| 
								 
								
								   
								Lund 
								Universiteti (Lund University) İsveç Krallığının 
								Skaniya əyalətində, Lund şəhərində yerləşir və 
								Şimali Avropanın ən nüfuzlu ali təhsil 
								ocaqlarından biridir. 
								Böyük 
								Britaniyanın "Times Higher Education Supplement 
								- QS World Universities Rankings" jurnalının 
								2009-cu ildə apardığı dünya universitetlərinin 
								reytinqinə əsasən, Lund Universiteti London 
								İqtisadiyyat və Siyasi Elmlər Məktəbi ilə birgə 
								100 ən yaxşı ali məktəb arasında 67-ci yerdə 
								olub. "Times Higher Education World University 
								Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu 
								universitetləri arasında apardığı araşdırmaya 
								əsasən, bu ali təhsil müəssisəsi 89-cu, "QS 
								World University Rankings"in açıqlamasına görə 
								isə 72-ci yerdə qərarlaşıb.   
								
								Tarixi  
								
								 Lund 
								tarixən təhsil və dini şəhər olub. Burada 
								yerləşən qədim kilsə məktəbi 1085-ci ildə 
								yaradılıb və hazırda İsveçin və Skandinaviyanın 
								ən qədim ali təhsil ocaqlarındandır. Orta 
								əsrlərdə fəaliyyət göstərən universitetlər 
								Studium Generale adlandırılırdı. Belə 
								universitetlərdən biri də 1425-ci ildə Lund 
								şəhərində yaradılır, lakin 1536-cı ildə aparılan 
								islahatlar nəticəsində həmin ali məktəb 
								bağlanır.  
								1658-ci il 
								Danimarka-Norveç və İsveç Krallığı arasında 
								bağlanmış Roskill müqaviləsindən sonra Skaniya 
								torpaqları Danimarkanın tərkibindən çıxaraq 
								İsveçin mülkiyyətinə keçir. Tezliklə 1666-cı 
								ildə İsveç Krallığı Lund şəhərində universitet 
								yaradır. Bu universitet İsveç Krallığının 
								rəhbərliyi altında olan beşinci universitet idi 
								(Uppsala Universiteti - 1477, Tartu 
								Universiteti-1632, Abo Universiteti-1640, 
								Qraysvald-1456).  
								Yeni 
								yaradılmış universitet İsveç kralı X Karl 
								Qustavın şərəfinə Karolina Akademiyası 
								adlandırılır. Universitetdə 4 fakültə - hüquq, 
								ilahiyyat, tibb və fəlsəfə fakültələri 
								fəaliyyətə başlayır. Bu sistem ali məktəbdə 200 
								il davam edir. Fəaliyyətinin ilk vaxtlarında 
								universitetdə 100-ə yaxın tələbə oxuyur, burada 
								Samuil Pufendorf, Kanutus Han və Kristian Papk 
								kimi dahi filosoflar çalışır. 1676-1682-ci 
								illəri əhatə edən Skaniya müharibəsi ali 
								məktəbdə dərslərin dayandırılmasına səbəb olur. 
								Karolina Akademiyası müharibədən sonra 
								fəaliyyətə başlasa da, o qədər də böyük statusa 
								malik olmur, mühazirələr zəif olur, müəllimlərin 
								əməkhaqqı ödənilmir və s.    
								
								 1713-cü 
								ildə İsveç kralı XII Karl Lund şəhərinə daxil 
								olur və buranı özünün daimi iqamətgahı seçir. O, 
								müharibə ekspedisiyaları zamanı bu şəhərdə üç il 
								qalır. Məhz bu səbəbdən həmin dövrlərdə Lund 
								şəhəri diqqət mərkəzində olur. Universitetin 
								nüfuzunun artmasının digər bir səbəbi  də dahi 
								alim Andreas Rideliusun bu akademiyada çalışması 
								idi. 1718-ci ildə XII Karlın ölümündən sonra,  
								nəhayət, sülh bərqərar olur və XVIII əsrdə 
								universitetin inkişafı üçün vəsait toplanır. 
								Tezliklə tələbələrin sayı 500 nəfərədək çoxalır. 
								1760-cı ildə universitet qazandığı nüfuzunu 
								itirir, tələbələrinin sayı xeyli azalır. 
								Universitet 1780-ci ildə filologiya sahəsi üzrə 
								çalışan müəllimlərin, xüsusilə məşhur İsveç 
								yazıçısı, yunan dili üzrə professor İsayya 
								Teqnerin səyi nəticəsində yenidən əvvəlki 
								nüfuzunu bərpa edir. O, bir çox şəxslərin 
								universitetə cəlb olunmasına səbəb olur. 
								Onlardan biri qədim dilləri öyrənən və sonradan 
								yunan dili üzrə professor olan gənc seminariya 
								tələbəsi Brunius olur. Brunius sonradan 
								memarlıqla məşğul olur və Lund şəhərində bir 
								neçə bina, əyalətlərdə isə kilsə tikir.  
								 
								XIX əsrdən 
								Karolina Akademiyası Lund Universiteti 
								adlandırılır. Bu ali məktəbə qəbul olunan ilk 
								qız tələbə 1880-ci ildə tibb fakültəsinə daxil 
								olmuş Hedda Anderssondur. Hilma Borelius isə 
								universitetin doktorantura pilləsini bitirmiş 
								ilk qız tələbədir (1910).  Universitetdə 
								professor təyin edilən ilk qadın tarixçi 
								Birgitta Odendir (1965). 1992-ci ildə biznes 
								hüququ üzrə professor Boel Flodqren ali məktəbin 
								rektoru təyin edilir. O, həmin vaxta qədər 
								Avropa universitetlərinə rəhbərlik edən ilk 
								qadındır.   
								
								Büdcəsi və təhsil haqqı  
								
								 2009-2010-cu 
								tədris ilində Lund Universitetinin illik 
								gəlirləri 6191573000 İsveç kronu olub. Həmin 
								məbləğin 3540840000 kronu təsisatlar, 1997354000 
								kronu müxtəlif qrantlar, 629142000 kronu təhsil 
								haqqı, qalanları isə digər gəlirlər hesabına 
								əldə olunub. Universitetin xərcləri isə həmin 
								ildə 5744245000 İsveç kronu olub. Bu vəsaitin 
								3403869500-ni əməkdaşların əməkhaqqı, 
								1274058000-ni əməliyyat, 827287000-ni tikinti və 
								təmir xərcləri, qalanlarını isə digər məsrəflər 
								təşkil edib. 
								Lund 
								Universitetində yerli və Avropa Birliyi, eləcə 
								də Avropa iqtisadi məkanı ölkələrini təmsil edən 
								tələbələr ödənişsiz təhsil alır. Əcnəbi 
								tələbələr isə təhsil haqqı ödəməlidirlər. 
								Bakalavr pilləsində onların təhsil haqqı ildə 
								90000 İsveç kronu (9500 avro) təşkil edir. 
								Təhsil haqqı İsveç kronu ilə ödənilməlidir. 
								Tələbə qeydiyyatdan keçmək üçün 900 İsveç kronu 
								(100 avro) verir. Universitetin magistratura və 
								doktorantura pillələrində təhsil haqqı tələbənin 
								seçdiyi proqrama görə fərqlənir.  
								Lund 
								Universitetinin təqaüd proqramı Avropa Birliyi 
								və Avropa iqtisadi məkanından kənar ölkələri 
								təmsil edən  tələbələr üçün nəzərdə tutulub. 
								Təqaüd təhsil haqqının 25-100% dəyərinə qədər 
								müəyyənləşib. Erasmus Mundus proqramı 
								çərçivəsində təhsil alanlar üçün xüsusi 
								təqaüdlər mövcuddur.  
								İsveçdə 
								yaşamaq insanlara baha başa gəlir, lakin aylıq 
								büdcəsi 7800 İsveç kronu (təxminən 1140 dollar 
								və ya 866 avro) təşkil edən tələbə bu ölkədə 
								yaşaya bilər. Göstərilən məbləğin 2300 kronu 
								tələbənin aylıq qidalanması, 2500-3300 kronu 
								yataqxana, 400-1000 kronu kitab ləvazimatları, 
								1500 kronu şəxsi xərclərə və s. sərf olunur.  
								
								Universitet bu gün  
								
								 Lund 
								İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və 
								ya Skone) bölgəsində yerləşir və ölkənin ən 
								təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc 
								əhalidən ibarət olan şəhərdir. Lund 
								Universitetinin tələbələri şəhər əhalisinin 
								böyük hissəsini təşkil edir. Avropanın qədim 
								şəhərlərindən biri olan Lund tarixi abidələri, 
								memarlıq nümunələri, muzeyləri, kilsələri, eləcə 
								də müasir binaları, parkları, kafe və 
								restoranları, mağazaları ilə diqqəti cəlb edir. 
								Şəhərin ən məşhur hissəsi Lundun mərkəzindəki 
								qədim Lund kilsəsidir. Burada tez-tez mədəni və 
								əyləncəli tədbirlər, festivallar təşkil olunur. 
								Şəhərdə ictimai nəqliyyat çox rahat və 
								əlverişlidir, lakin əhali nəqliyyat vasitəsi 
								kimi daha çox velosipedə üstünlük verir. Lund və 
								Malma şəhərlərini, eləcə də digər əraziləri 
								birləşdirən dəmiryolu stansiyası şəhərin 
								mərkəzində yerləşir. Qədim ənənələrin müasir və 
								fəal tələbə həyatı ilə birləşməsi bu şəhərin 
								həyatını daha da rəngarəng edir. Lund 
								Universitetinin binaları şəhərin müxtəlif 
								rayonlarında yerləşir. Ali məktəbin əsas 
								inzibati hissəsi Lundun mərkəzindədir. Ali 
								məktəbin inzibati binası 1882-ci ildə memar 
								Helgo Zettervall tərəfindən inşa edilib.  
								 
								Helsinqborq, 
								Malma və Ljunqbihed şəhərlərində də 
								universitetin kampusları mövcuddur. Helsinqborq 
								şəhəri Lunddan qatarla 40 dəqiqəlik məsafədə, 
								Eresunn boğazı sahilində yerləşir. Ali məktəbin 
								Xidmət idarəetməsi, Kommunikasiya tədqiqatları 
								departamentləri, İctimai Fəaliyyət Məktəbi və 
								Mühəndislik fakültəsinin filialları bu 
								şəhərdədir. Burada universitetin 3000-nə yaxın 
								tələbəsi oxuyur. Malma İsveçin üçüncü böyük 
								şəhəridir və onu Lund şəhərindən 15 dəqiqəlik 
								qatar yolu ayırır. Malmada Lund Universitetinin 
								Təsviri incəsənət və ifaçılıq sənəti fakültəsi, 
								İsveçin ən nüfuzlu xəstəxanalarından olan Skone 
								Universitet Hospitalı yerləşir, ali məktəbin 
								çoxlu sayda əməkdaşı və tələbələri yaşayır. 
								Ljunqbihed şəhəri Lunddan şimalda 1 saat qatar 
								yolu məsafəsindədir və burada universitetin Lund 
								Aviasiya Məktəbi fəaliyyət göstərir.  
								
								 Lund 
								Universiteti 275 təhsil proqramı, 2000-dən çox 
								xüsusi fənn kursları, ingilis dilində 80 magistr 
								proqramı, 500 xüsusi fənn kursu təklif edən 7 
								fakültə və 2 məktəbdən ibarətdir. Eyni zamanda 
								ali təhsil müəssisəsinin çoxlu sayda institut və 
								elmi-tədqiqat mərkəzləri mövcuddur.  
								Mühəndislik 
								fakültəsi 1961-ci ildə müstəqil yaradılıb və 
								1969-cu ildə universitetə birləşdirilib. Fakültə 
								hazırda Lund Universitetinin tərkibində 
								fəaliyyət göstərən böyük institutdur (Lund 
								Texnologiya İnstitutu). Ənənəvi mühəndislik 
								proqramları (mühəndislik-fizika, elektrotexnika, 
								maşınqayırma, mülki quruculuq, memarlıq, kimya 
								maşınqayırması) ilə yanaşı, fakültə yeni sənaye 
								mühəndisliyi və idarəolunması, yanğın 
								təhlükəsizliyi texnikası, biokimya mühəndisliyi, 
								hesablama texnikası, ekologiya mühəndisliyi, 
								topoqrafiya, informasiya texnologiyaları, 
								mühəndislik riyaziyyatı, nanomühəndislik, sənaye 
								dizaynı, riskin, texnologiyaların 
								idarəolunması,  sənaye elektrotexnikası və 
								avtomatlaşdırma proqramları təklif edir. Fakültə 
								lazer fizikası, biotexnologiya, nanotexnologiya 
								və s. proqramların tədrisi üzrə dünya lideridir. 
								Fakültə İsveçin ilk tədqiqat mərkəzi "İdeon", 
								beynəlxalq "Alfa Laval", "Ericsson", "Gambro", 
								"Tetra Pak" şirkətləri ilə əməkdaşlıq edir.
								 
								Dəqiq elmlər 
								fakültəsi 8 bölmədən - Astronomiya və nəzəri 
								fizika, Biologiya, Kimya, Fizika, Radiasiya 
								fizikası, Riyaziyyat elmləri mərkəzi, Ekologiya 
								və iqlim tədqiqatları mərkəzi, Yer və ekosistem 
								elmləri departamentlərindən ibarətdir. Fakültə 
								Sokrat, TEMPUS, Avropa Birliyi-Kanada, Avropa 
								Birliyi-ABŞ tələbə mübadiləsi proqramlarında 
								iştirak edir, Nordplus proqramı çərçivəsində 
								Kopenhagen Universiteti ilə ikitərəfli razılaşma 
								əldə edib.  
								
								 Tibb 
								fakültəsi universitet yarandığı gündən fəaliyyət 
								göstərir və Avropanın aparıcı tibb məktəbidir. 
								Tibb fakültəsinə Lund və Malma şəhərlərində 
								fəaliyyət göstərən 6 bölmə - Eksperimental tibbi 
								elmlər, Sağlamlıq elmləri, Kliniki elmlər, Lund, 
								Malma Laborator tibb departamentləri aiddir. Hər 
								bir departament, öz növbəsində, bir neçə bölməyə 
								ayrılır. Fakültə əsas eksperimental və tətbiqi 
								elmlərdən başlayaraq kliniki təcrübə, tibbin 
								bütün sahələrini əhatə edir və Avropanın ən 
								nüfuzlu tibb məktəblərindən biridir. 
								İctimai elmlər 
								fakültəsi Lund və Helsinqborq şəhərlərində 
								fəaliyyət göstərir. Fakültə sülh və 
								münaqişələrin aradan qaldırılması, gender 
								tədqiqatları, coğrafiya informasiya sistemləri, 
								insan ekologiyası, media və kommunikasiya, 
								təhsil, psixologiya, sosiologiya hüququ, insan 
								coğrafiyası, menecment, sosial antropologiya, 
								ictimai fəaliyyət, sosiologiya, siyasi elmlər, 
								strateji kommunikasiya, inkişaf tədqiqatları  
								sahələri üzrə tədqiqatlar aparan 8 bölmə - 
								Gender tədqiqatları, Kommunikasiya və media, 
								İnsan coğrafiyası, Siyasi elmlər, Psixologiya, 
								Sosiologiya, Xidmətlərin idarəolunması, Sosial 
								fəaliyyət, Sosial hüquq departamentləri 
								fəaliyyət göstərir. Fakültənin Lund şəhərində 
								xüsusi kitabxanası mövcuddur. İctimai elmlər 
								fakültəsi bir çox dünya universitetlərinin 
								eyniadlı fakültələri ilə sıx əməkdaşlıq edir.
								 
								Humanitar 
								elmlər və ilahiyyat fakültəsində ingilis və 
								digər dillərdə bir çox kurs və proqramlar təklif 
								olunur. Fakültənin Dil və ədəbiyyat, İlahiyyat 
								və dinşünaslıq, Arxeologiya və qədim tarix, 
								Kulturologiya, Kommunikasiya və media, Fəlsəfə 
								departamentləri mövcuddur.    
								Hüquq 
								fakültəsi Lund Universitetinin yarandığı gündən 
								fəaliyyət göstərir. Fakültənin təhsili 
								tədqiqatlara əsaslanıb. Fakültə dünyanın bir çox 
								universitetləri ilə əməkdaşlıq edir və burada 
								tələbə mübadiləsi proqramı çərçivəsində 
								tələbələr qəbul olunur. Hüquq fakültəsinin 
								binaları Lund şəhərinin tarixi mərkəzində 
								yerləşir. Fakültənin kitabxanası Skandinaviyanın 
								bu sahə üzrə ən böyük kitabxanasıdır. 
								 
								Təsviri 
								incəsənət və ifaçılıq sənəti fakültəsi Malma 
								şəhərində yerləşir. Malma Musiqi, Rəssamlıq, 
								Teatr akademiyaları bu fakültənin nəzdində 
								fəaliyyət göstərir. Akademiyalar xüsusi profilə 
								malik olsalar da, Təsviri incəsənət və ifaçılıq 
								fakültəsi ilə sıx əməkdaşlıq edirlər. Fakültədə 
								mütəmadi olaraq sərgilər, konsertlər, tədbirlər 
								və s. təşkil olunur.   
								
								 İqtisadiyyat 
								və İdarəetmə Məktəbinin yaranma tarixi 1750-ci 
								ilə təsadüf edir və məktəbin 8 fakültəsindən 
								biridir. Məktəb daxilində Menecment, 
								İqtisadiyyat, İqtisadiyyatın tarixi, Biznes 
								hüququ, İnformasiya sistemləri, Statistika 
								departamentləri, Siyasət, İqtisadi Tədqiqatlar 
								institutları, İqtisadi demoqrafiya, Aqrosənaye 
								İqtisadiyyatı mərkəzləri fəaliyyət göstərir.  
								 
								Aviasiya 
								Məktəbi bu sahə üzrə dünyada az sayda ali təhsil 
								ocaqlarından biridir. Lund Aviasiya Məktəbi 
								təlimatçılarının əsas məqsədi tələbələri yüksək 
								səviyyəli uçuşlar həyata keçirmək, bu məqsədlə 
								ən yeni metodları tətbiq etməyi öyrətməkdir. Bu 
								məramı həyata keçirmək üçün məktəb unikal 
								imkanlara malikdir. Məktəbdə uçuş layihələri 
								üzrə ən yeni tədqiqatlar və işləmələr həyata 
								keçirilir. Aviasiya Məktəbinin bir çox 
								təlimatçıları müxtəlif özəl aviaşirkətlərdə uçuş 
								ekipajı kimi çalışırlar. Məktəb maraqlı olan 
								bütün tərəflərlə əlaqələr qurur. Burada 
								aviasiyada insan faktorları və uçuşların 
								təhlükəsizliyi üzrə Tədqiqat və inkişaf (R&D) 
								proqramı mövcuddur. 2006-cı ildən məktəbdə İnsan 
								faktoru magistr proqramı tədris olunur. 
								 
								Lund 
								Universitetinin əsas tədris və tədqiqat 
								mərkəzlərindən biri də Helsinqborq kampusudur. 
								Kampusda tələbə, müəllim, tədqiqatçı və 
								təşkilatlar üçün geniş imkanlar yaradan iclas və 
								tədbirlərin təşkili ənənəsi mövcuddur. 
								Helsinqborq kampusunda təkcə İsveçdə deyil, 
								bütün Avropada unikal olan tədris proqramları və 
								müstəqil kurslar təklif edilir, regional inkişaf 
								layihələri həyata keçirilir. 
								
								 Lund 
								Universitetinin kitabxanası 1666-cı ildən 
								fəaliyyət göstərir və İsveçin ən qədim, eləcə də 
								böyük tədqiqat kitabxanalarından biridir. İldə 
								620000-dən çox istifadəçiyə xidmət edən 
								kitabxana informasiya resurslarının qorunması və 
								saxlanması, effektiv emalı, yayılmasında önəmli 
								rola malikdir. Burada 2000-dən çox yaşı olan, 
								müxtəlif dillərdə çap edilmiş, bütün sahələri 
								əhatə edən materiallar qorunur. Ali məktəbin 
								kitabxana sisteminə Lund, Helsinqborq, Malma və 
								Ljunqbihed şəhərlərində yerləşən 33 sahə 
								kitabxanası aiddir. Universitetin kitabxana 
								sisteminin elektron resurslarına 15000 elektron 
								jurnal, minlərlə elektron kitab, lüğət, 
								ensiklopediya, 500 verilənlər bazası və s. 
								daxildir. Elektron resurslar Lund Universiteti 
								kitabxanasının Baş Ofisi tərəfindən idarə 
								edilir. Kitabxana elmi informasiya resurslarına 
								azad və ödənişsiz onlayn girişi təmin edir, 
								tələbə dissertasiyalarının elektron nəşri üçün 
								müxtəlif xidmətlər təklif edir.  Universitetin 
								tədqiqatçılarına elmi işlərini oxucular 
								tərəfindən rahatlıqla əldə edilən jurnallarda 
								dərc etdirmək tövsiyə olunur. 
								Lund 
								Universitetinin vitse-kansleri professor Per 
								Erikson, pro-vitse-kansleri isə xanım Eva 
								Akessondur. Ali məktəbdə ümumilikdə 6000-ə yaxın 
								əməkdaş çalışır. İşçilərin 1360 nəfərini 
								professor-müəllim, qalanlarını isə inzibati 
								heyət təşkil edir. 
								Ali məktəbin 
								tələbələrinin ümumi sayı 46000-ə qədərdir. 
								Tələbələrin 28000-i əyani, qalanları isə qiyabi 
								təhsil alanlardır. Universitetdə 2800-dən çox 
								doktorant tədqiqat aparır. Lund Universiteti 
								dünyanın 50 ölkəsində yerləşən 680 ali təhsil 
								müəssisəsi ilə əməkdaşlıq edir. Universitetdə 
								3000-dən çox əcnəbi, tələbə mübadiləsi proqramı 
								çərçivəsində isə 2000 tələbə oxuyur. 
								"2007-2015-ci 
								illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə 
								təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Lund 
								Universitetinin magistratura pilləsində Səidə 
								İmdad qızı Ocaqverdiyeva maliyyə ixtisası üzrə 
								təhsil alır. 2010-2011-ci tədris ilində həmin 
								proqram çərçivəsində üç azərbaycanlı gənc - 
								İlkin Samir oğlu Məmmədli Avropa münasibətləri, 
								Abdulla Elmar oğlu Əlixanov iqtisadiyyat və 
								idarəetmə, Ayxan Ənvər oğlu Mustafayev isə 
								qlobal elmlər ixtisasları üzrə Lund 
								Universitetinin magistratura pilləsinə qəbul 
								olunublar. 
								Lund kiçik 
								tələbə şəhəridir və burada yataqxanaların sayı 
								məhduddur. Bu səbəbdən tələbələrə Lund şəhərinə 
								gəlməzdən öncə qalmaq üçün yer axtarmaları 
								tövsiyə olunur. Bunun üçün tələbələr Lund 
								Universiteti Beynəlxalq Mənzil Ofisinə və ya 
								universitetin Mənzil Agentliyinə müraciət edə 
								bilər. Lund Universitetində əyani təhsil alan 
								əcnəbi (Avropa Birliyi və Avropa iqtisadi məkanı 
								ölkələrini təmsil etməyən), Linnaeus-Palme 
								təqaüdü alan, tələbə mübadiləsi proqramı 
								çərçivəsində Kaliforniya Universitetindən gələn 
								tələbələrin yataqxana ilə təmin olunmasına 
								zəmanət verilir. Universitetə qəbul edildikdən 
								sonra bu tələbələr yataqxanalarda yerləşmə 
								hüquqları olduqları haqqında elektron məktub 
								alır. Həmin məktubda Beynəlxalq Mənzil Ofisində 
								qeydiyyatdan keçmək üçün müvafiq link 
								göstərilir. Beynəlxalq Mənzil Ofisi "Gamla 
								Kirurgen" binasında fəaliyyət göstərir. Lund 
								şəhərinin şimalında yerləşən Delfi yaşayış 
								ərazisi universitetin ən böyük yataqxana 
								kompleksidir. Beynəlxalq Mənzil Ofisinin təklif 
								etdiyi otaqların qiyməti yataqxananın yerləşdiyi 
								rayondan və otaqdan asılı olaraq dəyişir. 
								Hazırda qiymətlər bir semestr ərzində 
								13000-22000 İsveç kronu arasında dəyişir. Bu 
								məbləğə elektrik, su, istilik, mətbəxdən və 
								camaşırxanadan istifadə qiymətləri də daxildir. 
								Ödəniş semestrin əvvəlində edilməlidir, əks 
								halda, otaq tələbədən geri alınır. Tələbələr 
								əksər hallarda xüsusi evlərdə, mənzillərdə 
								kirayə qalırlar.  
								Lund 
								Universiteti yüz illərdir ki, özündə Avropa 
								ənənələrini qoruyan və dinamik inkişaf edən 
								qədim ali təhsil ocağıdır. Ali məktəb İsveçin və 
								Skandinaviyanın ən güclü elmi-tədqiqat 
								universitetlərindən biridir. Universitet yüksək 
								səviyyəli ixtisaslaşmış müəllimlərə, təhsilin 
								əhəmiyyətini anlayan, məntiqli düşünmə və 
								yaradıcılıq qabiliyyəti olan tələbələrə 
								malikdir. Bu gün Lund Universiteti belə bir 
								münbit mühitdə fəaliyyət göstərir və inamla 
								sabaha addımlayır.  
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Tage Erlander  | 
										
										
										İsveçin sabiq baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										İnqvar Karlsson | 
										
										
										İsveçin sabiq baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Maykl Treskou | 
										
										 "Ericsson" 
										şirkətinin sabiq rəhbəri | 
										  | 
									 
									
										|   | 
										
										
										Manne Sieqbahn    | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Bertil Olin | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Sune Berqstrem | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ervid Karlsson | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Lars Hermander | 
										
										
										riyaziyyat üzrə Filds medalı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Karl Hellmut Herts | 
										
										
										ultrasəs müayinə aparatlarının 
										yaradıcılarından biri | 
										  | 
									 
									
										|   | 
										
										
										Rune Elmqvist  | 
										
										
										ilk implantlaşdırılmış 
										kardiostimulyatorun yaradıcısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Tuve Hasselquist | 
										
										
										Amerika lüteran kilsəsinin rəhbəri | 
										  | 
									 
									
										|   | 
										
										
										Anders Qustav Dalbom | 
										
										
										etnomoloq | 
										  | 
									 
									
										|   | 
										
										
										Yakob Georq Aqard  | 
										
										
										botanik | 
										  | 
									 
									
										|   | 
										
										
										Nikolay Korneyeviç fon Kreytor | 
										
										
										rusiyalı politoloq və jurnalist  | 
										  | 
									 
									
										|   | 
										
										
										Knut Emil Lundmark | 
										
										
										astronom | 
										  | 
									 
									
										|   | 
										
										
										İohann Vilhelm Stterştedt | 
										
										
										etnomoloq | 
										  | 
									 
									
										|   | 
										
										
										Pontus Falbek  | 
										
										
										tarixçi-hüquqşünas | 
										  | 
									 
									
										|   | 
										
										
										Karl Şarlye | 
										
										
										astronom | 
										  | 
									 
									
										|   | 
										
										
										Esaias Teqner | 
										
										
										şair və yepiskop | 
										  | 
									 
									
										|   | 
										
										
										Knut Viksell | 
										
										
										iqtisadçı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Yohannes Ridberq | 
										
										
										fizik | 
										  | 
									 
									
										|   | 
										
										
										Uolfrid Ekman | 
										
										
										okeanoqraf | 
										  | 
									 
									
										|   | 
										
										
										İvar Uikman  | 
										
										
										nevroloq | 
										  | 
									 
									 
								
								
								                                                     
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  | 
								  |