| 
								 Bu sual günün 
								aktual suallarından biridir. Daim müzakirə 
								mövzusuna çevrilir. Bir fənn müəllimi kimi bu 
								suala aydınlıq gətirmək məqsədi ilə bəzi 
								araşdırmalar aparmaq qərarına gəldim. Bunun üçün 
								IX sinif "Cəbr" dərsliyini seçdim. Ona görə ki, 
								IX sinif buraxılış sinfidir. Bu sinif üçün 
								hazırlanmış dərsliyin məsuliyyəti daha  
								böyükdür.  Dərslikdə yeni mövzuların 
								öyrədilməsiylə yanaşı, əsas təhsil bazasında 
								(V-IX siniflərdə) öyrədilmiş mövzuları 
								təkrarlamaq və bilikləri kompleksləşdirmək 
								məqsədi qarşıda durur. Bəs dərslik bu tələblərə 
								necə cavab verir?   
								Dərslik 6 
								fəsildən ibarətdir. I fəsildə "Funksiya və onun 
								xassələri" öyrədilir. Funksiya haqqında ilk 
								anlayışlar VII-VIII siniflərdə verilmişdir. İlk 
								paraqraflar bu siniflərdə keçilənlərin təkrarına 
								həsr olunmuşdur. Çünki ilk anlayışları bilmədən 
								funksiyanın digər xassələrini öyrənmək çətindir. 
								Bu biliklər təkrarlandıqdan sonra əlavə biliklər 
								verilir. Qrafiklərin köməyilə funksiyaların 
								təyin oblastının, qiymətlər çoxluğunun ən böyük 
								və ən kiçik qiymətlərinin tapılması qaydası 
								konkret nümunələr üzərində göstərilmişdir.  
								İzahat çox sadə dildə verilmişdir. Şagirdlər 
								müstəqil şəkildə də dərsliyin köməyi ilə bu  
								mövzuları öyrənə bilərlər. Nəzəri məlumat təqdim 
								olunan mövzunu tam əhatə edir. Verilən 
								çalışmalar isə nəzəri bilikləri praktik olaraq 
								möhkəmləndirməyə kömək edir. Əvvəlki 
								dərsliklərdən fərqli olaraq yeni dərslikdə 
								y=f(x)+n;  y=f(x-m);  y=f(x-m)+n; y= -f(x); 
								y=f(-x) funksiyaları, bu funksiyaların xassələri 
								və qrafiklərin çevrilməsi daha sadə dildə izah 
								olunmuşdur. Qrafiklərin çevrilməsini təsvir edən 
								şəkillərdə müxtəlif rənglərdən istifadə 
								olunmuşdur ki, bu da müəllimin işini daha 
								əlverişli edir. İzahatın daha anlaşıqlı olmasını 
								təmin edir. Nəzərə alsaq ki, qrafiklərdə həll 
								olunan məsələlərə təkcə riyaziyyatda yox, həm də 
								həndəsə, fizika və coğrafiya dərsliklərində də 
								rast gəlirik, onda mövzuların əhəmiyyətinin nə 
								dərəcədə vacib olduğunu görərik. 
								
								Bərabərsizliklər mövzusunda isə intervallar 
								üsulu ilə həll qaydası bir çox    çalışmaların 
								həllini asanlaşdırır və az vaxt ərzində çox 
								çalışma həll etməyə şərait yaradır. Müasir 
								təlimdə bu, əsas şərtlərdən biridir. Əvvəlki 
								vəsaitlərdəki qaydalarla isə çalışmaların həlli 
								çox vaxt tələb edirdi.  Dəyişəni modul işarəsi 
								daxilində olan bərabərsizliklərin həlli daha 
								mükəmməl qaydada izah olunmuşdur.  
								Bərabərsizliklərdə bir neçə modul işarəsi 
								olduqda onların həlli qaydası əvvəlki 
								dərsliklərdə izah olunmurdu. 
								II fəsildə 
								"Tənliklər və tənliklər sistemi" yer alır. Bu 
								fəsildə də dərslikdə olan yenilikləri qeyd etmək 
								istərdim. Kvadrat tənliyə gətirilən tənliklər 
								mövzusunda şagirdlərin bilik dairəsini 
								genişləndirmək məqsədi ilə "Qayıtma tənlik", 
								"Simmetrik tənliklər", "Çəp simmetrik tənlik" 
								anlayışları verilmişdir. Onların həlli qaydaları 
								konkret nümunələrlə göstərilmişdir. Dərslikdə 
								verilən qayda və nümunələr bütün növlü tənliklər 
								və tənliklər sistemini əhatə edir. Fənlərarası 
								inteqrasiya məqsədilə düzbucaqlının sahəsi ilə 
								tərəfləri arasında,  düzbucaqlı üçbucağın 
								katetləri ilə hipotenuz arasında, gedilən yol 
								ilə sürət və zaman arasında, fəhlələrin gördüyü 
								iş ilə işə sərf olunan vaxt arasında əlaqəni 
								göstərən məsələlər verilmişdir. Bunlar da sistem 
								tənliklərin köməyi ilə həll olunur.  
								III fəsildə 
								"ardıcıllıq, ədədi və həndəsi silsilələr" 
								öyrədilir. Bu mövzuların da əhəmiyyəti böyükdür. 
								Çünki qəbul testlərində bu tip çalışmalara 
								üstünlük verilir. Bunu nəzərə alaraq bu 
								mövzulardakı çalışmaların sayı artırılsa, daha 
								yaxşı olar. Nəzərə alsaq ki, sinifdəki 
								şagirdlərin hamısının bilik səviyyəsi eyni 
								olmur, ona görə ən sadədən ən mürəkkəbə doğru 
								çalışmalar verilməlidir. Mövzuya aid 
								çalışmaların əksəriyyəti üç və dörd bənddən 
								ibarətdir. Bəndlərin sayı artırılsa, şagirdlər 
								tərəfindən mənimsəmə faizi daha da artar. 
								Şagirdlərin çalışma həllinə az vaxt sərf 
								etmələri məqsədi ilə ədədi silsilədə hədlər 
								fərqi üçün 
								  
								hədlər 
								arasında əlaqə üçün am=an+d(m-n); (m>n) həndəsi 
								silsilədə vuruq üçün  QUOTE     
								; (m>n) hədlər üçün bm = bn 
								
								 
								
								
								qm-n; (m>n)bm=bnXqm-n; (m>n) düsturlarını əlavə 
								etmək məqsədəuyğundur. Bu tipli çalışmaların 
								sayı da dərslikdə artırılsa, yerinə düşər. Çünki 
								test tapşırıqlarında bu tipli çalışmalar 
								üstünlük təşkil edir.  Ədədi silsilədə ədədi 
								orta düsturu, hədlərin xassələrini ifadə edən 
								düstur, həndəsi silsilədə həndəsi orta düsturu 
								və hədlərin xassələrini ifadə edən düstur 
								şagirdlərin işini asanlaşdırır.  
								IV fəsildə 
								"Rasional üstlü qüvvət", n-ci dərəcədən kök, 
								y=xn: 
								
								  
								funksiyaları və onların xassələri ətraflı 
								şəkildə izah olunur. Çalışmalar mövzunu tam  
								əhatə edir. Qrafiklər aydın şəkildə verilmişdir. 
								Ədədin kvadratı ilə hesabi kök, n-ci dərəcədən 
								qüvvət ilə n-ci dərəcədən kök arasında əlaqə 
								aydın şəkildə izah olunmuşdur.  
								V fəsildə 
								"Triqonometrik ifadələr" və onların 
								çevrilməsindən bəhs edilir. Mövzular nisbətən 
								çətin olduğundan bu mövzulara geniş yer 
								verilmişdir. Triqonometrik  eyniliklər və 
								düsturlar və onlardan istifadə etməklə 
								çalışmalar həllinə aid çoxlu nümunələr 
								verilmişdir. Bu dərslikdə hasilin cəmə 
								çevrilməsi və yarımarqument düsturları əlavə 
								olunmuşdur. Çalışmaların çox növlü olması 
								mövzunun daha mükəmməl mənimsənilməsinə xidmət 
								edir. Eyniliklərin isbatına aid çalışmalar 
								şagirdlərin məntiqi təfəkkürünün inkişafı və 
								onların analiz etmə qabiliyyətini inkişaf 
								etdirir. Verilmiş çalışmalar mövzunu tam əhatə 
								edir.  
								VI fəsil 
								"Funksiyanın törəməsi anlayışı" adlanır. Burada 
								törəmə haqqında anlayışlar verildikdən sonra 
								törəmə düsturları verilir. Törəmənin 
								hesablanmasına aid çalışmalar  verilmişdir, 
								ancaq onların sayı azdır. Törəməyə aid on dörd 
								düstur verildiyi halda, çalışmaların sayı on 
								birdir. Mövzunun tam mənimsənilməsi üçün digər 
								vəsaitlərdən istifadə zərurəti yaranır. Bu 
								fəsildə törəmənin köməyi ilə sürətin və təcilin 
								hesablanmasına aid çalışmalar riyaziyyat və 
								fizika fənləri arasında əlaqəni əks etdirir. Bu, 
								müasir tələblərə uyğundur. 
								VI fəsil 
								sonuncu olduğu üçün bu fəsildə VI-IX sinifdə 
								keçilmiş mövzuları yekunlaşdırmaq məqsədi ilə 
								təkrar üçün çalışmalara geniş yer verilmişdir. 
								Dərslik  maraqlı test tapşırıqları ilə 
								yekunlaşdırılır. 
								Araşdırmaların 
								nəticəsi olaraq və təmasda olduğum bir çox 
								müəllimlərin qənaətlərini ifadə edərək dərsliyin 
								səviyyəsinin yüksək olduğunu qeyd etməyi özümə 
								borc bilirəm. Fikrimcə, müəllimlər dərsliklərə 
								aid rəy və təkliflərini bildirməklə milli 
								dərsliklərimizin daha mükəmməl olmasına xidmət 
								etmiş olar. 
								
								
								Akif ŞİRİNOV, 
								Bakı şəhərindəki 49 nömrəli 
								
								 
								"İntellekt" məktəb-liseyin riyaziyyat müəllimi  |