| 
								 
								 Naxçıvan 
								Dövlət Universitetində ali məktəbin tədris  və 
								tərbiyə işləri üzrə prorektorlarının, 
								tarix-filologiya fakültəsinin dekanının, 
								Jurnalistika və dünya ədəbiyyatı kafedrasının 
								müdiri və müəllimlərinin iştirakı ilə 
								jurnalistika ixtisası üzrə təhsil alan 
								tələbələrin Naxçıvan Muxtar Respublikası Dövlət 
								Televiziya və Radio Verilişləri Komitəsinin sədr 
								müavini Fəxrəddin Əliyevlə görüşü keçirildi.
								 
								Tədbirdə çıxış 
								edən rektor, akademik İsa Həbibbəyli belə 
								görüşləri  ölkə və  muxtar respublika 
								rəhbərliyinin yaradıcı  gənclərə olan diqqətinin 
								təzahürü kimi dəyərləndirdi. Görüşün 
								əhəmiyyətindən danışan rektor burada məqsədin 
								ali təhsil ocağının  Jurnalistika və dünya 
								ədəbiyyatı kafedrası əməkdaşlarının, eləcə də 
								jurnalistika ixtisası üzrə təhsil alan, habelə 
								bu peşəyə marağı olan,  yüksək potensiallı  
								tələbələrin  muxtar respublikada fəaliyyət 
								göstərən kütləvi informasiya vasitələri ilə 
								əməkdaşlığının genişləndirilməsi və 
								möhkəmləndirilməsindən ibarət olduğunu diqqətə 
								çatdırdı.  
								Natiq bu işdə 
								tələbələrə uğurlar dilədi.  
								Naxçıvan 
								Muxtar Respublikası Dövlət Televiziya və Radio 
								Verilişləri Komitəsinin sədr müavini Fəxrəddin 
								Əliyev çıxışında məzunu olduğu ali məktəblə 
								bağlı xatirələrini bölüşdü, burada çalışan 
								müəllimlərinin onun formalaşmasındakı əvəzsiz 
								xidmətlərindən danışdı. Qeyd olundu ki, 
								tələbəlik illəri insan həyatının qızıl dövrüdür 
								və ondan səmərəli istifadə etmək, yaradılan 
								şəraitdən faydalanmaq gəncliyin ümdə 
								vəzifəsidir.  
								Vurğulandı ki, 
								muxtar respublikada yüksək intellektli, müasir 
								təfəkkürlü, geniş dünyagörüşlü, milli 
								ideologiyalı, yenilikçi kadrlara tələbat 
								böyükdür və artmaqdadır. Natiq bu gün ali məktəb 
								tələbələrinin muxtar respublikanın istər dövlət, 
								istərsə də özəl tele-radio kanallarındakı 
								peşəkar fəaliyyətini diqqətə çatdıraraq bu 
								istiqamətdə işlərin davam etdirilməsinin 
								zəruriliyini bildirdi.  
								Sonda 
								tələbələri maraqlandıran suallar ətraflı 
								cavablandırıldı, birgə əməkdaşlıq məsələləri 
								müzakirə olundu.  
								
								
								Nərmin CƏFƏROVA  |