| 
								 Məktəblərdə 
								təbiətin, onun sərvətlərinin öyrənilməsi ibtidai 
								siniflərdən başlanır. Təbiətşünaslıq fənnini 
								tədris edərkən mən ancaq qanun və anlayışları 
								şagirdlərə öyrətməklə kifayətlənmirəm, onların 
								diqqətini fənlər arasında olan əlaqəyə, ekoloji 
								məsələlərə cəlb etməyə çalışıram. Çünki 
								şagirdlərin möhkəm və keyfiyyətli biliyə malik 
								olmalarında fənlərarası əlaqə böyük rol oynayır. 
								
								 Təbiətdən 
								kənar elm yoxdur, bütün fənlər təbiətlə 
								əlaqədardır. Ümumiyyətlə, təbiətşünaslığın 
								tədrisində inteqrasiya (fənlərarası əlaqə) 
								yaratmaq o qədər də asan deyil. Bu əlaqə ya 
								keçilən mövzu ilə eyni vaxtda, ya da əvvəlcədən 
								yaranmalıdır. Təbiətşünaslıq fənni şagirdə ilk 
								anlayışları verir, hələ şagirdin təsəvvür 
								etmədiyi fənlərə ilk yolu, cığırı açır. Ona görə 
								də bu bizim işimizdə  olduqca diqqətli və səbrli 
								olmağı tələb edir. Yeni bir anlayışla tanış olan 
								şagirdin hər sualına səbrlə yanaşmaq lazım 
								gəlir. 
								Təbiətşünaslıq 
								əsasən fizika, biologiya, kimya, coğrafiya 
								elmləri ilə daha çıx əlaqədardır, lakin 
								riyaziyyat, ədəbiyyat,  əmək, rəsm kimi 
								fənlərdən də yan keçmək olmur. Odur ki, 
								çalışıram keçdiyim mövzudan asılı olaraq dərsin 
								gedişində fənlərarası əlaqə yaradım. 
								"Yer və Günəş 
								sistemi" mövzusunu keçərkən fizika, coğrafiya 
								fənləri ilə sıx əlaqə yaradıram. Astronomiya ilə 
								bağlı Yerin, Günəşin forması, ölçüləri, 
								ulduzlar, bürclər haqqında ilk anlayışları 
								mənimsədirəm. "Materiklər" mövzusunda şagirdlər 
								gələcəkdə tədris olunacaq coğrafiya fənni ilə 
								tanış olurlar. "Havanın tərkibi, xassələri" 
								mövzusunda ekologiya (havanın mühafizəsi), 
								biologiya (havanın rolu), kimya (tərkibi), 
								fizika (sıxılması, elastikliyi) fənlərinə aid 
								bilikləri məişətdə baş verən, şagirdlərin hər 
								gün rast gəldiyi hadisələrlə əlaqələndirməyə 
								çalışıram. 
								"Külək, 
								küləyin  təbiətdə gördüyü işlər" mövzusunda 
								fizika (külək enerjisindən istifadə, 
								elektrostansiyalar), coğrafiya (buludların əmələ 
								gəlməsi, yağıntıların tənzim edilməsi) fənləri, 
								"Su-həlledicidir" mövzusunda bir neçə fənlə 
								əlaqə yaradıram: fizika - suyun 3 halı, kimya - 
								maddə hissəcikləri, həlledici, həll olan və həll 
								olmayan maddələr haqqında ilk məlumatlar, faizlə 
								qatılıq anlayışı, riyazi hesablamalara 
								əsaslanmaqla - məhlul hazırlama qaydası. 
								 
								"Dağ 
								süxurları" mövzusunda coğrafiya fənni ilə əlaqə 
								yaradılır: faydalı qazıntıların müəyyən 
								işarələri, xəritə ilə iş qaydası, əraziləri 
								xəritədə göstərmək və s. haqqında ilkin 
								məlumatlar verilir. 
								Ədəbiyyat 
								fənni ilə əlaqədar yeni terminləri yazı 
								taxtasına yazaraq yazılış qaydası ilə tanışlıq 
								aparılır. Əmək dərsində sinifdə "Küləyin gücü" 
								mövzusuna aid fırlanğıcın modeli düzəldilir və 
								s. 
								Təbiətşünaslıq 
								həyatla, təbiətlə əlaqədar olduğu üçün otaq ağac 
								bitkiləri, açıq havada kol üzərində müşahidə 
								aparmağı, onlara qulluq qaydalarını öyrədirəm. 
								
								Təbiətşünaslığın təbiətlə bağlı olan elmlərin 
								əlifbası olduğunu nəzərə alaraq, ilk elementar 
								anlayışların şagirdin yaddaşına nə dərəcədə həkk 
								olunacağına məsuliyyət daşıdığımız üçün gərək 
								biz öz işimizdən səmərəli istifadə edək.  
								
								
								Rəfiqə MƏMMƏDOVA, 
								Bakıdakı 170 nömrəli orta məktəbin müəllimi  | 
								  |