| 
								 Cəmiyyətin 
								inkişafı ayrı-ayrı sahələrdə peşə təhsili 
								sisteminin inkişafı probleminin təxirəsalınmaz 
								həllini tələb edir. Aparılan təhsil islahatları 
								da peşə təhsilinin məzmununun, metodlarının və 
								təşkili formalarının dəyişməsini təklif edir. 
								Tədris prosesinə müasir texnologiyaların daxil 
								edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə 
								imkan yaradır.   Aparılan təhlil və araşdırmalar 
								göstərir ki, ilk peşə-ixtisas təhsili 
								müəssisələrində hazırkı şəraitdə tədris 
								proqramları və vəsaitləri mütəmadi olaraq yeni 
								tələblərə uyğunlaşdırılmalıdır. Eyni zamanda 
								peşə təhsili müəssisələrində tədris olunan 
								fənlərin bir sıra Qərb və Avropa dövlətlərində, 
								Rusiya və MDB ölkələrində tədrisi metodikası və 
								təhsil standartları da bir-birindən xeyli 
								fərqləndiyindən onların hər hansı birini əsas 
								kimi qəbul etmək mümkün deyildir.  
								
								 Ona 
								görə də əmək bazarının tələbini, ölkənin mövcud 
								xüsusiyyətlərini, potensial imkanlarını, 
								mentalitetini, mövcud təlim-tərbiyə və təhsil 
								sisteminin reallığını, inkişaf kursunu, 
								qloballaşma və inteqrasiya məsələlərini kompleks 
								şəkildə araşdıraraq standartlara əsaslanan 
								peşələrə yiyələnmək məqsədilə fənlərin təliminə 
								yeni yanaşma mexanizmini işləyib hazırlayaraq 
								həyata keçirmək lazımdır.   
								Bunu da qeyd 
								etmək lazımdır ki, hazırkı şəraitdə böyük 
								şirkətlər öz işçilərinin müəyyən hissəsinin 
								bacarıqlarını təkmilləşdirə və onları yenidən 
								təlimləndirə bilərlər (məs., yeni texnologiyalar 
								və yeni proseslər sahəsində). Ancaq onlar bütün 
								işçiləri bütün sahələrdə təlimləndirə bilməzlər. 
								Kiçik şirkətlərin, kiçik mağaza və restoranların 
								isə öz işçilərinə təlim keçməyə resursları 
								yoxdur, ona görə də onların təhsil 
								müəssisələrinə ehtiyacı var.  
								Bunun üçün 
								peşə kurikulumlarının hazırlanması vacib 
								şərtlərdəndir.  
								Modul təlim 
								metodu (modul tipli kurikulumlar)  
								Peşə təhsili 
								sahəsi öz təlim proqramlarını beynəlxalq 
								standartlara uyğun şəkildə müasirləşdirmək 
								istəyindədir. İlk peşə təhsili proqramlarının 
								(kurikulumların) istehsalatın proqramlarına 
								uyğun olması və işçilər arasında tanınmış 
								ixtisasların çatışmazlığının aradan qaldırılması 
								yolunda modul tipli kurikulumlar mühüm 
								əhəmiyyət  kəsb edir.   Müasir zamanda hər hansı 
								peşə və ya ixtisası bir dəfə həmişəlik öyrənmək 
								mümkün deyil. Çünki peşələrin fəaliyyət dövrü 
								kəskin azalır: biri köhnəlir və əmək bazarından 
								çıxır, digəri isə texnologiyanın inkişafı ilə 
								əlaqədar meydana gəlir. Eyni zamanda daim 
								yeniləşən və təkmilləşən bilik və bacarıqlara 
								uyğun olaraq təhsil proqramlarının ömrü də 
								qısalır. İxtisasın artırılması üçün və yenidən 
								hazırlanma üçün proqramlara kəskin ehtiyac 
								yaranır. Ona görə də tez bir zamanda yeni 
								proqramlar işləyib hazırlamaq və ya mövcud 
								təhsil proqramlarında dəyişikliklər etmək üçün 
								texnologiyalar lazımdır. Təhsil müəssisəsi 
								regionun inkişaf strategiyası haqqında məlumatlı 
								olmalıdır və peşəyə - ixtisasa olan tələblər 
								dəyişdikdə işçilərə minimum əlavə təhsil 
								verməklə onların işədüzəlmə imkanlarını təmin 
								etməlidir. 
								Beynəlxalq 
								aləmdə peşə təhsili sistemində məzunlara qoyulan 
								tələblər belə formalaşıb. 
								O 
								bacarmalıdır: 
								
									- 
									
 müəyyən 
									ixtisas/peşə üzrə effektiv əmək fəaliyyətini 
									yerinə yetirmək;  
									- 
									
 şəxsi 
									əmək fəaliyyətini təşkil etmək;  
									- 
									
 həmkarları 
									ilə münasibət qurmaq və qarşılıqlı fəaliyyət 
									göstərmək;  
									- 
									
 müəssisədə 
									əməyin idarə olunmasına öz töhfəsini vermək;  
									- 
									
 təhlükəsizlik 
									texnikasının tələblərini və ətraf mühitin 
									mühafizəsini yerinə yetirmək.  
								 
								Əslində bu 
								tələblər bütövlükdə peşə təhsili sisteminə 
								qoyulan tələbləri müəyyənləşdirməyə imkan verir.
								 
								
								Kompetensiyalara əsaslanan modul proqramının 
								hazırlanması və reallaşmasının əsas prinsipləri 
								aşağıda göstərilən sxemdəki kimidir: (saat 
								əqrəbi istiqamətində)                                       
								 
								
								   
								
								
								Bu texnologiyada əsas əhəmiyyət qiymətləndirmə 
								prosesinə verilir, çünki qiymətləndirmə imkan 
								verir ki, təyin olunmuş təlim nəticəsinə 
								çatıb-çatmamağı müəyyən edək. 
								
								Qiymətləndirmə əmək bazarı ilə peşə təhsili 
								sistemi arasında əsas bağlantı yaradan amildir. 
								
								Peşə təhsili sistemi kifayət qədər çevik olmalıdır. Əmək 
								sferasında texnoloji və əməyin təşkili sahəsində 
								dəyişikliklərə cavab vermək üçün PT sisteminin 
								çevikliyi vacibdir. Məhz  modul tipli 
								kurikulumlar PT sisteminin çevikliyini təmin 
								edən əsas amildir. 
								
								Modul - sonda  öyrənənə  qoyulan  tələblər  şəklində  
								göstərilən,  bacarıq,  bilik,  münasibət  və  
								təcrübələrin  (kompetensiyaların) 
								mənimsənilməsinin  bütöv  dəstidir.  
								
								Kompetensiyaların  üç  əsas  tipi  var: 
								
								1. Texniki  peşə  kompetensiyaları:  peşə  fəaliyyətinə  aid  
								olanlar. 
								
								2. Keçid   modul  kompetensiyalar: sosial,  kommunikativ,  
								metodik  və  digər  sahələrə  aid  
								kompetensiyalar. 
								
								3. Yeni  baza (həlledici) kompetensiyaları: ənənəvi  
								həlledici  bacarıqlar və: 
								
								- yeni  biliklərin  alınması  və  mövcud  biliklərin  yeni  
								tələblərə     adaptasiyası; 
								
								- dəyişən  situasiyada  şəxsi  peşə  və  karyera  
								yüksəlişinin  adaptasiyası.  
								
								Yeni  baza  bacarıqları  vətəndaşın  sosial  və  iqtisadi  
								həyatda  fəal  iştirakı  üçündür. 
								
								Səriştəyə əsaslanan təlimin əsas prinsipi əmək  bazarı  üçün  
								vacib olan nəticəyönümlü  olmasıdır. Bu təlim 
								modul  proqramı formasında daha yaxşı reallaşır. 
								Səriştələrə əsaslanan modul proqramının 
								formalaşması  iş  adamlarının  bilik və 
								bacarıqlara  olan daim yeniləşən tələbatını 
								özündə əks etdirir. Bu tələbatlar haqqında 
								məlumatı iki  mənbədən  almaq  olar: 
								
								1. Əmək bazarının  analizi 
								
								2. Bacarıqlara olan  tələbatın  analizi 
								
								Əmək  bazarının  analizi  əmək  təşkilatlarının  işi olmaqla 
								yanaşı, İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin 
								də ümdə vəzifələrindən biridir. 
								
								Bacarıqlara  olan  tələbatın  analizi  ilə peşə təhsili 
								müəssisələri (PTM) mütəmadi olaraq  məşğul  
								olmalıdırlar. Bu  analiz  ən  çox  peşə  
								standartları olmayan hallarda lazımdır, çünki 
								peşə standartları  daim  dəqiqləşmə  tələb  
								edir. Əmək bazarının  inkişaf  tempi  
								standartların təzələnməsini  qabaqlayır. Ona 
								görə də bacarıqlara olan tələbatın analizi  üçün 
								sahibkarlar qrupu arasında sorğu keçirmək 
								lazımdır. 
								
								Modul proqramı ümumtəhsil pilləsində effektiv ola bilməz. 
								Modul proqramı  İlkin Peşə Təhsilində (İPT), 
								Orta Peşə  Təhsilində (OPT), yaşlı  əhalinin  
								təhsilində  və  işçilərin  ixtisasının 
								artırılmasında  səmərəli  istifadə  oluna  
								bilər. 
								
								Səriştələrə  əsaslanan  modul  proqramının  ənənəvi təlim 
								proqramından üstünlüyü  aşağıdakılardır: 
								
								 Əmək  bazarında  tələbatın  dəyişməsinə  görə  modulda  
								operativ  olaraq  zəruri  dəyişikliklər  etmək; 
								
								 Şagirdlərin  tələbatından  və  ilkin  səviyyəsindən  
								asılı  olaraq  modulların  müxtəlif  
								kombinasiyası  əsasında  fərqli  təlim  
								kursları  formalaşdırmaq  mümkündür.  
								
								Yeni ilk peşə-ixtisas təhsili (İPİT)  proqramları  struktur 
								və məzmun baxımından modul tipli kurikuluma 
								əsasən hazırlanmalıdır. Proqramların strukturu 
								aşağıdakı kimidir: 
								
								
								Peşə standartlarının məzmunu ilə İPİT proqramlarının 
								strukturu və məzmunu arasında birbaşa uyğunluq 
								olmalıdır. Belə ki, şagird hər bir modulu uğurla 
								bitirdiyi halda, hər hansı iş fəaliyyətlərini 
								icra etmək sahəsində öz bacarıqlarını inkişaf 
								etdirir. 
								
								Ümumtəhsil - mövcud İPİT proqramlarının hüquqi tələblərinə 
								əsasən, Azərbaycan qanunvericiliyinin əsasları, 
								fiziki tərbiyə, çağırışaqədərki hazırlıq 
								fənlərinə aid olur. 
								
								Əsas bacarıqlar üzrə modullar - şəxsin bir sıra peşələr üzrə 
								ümumi fəaliyyətini effektiv etmək üçün lazım 
								olan bilik və bacarıqlarla təmin edir. Onlar 
								həmçinin təhsili davam etdirmək üçün fundament 
								yaradır. 
								
								Peşə modulları - İPİT proqramlarının əsasını təşkil edir, 
								çünki bu modullar hər bir peşə üzrə spesifik 
								səriştələrin formalaşmasına gətirib çıxarır. 
								
								İş təcrübəsi - yeni İPİT proqramında tələb olaraq 
								qoyulmalıdır. 
								
								Beynəlxalq təcrübədə İPİT proqramları kreditlə ölçülür, bir 
								kredit - 40 saat nəzərdə tutulur. Bütün 
								proqramın bu qaydaya uyğun olması üçün 
								ümumtəhsil fənləri, imtahan və istehsalat 
								təcrübəsi də kreditlərlə ölçülür. 
								
								İlk peşə-ixtisas təhsili pilləsində islahatlarda uğur 
								qazanmağın əsas yollarından biri məhz ilk 
								peşə-ixtisas təhsili proqramlarının 
								hazırlanmasına diqqəti artırmaqdır. 
								
								
								Sultan ƏSƏDOV, 
								Təhsil  Problemləri İnstitutu İlkin 
								 peşə təhsilinin inkişaf mərkəzinin  
								Kurikulum şöbəsinin müdiri  |