| 
								 Martın 4-də 
								Bakıdakı N.Həmzəyev adına 238 nömrəli orta 
								məktəbdə   "Zamanın tələbi-fənn kurikulumlarının 
								tətbiqi" mövzusunda elmi-praktik konfrans 
								keçirildi. Konfransda  Kurikulum Mərkəzinin 
								rəhbərliyi və bir qrup əməkdaşı, məktəb 
								direktorları, müəllimlər,  beynəlxalq məsləhətçi 
								Alex (Andru) Krisan və digər qonaqlar iştirak 
								edirdilər.  
								Əvvəlcə tədbir 
								iştirakçıları məktəbin akt zalında  təhsil 
								ocağının əldə etdiyi uğurlar barədə hazırlanmış 
								stendlə  tanış oldular. Direktor İlqar Talıbov  
								qonaqları pedoqoji kollektivlə tanış etdi və 
								keçirilən "açıq dərs"lər barədə məlumat verdi.
								 
								Tədbirin 
								proqramına uyğun olaraq "açıq dərs"lər 
								dinlənildi. Tədbir iştirakçıları  qruplara 
								bölünərək  məktəbin müəllimlərindən Güləbətin 
								Tağıyevanın I "d" sinfində riyaziyyat fənnindən 
								"Həndəsi fiqurların qruplaşdırılması",  Səkinə 
								Zeynalovanın I  "a" sinfində rus dili fənnindən 
								"Dikiye jivotnıye", Gülümnaz Hüseynovanın II "c" 
								sinfində ana dilindən "Qarışqa", Səkinə 
								İsmayılovanın II "d" sinfində həyat bilgisindən 
								"Fəsillər" və Sevda Babayevanın IV "ç" sinfində 
								musiqi fənnindən "Dünya xalqlarının musiqisi 
								arasında keçilməz sərhədlər yoxdur"  dərslərində 
								iştirak edərək müşahidələr apardılar. 
								 
								Sonra 
								dinlənilmiş dərslərin müzakirəsi keçirildi. 
								Direktor  İlqar Talıbov kurikulumların tətbiqi 
								sahəsindəki vəziyyətlə daha da yaxından tanış 
								olmaq, müəllimlərin nə kimi problemlərlə 
								üzləşdiklərini müəyyənləşdirmək üçün təhsil 
								ocağında tez-tez "açıq dərs"lərin keçirildiyini 
								dedi.  
								Müzakirədə 
								çıxış edən tədbir iştirakçıları təşkil olunan 
								dərslərin yüksək səviyyədə keçirilməsindən razı 
								qaldıqlarını, bu işdə müəllimlərin böyük əməyi 
								olduğunu diqqətə çatdırdılar.  
								Kurikulum 
								Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, 
								dosent  Ənvər Abbasov dərslərin kurikulumun 
								tələblərinə uyğun keçdiyini, müəllimlərin 
								dərslərə geniş hazırlıq işləri apardıqlarını, 
								müasir təlim metodlarından, resurslardan gen-bol 
								və yerli-yerində istifadə etdiklərini 
								vurğuladı.    
								
								
								Rəşad ZİYADOV   |