| 
								 
								 Martın 
								4-də Tofiq İsmayılov adına Uşaq-Gənclər 
								Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm 
								qalereyasında "Ətraf mühiti qoruyaq" mövzusunda 
								məktəblilər arasında təşkil olunan respublika 
								fotomüsabiqəsinin qaliblərinin 
								mükafatlandırılması mərasimi keçirildi. 
								Tədbiri təhsil 
								nazirinin müavini Elmar Qasımov açaraq qonaqları 
								və sərgi iştirakçılarını salamladı. Nazir 
								müavini bildirdi ki, müsabiqə "Əhalinin ekoloji 
								təhsili və maarifləndirilməsi" haqqında 
								Azərbaycan Respublikası Qanunundan və ölkə 
								başçısı cənab İlham Əliyevin  "Azərbaycan 
								Respublikasında ekoloji vəziyyətin 
								yaxşılaşdırılmasına dair 2006-2010-cu illər 
								üçün  Kompleks Tədbirlər Planı"nın təsdiq 
								edilməsi haqqında sərəncamından irəli gələn 
								vəzifələri yerinə yetirmək  və məktəblilər 
								arasında ekoloji maarifləndirmə işlərini 
								genişləndirmək məqsədilə təşkil olunub. 
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 
								dekabr 2010-cu il tarixli əmrinə müvafiq olaraq 
								keçirilən fotomüsabiqə  6-9, 10-13 və 14-17 
								yaşlı məktəblilər arasında 3 mərhələdə (məktəb, 
								rayon (şəhər), respublika) respublikanın 
								müxtəlif regionlarında  təşkil olunub. 
								Respublika mərhələsinə təqdim olunan 300-ə yaxın 
								fotoşəkildən 18-i müsabiqənin qalibi olub. Qeyd 
								olundu ki, şagirdlər ətraf mühitin ekoloji 
								vəziyyətini və bu sahədə həyata keçirilən 
								tədbirləri fotokameranın "gözü" ilə öz   
								yaradıcılıq işlərində uğurla əks etdiriblər. 
								Hazırda dünyada qlobal problemlərdən birinin 
								məhz ekoloji tarazlığın pozulması olduğunu deyən 
								nazir müavini böyüməkdə olan gənc nəslin bununla 
								bağlı ümumtəhsil və  məktəbdənkənar 
								müəssisələrdə maarifləndirilməsini təqdirəlayiq 
								hal hesab edərək  məktəblilərin çəkdikləri 
								fotolarda  təbiətin gözəllikləri ilə yanaşı, 
								ətraf mühitin ekoloji problemlərini, insanın 
								təsərrüfat fəaliyyətinin mənfi təsirlərini, 
								təbiətə və canlılara etinasız münasibətin 
								nəticələrini məharətlə göstərə bildiklərini qeyd 
								etdi. Çıxışının sonunda müsabiqənin 
								keçirilməsində əməyi olanlara minnətdarlığını 
								bildirən nazir müavini Elmar Qasımov bütün 
								qalibləri təbrik edərək onlara yeni-yeni uğurlar 
								arzuladı.  
								Sonra 
								qaliblərə Təhsil Nazirliyinin diplomları və 
								hədiyyələr təqdim olundu.  
								
								Mükafatlandırma mərasimindən sonra məktəblilərin 
								çəkdikləri fotoşəkillərdən ibarət sərgiyə baxış 
								keçirildi.  
								
								
								Samirə KƏRİMOVA  |