| 
								 
								
								  
								
								Təhsil sistemi  
								
								Şimali Avropada, Skandinaviya yarımadasında 
								yerləşən Finlandiya Respublikasının 
								iqtisadiyyatı kifayət qədər inkişaf edib. Ölkədə 
								Ümumi Daxili Məhsulun həcmi 238,4 milyard ABŞ 
								dollarıdır. Adambaşına düşən illik gəlir 44 min 
								ABŞ dollarından çoxdur. 
								
								 Finlandiyada 
								təhsil sistemi tam şəkildə dövlət tərəfindən 
								maliyyələşdirilir. Praktiki olaraq təhsil 
								siyasəti dövlət və bələdiyyələr tərəfindən 
								həyata keçirilir. Ancaq hər bir məktəb öz işini, 
								təlim-tərbiyə prosesini müstəqil şəkildə 
								planlaşdırmaq hüququna malikdir. 
								
								Finlandiyada məktəbəqədər və digər təhsil 
								pillələri Təhsil Nazirliyi, erkən uşaqlıq 
								təhsili (uşağın ümumi inkişafını təmin etmək və 
								onun hərtərəfli yetişməsi üçün əlverişli şərait 
								yaratmaq ) isə Sosial Məsələlər və Səhiyyə 
								Nazirliyi tərəfindən idarə olunur. 
								
								Ölkədə tədris rəsmi dövlət dili kimi qəbul 
								edilmiş fin və İsveç dillərində aparılır. Bundan 
								başqa, tədris ancaq İsveç dilində olan məktəblər 
								də fəaliyyət göstərir. 
								
								Ölkədə tam orta təhsil 12 illikdir. Ölkənin 
								təhsil sistemi 1 illik məktəbəqədər könüllü, 9 
								illik əsas, 3 illik ümumi və ya peşə təhsilindən 
								ibarət olan orta təhsilin yuxarı pilləsi, 
								universitet və politexnik institutlarda həyata 
								keçirilən ali təhsildən ibarətdir. Onu da qeyd 
								edək ki,  Finlandiyada universitetlərlə yanaşı, 
								müvafiq ixtisaslar verən politexnik 
								institutlarda da ali təhsil almaq mümkündür. 
								Yaşlıların təhsili isə təhsilin bütün pillələri 
								üzrə aparılır. 
								
								Finlandiyada daimi yaşayış hüququ olan uşaqların 
								əsas təhsil proqramını tamamlamaq üçün qanundan 
								irəli gələn öhdəlikləri var. Uşaqların təxminən 
								99,7 faizi ümumi təhsilə cəlb olunur. Əsas 
								təhsilin və orta təhsilin yuxarı pilləsindən 
								ibarət olan ümumi təhsilin əsas prinsipi yaşayış 
								yerindən, dilindən, iqtisadi durumundan asılı 
								olmayaraq hamının təhsil hüququnu təmin etməkdən 
								ibarətdir. 
								
								Orta təhsilin yuxarı pilləsində həm ümumi 
								təhsil, həm də peşə təhsili üzrə alınmış 
								sertifikatlar universitet və politexnik təhsil 
								müəssisələrinə daxil olmaq hüququ verir. 
								
								Ali təhsil müəssisələrinə qəbul orta təhsil 
								şəhadətnaməsi və ya peşə diplomuna əsasən 
								aparılır. Ali təhsil müəssisələrinin verdiyi 
								diplomlar bir-birindən fərqlidir. Yalnız 
								universitetlər lisensiat (magistratura və 
								doktorantura arasındakı elmi dərəcə) və 
								doktorluq dərəcəsi verir.  
								
								Finlandiyada tam muxtariyyət prinsipi ilə 
								işləyən və dövlət tərəfindən maliyyələşdirilən 
								16 universitet fəaliyyət göstərir. Onlar tədris 
								prosesi ilə bağlı qərar qəbulunda tam 
								müstəqildirlər. 
								
								Finlandiya Təhsil Nazirliyinin nəzdindəki 25 
								politexnik ali təhsil müəssisəsi yerli hökumət 
								tərəfindən və ya özəl əsaslarla idarə olunur. 
								Politexnik müəssisələrinin maliyyələşməsi isə 
								həm dövlət, həm də yerli hökumət tərəfindən 
								həyata keçirilir. 
								
								Finlandiyada yaşlıların təhsili bütün pillələr 
								üzrə təmin olunur. Yaşlılar ümumi təhsil və ya 
								peşə ixtisası əldə etmək üçün müvafiq modul 
								əsasında təhsil alırlar. 
								
								Ölkədə xüsusi diqqət yetirilən həyatboyu 
								(fasiləsiz) təhsil strategiyası ondan ibarətdir 
								ki, hər kəs istədiyi vaxt müxtəlif təlim 
								mühitində öz bilik və bacarıqlarını inkişaf 
								etdirmək üçün kifayət qədər imkanlara malik 
								olmalıdır. Həyatboyu təhsilin fasiləsizliyi 
								dövlət səviyyəsində təmin edilir və hökumət 
								tərəfindən maliyyələşir.  
								
								Təhsilin məzmunu, qiymətləndirilməsi, onun 
								standartlarının hazırlanması məqsədilə 
								Finlandiyada xüsusi komissiya fəaliyyət 
								göstərir. Bu komissiya Təhsil Nazirliyinin 
								büdcəsindən maliyyələşməsinə və sifarişini 
								yerinə yetirməsinə baxmayaraq tam müstəqildir. 
								
								Finlandiyada orta ümumtəhsil məktəbləri, 
								gimnaziya və peşə liseyləri zəngin maddi-texniki 
								bazaya malikdir. Tədris prosesində kompüter 
								texnologiyasından geniş istifadə olunur. 
								Məktəblərin büdcə layihəsi pedaqoji kollektiv 
								tərəfindən hazırlanır və müvafiq departamentdə 
								təsdiq olunduqdan sonra reallaşdırılır. Tədris 
								ocaqlarına dövlət büdcəsindən ayrılmış vəsaitdən 
								əlavə, bələdiyyə, hamilər şurası və sponsorlar 
								tərəfindən də maliyyə yardımı verilir. Məktəblər 
								büdcədənkənar qazanclarından gəlir vergisi 
								ödəmirlər. Eyni zamanda, məktəblərə maddi yardım 
								göstərən müəssisələrə də müəyyən vergi 
								güzəştləri edilir. 
								
								Finlandiyanın təhsil və elm strategiyası 
								keyfiyyət, səmərəlilik, bərabərlik və 
								beynəlmiləlçilik prinsiplərinə əsaslanır. 
								Təhsilin inkişafındakı mövcud prioritetlər 
								təhsilin səviyyəsini yüksəltmək, əhali və işçi 
								qüvvələri arasında rəqabətliliyi artırmaq, 
								uşaqların və gənclərin təhsildən yayınmasının 
								qarşısını almaq, yaşlıların təlim imkanlarını 
								genişləndirməkdən ibarətdir. 
								
								BMT-nin 2008-ci il üzrə müəyyənləşdirdiyi İnsan 
								İnkişafı İndeksində Finlandiya Təhsil İndeksi 
								siyahısında 0,993 balla qiymətləndirilib. Bu 
								göstərici ilə Finlandiya təhsil sahəsində 
								dünyanın ən öncül ölkələri olan Danimarka, 
								Avstraliya və Yeni Zelandiya ilə birlikdə 
								birinci yeri bölüşür.  
								
								Təhsilin idarə olunması  
								
								 Təhsil 
								və Mədəniyyət Nazirliyi Finlandiyanın ilk 
								fəaliyyətə başlamış dövlət qurumlarından 
								biridir. 1809-cu ildə Böyük Hersoqluq dövründə 
								bu nazirlik Kilsə şöbəsi kimi fəaliyyət 
								göstərib. Finlandiya müstəqillik qazandıqdan 
								sonra bu qurum Kilsə və təhsil məsələləri şöbəsi 
								adlandırılıb, 1918-ci ildə isə Kilsə və Təhsil 
								Məsələləri Nazirliyinə çevrilib. 
								
								Təhsil və Mədəniyyət Nazirliyi təhsil, elm, 
								mədəniyyət, idman və gənclər siyasəti üzrə 
								strategiyanın hazırlanmasına, bu sahələr üzrə 
								əməkdaşlığın qurulmasına cavabdehdir. Maraqlıdır 
								ki, bu ölkədə bir nazirliyə iki nazir rəhbərlik 
								edir: təhsil və mədəniyyət nazirləri. Təhsil 
								naziri təhsil, elm və tədqiqat məsələlərinə, 
								mədəniyyət naziri isə mədəniyyət, idman, 
								gənclər, müəllif hüquqları, tələbələrə maliyyə 
								yardımı və kilsə məsələlərinə cavabdehlik 
								daşıyır. 
								
								Təhsil Nazirliyi Finlandiyada təhsilin idarə 
								edilməsi üzrə ən ali orqandır. Bu qurum orta, 
								peşə, ali (politexnik institutlar və 
								universitetlər), yaşlıların təhsili üzrə 
								dövlətdən maliyyələşən təhsil və təlimin 
								təşkilinə nəzarət edir. Təhsil Nazirliyi təhsil 
								strategiyasının icrasına və mərkəzi hökumət 
								səviyyəsində təhsil sisteminin idarə olunmasına 
								cavabdehlik daşıyır. Təhsilin idarə edilməsində 
								Baş Maarif İdarəsi (Maarif Departamenti), 
								quberniya və bələdiyyə idarələrinin də üzərinə 
								mühüm vəzifələr düşür. Odur ki, bir çox qərarlar 
								yerli hökumət səviyyəsində qəbul edilir. 
								 
								
								Baş Maarif İdarəsi Təhsil Nazirliyinə tabe 
								olaraq, əsasən, orta və peşə təhsili 
								məktəblərinə nəzarət edir. Təhsilin bu 
								pilləsinin inkişafına, idarə və keyfiyyətinin 
								təmin olunmasına görə Baş Maarif İdarəsi 
								məsuliyyət daşıyır. Ali məktəblər isə birbaşa 
								Təhsil Nazirliyi tərəfindən idarə olunur. 
								
								Quberniya idarələri isə regionlar üzrə 
								idarəetmənin bütün istiqamətləri kimi təhsil 
								sahəsinə də ümumi rəhbərlik edir. Bu idarələrin 
								vəzifəsi quberniya üzrə təhsilin 
								proqramlaşdırılmasını təşkil etmək və həyata 
								keçirməkdir. 
								
								Quberniya idarəçiliyində yaşlıların təhsilinə, 
								təhsilin fasiləsizliyinə, diplomdan sonrakı 
								təhsilə xüsusi diqqət yetirilir. Maliyyə 
								bölgüsünü, vəsaitin hara xərclənməsini quberniya 
								idarələri müəyyənləşdirir. Bələdiyyələr əsasən 
								müqavilələr vasitəsilə, axşam gimnaziyaları, 
								vətəndaş məktəbləri (yaşlılar üçün) və peşə 
								mərkəzlərində təşkil edilən tədrislə məşğul 
								olur, eləcə də 6 yaşlı uşaqları məktəblərə 
								hazırlamaq məqsədilə 1 illik kurslar təşkil 
								edir.  
								
								Əsas təhsil  
								
								 Finlandiyada 
								əsas təhsil 7 yaşdan başlayır. Aşağı siniflərdə 
								şagirdlərə sinif müəllimləri, yuxarı siniflərdə 
								isə fənn müəllimləri dərs deyirlər. Yuxarı 
								siniflərdə fakültativ fənlər də tədris edilir.
								 
								
								Bu ölkədə çox az sayda özəl orta məktəb var. 
								Maraqlıdır ki, özəl məktəblər fəaliyyətə 
								başlayarkən onlara dövlət tərəfindən müvafiq 
								bələdiyyə məktəblərinə ayrılan qrant miqdarında 
								əvəzsiz maliyyə yardımı verilir. Odur ki, özəl 
								məktəblərdə heç bir təhsil haqqı tələb olunmur 
								və şagirdlərə müvafiq bələdiyyə məktəbləri ilə 
								eyni əsasda təhsil verilir. Bundan əlavə, özəl 
								məktəblərdə şagirdlər bələdiyyə məktəbləri ilə 
								eyni ictimai hüquqlardan (səhiyyə xidmətindən 
								istifadə və pulsuz yemək) istifadə edirlər. Məhz 
								buna görə də Finlandiyada özəl məktəblər ciddi 
								ictimai etimad qazanıblar. 
								
								İbtidai təhsilin ilk illərində qiymətləndirmə 
								formal qiymətlərlə bərabər, şifahi 
								qiymətləndirmə ilə də məhdudlaşa bilər. Rəqəmlə 
								qiymətləndirmədən istifadə olunmasına məktəb 
								səviyyəsində  qərar verilir. Ən çox müşahidə 
								edilən hal ondan ibarətdir ki, şagirdlər üçün 
								ildə iki dəfə - payız və yaz semestrinin sonunda 
								qiymətləndirmə ilə bağlı hesabat kartı 
								hazırlanır. 
								
								Finlandiyada qiymətləndirmə 4-10 bal arasında 
								aparılır. Fərdi imtahanlarda qiyməti daha dəqiq 
								ifadə etmək üçün balları 1/2 hissəyə qədər 
								bölmək və "+" və ya "-" işarələri ilə ifadə 
								etmək də mümkündür. Lakin tədris ilinin 
								hesabatında və əsas təhsil haqqında sənəddə belə 
								işarələnməyə icazə verilmir. 
								
								Əgər əsas təhsil pilləsində oxuyan şagird payız 
								rübünün sonunda hər hansı bir fəndən 4 alırsa, 
								o, yaz rübünün sonunda həmin fənnə dair biliyini 
								təkmilləşdirdiyini göstərmək üçün əlavə imtahan 
								verməlidir. Şagird çoxlu sayda qeyri-məqbul 
								qiymət alarsa, o, həmin ilin proqramını təkrar 
								oxumalıdır. Belə bir qərar şagird və onun 
								valideynlərinin mövqeyi öyrənildikdən sonra 
								müəllim və direktor tərəfindən verilir. 
								
								Əsas məktəbdə oxuyan şagirdlər bir çox ictimai 
								hüquqlara malikdir. Buraya məktəbin səhiyyə 
								xidmətindən istifadə və gündəlik qida 
								ehtiyacının üçdə bir hissəsini təşkil edən 
								pulsuz yeməklə qidalanma daxildir. Əlavə olaraq, 
								şagirdlər kitab və tədris materialları, məktəb 
								ekskursiyaları ilə də pulsuz təmin olunurlar. 
								Əgər məktəb ekskursiyaları uzunmüddətli olarsa, 
								şagirdlərin qalması üçün yerin təşkili də tədris 
								ocağının üzərinə düşür. 
								
								Finlandiyada əsas təhsil pilləsini bitirmiş 
								məzunların 95,5 faizi öz təhsillərini orta 
								təhsil pilləsində davam etdirirlər.  
								
								Orta təhsil  
								
								Finlandiyada orta təhsil sisteminə şagirdləri 
								peşə təhsilinə və ali təhsil müəssisələrinə 
								hazırlayan məktəblər daxildir. Şagirdləri peşə 
								təhsilinə hazırlayan məktəblər uşaqlara müəyyən 
								peşə bacarıqlarına yiyələnmək imkanı verir. Orta 
								təhsilin yuxarı pilləsi isə hərtərəfli təhsil 
								vermək məqsədi daşıyır. 
								
								Şagirdləri peşə təhsilinə hazırlayan məktəbləri 
								bitirənlərə də ali təhsil almaq hüququ verilir. 
								Orta təhsilin yuxarı pilləsini bitirənlər də 
								peşə təhsili proqramlarında oxuya bilərlər. 
								Finlandiyada xüsusi proqramlar üzrə həm peşə 
								təhsili almaq, həm də orta təhsilin yuxarı 
								pilləsində oxumaq mümkündür. 
								
								Şagirdləri peşə təhsilinə hazırlayan məktəbləri 
								bitirənlərə peşə təhsili üzrə sertifikat 
								verilir. Orta təhsilin yuxarı pilləsini 
								bitirənlərə həm orta təhsilin yuxarı pilləsi, 
								həm də ali məktəbə qəbul imtahanı üzrə 
								sertifikat təqdim olunur. Xüsusi proqramlarda 
								oxuyanlar isə həm peşə təhsili, həm də ali 
								məktəbə qəbul imtahanı üzrə sertifikata sahib 
								olurlar. 
								
								Orta təhsilin yuxarı pilləsi üzrə sertifikat 
								politexnik profilli ali təhsil müəssisələrinə, 
								ali məktəbə qəbul imtahanı üzrə sertifikat isə 
								universitetlərə daxil olmaq hüququ verir. Buna 
								baxmayaraq, istisna hal kimi bir sıra ali təhsil 
								müəssisələri əlavə qəbul imtahanları da 
								keçirirlər. 
								
								Orta məktəb şagirdləri pulsuz səhiyyə xidmətləri 
								və gündəlik yeməklə təmin olunsalar da, lazımi 
								tədris vasitələrini, materialları və kitabları 
								öz hesablarına alırlar.  
								
								Peşə təhsili  
								
								 Finlandiyada 
								əsas təhsildən sonrakı pillə ümumi təhsil, ilkin 
								peşə təhsili və təlimi pilləsinə ayrılır. İlkin 
								peşə təhsili müəssisələri bələdiyyələrin, bəzi 
								hallarda isə özəl qurumların nəzdində fəaliyyət 
								göstərir. 
								
								Peşə təhsili və təliminin əsas məqsədi müvafiq 
								bacarıqlara malik işçi qüvvəsi hazırlamaq, əmək 
								bazarının ehtiyaclarına olan tələbatı ödəmək və 
								həyatboyu təlimi dəstəkləməkdir. 
								
								Finlandiyanın ilkin peşə ixtisas təhsili 
								müəssisələrində ümumilikdə 146000 nəfər oxuyur. 
								Onların 4500-ü ilkin peşə təliminə hazırlıq 
								kurslarında təhsil alır. 
								
								Tam orta təhsil almış və müvafiq peşələrə 
								yiyələnmiş gənclər (əgər onlar təhsillərini 
								davam etdirmək istəyirlərsə) müvafiq ali 
								məktəblərə qəbul ola bilərlər. 
								
								Yaşından asılı olmayaraq bütün vətəndaşların 
								peşə təhsili almalarına dövlət şərait yaradır. 
								Finlandiyada belə hesab edirlər ki, ölkədə 
								işsizliyin qarşısını yalnız bu yolla almaq 
								mümkündür.  
								
								Ali təhsil  
								
								 Qeyd 
								etdiyimiz kimi, Finlandiya ali təhsil 
								müəssisələri universitetlərə və politexnik 
								təhsil ocaqlarına bölünür. Ali məktəblərə qəbul 
								zamanı tələbələrin seçimi əsasında milli və 
								qəbul imtahanlarından istifadə edilir. 
								
								Universitetlərdə əsas diqqət elmi tədqiqatlara 
								ayrılır və tələbələrə hərtərəfli nəzəri biliklər 
								verilir. Politexnik profilli təhsil 
								müəssisələrində isə, əsasən, praktiki bacarıqlar 
								xüsusi əhəmiyyət kəsb edir. Belə ali məktəblər 
								bəzi hallarda tədqiqat məsələlərini gündəmə 
								gətirsə də, əsasən sənayenin inkişaf layihələri 
								ilə məşğul olur. Politexnik profilli təhsil 
								müəssisələri, əsasən bələdiyyələr, bəzi hallarda 
								isə özəl qurumlar tərəfindən idarə olunur. 
								
								Finlandiyanın bütün universitetlərində bakalavr 
								dərəcəsi üzrə təhsil müddəti təxminən 3-4 ildir. 
								Proqramdan asılı olaraq, bu pillədə ali təhsil 
								tamamlana bilər. Lakin bəzi hallarda bu pillə 
								magistratura pilləsi üçün aralıq mərhələ hesab 
								edilir. 
								
								Politexnik təhsilin tamamlanma müddəti isə 
								3,5-4,5 il arasında dəyişir. Politexnik təhsil 
								üzrə dərəcə Finlandiyanın təhsil sistemində 
								hüquqi baxımdan aşağı səviyyəli universitet 
								dərəcəsi hesab edilmir. Finlandiyadan kənarda 
								isə politexnik dərəcələr nisbətən aşağı 
								səviyyəli universitet dərəcəsi kimi qəbul 
								olunur. 
								
								Politexnik təhsil müəssisələrini bitirən 
								bakalavrlar universitetlərdə magistratura 
								dərəcəsi üzrə proqramlarda təhsillərini davam 
								etdirə bilərlər. Universitetlərdə magistratura 
								proqramının müddəti iki il olsa da, politexnik 
								müəssisələri bitirərək magistraturaya qəbul 
								olanlar daha bir il təhsil almalıdırlar. 
								Boloniya prosesinin tələbləri nəticəsində 
								politexnik müəssisələri bitirənlərdən tələb 
								olunan əlavə təhsilin həcmi tədricən azaldılır. 
								Bununla da politexnik müəssisələri bitirənlərdən 
								bəzi hallarda heç bir əlavə təhsil almaq tələb 
								olunmur. 
								
								Onu da qeyd edək ki, politexnik təhsil 
								müəssisələrini bitirənlər öz sahələri üzrə 
								üçillik iş təcrübələrini tamamladıqdan sonra 
								onlara müvafiq ixtisas üzrə magistratura 
								dərəcəsi almaq hüququ verilir. Bu dərəcə yalnız 
								ixtisasyönümlü səciyyə daşıyır.  Politexnik 
								profilli magistratura dərəcəsinin müddəti iki 
								ildir və müntəzəm işdən ayrılmamaqla bu dərəcə 
								üzrə təhsil almaq olar. Bakalavr pilləsindən 
								fərqli olaraq, politexnik profilli magistratura 
								dərəcəsi müvafiq sahə üzrə akademik magistratura 
								dərəcəsinə bərabər tutulur. 
								
								Finlandiyada doktorluq dərəcəsinə yalnız 
								universitetlərdə yiyələnmək mümkündür. 
								Politexnik ixtisaslı magistratura dərəcəsi isə 
								tələbələrə doktorantura pilləsi üzrə təhsil 
								almaq hüququ vermir. 
								
								 Maraqlıdır 
								ki, bütün bu qeyd olunan ekvivalentlik yalnız 
								dövlət sektorunda işə qəbul  zamanı nəzərə 
								alınır. 
								
								Universitet və politexnik profilli ali təhsil 
								müəssisələrində tələbələrin dərsə davamiyyəti 
								könüllüdür. Finlandiya ali təhsil 
								müəssisələrində tələbələrdən heç bir təhsil 
								haqqı tələb olunmur. Avropa İttifaqına daxil 
								olmayan ölkələrdən gələn tələbələr üçünsə pullu 
								ali təhsil tətbiq olunur. 
								
								Universitetlərdə təhsil alan hər kəsin tələbə 
								ittifaqına üzvlüyü məcburidir. Politexnik ali 
								təhsil müəssisələrində isə tələbə ittifaqına 
								üzvlük könüllüdür. 
								
								Finlandiyada tələbələrə bir sıra maliyyə 
								yardımları da verilir. Belə yardımlar tələbənin 
								təhsilində davamlı geriləmələr və 
								müvəffəqiyyətsizlik olduqda ləğv edilə bilər. 
								Yardımın miqdarı, adətən, o qədər də çox olmur. 
								Buna görə də tələbələrin əksər hissəsi özlərini 
								maliyyələşdirmək üçün işləyirlər. Finlandiyada 
								tələbələr həmçinin dövlət təminatlı tələbə 
								borclarından da yararlana bilərlər. 
								
								Xaricdə təhsil üçün də müvafiq tələbə 
								yardımlarının mövcudluğu beynəlxalq tələbə 
								mübadiləsinin yüksəldilməsini təmin edir. 
								Tələbələrin xaricdə təhsili üzrə maliyyə yardımı 
								yalnız Finlandiya hökumətinin maliyyələşdirdiyi 
								prioritet təhsil sahələrinə verilir. 
								
								Finlandiya ali məktəblərində oxuyan əcnəbi 
								tələbələrin təhsili, adətən onları göndərən ölkə 
								tərəfindən maliyyələşdirilir. Təhsil almaq 
								məqsədi ilə gələn əcnəbilərin bu ölkədə daimi 
								yaşayış hüququ varsa, onların təhsili 
								Finlandiyanın tələbələrə maliyyə yardımı 
								proqramı çərçivəsində maliyyələşdirilə bilər.  
								
								Əlavə təhsil  
								
								Qeyd etdiyimiz kimi, Finlandiyada yaşlıların və 
								işsizlərin peşələrə yiyələnmələri, 
								ixtisaslarının artırılması, dəyişdirilməsi və 
								yeniləşdirilməsi probleminə xüsusi diqqət 
								yetirilir. Bazar iqtisadiyyatının reallığı, 
								işsizliyin aradan qaldırılması probleminin 
								aktuallığı, ənənəvi və yeni peşələrə marağın 
								artması, yeni iş sahələrinin yaranması, təhsil 
								sahəsində təcrübəli müəllimlərin inteqrativ 
								fənlərin tədrisinə hazırlanması, təhsilin 
								idarəçiliyində yeni mexanizmlərin həyata 
								keçirilməsini təmin edəcək təhsil rəhbərlərinə 
								olan ehtiyac bu məsələyə xüsusi önəm 
								verilməsinin başlıca səbəblərindəndir. 
								
								Finlandiyanın bu sahədəki təcrübəsi olduqca 
								maraqlıdır. Ölkədə işsizlərin və yaşlıların işlə 
								təmin edilməsi, onların təhsili, müxtəlif 
								peşələrə yiyələnməsi, ixtisaslarının artırılması 
								ilə Təhsil, Əmək, Səhiyyə və Sosial Müdafiə 
								nazirlikləri, eləcə də digər yerli orqanlar 
								məşğul olur. Quberniya mərkəzlərində 
								ixtisasartırma və yenidənhazırlanma 
								mərkəzlərinin maliyyələşdirilməsi Təhsil 
								Nazirliyi, Əmək Nazirliyi tərəfindən və yerli 
								büdcə hesabına yerinə yetirilir. Həmçinin 
								ayrı-ayrı müəssisələr lazım olan kadrların 
								hazırlanması üçün bu mərkəzlərə vəsait 
								ayırırlar. Bu mərkəzlərdə çox zəngin 
								maddi-texniki baza və lazım olan bütün peşələri 
								tədris etmək üçün münasib şərait yaradılıb. 
								Burada ağac, metal emalı və inşaata aid 
								peşələrin öyrədilməsi, xarici dillərin tədrisi, 
								kompüter biliklərinin verilməsi yüksək səviyyədə 
								təşkil edilir. Bütün bunlar həmin mərkəzlərə 
								imkan verir ki, müəyyən istehsal xarakterli 
								işlərdən gəlir əldə etsinlər. Mərkəzlərdə 
								çalışan yüksək səviyyəli mütəxəssislər dövlət və 
								xarici sifarişlər əsasında müəyyən layihələri də 
								yerinə yetirirlər.  
								
								Beynəlxalq əməkdaşlıq  
								
								Finlandiya təhsil sahəsində Avropa İttifaqı 
								(Aİ), Avropa Şurası, Avropa İqtisadi Əməkdaşlıq 
								Təşkilatı (AİƏT), YUNESKO və digər nüfuzlu 
								beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq 
								edir. 
								
								Avropa İttifaqı ilə əməkdaşlıq Avropada vahid 
								təhsil sisteminin formalaşdırılmasına, Boloniya 
								prosesinin tətbiq olunmasına, müəllim və təhsil 
								müəssisələri arasında əməkdaşlığın 
								yüksəldilməsinə, diplom və dərəcələrin 
								tanınmasına, təqaüd proqramlarının (Comenius, 
								Erasmus, Leonardo da Vinci, Grundtvig) 
								maliyyələşdirilməsinə əsaslanır. 
								
								Avropa İttifaqı çərçivə proqramları vasitəsilə 
								üzv dövlətlərdə tədqiqat və elmi inkişaf 
								layihələrini maliyyələşdirir. Aİ-nin Tədqiqat və 
								İnkişaf üzrə çərçivə proqramı Finlandiyanın 
								beynəlxalq elmi əməkdaşlığının mühüm hissəsini 
								təşkil edir. Aİ üzv ölkələrin universitetlərində 
								aparılan elmi tədqiqatların təxminən 5 faizini 
								maliyyələşdirir. 
								
								Finlandiya Skandinaviya ölkələri ilə də elm, 
								tədqiqat, təhsil və mədəniyyət sahəsində 
								əməkdaşlıq edir.  
								
								YUNESKO Finlandiyanın Təhsil Nazirliyi üçün ən 
								vacib təşkilatlardan biridir. YUNESKO ilə 
								əməkdaşlığa tədqiqat proqramlarının həyata 
								keçirilməsi, birgə konfransların təşkili və 
								digər məsələlər daxildir. 
								
								Təhsil sahəsində qlobal əməkdaşlıq üzrə aparıcı 
								təşkilatlardan biri olan AİƏT-in hesabatlarında 
								Finlandiya təhsilin səviyyəsinə görə ən yüksək 
								yerlərdən birini tutur. 
								
								Finlandiya bir çox beynəlxalq elmi-tədqiqat 
								təşkilatları ilə də yaxından əməkdaşlıq edir. 
								Onların sırasına Avropa Nüvə Tədqiqatı 
								Təşkilatı, Avropa Molekulyar Biologiya 
								Laboratoriyası, Avropa Kosmik Agentliyi, Avropa 
								Cənub Rəsədxanası, Avropa Sinxrotron Radiasiya 
								Laboratoriyası, Avropa Elm Fondu, Avropa Elmi və 
								Texnoloji Tədqiqat Sahəsində Əməkdaşlıq 
								Təşkilatı, Tədqiqat İnfrastrukturu üzrə Avropa 
								Strateji Forumu və digər qurumlar daxildir.  
								
								Yazının hazırlanmasında Finlandiyanın Təhsil və 
								Mədəniyyət Nazirliyinin rəsmi məlumatlarından 
								istifadə olunub.  |