| 
								 Azərbaycan xalqı yüksək elmə, biliyə, savada malik olan 
								xalqdır. Bunlar hamısı uzun illər - keçmişdən 
								indiyə qədər Azərbaycanda yaranmış təhsil 
								sisteminin fəaliyyətinin əməli nəticələri, 
								Azərbaycan müəllimlərinin, alimlərinin gərgin 
								fəaliyyətinin nəticəsidir.  
								
								
								Heydər ƏLİYEV  
								Bu gün 
								Azərbaycan Respublikasında təhsil islahatları 
								uğurla davam etməkdədir. Ulu öndərimiz Heydər 
								Əliyevin 2000-ci il iyunun 13-də imzaladığı 
								"Azərbaycan Respublikasında təhsil sisteminin 
								təkmilləşdirilməsi haqqında" fərmanı ilə 
								təhsilin yenidən qurulması, təkmilləşdirilməsi 
								məsələsi aktuallaşdı. Fərman təhsil sisteminin 
								əsaslı şəkildə təkmilləşdirilməsinə, 
								idarəetmənin müasir şəkildə təşkil olunmasına, 
								təhsil sisteminin beynəlxalq prinsiplərlə 
								qurulmasına və dünya təhsil sisteminə 
								inteqrasiyasına zəmin yaratmış oldu. Bu 
								istiqamətdə yeni layihələrin həyata keçirilməsi 
								zamanı müəyyən problemlər ortaya çıxdı və həmin 
								problemlərin ən mühümlərindən biri orta 
								ümumtəhsil məktəblərində istifadə olunan 
								dərsliklərlə bağlı idi. 
								Azərbaycan 
								dövləti yenidən müstəqilliyini qazandığı dövrdən 
								dərsliklərdə yeniləşmə, yeni məzmun, yeni 
								yanaşmalar özünü göstərirdi. Bu yeni yanaşmalar 
								xüsusən humanitar fənlərin dərsliklərində daha 
								çox özünü büruzə verirdi. Lakin bu dərsliklərdə 
								də keçmiş təhsil proqramlarının prinsipləri, 
								məzmun və yanaşması hələ də qalmaqda idi. 
								Dərsliklərdə işlənən yazı üslubu, elmi 
								uyğunsuzluqlar, uzun və ağır-mürəkkəb fikirlər, 
								ziddiyyətli faktlar ümumtəhsil məktəblərində 
								təhsil alan şagirdlərin hərtərəfli inkişafına, 
								bilik səviyyəsini artırmağa mane olurdu. Bu kimi 
								problemlər təhsil islahatları çərçivəsində milli 
								dərsliklərin yenidən hazırlanması, onların 
								məzmun və metodikasında dəyişikliklər edilməsi 
								məsələsini intensivləşdirməyi labüd etdi. 
								Kurikulum 
								layihələrinin həyata keçirilməsi təhsilimizdə 
								keyfiyyət dəyişikliklərinə - dünyagörüşü geniş, 
								məntiqli, yaradıcı, müstəqil fikirli və digər 
								yüksək keyfiyyətlərə malik yeniyetmə və 
								gənclərin yetişməsinə imkanlarını üzə çıxardı. 
								Yeni "Təhsil haqqında" Qanunda "Təhsil sahəsində 
								dövlət siyasətinin əsas prinsipləri" maddəsinin 
								3.0.5. bəndində keyfiyyətlilik - təhsilin mövcud 
								standartlara, normalara, sosial-iqtisadi 
								tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin 
								maraqlarına uyğunluğu kimi təsdiq olunur. 
								Dərsliklər 
								təhsilin özəyi, "şah damarı" hesab olunur. Buna 
								görə də bu mövzu dövlətimizin daim diqqət 
								mərkəzindədir. Yeni tələblərə uyğun milli 
								dərsliklərin yazılması zərurəti çox uğurla davam 
								etdirilir. 
								Bir neçə ildir 
								ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 
								dərsliklərin yenidən işlənməsi, onların metodik 
								cəhətdən yenidən hazırlanması, ziddiyyət yaradan 
								problemlərin aradan qaldırılması və bu kimi 
								məsələlərin həlli yolunda ciddi və ardıcıl 
								addımlar atır. Sevindirici haldır ki, bu işlərin 
								həyata keçirilməsinə görkəmli alim və 
								mütəxəssislərlə yanaşı, ümumtəhsil məktəblərində 
								çalışan qabaqcıl  müəllimlər də cəlb olunmuşdur 
								ki, onların praktik təcrübəsindən, pedaqoji və 
								elmi biliklərindən səmərəli istifadə olunur. 
								Azərbaycanda 
								2003-cü ildən başlayaraq ümumtəhsil 
								məktəblərinin dərsliklərlə pulsuz təminatı 
								məsələsi təhsilimizin inkişafına xidmət göstərən 
								ən önəmli addımlardan biridir.  
								İslahatlar 
								dövlətin büdcəsi və beynəlxalq təşkilatların 
								köməyi hesabına uğurla davam edir. Təhsil naziri 
								Misir Mərdanovun qeyd etdiyi kimi, ölkəmizin 
								geniş ictimaiyyəti ilə bərabər, Azərbaycanda 
								fəaliyyət göstərən beynəlxalq təşkilatlar, 
								qabaqcıl dövlətlərin təhsil mütəxəssisləri və 
								ekspertləri Azərbaycan təhsilinin inkişaf 
								perspektivlərini yüksək qiymətləndirərək onun 
								gələcəyinə nikbinliklə baxırlar. (M.Mərdanov. 
								"Heydər Əliyev və Azərbaycan təhsili" 
								məqaləsindən - Heydər Əliyev Müstəqil Azərbaycan 
								dövlətinin qurucusudur,Bakı, 2003, səh.388). 
								Son illərdə 
								dərsliklərdə əhəmiyyətli dərəcədə irəliləyişlər 
								baş vermişdir. Təhsil Nazirliyi yeni  
								islahatların həyata keçirilməsini məhdud şəkildə 
								deyil, beynəlxalq prinsiplər səviyyəsində, digər 
								öncül dövlətlərin təcrübəsindən istifadə etməklə 
								reallaşdırır. Yeni dərsliklərin 
								qiymətləndirilməsi məsələsi böyük məsuliyyət 
								tələb etdiyindən ekspertlərin xarici dövlətlərdə 
								təcrübə toplaması üçün ezam olunması bir ənənə 
								halını almışdır. Bizim təhsil və dərslik 
								prinsiplərimizə ən yaxın olan qardaş Türkiyə 
								dövləti bu işdə ölkəmizə böyük kömək göstərir. 
								Son 3 ildə respublikamızın qabaqcıl müəllimləri, 
								ekspertlər  və nazirliyin əməkdaşları Ankaradakı 
								"Təlim və Tərbiyə Kurulu Başkanlığı"na ezam 
								olunurlar. Son səfər 13.02.2011-19.02.2011 
								tarixləri arasında baş tutmuşdur. Dərslik və 
								nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının 
								rəhbərliyi ilə 16 nəfərdən ibarət işçi qrupu, 
								eyni zamanda öz iş təcrübəsini də türk 
								həmkarları ilə bölüşmüşdür.  
								Təlim və 
								Tərbiyə Kurulu Başkanı Mərdan Tufan nümayəndə 
								heyətini çox mehriban qarşılayaraq iki qardaş 
								dövlətin əməkdaşlığını yüksək qiymətləndirdiyini 
								bildirdi və ulu öndər Heydər Əliyevin unudulmaz 
								fikirlərini vurğuladı: "Biz bir millət, iki 
								dövlətik...". 
								Bizim 
								nümayəndə heyəti xüsusi iş qrafiki üzrə 
								dərsliklərin qiymətləndirmə prosesində iştirak 
								etdi, Türkiyədə istifadə olunan dərsliklərin, 
								metodik vəsaitlərin dəyərləndirmə meyarları ilə 
								yaxından tanış oldu.  
								Qeyd etmək 
								lazımdır ki, Türkiyədə dərsliklərin 
								qiymətləndirilməsi təcrübəsi böyükdür. 
								Azərbaycanda isə bu iş son üç ildə aparılır.
								 
								Müxtəlif 
								ölkələrin dərslik yazmaq, dərslik 
								qiymətləndirmək təcrübəsi ilə tanış olduqda 
								məlum olur ki, bizə ən yaxın və ən optimal 
								təcrübə Türkiyə təcrübəsidir. Qiymətləndirmə 
								meyarları ilə tanış olduqda, bir çox ortaq 
								cəhətlər göstərdi ki, Azərbaycanda bu işlər 
								düzgün istiqamətdədir. Türk mütəxəssisləri də 
								bizim nümayəndələrin təcrübəsi ilə, apardığımız 
								yeni dərsliklər və metodik vəsaitlərlə yaxından 
								maraqlanırdılar. Hətta qiymətləndirmə zamanı 
								təkliflərimizə xüsusi diqqətlə yanaşan türk 
								ekspertləri doğru yolda olduğumuzu, lakin bu 
								mexanizmin cilalanması üçün vaxtın və 
								ixtisaslaşmaya yiyələnməyin lazım olduğunu 
								bildirdilər.  
								Milli 
								təhsilimizin uğurlarını, çətinliklərini 
								bölüşdükcə məlum olur ki, Türkiyə milli təhsili 
								də eyni yolu keçmişdir. Türk dərsliklərinin 
								bugünkü səviyyəsi asanlıqla başa gəlməmiş, böyük 
								bir təkmilləşmə yolu keçmişdir.  
								Azərbaycan 
								nümayəndə heyətinin iş qrafikinə Türkiyə 
								məktəblərindən biri ilə tanışlıq da əlavə 
								edilmişdi. Ankaranın Yeniməhəllə adlanan 
								rayonunda "Metin Emiroğlu ilk öyrətim okulu"nda 
								olan nümayəndə heyətimiz ayrı-ayrı siniflərdə və 
								müxtəlif fənlər üzrə dərslərdə iştirak etdi. 
								Məktəbin dərslikləri, proqramları, dərs 
								vəsaitləri ilə tanışlıq, şagirdlər və 
								müəllimlərlə ünsiyyət hər iki tərəf üçün 
								yaddaqalan oldu. Bu kimi görüşlər hərtərəfli 
								fayda kəsb etməklə yanaşı, milli təhsilimizin 
								islahatlarının digər ölkələrin islahatları ilə  
								müqayisəsinə imkan yaradır. Nikbinliklə 
								düşünürsən ki, biz düz yoldayıq və geriyə yol 
								yoxdur.  
								Az vaxt 
								içərisində bizim nümayəndə heyətinin Ankaranın 
								tarixi ilə, tarixi abidələri ilə tanışlığı da 
								baş tutdu. Belə ki, Ankaradakı Esterqon qalası 
								və sarayını, Atatürkün "Anıt Kabr" mavzoleyini 
								gəzərkən duyğulu və kövrək anlar yaşandı. 
								Atatürkün xatirəsini yaşadan muzeydə Türkiyənin 
								şərəfli tarixinin ən ağır səhifəsi olan 
								Çanakqala və Sakarya savaşlarına həsr olunmuş 
								zallarda vətənpərvərlik, qürur, fəxarət 
								duyğuları yaşamamaq mümkün deyildi. Tarixdən 
								məlumdur ki, məhz bu savaşlarda Azərbaycandan 
								getmiş könüllülər də iştirak etmişdilər. Bəlkə 
								də ona görə  təsadüfü deyil ki, muzeydə bizim 
								nümayəndə heyətinə bələdçilik edən də 
								azərbaycanlı idi. Türk xalqının atası böyük 
								Atatürkün məzarını ziyarət edərkən, onun 
								mübarizə dolu həyat yolu ilə tanış olarkən göz 
								önündə öz tarixi keçmişimiz, ulu öndər Heydər 
								Əliyevin müstəqil Azərbaycan uğrunda quruculuq 
								mücadiləsi canlanırdı.   
								
								
								Leyla HÜSEYNOVA,  
								Heydər Əliyev adına MTK və  
								135 nömrəli orta məktəbin tarix müəllimi  |