| 
								 
								 Seyidov 
								Mirəsgər Mirabdulla oğlu  
								1970-ci il 
								fevralın 6-da Babək rayonunun Qaraxanbəyli 
								kəndində anadan olub.1987-ci ildə Naxçıvan şəhər 
								39 nömrəli orta məktəbi bitirib. Mirəsgər 
								1988-ci ildə sovet ordusu sıralarına hərbi 
								xidmətə çağırılıb. 1990-cı ildə hərbi xidmətini 
								başa çatdıraraq Naxçıvana qayıdıb. İşğalçı 
								erməni qoşunlarının Naxçıvana hücumu zamanı o da 
								könüllü olaraq özünümüdafiə batalyonunun 
								tərkibində vuruşub. Yağı düşmənə qarşı aparılan 
								uğurlu döyüş əməliyyatlarında, komandirləri 
								tərəfindən verilən mühüm döyüş tapşırıqlarının 
								bir bacarıqlı əsgər kimi dürüst yerinə 
								yetirilməsində xüsusi fəallıq göstərib. Mirəsgər 
								öz mehribanlığı, qayğıkeşliyi, vətənpərvərliyi  
								ilə döyüş yoldaşlarının, dostlarının dərin 
								hörmət və məhəbbətlərini qazanıb.                
								M.Seyidov 
								1992-ci il iyunun 14-də gərgin gedən  döyüş 
								zamanı yoldaşlarını xilas edərkən ağır yaralanıb 
								və onun həyatını xilas etmək mümkün olmayıb. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 18 dekabr 1992-ci il 
								tarixli 367 nömrəli Fərmanı ilə Seyidov Mirəsgər 
								Mirabdulla oğlu ölümündən sonra Azərbaycanın 
								Milli Qəhrəmanı adına layiq görülüb. 
								Naxçıvan 
								şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Təhsil aldığı Naxçıvan şəhər 39 nömrəli orta 
								məktəb onun adını daşıyır.  
								  
								
								 Seyidov 
								Məhərrəm Mirəziz oğlu  
								1952-ci il 
								sentyabrın 7-də Şərur rayonunun Alışar kəndində 
								anadan olub. 1969-cu ildə doğma kəndlərində orta 
								təhsilini başa çatdırıb və Xerson şəhərinə hərbi 
								xidmətə yollanıb. Məhərrəm əmək fəaliyyətinə 
								daxili işlər orqanlarında başlayıb. Bakı Xüsusi 
								Orta Milis Məktəbini bitirib və Şərur Rayon 
								Daxili İşlər Şöbəsində inspektor vəzifəsində 
								çalışıb. 1990-cı ildə erməni yaraqlılarının 
								Kərki kəndinə hücumunun qarşısını alanlardan 
								biri də Məhərrəm olub. Həmin vaxt orada 
								vəziyyətin son dərəcə gərgin olduğunu görən  
								M.Seyidov polis əməkdaşları ilə hadisə yerinə 
								yollanıb və yağı düşmənin geri çəkilməsinə nail 
								olub. 
								M.Seyidov  
								1990-cı ildə Sədərəyin müdafiəsi zamanı da 
								fəallıq göstərib. O, bu döyüşlər zamanı 
								yoldaşlarını güllə yağışı altında xilas edərkən 
								özü qəhrəmancasına həlak olub. 
								Ailəli idi. 
								Dörd övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 6 iyun 1992-ci il 
								tarixli 831 nömrəli Fərmanı ilə kapitan Seyidov 
								Məhərrəm Mirəziz oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Şərur 
								rayonunda Şəhidlər xiyabanında dəfn olunub. 
								Ölümündən sonra "Qırmızı ulduz" ordeni ilə 
								təltif edilib. Şərur şəhərində adına küçə var, 
								tuncdan büstü qoyulub. Şərur şəhər 2 nömrəli 
								orta məktəb onun adını daşıyır. 
								  
								
								 Seryogin 
								Viktor Vasilyeviç  
								1944-cü il 
								martın 23-də Gürcüstan Respublikasının Tbilisi 
								şəhərində anadan olub. Orta təhsilini Tbilisi 
								şəhərində alıb. Viktor 1986-cı ildə Kremençuq 
								Mülki Aviasiya Məktəbini bitirdikdən sonra 
								Zabrat Əlahiddə Aviasiya dəstəsinə məxsus Mİ-2 
								vertolyotuna pilot təyin edilib. Azərbaycanda 
								hərbi aviasiyanın yaradılmasında onun da xüsusi 
								xidmətləri olub. Vertolyot heyəti tərkibində 
								Azərbaycan torpaqlarının müdafiəsi zamanı 
								verilən bütün tapşırıqları son dərəcə ustalıqla, 
								ləyaqətlə yerinə yetirən V. Seryogin 1992-ci il 
								yanvarın 28-də Şuşa - Ağdam marşrutu ilə 
								sərnişin apararkən erməni yaraqlılarının atəşinə 
								məruz qalıb. Viktor amansız ölümlə üz-üzə qalmış 
								şərnişinləri xilas etmək üçün alova bürünmüş 
								vertolyotu çətinliklə də olsa təhlükəsiz zonaya 
								yönəldə bilib. Beləliklə, itkinin qarşısı alınsa 
								da, Viktor özü heyət üzvləri ilə birlikdə 
								faciəli surətdə həlak olub. 
								Ailəli idi. 
								İki övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 25 noyabr 1992-ci il 
								tarixli 337 nömrəli Fərmanı ilə Seryogin Viktor 
								Vasilyeviç ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Bakı şəhərində 
								Şəhidlər xiyabanında dəfn olunub.  
								  
								
								 Slesaryov 
								Mixail Aleksandroviç  
								1955-ci il 
								mayın 8-də Rusiyanın Smolensk şəhərində anadan 
								olub. 1970-ci ildə Smolensk şəhər 4 nömrəli orta 
								məktəbin səkkizinci sinfini bitirdikdən sonra 
								təhsilini 19 nömrəli texniki peşə məktəbində 
								davam etdirib. 1971-ci ildə Smolensk Kənd 
								Təsərrüfatı Texnikası Birliyində traktorçu 
								işləməyə başlayıb. 1975-ci ildə sovet ordusu 
								sıralarına çağırılıb. 1977-ci ildə hərbi 
								xidmətini başa çatdıraraq göndərişlə Tbilisi 
								Gizirlər Məktəbinə daxil olub. Məktəbi 
								bitirdikdən sonra Bakıya gələn Mixail Slesaryov 
								1981-1986-cı illərdə motoatıcı tağımın 
								komandiri, 1986-1999-cu illərdə mühafizə 
								tağımının rəisi vəzifəsində işləyib. 1999-cu 
								ildə Qobustan həbsxanasında xidməti vəzifəsini 
								yerinə yetirərkən  oradakı məhbuslar arasında 
								baş verən hadisə zamanı xüsusi qəhrəmanlıq 
								nümayiş etdirib və kiçik leytenant rütbəsi alıb. 
								M.Slesaryov 
								hazırda Azərbaycan Respublikası Ədliyyə 
								Nazirliyinin hərbi hissəsində tağım komandiri 
								vəzifəsində çalışır. 
								Ailəlidir. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 12 yanvar 1999-cu il 
								tarixli 73 nömrəli Fərmanı ilə Slesaryov Mixail 
								Aleksandroviç Azərbaycanın Milli Qəhrəmanı adına 
								layiq görülüb.  
								  
								
								 Şahbazov 
								Yavər Əlibala oğlu  
								1973-cü il 
								noyabrın 1-də Xaçmaz rayonunun Qıraqlı kəndində 
								anadan olub. 1991-ci ildə orta təhsilini rayonun 
								Alekseyevka kəndində "əla" qiymətlərlə başa 
								çatdıraraq elə həmin il Şamaxı Mədəni-Maarif 
								Texnikumuna daxil olub. Yavər 1994-cü ildə Milli 
								Ordu sıralarına hərbi xidmətə çağırılıb. O, 
								əsgəri borcunu yerinə yetirərkən öz 
								nizam-intizamı, nümunəvi xidməti ilə hamının 
								hörmətini qazanıb. Öz xidməti borcunu şətəflə, 
								ləyaqətlə yerinə yetirən Y.Şahbazov 1995-ci il 
								martın 13-də dövlət çevrilişinə cəhdin qarşısı 
								alınan zaman qiyamçıların atəşi altında olan 
								döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına 
								həlak olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 4 aprel 1995-ci il 
								tarixli 307 nömrəli Fərmanı ilə Şahbazov Yavər 
								Əlibala oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Alekseyevka 
								kəndində dəfn olunub. Alekseyevka kənd orta 
								məktəbi onun adını daşıyır. Məktəbin önündə və 
								Xaçmaz şəhərində büstü qoyulub. 2003-cü ildə isə 
								Alekseyevka kəndində qəhrəmanın xatirəsinə 
								Şəhidlər abidəsi ucaldılıb.  
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |