| 
								 
								 Bu 
								il fevralın 26-27-də Fövqəladə Hallar 
								Nazirliyinin Qəbələ rayonu üzrə Regional 
								Mərkəzində "Təhsildə fəlakət riskinin 
								azaldılması" (DİPECHO) layihəsi çərçivəsində 
								təlimlər keçirilmişdir.  
								Təhsil 
								Nazirliyindən AzərTAc-a bildirmişlər ki, 
								YUNİSEF, Təhsil və Fövqəladə Hallar 
								nazirliklərinin birgə reallaşdırdığı müvafiq 
								layihə üzrə keçirilmiş təlimlərdə Qəbələ, Şəki, 
								Zaqatala məktəblərindən seçilmiş müəllimlər 
								iştirak etmişlər.  
								Təlimlərin 
								məqsədi "Təhsildə fəlakət riskinin azaldılması" 
								layihəsi çərçivəsində seçilmiş pilot 
								məktəblərinin müəllimlərinə baş vermiş təbii 
								fəlakətlər, qəzalar, müxtəlif fövqəladə 
								vəziyyətlər zamanı riskli vəziyyətdən çıxış 
								yollarını tapmaq, eyni zamanda fəlakət riskinin 
								azaldılması üzrə bilik və bacarıqların 
								artırılması üçün xilasetmə, eləcə də 
								təhlükəsizlik avadanlıqlarından istifadə 
								qaydalarının öyrədilməsindən ibarət olmuşdur.
								 
								Təlimin 
								sonunda iştirakçılara təbii fəlakətlər riskinin 
								azaldılması problemi üzrə müəllimlər üçün 
								metodiki vəsait və CD disklər paylanmışdır.
								 
								Təlimlərdə 
								Təhsil və Fövqəladə Hallar nazirliklərinin 
								əməkdaşları, YUNİSEF-in  nümayəndələri iştirak 
								etmişlər.   |