| 
								 2008-ci ildə 
								Avropa İttifaqı ilə imzalanmış Anlaşma 
								Memorandumuna əsasən "Peşə Təhsili və  Təlimi 
								Sahəsində İslahatlar Strategiyası və  
								Azərbaycanın seçilmiş rayonunda pilot icrası" 
								layihəsi çərçivəsində Azərbaycan dövlətinin 
								vəsaiti hesabına İsmayıllı rayonunda müasir 
								tipli peşə təhsili kompleksinin inşası nəzərdə 
								tutulmuşdur. 
								
								 Bununla 
								əlaqədar, İsmayıllı Rayon İcra Hakimiyyəti 
								tərəfindən tikinti üçün ərazi ayrılmış və həmin 
								ərazidə kompleks inşa olunmuşdur. Tədris binası, 
								yataqxana, konfrans zalı, yeməkxana və 
								emalatxanadan ibarət kompleksdə iqtisadiyyatın 
								müxtəlif sahələri, o cümlədən bu regionun əsas 
								inkişaf prioriteti olan turizm sahəsi üçün 
								ixtisaslı kadrların hazırlanması təmin 
								ediləcəkdir. Burada quraşdırılmış avadanlıqların 
								bir qismi Təhsil Nazirliyi tərəfindən, digər 
								turizm və xidmət sahəsi üzrə tələb olunan 
								avadanlıqlar isə Avropa İttifaqının qrantı 
								hesabına təmin edilmişdir. 
								2010-cu ildə 
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								müvafiq əmri ilə İsmayıllı Peşə Tədris Mərkəzi 
								yaradılmış və müəyyən edilmiş ixtisaslar üzrə 
								kadr hazırlığına başlanmışdır.  
								Layihə 
								çərçivəsində texniki dəstəyi həyata keçirən 
								"British Council" (Britaniya Şurası) təşkilatı 
								tərəfindən regionun əmək bazarı təhlil edilmiş, 
								tədris ediləcək ixtisaslar müəyyənləşmiş, 
								müvafiq ixtisaslar üzrə müəllimlərin 
								hazırlanması həyata  keçirilmiş, həmçinin 5 
								ixtisas üzrə yeni modul proqramlar 
								hazırlanmışdır. Hazırda pilot olaraq bu tədris 
								mərkəzində həmin proqramlar üzrə kadrların 
								hazırlanması həyata keçirilir və uğurlu 
								nəticələr əldə  olunacağı təqdirdə digər peşə 
								təhsili müəssisələrində yeni metodika üzrə  
								kadrların hazırlanmasına başlanılacaqdır. 
								 
								Martın 4-də 
								"Peşə Təhsili və Təlimi Sahəsində İslahatlar 
								Strategiyası və Azərbaycanın seçilmiş rayonunda 
								pilot icrası" layihəsi çərçivəsində  460 şagird 
								yerlik yeni  inşa  olunmuş  Peşə Tədris 
								Mərkəzinin açılış  mərasimi  keçirildi. 
								Təhsil naziri 
								Misir Mərdanov yeni Peşə Tədris Mərkəzinin 
								açılışı münasibəti ilə rayon rəhbərliyini, 
								təhsil müəssisəsinin pedaqoji və şagird  
								kollektivini, rayon sakinlərini təbrik etdi. 
								İsmayıllı rayonunda görülən bütün bu işlərin 
								ölkə başçısı İlham Əliyevin təhsilə göstərdiyi 
								diqqət və qayğısı nəticəsində mümkün olduğunu 
								bildirdi. 
								Nazir Misir 
								Mərdanov İsmayıllı Rayon İcra Hakimiyyətinin 
								başçısı Nizami Ələkbərov və digər qonaqlarla 
								birlikdə Peşə Tədris Mərkəzinin sinif  
								otaqlarına, kompüter kabinetlərinə, 
								laboratoriyalara, kitabxanaya, tibb 
								məntəqəsinə,  yeməkxanaya, yataqxanaya, idman və 
								iclas zalına baxdılar. Azərbaycanda, hətta 
								regionda hazırda ən müasir peşə təhsili 
								kompleksi olan İsmayıllı Peşə Tədris Mərkəzində 
								görülmüş işlərdən razılıq edən təhsil naziri 
								Misir Mərdanov bu layihənin həyata 
								keçirilməsində əməyi olan hər bir kəsə 
								minnətdarlığını bildirdi. Son illər ərzində 
								təhsil sahəsində aparılan islahatlara toxunan 
								nazir nəinki paytaxtımızda, eləcə də regionlarda 
								müasir tədris  ocaqlarının istifadəyə 
								verilməsinin ölkə rəhbərliyinin diqqət və 
								qayğısı sayəsində mümkünlüyünü qeyd etdi. 
								Sonda Peşə 
								Tədris Mərkəzinin  qarşısına toplaşan rayon 
								ictimaiyyəti görülmüş  bu qiymətli işə görə 
								Təhsil Nazirliyinə və  xidməti olan  
								təşkilatlara öz razılıqlarını bildirdilər.  
								
								
								Şakir CƏFƏROV  |