| 
								 
								  Naxçıvan 
								Dövlət Universitetində elmin, təhsilin inkişafı, 
								tədrisin yüksək səviyyədə təşkili məqsədilə 
								kənar mütəxəssislərin buraya cəlb olunması, 
								respublikanın, dünyanın tanınmış elm 
								xadimlərinin, pedaqoqlarının universitetdə 
								mühazirələrinin təşkili artıq ənənə halını 
								almışdır.  
								Azərbaycan 
								Tibb Universitetinin Uşaq xəstəliklərinin 
								propedevtikası kafedrasının müdiri, tibb elmləri 
								doktoru, professor İbrahim İsayev universitetin 
								tibb fakültəsinin tələbələrinə növbəti 
								mühazirəni oxudu. Mühazirədən öncə universitetin 
								tədris işləri üzrə prorektoru, əməkdar elm 
								xadimi Hüseyn Həşimli həmkarını kollektiv 
								adından salamlayaraq təmsil etdiyi ali məktəbin 
								Azərbaycan Tibb Universiteti ilə çoxşaxəli 
								əlaqələrindən, yerli tibbi kadrların yüksək 
								mütəxəssis kimi hazırlanmasında belə 
								mühazirələrin əhəmiyyətindən danışdı. 
								 
								Sonra 
								professor İbrahim İsayev "Uşaqlarda həzm sistemi 
								və həzm sistemi üzvlərinin  
								xüsusiyyətləri" mövzusunda mühazirəyə başladı. 
								Professor öncə ölkəmizdə 
								
								uşaqların sağlamlığına, əqli və fizioloji 
								inkişafına, uşaq ölümünün sayının minimum həddə 
								endirilməsinə xüsusi diqqət ayrıldığını qeyd 
								etdi. 
								Bətndaxili düzgün qidalanmadan, 
								yenidoğulmuşların gələcək sağlamlığı üçün ana 
								südünün əhəmiyyətindən danışan həkim-alim 
								uşaqlarda ağız boşluğu, mədə, qida borusu, öd, 
								nazik və yoğun bağırsaq kimi həzm sistemi 
								üzvlərinin tez-tez rast gəlinən xəstəlikləri, 
								onların ilkin simptomları, müxtəlif müalicə 
								üsullarından ətraflı bəhs etdi. Məruzəçi 
								uşaqlarda həzm sistemi üzvləri xəstəliklərinin 
								profilaktikası, ağır infeksion xəstəliklər 
								zamanı düzgün diaqnozun qoyulması barədə gələcək 
								həkimlərə dəyərli elmi məsləhətlər verdi, 
								tələbələri maraqlandıran sualları cavablandırdı.
								 
								Universitet 
								ərazisindəki abadlıq-quruculuq işləri ilə tanış 
								olan professor İbrahim İsayev təəssüratlarını 
								universitet televiziyası ilə bölüşdü.   
								
								
								Mehriban SULTAN  | 
								  |