| 
								 
								 Bu 
								günlərdə gələcək dəmiryolçular üçün yeni dərs 
								vəsaiti - "Hərəkət tərkibinin avtomatik 
								əyləcləri" işıq üzü görüb. Kitabın müəllifləri 
								Azərbaycan Texniki Universitetinin professoru, 
								texnika elmləri doktoru Səyavuş Bağırov və 
								"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar 
								Cəmiyyətinin sədr müavini, respublikanın əməkdar 
								mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru, 
								dosent Qurban Nəzirovdur. 
								İlk öncə qeyd 
								edək ki, kitab ali təhsilin bakalavr pilləsi 
								üçün nəzərdə tutulub.  
								Dərsliyin elmi 
								redaktoru texnika elmləri doktoru, professor 
								Havar Məmmədov, rəyçilər "Azərbaycan Dəmir 
								Yolları" QSC Yük daşımaları Departamentinin 
								lokomotiv şöbəsinin rəisi A. Qasımov və  texnika 
								elmləri doktoru, professor H.Əhmədovdur. 
								 
								Dərslikdə 
								hərəkət tərkibinin  təhlükəsizliyini təmin edən  
								əyləclərin təsnifatı, onların avadanlıqlarının 
								konstruktiv xüsusiyyətləri, iş prinsipləri, 
								əyləc sistemlərinin kompressor aqreqatları, 
								təzyiq tənzimləyiciləri, idarəetmə sistemləri və 
								havapaylayıcılar şərh edilmişdir.  Kitabdakı 
								zəngin materiallar imkan verir ki, "Azərbaycan 
								Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 
								müxtəlif xidmət sahələrinin mütəxəssisləri və 
								dəmiryolu nəqliyyatı ixtisası üzrə təhsil alan 
								tələbələr ondan dərs vəsaiti kimi dolğun 
								istifadə edə bilsin.  
								Eyni zamanda 
								dərslikdə əyləc avadanlıqlarının konstruktiv 
								rəngli görüntüləri tələbələrə  bu avadanlıqların 
								iş prinsipini daha asan dərk etmək imkanı 
								yaradır. Qeyd edək ki, hərəkət tərkibinin normal 
								istismarı üçün əyləc sisteminin keyfiyyətli 
								təmirini və xidmətini yerinə yetirən yüksək 
								səviyyədə ixtisaslaşmış mütəxəssislərə böyük 
								ehtiyac var.  
								 "Elm və 
								təhsil" nəşriyyatında nəfis tərtibatla çap 
								olunan kitab Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin 06 iyul 2010-cu il tarixli 1005 
								saylı əmri ilə dərs vəsaiti kimi təsdiq 
								edilmişdir.  
								
								
								Vasif SÜLEYMAN  |