirərkən aşağıdakı amillərə diqqət yetirmək 
								vacibdir: 
								
								1.Müəllimin xarakteristikası: təhsili və 
								pedaqoji hazırlığı, təcrübəsi, bacarıqları, 
								yaşayış şəraiti, ictimaiyyətlə əlaqələri, 
								işindən razılığı, motivasiyaları və s. 
								
								2.Pedoqoji proses: hər sinif üzrə şagirdlərin 
								sayı, öyrədilən dərs proqramı, təlim dili, 
								öyrənməyə sərf edilən vaxt və s. 
								
								3.Maddi vəziyyət: məktəb infrastrukturunun 
								mövcudluğu və keyfiyyəti, sinif otaqları üçün 
								müxtəlif avadanlıqlar, şagird vəsaitləri, 
								müəllimlər üçün metodiki vəsaitlər və s. 
								
								4.Öyrənənlərin xarakteristikası: cinsi, yaşı, 
								sağlamlıq vəziyyəti, sosial-iqtisadi vəziyyəti, 
								sosial-mədəni vəziyyəti və s. 
								
								5.Valideynlərlə münasibət: Valideynlər uşaqların 
								təhsilində müəllimlərin birbaşa partnyoru kimi 
								çıxış edirlər. Odur ki, bu münasibət xüsusi 
								diqqətə layiqdir. Həmin münasibətlər (1) 
								müəllim-valideyn ünsiyyətinin; (2) valideynlərin 
								məktəb fəaliyyətində nə dərəcədə rol oynadığının 
								(maddi, pedaqoji və idarəçilik baxımından) 
								müşahidə edilməsi ilə təhlil edilə bilər. 
								
								6.Rəhbərlik ilə əlaqələr: Həmin münasibətləri 
								təhlil edərkən aşağıdakılara diqqət yetirmək 
								lazımdır: (1) pedaqoji idarəçilik; (2) 
								təlim-tərbiyə üzrə direktor müavinlərinin 
								pedaqoji davranış və müəllimlərlə münasibətləri; 
								(3) müəllim və direktor müavinlərinə təhsil 
								idarəçiləri tərəfindən göstərilən dəstək; (4) 
								müəllim və direktor müavinlərinin müxtəlif 
								ictimai təşkilatlarla, QHT-lərlə və s. 
								əlaqələri. 
								
								Müəllimlər yalnız təhsil vəsaitləri ilə təhsil 
								istifadəçiləri arasında deyil, həmçinin sinif 
								daxilində öyrədən-öyrənən fəaliyyətini həyata 
								keçirən vasitəçilərdir. Müəllim fəaliyyətinin 
								keyfiyyətini təhlil edərkən diqqət yetirməli 
								olduğumuz ən mühüm məsələ müəllimlərin malik 
								olduğu pedaqoji kompetensiyalardır. Bəzən 
								müəllimlər ixtisas fənlərini yaxşı 
								mənimsəmirlər. Bu onların fəaliyyətinə iki cür 
								təsir göstərir: onlar öz ixtisas fənlərini 
								lazımi səviyyədə keçə bilmir və ya həmin fənnin 
								tədris metodologiyasının mənimsənilməsinə 
								yetərincə vaxt sərf etmirlər. Buradan belə məlum 
								olur ki, müəllim fəaliyyətinin keyfiyyəti 
								müəllimin kompetensiyalarından daha çox 
								motivasiyadan asılıdır. Çünki motivasiya 
								kompetensiyaların nə dərəcədə istifadə 
								olunduğunu müəyyənləşdirir.  
								
								Sinifdə aparılan müşahidələr daha effektiv 
								pedaqoji prosesin xarakterik cəhətlərini 
								müəyyənləşdirməyə imkan verir. Ən yaxşı pedaqoji 
								proses struktur baxımından yaxşı təşkil olunmuş 
								və aydın müəyyən edilmiş məqsədlərə malik olan 
								tədris prosesidir. Bu proses zamanı müəllim: 
								yaxşı davamiyyətə malik olmalı; iş planına malik 
								olmalı və hər dərsə xüsusi hazırlaşmalı, aktiv 
								öyrətmə stilinə malik olmalı, müntəzəm olaraq ev 
								tapşırığı verməli və ən vacibi dərs zamanı 
								şagirdlərlə fərdi surətdə qarşılıqlı əlaqə 
								yaratmalı, müntəzəm olaraq şagirdlərin bilik və 
								bacarıqlarını qiymətləndirməli və həmin 
								qiymətləndirmə əsasında onlarla fərdi şəkildə 
								əks-əlaqə yaratmalıdır. 
								
								Hər hansı bir məktəbin keyfiyyət 
								dəyişikliklərini izləyərkən məktəb rəhbərliyinin 
								fəaliyyətini də diqqətdən kənarda saxlamaq 
								olmaz. Çünki təhsil müəssisəsinin səviyyəsi onun 
								necə idarə olunması ilə sıx bağlıdır. Daha 
								effektiv təlim prosesinə yiyələnmək üçün məktəb 
								səviyyəsində uyğun idarəçilik və dəstək 
								strukturlarının fəaliyyətinə nail olmaq 
								lazımdır. İdarəçilik və dəstək strukturlarının 
								köməyinə olan ehtiyac məktəb rəhbərliyinin, 
								xüsusən də təlim-tərbiyə işləri üzrə direktor 
								müavininin məktəbdə fəaliyyəti ilə bağlıdır. 
								Məsələn, Hindistanın dəyərləndirmə aparılmış 
								vilayətlərində məktəb rəhbərliyinin məktəb 
								həyatında oynadığı rolun fərqi özünü dövlət və 
								özəl məktəblər arasındakı nailiyyət fərqində 
								göstərib.  Məlum olmuşdur ki, özəl məktəblərdə 
								direktor müavinlərinin müəllimlərin 
								fəaliyyətinə, yəni nizam-intizam qaydalarına 
								əməl etmələrinə, iş planlarının olmasına və s. 
								nəzarəti daha güclüdür. Dövlət məktəblərində 
								vəziyyət eyni deyil. Onların əksəriyyətində 
								direktor müavinlərinin öz funksiyalarını həyata 
								keçirmək üçün yetərincə səlahiyyəti, həmçinin 
								bacarığı yoxdur. Hindistanın əksər özəl 
								məktəblərində direktor müavinlərinin özləri də 
								Məktəb İdarəetmə Komitəsi tərəfindən həm 
								dəstəkləndiyi, həm də idarə olunduğu halda, 
								dövlət məktəblərində bu mexanizm yoxdur. Digər 
								tərəfdən, klassik nəzarət strukturları o qədər 
								köhnəlib ki, onlar müavinlərə məktəb 
								idarəçiliyində yetərincə dəstək göstərə 
								bilmirlər. Ona görə də təhsilin keyfiyyətində 
								nəzərəçarpan irəliləyişlərə nail olmaq üçün 
								nəzarət strukturlarının işləmə mexanizmlərini 
								işləyib hazırlamaq, inspektorların, məktəb 
								direktorlarının və direktor müavinlərinin yeni 
								fəaliyyət funksiyalarını müəyyənləşdirmək 
								məqsədəuyğun hesab edilir. 
								
								Təhsilin keyfiyyətinə bilavasitə təsiri olan 
								digər bir amilə - müəllim-valideyn 
								münasibətlərinə gəlincə, təəssüf hissi ilə qeyd 
								etməliyik ki, ölkəmizdə, xüsusən də əyalətlərdə 
								bu münasibətlər lazımi səviyyədə qurulmayıb. Çox 
								vaxt valideynlər müəllimlər tərəfindən təhsil 
								keyfiyyətinin yüksəldilməsi ilə bağlı 
								fəaliyyətlərində əməkdaş kimi deyil, maneə kimi 
								dəyərləndirilirlər. Halbuki müəllimlərin 
								ailələrlə mütəmadi əlaqəsinin məktəb 
								fəaliyyətinin standart xüsusiyyətinə çevrilməsi, 
								ev tapşırıqları və imtahan nəticələrinin 
								valideynlərə çatdırılmasının sistemli şəkildə 
								həyata keçirilməsi, məktəb rəhbərliyinin 
								valideynlərin öz övladlarının təhsilinin 
								pedaqoji aspektlərində iştirak etməsi və ya ən 
								azından buna maraq göstərməsinə nail olması 
								müasir təhsil sisteminin tələblərindəndir. 
								
								Həm şagird, həm müəllim, həm də məktəb 
								fəaliyyətinin inkişafını dəyərləndirməyə imkan 
								verən ən obyektiv vasitə hansıdır? 
								
								Dəyərləndirmənin əlavə dəyər metodu üstün 
								cəhətlərinə görə əksər qiymətləndirmə 
								mütəxəssislərinin rəğbətini qazanaraq hazırda 
								dünyanın qabaqcıl təhsil sisteminə malik bir çox 
								ölkələrdə tətbiq edilməkdədir. Əlavə 
								dəyərləndirmə daxili dəyərləndirmənin bir 
								hissəsini təşkil edir və şagirdlərə fərdi 
								yanaşmağa imkan verərək bir şagirdin 
								nailiyyətinin onun keçmiş nailiyyətləri ilə 
								müqayisəsinə şərait yaradır. Beləliklə, heç bir 
								şagird nəzarətdən kənar qalmır. Bununla yanaşı, 
								müəllim fəaliyyətinin də dəyərləndirilməsinə 
								imkan yaranır. Əlavə dəyərləndirməyə əsasən 
								müəyyən olunmuş müddət ərzində sinifdə baş 
								verənləri müşahidə etmək mümkündür. Müasir 
								dövrdə bu cür dəyərləndirmə məktəbin və ya 
								müəllimin şagirdə təsirini müəyyən edə biləcək 
								ən yaxşı vasitə hesab edilə bilər. Əlavə 
								dəyərləndirmə şagird, sinif, müəllim, məktəb və 
								ya şəhər (rayon) səviyyəsində aparıla bilər. 
								Əlavə dəyər metodu xüsusi imtahan keçirməyi 
								tələb etmir. Burada istənilən mərkəzləşdirilmiş 
								imtahan nəticələrindən (həm normaya, həm də 
								meyara əsaslanan testlər vasitəsi ilə) istifadə 
								etmək mümkündür. Dəyərləndirmənin bu metodunu 
								Təhsil Nazirliyinin müvafiq əməkdaşları, rayon 
								(şəhər) RTŞ-lərinin müvafiq məktəb üzrə 
								inspektorları və məktəb üzrə direktor müavinləri 
								və müəllimlərdən ibarət işçi qrupu həyata keçirə 
								bilər. 
								
								Əlavə dəyərləndirmə yalnız nailiyyətlərin 
								inkişafını müəyyənləşdirmək üçün nəticələrin 
								təhlilinin konsepsiyasını təqdim edir. Dünya 
								ölkələri həmin konsepsiyanı müxtəlif statistik 
								metodlardan istifadə etməklə müxtəlif cür həyata 
								keçirirlər. 
								
								Əgər nəticələr haqqında məlumatlar kifayət qədər 
								detallara xırdalanarsa, yaxşı və pis 
								göstəricilər daha tez üzə çıxar və qərar 
								verənlər daha etibarlı məlumatları əldə etmiş 
								olarlar. Düzgün istifadə edilən əlavə dəyər 
								metodu təhsildə yeni tədqiqatlar üçün dəyərli 
								məlumatlar toplusunu təqdim edə bilər. Lakin  
								əlavə dəyərləndirmə məktəb fəaliyyətinin 
								dəyərləndirilməsi üzrə tədqiqatın ilkin 
								mərhələsidir. Digər mərhələlərdə dəyərləndirmə 
								nəticələrindən yararlanaraq müəllimlərlə müvafiq 
								metodiki işin aparılması həyata keçirilməlidir. 
								Metodiki işin aparılması müvafiq rayon (şəhər) 
								təhsil şöbəsinin metodisti və məktəb 
								rəhbərliyinin birgə əməyi sayəsində mümkündür. 
								Metodiki iş zamanı müəllimlər arasında təcrübə 
								mübadiləsinə geniş yer verilməsini məqsədəuyğun 
								hesab edirik.  
								
								Ümumiyyətlə, dəyərləndirmə tədqiqatçıları məktəb 
								fəaliyyətindəki nöqsanların aradan qaldırılması 
								üsullarını  təklif etmir, onların vəzifəsi 
								yalnız həmin nöqsanların müəyyənləşdirilməsindən 
								və lazımi tövsiyələrini təqdim etməkdən 
								ibarətdir. Dəyərləndirilmə həyata keçirildikdən 
								sonra mühüm vəzifə məktəb rəhbərliklərinin 
								üzərinə düşür desək, yanılmarıq. Çünki məhz 
								onlar əllərindəki dəyərli məlumatlardan istifadə 
								edərək, təcrübə və biliklərinə əsasən fərdi 
								fəaliyyət planlarını hazırlamalı, həmin plana 
								əsasən növbəti tədris ilində həyata 
								keçirəcəkləri tədbirləri 
								müəyyənləşdirməlidirlər. 
								
								Dəyərləndirmənin müxtəlif növləri, modelləri, 
								metodları mövcuddur. Lakin heç bir model 
								özlüyündə mükəmməl deyil. Müxtəlif ölkələrdə 
								təhsil idarəçiləri dəyərləndirməni özlərinə 
								məxsus şəkildə, ölkənin təhsil sisteminin 
								vəziyyətini, problemlərini, tələblərini nəzərə 
								alaraq həyata keçirirlər. Bu səbəbdən hər bir 
								ölkənin təhsil üzrə müvafiq rəhbər qurumu 
								tərəfindən dəyərləndirmələri aparmaq məqsədi ilə 
								müvafiq fəaliyyət planı, təlim strategiyası, 
								işləmə mexanizmi hazırlanmalıdır.   
								
								
								
								Səbinə HƏSƏNOVA,  
								Monitorinq və qiymətləndirmə şöbəsinin  
								aparıcı məsləhətçisi  |