| 
								 Martın 3-də 
								Azərbaycan Dillər Universitetinin İnformasiya 
								Resurs Kompleksində 8 Mart  Beynəlxalq Qadınlar  
								Günü və Novruz bayramı münasibətilə ənənəvi əl 
								işləri sərgisi keçirildi. Sərgidə xanımların 
								biçmə-tikmə, toxuma, rəsm, karikatura 
								nümunələri, dizayner Xanım Məmmədovanın 
								hazırladığı Azərbaycanın müxtəlif regionlarına 
								aid milli geyimlər, xalçaçılıq sənətini nümayiş 
								etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsm 
								əsərləri, milli üslubda bəzədilmiş gəlinciklər, 
								pannolar, təbii güllərdən hazırlanan 
								kompozisiyalar, muncuq və qiymətli daş-qaşlarla 
								hazırlanmış qadın bəzək əşyaları məmulatlarından 
								ibarət 500-dən çox əl işi nümayiş olundu. 
								Bununla yanaşı, sərgi iştirakçılarına ilk dəfə 
								olaraq yalnız kağız məmulatlarından hazırlanan 
								əl işləri də təqdim olundu. 
								
								 Qeyd 
								olundu ki,  tədbirin  keçirilməsində əsas məqsəd 
								milli dəyərlərin saxlanılması və qorunması, 
								istedadlı insanların aşkar edilməsi, onlar 
								arasında əlaqə yaratmaq və mədəni irsin xarici 
								ölkələrdə tanıdılmasıdır. 
								Sərgidə çıxış 
								edən ADU-nun rektoru, millət vəkili, professor 
								Səməd Seyidov  sərgi iştirakçılarını 8 Mart 
								Beynəlxalq Qadınlar Günü və Novruz bayramı 
								münasibətilə təbrik etdi.  S.Seyidov sərginin 
								əhəmiyyətinə, eləcə də qadınların cəmiyyətdə 
								roluna  toxundu: "Əl işləri sərgisinin 
								keçirilməsi mühüm əhəmiyyət daşıyır.  Belə 
								sərgilərin keçirilməsi Azərbaycan mədəniyyətinin 
								təbliğ edilməsi baxımından önəmlidir. Azərbaycan 
								qadınının milli mənəvi dəyərlər sistemimizin 
								təşəkkülündə və yaşadılmasında müstəsna rolu 
								vardır".    
								Millət vəkili 
								Asim Mollazadə isə çıxışında ADU-nun milli 
								dəyərlərimizin dünyaya tanıdılmasında rolundan 
								danışdı.   
								Sərginin əsas 
								təşkilatçılarından olan ADU-nun Türk Folklor 
								Mərkəzinin direktoru Rəna Salehova sərgidə 
								müxtəlif məmulatlardan hazırlanmış əl işlərinin 
								nümayiş olunduğunu vurğuladı.  
								
								 Regionşünaslıq 
								kafedrasının müdiri Sevdagül Əliyeva isə 
								"Azərbaycan milli geyimləri" adlı təqdimatla 
								çıxış etdi.   O, təqdimatda müxtəlif dövrlərdə 
								istifadə olunan və bu gün də öz aktuallığını 
								saxlayan milli geyim növlərindən geniş bəhs 
								etdi.  
								Sərgiyə 
								gələnlər Regionşünaslıq kafedrasının 
								təşkilatçılığı  ilə tələbələr tərəfindən 
								hazırlanan "Xına gecəsi" adlı bədii 
								kompozisiyaya  tamaşa etdilər. Kompozisiyada 
								Azərbaycanda evlilik və  toy adət-ənənələri 
								nümayiş olundu.     
								Qeyd edək ki, 
								sərgidə beynəlxalq təşkilatların, səfirliklərin, 
								QHT-lərin nümayəndələri və ADU-nun 
								professor-müəllim heyəti  iştirak edirdi. 
								Xatırladaq ki, 
								əl işləri sərgisi son iki ildə sayca dördüncü 
								dəfədir ki, keçirilir. İlk belə sərgi 2009-cu il 
								martın 5-də reallaşıb.   |